28 iyul 2018 11:54
2199

Tolerantlığın ən mükəmməl nümunəsi

Radikalların Zara barədə dezinformasiyalar yayması milli maraqların müdafiəsinə deyil, dövlətçiliyə qarşı hesablanıb

Müxtəlif sivilizasiyaların kəsişməsində yerləşən çoxmillətli Azərbaycanın tutduğu prinsipial mövqe, dövlət başçısı İlham Əliyevin qətiyyətli siyasəti, azərbaycançılıq ideologiyasının əmin-amanlıq, bərabər imkanlar, həmrəylik kimi dəyərlərə sadiq qalması respublikamızı sivilizasiyaların qarşılıqlı əməkdaşlığını təmin edən unikal bir dövlətə çevirmişdir. Çoxmədəniyyətliliyin inkişafı istiqamətində aparılmış məqsədyönlü siyasətin nəticəsində bu gün müxtəlif mədəniyyətlərin təmsilçiləri Azərbaycanın siyasi, iqtisadi və mədəni elitasında təmsil olunur, ölkənin həyatında əsaslı dəyişikliklər və inkişaf prosesində yaxından iştirak edirlər.

Ölkəmizin son illərdə ev sahibliyi etdiyi xeyli sayda beynəlxalq tədbirlər ictimai-siyasi, humanitar sahələrlə yanaşı, mədəniyyət və incəsənət sahəsini də əhatə edir. Ölkəmizdə təşkil olunan musiqi festivalları içərisində artıq bir neçə ildir ki keçirilən “Jara” musiqi festivalı incəsənət nümayəndələrinin və musiqisevərlərin böyük rəğbətini qazanıb. Təsadüfi deyil ki, bu il festival MDB üzrə ən yaxşı yay festivallarının üçlüyünə daxil edilib, habelə “Jara TV” və “Jara” radiostansiyası yayım məkanında öz auditoriyasını formalaşdırıb. İldən-ilə sözügedən festivalın iştirakçıları ilə yanaşı, onu izləməyə gələn xarici qonaqların da sayında artım nəzərəçarpacaq dərəcədədir.

Bir neçə gündür ki, müəyyən dairələrin dəstəyi ilə sosial şəbəkələrdə Azərbaycanda ənənəvi şəkildə təşkil olunan “Jara” musiqi festivalının iştirakçısı, rusiyalı müğənni Zara ilə bağlı geniş kampaniya başlanılıb. İddia olunur ki, guya milliyyətcə erməni olan bu sənətkarın Azərbaycana gəlməsi və festivalda iştirak etməsi yolverilməzdir. Avantüristlərin pusquda durub məqam gözləyərək belə həssas məqamlarda ortaya atılması birinci və sonuncu dəfə deyil. Onların bu istiqamətdə dezinformasiyalar yayması milli maraqların müdafiəsinə deyil, dövlətçiliyə qarşı hesablanmış məkrli siyasətlərinin bir hissəsidir.

İlk öncə onu qeyd edək ki, Zara erməni deyil, Ermənistanda anadan olub, milliyyətcə yezidi kürddür və  Rusiya vətəndaşıdır. Hər hansı bir şəxsin, o cümlədən də Zaranın öz doğulduğu ölkəyə hörmətlə yanaşması normal haldır. Əgər Zara Ermənistana səfərlər edib, həmin ölkəni tərifləyir və təbliğ edirsə, nəyə görə onun Azərbaycana gəlib bizim ölkəmiz haqqında xoş fikirlər səsləndirməsinə şərait yaradılmamalıdır?

2012-ci ildə ölkəmizdə keçirilən Avropanın məşhur “Eurovision” musiqi yarışmasında iştirakını Ermənistan tərəfi paxıllıqla boykot etməsəydi, onların Ermənistan vətəndaşı olan təmsilçisi Bakıya gəlib müsabiqədə iştirak edəcəkdi.  Bu da təbii haldır. Xatırladaq ki, “Bakı – 2015” I Avropa Oyunlarının boks yarışında Ukrayna təmsilçisi, erməni əsilli idmançı Qevorq Manukyan da iştirak etmiş, gümüş medal qazanmışdır. Dövlət başçısı İlham Əliyev Qevorq Manukyana şəxsən medalını təqdim edərək ona hətta jest də etmişdir.

Göründüyü kimi, tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi-mədəni kökləri mövcuddur. Azərbaycan xalqı daim xalqlar, millətlər arasında sülh və əmin-amanlıq şəraitinin yaradılmasına əvəzsiz tarixi töhfələr vermişdir, indi də verməkdədir. Çünki, dözümlülük, başqa dinlərin nümayəndələri ilə dinc yanaşı yaşamaq azərbaycanlıların milli mentalitetinin əsas xüsusiyyətlərindəndir. Daim xalqımızın milli-mənəvi dəyərlərinin mütərəqqiliyini vurğulayan dövlət başçısı İlham Əliyev gələcək inkişafımızı zəngin tarixi keçmişə söykənən adət-ənənələrimizlə müasir ideyaların sintezində görməklə, ölkəmizdə milli dəyərlərin qorunub saxlanılması istiqamətində ardıcıl işləri bu gün də uğurla həyata keçirir.

Sevinc Azadi,

“İki sahil”