23 yanvar 2019 11:20
1215

Avropa Parlamentinin Azərbaycanla bağlı qətnamələri qərəzlidir İKİSAHİL TV

Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə ölkəmizdə geniş müzakirələrə səbəb oldu. Siyasi şərhçi Azər Həsrət İkisahil.TV-nin “Siyasi baxış” verilişində bildirdi ki, ölkəmizə qarşı bu cür qərəzli ikili yanaşmalar illərdir davam edir.

Həmsöhbətimiz qeyd etdi ki, birincisi, bu qətnamə qəbul edilərkən Azərbaycan dövlətindən heç bir informasiya istənilməyib: “Təbii ki, Azərbaycanla bəlli bir müzakirə aparıldıqdan sonra qətnamə Avropa Parlamentində müzakirəyə çıxarılmalı idi. Bu proses baş vermədən qətnamənin müzakirə edilməsi və qəbulu ikili yanaşmanın təzahürüdür. İkincisi, qətnamədə qoyulan məsələlərin əksəriyyəti köhnə mövzular idi. Yeni bir şey yoxdur. Orada edilən yenilik sadəcə olaraq Mehman Hüseynovla bağlı idi. O biri məsələ cinsi azlıqlarla bağlı idi ki, bu gün ölkə gündəmində elə bir söhbət yoxdur. Avropa Parlamentinin o toplantısına, qətnamələrin müzakirəsinə internet üzərindən qulaq asdım. Maraqlı bir nüansla qarşılaşdım ki, çıxışçılardan biri Mehman Hüseynovdan danışılan vaxt Pənah Hüseynovun adını çəkir. Azərbaycan dövlətindən Pənah Hüseynovun həbsdən azad edilməsini tələb edir. Bu onun göstəricisidir ki, ümumiyyətlə, bunların mövzudan xəbəri yoxdur. Yəni onların məqsədi konkret Mehman Hüseynovun azad edilməsi deyil. Onların məqsədi fürsət düşmüşkən Azərbaycan dövlətinin üzərinə remanş etmək, ölkəyə qarşı əlavə təzyiq göstərmək idi. Ona görə də Azərbaycan dövləti də, cəmiyyəti də bu qətnaməni qərəzli hesab edir.”

A.Həsrət vurğuladı ki, dövlətimizə qarşı bu birinci qətnamə deyil: “Xatırlayıram, Avropa Parlamentinin 1988-ci ildən üzü bəri Azərbaycanla bağlı çıxardığı qətnamələrin hamısı qərəzlidir. Məsələn, 1988-ci ilin 7 iyulunda qəbul etdikləri qətnamədə Ermənistanda vəziyyəti müzakirə edirlər və orada Azərbaycanı ittiham edirlər. Guya azərbaycanlılar erməniləri öz torpaqlarından qovur. Halbuki həmin ərəfələrdə Ermənistandan azərbaycanlılar kütləvi şəkildə təmizlənirdi. 1989-cu ildə Avropa Birliyi yenidən qərəzli qətnamə qəbul edir. Qətnamədə açıq mətnlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb kimi qoyur. Azərbaycanda baş verən hadisələrdən xəbərsiz Ermənistanın xeyrinə qətnamə qəbul edirlər. Eyni zamanda, orada tarixi faktları təkzib edərək iddia edirlər ki, 1923-cü ildə Dağlıq Qarabağ V.İ.Lenin tərəfindən Azərbaycana verilib. Guya Dağlıq Qarabağ tarixi Ermənistan torpağı imiş. Daha sonrakı bir qətnamədə isə özləri-özlərini təkzib edərək bildirirlər ki, 1923-cü ildə İosif Stalin Dağlıq Qarabağı azərbaycanlılara verib. Sonra çox maraqlı bir nüans ondan ibarətdir ki, 1990-cı ildə 20 Yanvar ərəfəsində 18 yanvarda Avropa Parlamenti yeni bir qətnamə qəbul edib Sovet İttifaqının rəhbərliyindən tələb edir ki, Bakıya ordu yeridilsin. İndi biz iddia etmirik ki, mütləq onların tələbi üzrə bu ordu yeridilib. Təbii ki, planlar olub. Müşahidə edəndə görürsən ki, bunlar illərlə erməni ansamblı ilə birlikdə işləyiblər.”

A.Həsrət qeyd etdi ki, maraqlı nüanslardan daha biri budur ki, onlar qətnamələrində açıq şəkildə dini qarşıdurmaya sövq edən çağırışlar edirlər. Qətnamədə belə bir ifadə işlədiblər ki, xristian erməniləri müsəlman azərbaycanlıların terrorundan qorumağa çağırırıq. Bütün bunlar eyni şəkildə bu günə qədər davam edir. Onu da araşdırmışam ki, bu qurumun 20 Yanvar facisəsi və yaxud Xocalı soyqırımı ilə bağlı heç bir qətnaməsi yoxdur. Xalqımıza vəhşət yaşadılıb. Yəni bu parlamentarilər doğrudan da insan haqlarını düşünən bir qurum olsaydılar baş verən məsələlərə birmənalı münasibət bildirməzdilər. Ancaq illərdir bu qurumun qəbul etdiyi qətnamələr Azərbaycanın əleyhinə yönəlib. Bir dəfə də olsun ermənilərə çağırış etmirlər ki, niyə Azərbaycana bir milyondan artıq qaçqın və məcburi köçkün gəlib?

Sadəcə olaraq onların qətnamələri müəyyən maraqlı mərkəzlərin məqsədinə xidmət edir. Mehman Hüseynov məsələsini də qərəzli şəkildə şişirtdilər. Mehmanın özünün iki dəfə müraciəti oldu. Açıq şəkildə bildirdi ki, mənim vəziyyətimdən sui-istifadə etməyin. Mən həbsxanadayam. Martın 2-də həbs müddətim bitir. Həbsxanadan çıxmaq istəyirəm. Amma buna baxmayaraq bəzi maraqlı qüvvələr öz iddialarında irəli gedərək Mehman Hüseynova azadlıq şüarı altında mitinq təşkil etdilər. Halbuki Mehman Hüseynov bu kimi işbazlara müraciət edərək çağırış etmişdi ki, mənim məsələmlə bağlı heç kim siyasi alver etməsin. Amma edirlər. Çünki o mərkəzlər ölkənin içərisindəki dağıdıcı qüvvələrlə sinxron hərəkət edirlər.

Şəmsiyyə Əliqızı, Şəfiqə Dadaşova,
Vüsal Cahanov (foto)  
“İki sahil”