31 iyul 2018 16:41
2504

Azərbaycan kinosu: dünəni, bu günü...

Bu il 120 yaşını  qeyd etdiyimiz Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” adlı ilk qısametrajlı filmlər  fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmişdi.

Neftin sənaye üsulu ilə istehsalına başlanması nəticəsində Bakının iqtisadi dirçəlşi milli mədəniyyətin bir çox sahələri ilə yanaşı, kino sənətinin də meydana çıxması üçün əlverişli zəmin yaratmışdı. 1915-ci ildə isə İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başlandı. Bunun ardınca 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə “Təntənə” adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi. Azərbaycanda kino yaradıcılığı dövrü sovetlər dövründə nailiyyətləri ilə yadda qaldı. Azərbaycan kinosu tarixinin əsl yetkinlik dövrü sayılan 1960-1980-ci illər xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.

“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan” (1945), “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan” (1965), “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

Sovetlər İttifaqında kino sənətindən, həmçinin dövlət ideologiyasının təbliğat maşını kimi istifadə edilsə də, Azərbaycanda kino yaradıcılığı işi həmin dövrdə mükəmməl təşkil olunmuşdur. Azərbaycan kinematoqrafiyası məhz o illərdə sistemli fəaliyyəti sayəsində getdikcə öz imkanlarını artıraraq, ciddi sənət nailiyyətləri qazanmışdır. Kinomuzun yeni inkişaf mərhələləri yaşadığı bu dövrdə ssenarist, rejissor, operator, rəssam kadrlarının bir neçə nəsli yetişmiş və milli özünəməxsusluğu ilə seçilən koloritli, parlaq ekran əsərləri yaradılmışdır. Kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən və artıq mədəniyyətimizin qızıl fonduna daxil olan tarixi filmlər, ölməz “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında “Dədə Qorqud” filmi yaradılmış, digər görkəmli əsərlər ekranlaşdırılmışdır. Müasir mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq filmlərin bir çoxu da həmin dövrü əhatə etmişdi.

1991-ci ildən etibarən dövlətin vahid kino sistemi dağılmağa başlamış və Azərbaycan kinematoqrafiyası bir sıra çətinliklərlə qarşılaşmışdı. Milli kino ənənələrinin qorunması və Azərbaycan kinosunun dünya kinematoqrafiyasının tərkib hissəsi olaraq, yeni şəraitdə fəaliyyət göstərə bilməsi üçün bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurət idi. Keçid mərhələsindəki ciddi problemlərə baxmayaraq, müstəqillik dövründə Azərbaycan kinosu öz yaradıcılıq potensialı sayəsində qısa vaxt ərzində müəyyən uğurlar əldə etdi.

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Ulu Öndərin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğısı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm rol oynadı. Ölkə başçısı Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli  Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramını təsdiq etdi.  Bununla da kino sahəsində bir çox mühüm işlər görülməsinə start verildi.  Belə ki, kino istehsalı üzrə ölkənin əsas qurumu olan C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə yanaşı kino sənayesi ilə məşğul olan studiyalar da filmlər çəkməyə başladılar. Son illərdə kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına tammetrajlı, qısametrajlı bədii, sənədli, cizgi filmləri çəkilib. O cümlədən dövlət sifarişi ilə Azərbaycan kinosunun aparıcı mövzularından olan Qarabağ müharibəsinə həsr olunan bədii və sənədli filmlər ərsəyə gətirilib.

Mətbuata açıqlamasında mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, son illər respublikamızda mədəni sahədə müasirləşməyə xidmət edən kompleks islahatlar həyata keçirilib. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Azərbaycan kinosu böyük inkişaf dönəmini yaşayır. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Bu gün gənclərimiz Türkiyə, Kanada, Rusiya kimi ölkələrdə kino sahəsi üzrə təhsil alırlar. Eyni zamanda, ölkəmizdə ərsəyə gətirilən filmlərimiz müxtəlif ölkələrdə keçirilən film festivallarında iştirak edir. 2014-2017-ci illər ərzində 26 filmimiz 48 ölkədə keçirilən 128 festivalda 49 mükafat qazanıb.

Şəmsiyyə Əliqızı,

“İki sahil”