Siyasi düşüncə tərzi olmayıb, öz çirkin niyyətlərini ya sosial şəbəkələrdə dövlət və dövlətçilik prinsiplərini kobudcasına pozan, ya da iyrəncliklərini saxta kimliklər altında tutaraq ermənipərəst mövqe nümayiş etdirənlər indi də mədəniyyət, musiqi sahəsində nə dərəcədə iyrənc olub-olmadıqlarını yoxlamaq istəyirlər. Əsas problem Azərbaycanın gündən-günə artan nüfuzu, sürətlə dünya birliyinə inteqrasiyasıdır.
Əvvəl bu faktdan başlayaq ki, son illər Azərbaycanın təkcə regionda deyil, beynəlxalq aləmdə nüfuzunun artması dostları nə qədər sevindirirsə, düşmənləri bir o qədər ciddi narahat edir. Elə bu narahatçılığın səbəbidir ki, tez-tez sosial şəbəkələrin “saxta profil” funksiyasından istifadə edib ortalığı qarışdıranların özləri qədər iyrənc planlarının şahidi oluruq. Sevindirici reallıq odur ki, bu planlar yekun mərhələdə fiaskoya uğrayır. Amma necə deyərlər, milçək bir şey olmasa da ürək bulandırır.
Digər bir gülməli fakt isə odur ki, Azərbaycana qarşı bu cür çirkin kampaniyalar törədən təşkilatların əlində oyuncaq olan və sentlərə satılan cılız “vətənpərvərlər” müdafiə etdikləri kampaniyaların, bu kampaniyaların səbəblərini, mahiyyətini dərk etmirlər. Bu qədər avam, cılız insanları çirkin kampaniyalarına dəvət edən həmin təşkilatların və ya ölkələrin özlərinin də nə dərəcədə avam olub-olmadıqları sual altındadır. Əslində xisləti ucuz olan və beyinlərinin nə ilə qidalandığını anlaya bilmədiyimiz bu insanların kitab, qəzet və s. kimi maarifləndirici vasitələrdən yararlanacağına inanmıram. Amma yenə də içimizdə bir ümid var. Vallah insanın yazığı da gəlir. İnsanlar özlərini niyə bu qədər gülünc edirlər, çox maraqlıdır. Əgər “Jara” musiqi festivalını tənqid atəşinə tutmadan öncə festivalın adının düzgün yazılışını öyrənsəydiniz inanın ki, bu qədər gülüş hədəfi olmazdınız.
“Jara” musiqi festivalı üçüncü ildir ki, Azərbaycanda keçirilir. Festivalı bu günə qədər iki gün davam edir. Birinci gününün konsertinin gecəyarıyadək davam etməsinə, səhərədək “after party”nin keçirilməsinə baxmayaraq, növbəti gün səhər tezdən bütün işçi heyət - rejissorlar, səs operatorları, texniki işçilər, təşkilatçılar, ifaçılar, rəqqaslar iş başında olurlar. İfaçılar mahnılarının notlarını, rəqqaslar hərəkətlərini, texniki heyət isə videogörüntünün hər kadrının dəqiqliklə işlənməsi üçün hazırlıq görür. Heç kəsin əməyi hədər getmir. Tamaşaçılara möhtəşəm şou təqdim edilir. Qırmızı xalının üstündən keçən musiqiçilər, eləcə də festivalın təşkilatçıları pərəstişkarları ilə fotolar çəkdirir, jurnalistlərin suallarını cavablandırırlar. Qonaqlar Bakı, onun görməli yerləri, şəhər sakinləri və Azərbaycan mətbəxinə valeh olduqlarını bildirir, festivalın ilk gününün konserti barədə təəssüratlarını bölüşür, tədbirin əhəmiyyətini, yüksək səviyyədə təşkil olunduğunu vurğulayırlar.
Bu həmin musiqi festivalıdır ki, dünya miqyasında tanınmış sənətkarlar Bakıya gəlirlər. Onlar festivalda təkcə mahnı oxumaqla kifayətlənmirlər. Festivalın ötən illərki nəticələrindən bəllidir ki, Azərbaycanın təbiəti, mətbəxi, insanları, adət-ənənələri uzun müddət dünya mediasının gündəmindən düşmür. Bu həmin musiqi festivalıdır ki, dünyanın məşhur sənətkarlarının şəxsən özləri festivalın səhnəsində çıxış etmək üçün təşkilatçılara müraciət edirlər.
“Jara” musiqi festivalının Azərbaycana qazandırdıqları haqqında çox yaza bilərik. Amma yazının mahiyyəti bu yox, festivalın işinə kölgə düşürənlərin haqsız mövqeyinə münasibətdir. Son günlər sosial şəbəkələrdə müəyyən dairələrin dəstəyi ilə ölkəmizdə ənənəvi şəkildə təşkil olunan bu festivala qarşı aparılan çirkin kampaniya müşahidə edilir. Məqsəd isə festivalın iştirakçısı, rusiyalı müğənni Zaranın elə festivalda çıxış etməsi üçün ölkəmizə gəlməməsidir. Yəni, əsas iddia kimi guya milliyyətcə erməni olan bu sənətkarın Azərbaycana gəlməsi və festivalda çıxışının yolverilməzliyi fikri irəli sürülür. Baxın, bu çirkin kampaniyanı təşkil edənlər və bu işdə fəal iştirak edən cılız insanlar yenə faktın mahiyyətinə vara bilmirlər. Artıq faktın mahiyyətinə varmadan yeri gəldi-gəlmədi fikir bildirmək də bu insanlarda dəb halını alıb. Madam ki, internetin imkanlarından bu qədər geniş istifadə edə bilirsiniz, onda sizin üçün müğənninin “youtube”da olan müsahibələrinə baxmaq heç də çətin olmamalı idi. Amma təbii ki, sizi bu maraqlandırmır. Çünki həqiqətləri bilmək işinizə yaramaz. Müğənninin erməni əsilli olub-olmamasını bilmək üçün onun bircə müsahibəsinə baxmaq kifayət idi. Zara Rusiya telekanallarından birində təxminən 2-3 il əvvəl yayımlanmış müsahibəsində kürd kökənli olduğunu bildirir. Hamının bildiyi kimi, Zara Ermənistandan Rusiyaya köç edərək orada məskunlaşmış ailədə anadan olub. Bütün həyatı isə Rusiya ilə bağlıdır. Yəni, ortalıqda sizin dediyiniz kimi erməni bir müğənninin Bakıya gəlib, burada Ermənistanı təbliğ etməsi məsələsi yoxdur.
2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunları hər kəsin yaxşı yadındadır. İştirak edən hər ölkə kimi, Ermənistan da yarışlarda xeyli sayda idmançı ilə təmsil olunurdu və onlar da Azərbaycana gəlmişdilər. İl ərzində istər mədəniyyət, istər idman, istərsə də siyasi məsələlərlə bağlı olaraq Azərbaycana nə qədər erməni gəlib-gedir. Yəni, həmin insanlar həqiqətənmi bilmirlər ki, bu gün Azərbaycanda yüzlərlə erməni yaşayır. Onlar da bu dövlətin qayda-qanunlarına tabedir. Yəni, həmin insanlar doğrudanmı bu qədər kor ola bilirlər?! Nəinki erməni, bu gün Azərbaycanda ermənilərlə yanaşı, rus, türk, ərəb, talış, çeçen, qazax olmaqla neçə millətin nümayəndəsi sülh, təhlükəsizlik şəraitində bərabər yaşayır. Bütün bunların mahiyyətinə varmaq üçün cəmi bircə faktı yada salmaq kifayət idi. Keçən il Azərbaycanda “Multikulturalizm İli” elan olundu. Nə az-nə çox, düz bir il bütün mətbuat, televiziya bu səpkidə xüsusi reportajlar, məqalələrlə çıxış etdi. Bu gün balaca uşaqdan soruşsan ki, tolerantlıq nədir, sizə izah edəcək. Çünki Azərbaycanda bu mühit var və bunu hər kəs yaxşı bilir. Yəni bir müğənninin ölkəmizə gəlib bir mahnı ifa etməsi bu qədər erməninin Azərbaycanda yaşamasından daha təhlükəlidir?! Əgər Zara Ermənistana səfərlər edərək həmin ölkəni təbliğ edirsə, nə üçün Azərbaycana gəlib ölkəmiz haqqında xoş - müsbət fikirlər səsləndirməsinə şərait yaradılmamalıdır?!
Maraqlı başqa bir məqam isə ondan ibarətdir ki, məsələnin əsl mahiyyətinə varmayan insanlar bütün ölkə vətəndaşlarını öz çirkin kampaniyalarına alət etmək üçün ən ağrılı yerimiz olan Dağlıq Qarabağ məsələsindən sui-istifadə edirlər. Qoy həmin insanlar unutmasınlar ki, Azərbaycan xalqı əsrlərdən bəri dünyaya humanizm, bəşəri ideyalar, qonaqpərvərlik, ürəyiaçıqlıq kimi insani keyfiyyətləri aşılayıb. Bu gün kiçik bir hadisəni əllərində bayraq edənlər bu günə qədər Azərbaycanın dünyada tolerant bir dövlət kimi tanınması istiqamətində görülən işlərə ləkə salmaq istədiklərini gizlədə bilmirlər. Məsələ ilə bağlı xüsusi reportaj hazırlayan “Xəzər” televiziya kanalı da gözlənildiyi kimi, çirkin kampaniyanın hədəfinə tuş gəldi. Bu, gözlənilən idi. Utanmadan ölkədə medianın fəaliyyətinə də zərbə vurmaq istəyənlərə ən yaxşı cavab elə reportajın sonunda verildi: “Heç kimin şübhəsi olmasın ki, bu gün musiqidə qazanılan uğurlar sabah hərb meydanında davam edəcək”. Bəli, müharibə təkcə səngərlərdə getmir. Müharibə beyinlərdə, informasiyada, elmdə, mədəniyyətdə, bir sözlə, bütün müstəvidə gedir. Bu gün ölkəmizin dünyada imici, nüfuzu günü-gündən yüksəlməkdədir. Bu cür ucuz reklamlara getmək, televiziya kanallarının fəaliyyətini aşağılamaq, bu günə qədər görülən bütün uğurlu işlərə kölgə salmaq sizin kimi satqınlara yaraşır. Ölkəmizə kimin gəlməsindən asılı olmayaraq həmrəylik nümayiş etdirməli, bütün dünyanın gücümüzü görməsi üçün daha tolerant olmalıyıq. Yadda saxlamaq lazımdır ki, “Jara” Musiqi Festivalı beynəlxalq musiqi festivalıdır. Məsələni bilib-bilmədən siyasiləşdirənlərin çirkin əməlləri nə bu festivalın gedişinə, nə də Azərbaycanın imicinə zərbə vura bilməz.
Şəfiqə Dadaşova,
“İki sahil”