Berlində keçirilən konfransda Cənub Qaz Dəhlizi və TAP-ın əhəmiyyətindən danışılıb
Berlində keçirilən “CEE Gas Conference”də Cənub Qaz Dəhlizi və onun seqmenti olan “Trans-Adriatik” (TAP) boru kəmərinin əhəmiyyətindən danışılıb.
AZƏRTAC konfransın saytına istinadla xəbər verir ki, “CEE Gas Conference”nin “Regional əlaqələrin artırılması üçün yeni infrastruktur” adlı sessiyasında TAP-ın xarici işlər üzrə direktoru Vüqar Veysəlov, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunun Cənub Qaz Dəhlizi üzrə vitse-prezidenti Cozef Mörfi və Atlantik Şurasının (Atlantic Council) enerji məsələləri üzrə eksperti Con Roberts məruzəçi kimi çıxış edib.
Konfransda Azərbaycan təbii qazını Avropaya daşıyacaq Cənub Qaz Dəhlizi və onun seqmenti olan TAP boru kəmərinin əhəmiyyətindən bəhs olunub. Həmçinin təbii qazın Balkan ölkələrinə paylanmasını nəzərdə tutan və gələcəkdə Cənub Qaz Dəhlizinə birləşəcək İonik-Adriatik boru kəməri (IAP), eləcə də IGI Poseidon layihələrinin önəmi vurğulanıb.
Qeyd edək ki, Avropa İttifaqının prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Hazırda bu boru kəmərləri zənciri üzrə “Şahdəniz-2” yatağından hasil olunan qazı Türkiyəyə nəql edir. Gələcəkdə isə təbii qaz Türkiyə üzərindən Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır.
Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. TAP boru kəmərinin isə 2020-ci ildə istismara verilməsi gözlənilir. TANAP üzrə ümumi işlərin 97 faizi, TAP-la bağlı isə 80 faizdən çoxu yerinə yetirilib.