26 iyul 2018 15:11
1393

Zara ilə bağlı “kampaniya” Azərbaycanın tolerant imicinə zərbə vurur

Azərbaycan son illərdə xeyli sayda beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər ictimai-siyasi, humanitar sahələrlə yanaşı, mədəniyyət sahəsini də əhatə edir. İndi Azərbaycan musiqi və incəsənətin müxtəlif növlərinə aid bir çox festivalların təşkilatçısı və ev sahibi kimi dünyada böyük nüfuz sahibidir. 2012-ci ildə ölkəmizdə keçirilən Avropanın məşhur “Eurovision” musiqi yarışmasının möhtəşəmliyi indi də qürurla xatırlanmaqdadır.

Ölkəmizdə təşkil olunan musiqi festivalları içərisində artıq bir neçə ildir ki, ardıcıl olaraq keçirilən “Jara” musiqi festivalı incəsənət nümayəndələrinin və musiqisevərlərin böyük rəğbətini qazanıb. İldən-ilə sözügedən festivalın iştirakçıları ilə yanaşı, onu izləməyə gələn xarici qonaqların da sayında artım nəzərəçarpacaq dərəcədədir.

Lakin bu il keçirilən “Jara” festivalı cəmiyyətin diqqətini daha çox cəlb etdi. Əlbəttə, bu, tədbir iştirakçılarının rəngarəngliyi ilə bərabər, həm də tanınmış rusiyalı müğənni Zaranın festivala qatılacağı ilə bağlıdır...

Bir neçə gündür ki, müəyyən dairələrin dəstəyi ilə sosial şəbəkələrdə onunla bağlı kampaniya təşkil olunub və hazırda da bu təbliğat davam etdirilir. Sosial şəbəkələrdə Zaranın Azərbaycana gəlməsinə etiraz edənlərin əsas iddiası guya onun milliyyətcə erməni olmasıdır.

Burada bir məsələni vurğulayaq ki, Azərbaycan bütün dünyada müxtəlif xalqların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı, tolerant, bütün dini və milli azadlıqların təmin edildiyi ölkə imicinə malikdir. Ölkəmiz bütün dünyada dünyəvi dəyərlərin qorunduğu, humanizm prinsiplərinin yüksək tutulduğu bir dövlət kimi hörmətlə qəbul edilir. Bu, Azərbaycanın münaqişədə olduğu Ermənistanla müqayisədə daha tolerant bir ölkə olduğunu dünyaya tanıtmaqda mühüm amildir. Biz bütün dünyaya göstəririk ki, münaqişə üzündən Ermənistanda bir nəfər azərbaycanlı qalmadığı halda, Dağlıq Qarabağı nəzərə almasaq belə, ölkəmizdə 30 min erməni əsilli vətəndaş yaşayır. Azərbaycan ermənilərin separat davranışlarına baxmayaraq, öz daxilində onlara qarşı belə milli ayrı-seçkilik yaratmır. 

Bununla da isbat edilir ki, Azərbaycanın torpaqlarının işğalında iştirakçı olmayan, Azərbaycan xalqına qarşı cinayət törətməyən, dinc həyat tərzi sürən hər hansı şəxs, erməni əsilli olsa da ölkəmizə gəlməsi qadağan edilə bilməz.

Bu xoş olmayan münasibətin meydana çıxması ölkəmizin müsbət imicinə zərər vurması baxımından təhlükəlidir. Burada məntiqi bir sual yaranır: Biz bir erməni əsilli şəxsə görə bu qədər sərt mövqe ortaya qoyuruqsa, dünya necə inana bilər ki, sabah Dağlıq Qarabağ Azərbaycana qaytarılarsa, biz ermənilərlə  birgə yaşaya, onların təhlükəsizliyini təmin edə bilərik? Erməni şovinistləri azərbaycanlılara qarşı soyqırımı törətdiyi, Ermənistana rəhbərlik etmiş şəxslərin azərbaycanlılarla ermənilər arasında irqi uyğunsuzluq barədə iddialar irəli sürdüyü halda, biz nəyə görə dünyaya özümüzü layiq olmadığımız şəkildə təqdim etməliyik?

Digər bir tərəfdən bir həqiqət də var ki, sosial şəbəkələrdə etirazlara səbəb olan müğənni Zara əslində milliyyətcə erməni deyil. O, Ermənistanda anadan olan yezidi kürd olaraq hazırda Rusiya vətəndaşıdır. Əlbəttə, obyektivlik naminə qeyd etmək lazımdır ki, hər hansı bir şəxsin, o cümlədən də Zaranın öz doğulduğu ölkəyə hörmətlə yanaşması müəyyən mənada təbii qarşılanmalıdır. Əgər Zara Ermənistana səfərlər edərkən doğulduğu ölkəni tərifləyir və təbliğ edirsə, nəyə görə onun Azərbaycana gəlib bizim ölkəmiz haqqında da xoş fikirlər səsləndirməsinə şərait yaradılmamalıdır? Son illərdə müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmək üçün Azərbaycana erməni əsilli insanların, hətta Ermənistan vətəndaşlarının gəlməsi halları ilk dəfə deyil. Sual doğuran odur ki, niyə məhz Zaraya qarşı bu cür təbliğat təşkil olunur? Bir incəsənət adamının Azərbaycana gəlməsi onun ölkəmiz haqqında düşüncələrinin müsbət mənada dəyişməsinə səbəb ola bilər ki, bu da Azərbaycan cəmiyyətinin təbliği baxımından əhəmiyyətlidir.

Nəzərə alınmalıdır ki, Azərbaycan dövləti və xalqı heç bir ölkəni və ya xalqı, o cümlədən də erməni xalqını özünə düşmən hesab etmir. Həm ermənilər, həm də azərbaycanlılar eyni coğrafiyanı bölüşürlər və gələcəkdə də dinc yaşamağa məhkumdurlar. Bu, qəbul edilən qənaətdir ki, Azərbaycanın düşməni erməni xalqı deyil, erməni milliyyətçiliyinin və şovinizminin ideoloqları, Ermənistanın xunta və terrorçu rejimidir. Erməni xalqı da bu dairələrin girovudur və bundan əziyyət çəkir.

Azərbaycan dövləti hər zaman bəyan edir ki, xalqımız Azərbaycan konstitusiyası və qanunları çərçivəsində ermənilərlə dinc yanaşı yaşamağa hazırdır. Yetər ki, Azərbaycan torpaqları geri qaytarılsın və Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Ərazilərimizdə yaşayan ermənilər də qanunlarımıza tabe olduqları müddətcə heç bir ayrı-seçkiliyə məruz qala bilməzlər.

Zamin Məmmədov,

“İki sahil”