21 avqust 2018 14:18
967

Yubilyarin portretindən ştrixlər

Analarımızın, nənələrimizin 70-də, 80-də də təravətini saxlayan, cazibədarlığını itirməyən simalarını tərəddüd etmədən dünyanın 8-ci möcüzəsi adlandırardım. Şəkkaklara sadəcə milli sərhədlərimizi aşan müşahidə və müqayisələr aparmağı məsləhət görərdim. Mənbəyi xeyirxahlıqdan, əhdə vəfadan, digər bəşəri keyfiyyətlərdən qidalanan bitib-tükənməyən əsrarəngiz gözəlliyin qaynaqları bizimkilərə həsəd aparanlara gör-götür məktəbidir. Tanrı vergisindən daha çox qazanan isə nənə məhəbbətli nəvələrdir. İstərdim onlardan birinin - özü gözəl, sözü gözəl 80 yaşlı Rəfiqə nənənin portretindən ştirxlər cızam.

Rəfiqə xanımın paytaxtın Üzeyir Hacıbəyli küçəsindəki evində adətən qələbəlikdir. Dilindən giley-güzar eşidilməz. Deyir şirin-şəkər balalar həm də mənim personajlarım, oxucularımdır. Məgər bu 15 kitabdakıları kimlər üçün yazmışam?!

Məni yubilyarla görüşə aparmaq qardaşı nəvəsi, avtomobil ustası, 41 yaşlı Anara həvalə edilib. Poeziya vurğunu şəstlə deyir ki, nəslimizdə Rəfiqə xanımın şeirlərini əzbər bilən bir bölük böyüklü-kiçikli oxucusu var: “Nə yaxşı Qarabağı, Cəbrayıldakı ata-baba yurdunu görmək qismətimə düşüb. Yoxsa elə bilərdim sözlə yaratdığı peyzajlar müəllif təxəyyülünün məhsuludur. Onun şeirləri həm də bizləri doğma yurda çağıran intizar nəğmələridir”.

Birgə tanış binanın 3-cü mərtəbəsinə qalxırıq. Yenə üç il əvvəlki görüntü - 20-25 yaşlı əşyalar, mebellər, kitab yüklü rəflər, cüzi əl gəzdirilən darısqal otaqlar. Mənzərəni elə-belə canlandırmıram. Kimlərləsə konkret müqayisə aparmaq niyyətindən uzağam. Hər kəs əxlaqına, mənəvi keyfiyyətinə uyğun yaşam tərzini seçir. Atları çapıb gedən yaxşı, təmənnasız kişilərdən söhbət düşəndə vaxtilə Üzümçülük və Şərabçılıq Komitəsinin sədr müavini işləmiş Əmir Məmmədovun adını çəkməyə bilmirəm.

Ailəcanlı kişi Ə.Məmmədov Rəfiqə xanımın klassik qadınlarımıza, analarımıza xas ali keyfiyyətlərinə sayğılı yanaşıb. Azərbaycanın, xüsusilə doğulduğu Ağdamın, Qarabağın əsrarəngiz guşələrinə övladları ilə birgə istirahətə, gəzintilərə aparıb. Rəfiqə xanımın kiçik həcmli əsərlərinə çevrilən səfər təəssüratları oxucular tərəfindən səmimi qarşılanıb...

Üç il əvvəl gördüyüm sima, dəyişməyən cizgilərdir. Yumru sifət, al yanaqlar, yaşıla çalan gözlər, yaylım oxa bənzər qaşlar. Nitqi yenə səlisdir, şirin söhbətləri ilə həmahəngdir. Ecazkar səs sahibi efirdə diksiyası ilə düz 20 il balacaları ovsunlayıb. Yadıma düşür ki, R.Məmmədovanı həmin illərdə (1984-2004) radioda görkəmli jurnalist Mailə Muradxanlının baş redaktoru olduğu uşaq verlişləri redaksiyasında görmüşdüm. Vaxtilə tələbə jurnalist kimi təcrübə keçdiyim redaksiya ilə əlaqələrim uzun illər davam etdiyindən əməkdaşların və kənar müəlliflərin əksəriyyətini tanıyırdım. Mailə xanım bir dəfə onu göstərərək xətrini doğmaları qədər istədiyini dedi: “Bizimlə sadəcə əməkdaşlıq edir. Qısa vaxtda dinləyicilərin rəğbətini qazanıb. Rəssam həyatından bəs edən “Könül” romanından səslənən parçalar geniş rəy doğurub. Hətta Arazın o tayından onlarca məktub almışıq. Təkrar səslənməsini istəyirlər. Ondan yaxşı aparıcı, diktor yetişər. Bir qədər məktəb keçməlidir. Razılığını gözləyirik”.

Tanınmış publisist, uşaq şairi, redaktor Qaçay Köçərli isə onun aparıcılıq manerasında dövrün tanınmış diktorlarına xas cəhətlərin olduğunu vurğulayır, istedad sahibinin bu kefiyyətlərlə məhz həmin verilişlər üçün yarandığını söyləyirdi.

Rəfiqə xanım bilirdi ki, naşı təsir bağışlamağa, səthi yazmağa haqqı yoxdur. Çünki söz sənətimizə poeziyamızın zirvələrindən hesab edilən Bəxtiyar Vahabzadənin xeyir-duası ilə gəlib. Uşaq ədəbiyyatımızda əbədi izi qalan nəğməkar şairimiz Teymur Elçin, Xalq yazıçısı Sabir Əhmədov, dövrün digər ünlü imza sahibləri ürək-dirək verərək “Sən yazmağı davam etdirməlisən” - demişdilər. Dərin inama əsaslanan etimadı yalnız və yalnız yaxşı, məzmunlu yazmaqla doğrultmaq mümkün idi.

Müəllifin ötən əsrin 70-ci illərindən oxucu mühakiməsinə verdiyi irili-xırdalı əsərlərinin sayı kifayət qədərdir. “Xalq qəzeti” (“Kommunist”), “Azərbaycan gəncləri”, “525-ci qəzet”, “İki sahil”, “Kaspi”, “Ulduz”, “Günəş” (“Pioner”), “Savalan”, “Göyərçin”... digər qəzet və jurnallar yazılarına tərəddüdsüz yer ayırırdılar. Əksəriyyətini oxumuşam, hələ nəvələrim də feyziyab olublar. Şeirlərinin çoxu nəğməyə bənzədiyindən asan əzbərləyiblər.

Nəvələri Ayana, Selinə həsr etdiyi bənzətmələr, “Könül”, “Qışla söhbət”, “Heyrət” və başqa şeirləri Rəfiqə xanımın nəzmdə, “Ağacların məhəbbəti”, “Dolu”, “Cüyür it yuxusu görməz”, “Qatar gedər”, “İnam”... nəsrdə uğurlu yolda olduğunu təsdiqlədi.

Burada bir haşiyə çıxım. Çoxları bir-iki kitabı nəşr olunanda özünü verir Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmağa. Rəfiqə xanımın rəfdəki bileti “Uğurlu ov”, “Şəfəq müğənnisi”, “Bizim bağ”, “Mənim şahinim”, “Zər çiçəklər”, “Nəciblik duyğusu” - ümumilikdə 15 kitab müəllifinin yalnız 7 il əvvəl AYB-ə üzv olduğunu təsdiqləyir. Təşəbbüs Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə məxsusdur. Özləri zamin dayanıb qəfil AYB-ə çağırıblar, vəsiqəsini şəxsən təqdim ediblər. Məntiqi alicənablıqdır.

Yazı masasının üzərində “Sözün Rəfiqəsi” kitabını görəndə vərəqləməyə başladım. “Qarabağa aparan yol” qəzetinin redaktor müavini Fariz Çobanoğlu hamımızı qabaqlayaraq ona bir ay əvvəldən yubiley hədiyyəsi təqdim edib. “Təknur” MMC-də çıxan kitabın redaktoru, professor Minaxanım Təkləlidir. Biblioqrafik əsərdə əsl vətəndaş və həssas qələm sahibinin obrazı canlandırılıb, orjinal müqayisələr, təhlillər aparılıb. Təbrik növbəsi bizimdir.

Rəfiqə xanım məni oğlu ilə tanış edərək bildirir ki, Azəri Belçikada təhsil alan qızlarının yanına gedəndən  Şakir  gecə-gündüz qayğısına qalır. Ali təhsilli mühəndis geofizik Xəzər Dəniz Neft Geofizika İdarəsində uzun illər işləsə də, kino sənəti sahəsində çalışanların əksəriyyəti onu yaxından tanıyır. Respublika Kinemotoqrafiya Fondunun sabiq baş direktoru qarşıya məqsəd qoyub ki, Qarabağ azad olunan zaman Cəbrayıldakı baba, Füzulinin Qacar kəndindəki nənə, atasının Ağdamdakı yurdları barədə film çəkdirəcək.

Şakir Naxçıvanda Qıvraq motoatıcı polkunda hərbi xidmətdə olub. Anası ilə bir qədər əvvəlki söhbətində ordumuzun həmin istiqamətdə 11 min hektarı və bir kəndi düşməndən təmizlədiyindən danışırdı. Şakir: “Döyüşçülərimiz daha 7-8 kilometr irəliləyəndən sonra o yol Qubadlı ilə birləşəcək. Ordan isə doğma ellərinin əl içində göründüyü Lələtəpəyə qısa, kəsə yol var. Anam elə tez-tez vurğulayır ki, qəlbi yenidən o yerləri tezliklə görəcəyini hiss edir,” - söyləyir.

Ümumiyyətlə, Rəfiqə xanımın yaradıcılığında müharibə mövzusunun özünü qabarıq büruzə verməsi başadüşüləndir. 1985-ci ildə qələmə aldığı və “Xalq qəzeti”ndə gedən “Əsgər andı” hekayəsini, 19 iyun 1992-ci ildə Naxçıvanikdə ermənilərlə döyüşdə həlak olan Gültəkin həkimin xatirəsinə yazdığı şeiri, əsgər oğluna həsr etdiyi misraları və sairəni həyəcansız oxumaq olmur.

Bir neçə yeni şeirinə də nəzər saldım: “Mənim balam, bunlar qələbə müjdəli sətirlərdir. Zəfərimiz yaxındadır. Qarabağa qələbə bayrağını sancanların sıralarında əminəm ki, mənim də oxucularım olacaq” sözlərindən sonra nikbinlik çay süfrəmizə yenə hakim oldu.

Rəhim Hüseynzadə,
Azərbaycanın Əməkdar jurnalisti