Bakıya böyük sevinc hissi ilə qayıdıram. Mən ötən il də bu möhtəşəm musiqi bayramına qatılmışdım. Dostları yenidən görmək unudulmaz hisslərdir. Sizin mətbəxinizi çox sevirəm.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində “Jara” festivalının iştirakçısı, tanınmış rusiyalı müğənni Aleksandr Panayotov deyib.
Festivalda hər incəliyin nəzərə alındığını bildirən A.Panayotov bu inanılmaz bayramın tamaşaçılara unudulmaz anlar bəxş edəcəyini əminliklə vurğulayıb: “Azərbaycanlılar səmimi, qonaqpərvər, eyni zamanda, təəssübkeşdirlər. Hiss olunur ki, burada insanlar çətin anda bir-birinə kömək etməyə hazırdır. Bu isə çox yaxşı keyfiyyətdir”.
“Jara” festivalının insanları və xalqları bir-birinə daha da yaxınlaşdırdığını, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə özünəməxsus töhfə verdiyini vurğulayan müğənni təşkilatçılara dərin minnətdarlığını bildirib. Qeyd edib ki, bu möhtəşəm festivalın yaratdığı pozitiv əhvali-ruhiyyə və xoş təəssürat yaddaşlardan uzun müddət silinməyəcək.