Prezident İlham Əliyevin sədrliyi ilə Qaxda keçirilən respublika müşavirəsində barama, tütün və fındıq istehsalının artırılması sahəsində mövcud vəziyyət ətraflı müzakirə olundu, fermerlərə dövlət dəstəyi mexanizmləri ilə bağlı perspektivlərdən danışıldı. Şübhəsiz, tütünçülük, baramaçılıq, fındıqçılıq Azərbaycanda əsrlər boyu inkişaf etdiyindən, bu gəlirli sahələrin çox böyük və zəngin ənənələri olduğundan belə bir müşavirənin keçirilməsi aqrar sahənin inkişafına böyük təsir göstərəcək. Tarixi İpək Yolu üzərində yerləşən Azərbaycanın əlverişli şəraiti, torpağının münbitliyi, iqlimi, xarici bazarlara yaxın ərazidə yerləşməsi bu sahələrin inkişafını diqqətdə saxlamışdır. Azərbaycanda ötən əsrin 70-ci illərindən başlayaraq tütünçülük, baramaçılıq, fındıqçılıqda qazanılan ən uğurlu nəticələr ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin respublikaya ilk rəhbərliyi dövründə qəbul olunmuş “Azərbaycanda ipəkçiliyin gələcək inkişafına dair tədbirlər” haqqında” qərarda göstərilən vəzifələrin yerinə yetirilməsi ilə bu sahənin maddi-texniki bazası, sənaye potensialı genişləndirildi. O illərdə Azərbaycan keçmiş Sovet İttifaqında barama istehsalına görə Özbəkistandan sonra ikinci, baramanın və ipəyin keyfiyyətinə görə isə birinci yerdə olmuşdur. Lakin Sovetlər Birliyinin dağılması, iqtisadi əlaqələrin qırılması nəticəsində bir çox sahələr kimi, baramaçılıqda da tənəzzül yarandı. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonra ipəkçilik bərpa olundu. “Əfsuslar olsun ki, 1991-ci ildən sonra barama istehsalı kəskin şəkildə aşağı düşmüşdür. 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdir. Operativ tədbirlər nəticəsində biz 2 il ərzində bu rəqəmi 244 tona çatdırmışıq və bu, hələ başlanğıcdır” söyləyən Prezident İlham Əliyevin baramaçılıq və ipəkçiliyin inkişafına göstərdiyi diqqət müsbət nəticəsini verir. Baramaçılığın inkişafı ilə Azərbaycan ipəyinin tarixi şöhrəti bərpa edildi. Şəxsi adamların yetişdirdikləri tut tinglərindən istifadə etməklə evlərdə yaradılan kümlərdə kefiyyətli barama yetişdirilir.
Qədim zamanlardan ipəkçilik diyarı kimi tanınan Şəkidə, Ordubadda əhalinin əsas məşğuliyyət növlərindən biri də baramaçılıq idi. Şəki İpək Kombinatının istehsal etdiyi məhsullar keçmiş Sovetlər Birliyinin bütün müttəfiq respublikalarına ixrac edilib və keyfiyyəti ilə fərqlənib.
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın tətbiqi ilə ipəkçiliyin müasir infrastrukturundan istifadədə, barama toxumçuluğunun təşkili istiqamətində önəmli addımlar atıldı, kümçülərdə inam və böyük ruh yüksəkliyi yarandı. Hazırda 30 rayonda barama istehsal olunur. Hədəf gələn il barama istehsalını 500 tona, 2025-ci ilə qədər 6 min tona çatdırmaq, ipək xalcalar üçün ipliyin istehsalına başlamaqdır.
Təkcə Qaxda 2015-ci ildə cəmi 200 kiloqram barama istehsal edildiyi halda, 2017-ci ildə 18 min kiloqram barama istehsalına nail olunub, görülən operativ tədbirlər nəticəsində bu sahədə ciddi dönüş yaranıb, 600 nəfərin çalışdığı Şəki İpək Kombinatı öz fəaliyyətini bərpa edib.
2015-ci ildə cəmi bir rayonda 725 kiloqram yaş barama istehsal edildiyi halda, 2016-cı ildə 24 rayon üzrə 70 ton, 2017-ci ildə isə 30 rayonu əhatə etməklə 244 ton yüksək keyfiyyətli yaş barama istehsal olunub.
Bununla bərabər, keçən il baramaçılığın coğrafiyasının genişləndirilməsi məqsədilə çox ciddi addımlar atılıb, 37 rayonda 1,7 milyon tut tingi əkilib. Əgər iki il bundan əvvəl təqribən 300 mindən bir qədər çox tut ağacı var idisə hazırda onların sayı 2 milyon 200 minə çatır. Bütün tinglər dövlət tərəfindən, xaricdən, valyuta ilə alınır, baramaqurdu toxumları gətirilir və ağacəkmə prosesi kütləvi xarakter alır. “Dövlət yenə də əsas yükü öz üzərinə götürür və tapşırıq verilmişdir ki, gələn dörd il ərzində əlavə 8 milyon tut tingi əkilsin. İndi bizim 2 milyon 200 min ağacımız var, 8 milyon əlavə əkiləcək. Beləliklə, 10 milyon tut ağacımız olacaqdır” söyləyən cənab İlham Əliyev fermerlərə də fərdi qaydada tut ağacları əkməyi tövsiyə edir.
Görülən tədbirlər nəticəsində ölkəmizdə yaş barama istehsalının bir neçə min tona çatdırılması, 50 mindən çox kəndli-fermer ailəsinin mövsümi işlə təmin edilməsi, “Şəki-İpək” ASC-də 1500-dək daimi iş yerinin açılması, beynəlxalq standartlara uyğun xam ipək və ipək məhsulları istehsalı hesabına ölkənin ixrac potensialının artması mümkün olacaq. Baramaçılıq elə sahədir ki, bu sahədə çalışanlar qısa müddətdə yüksək gəlir əldə edir. Bazarda 1 kiloqram yaş baramanın qiymətinin 4 manat olması, Prezident İlham Əliyevin Sərəncamına əsasən barama istehsalı ilə məşğul olan şəxslərə baramanın hər kiloqramına görə 5 manat subsidiya verilməsi bu sahəyə marağı daha da artırıb.
Baramaçılığın inkişafında əsas məsələlərdən biri də yerli və xarici investorları bu işlərə cəlb etməkdir. Müşavirədə bu məsələ ilə bağlı bildirildi ki, xarici, yerli investorların marağı olarsa, dövlət onlara da dəstək verməyə hazırdır və bu sahədə heç bir problem olmayacaq. Azərbaycan ipəyinin dünya bazarlarında daha çox çeşiddə və yüksək keyfiyyətlə nümayiş olunması üçün ixrac imkanlarının bir daha nəzərdən keçirilməsi üçün ilk növbədə rəqabət amili nəzərə alınmalıdır. “Onu da deməliyəm ki, burada da çox böyük rəqabət var. Bazarlar demək olar ki, artıq bölünübdür və ixrac bazarlarına çıxmaq üçün gərək əlavə səylər göstərilsin. Ona görə, bu istehsal sahəsini yaratmaq işin ancaq birinci hissəsidir, bir tərəfidir. Biz xarici bazarlara öz hazır məhsulumuzla - həm ipək ipləri ilə, həm hazır məhsulla çıxmalıyıq” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, ipəkçilik xalçaçılığın inkişafına da stimul yaradacaq. Buna görə də xalçaçılığın inkişafı da prioritet məsələ kimi qarşıda durur. “Azərxalça”nın 13 rayonda fabrikləri olsa da imkanların genişləndirilməsi üçün 12 rayonda yeni xalça fabriklərinin açılması planlaşdırılır. Təbii ki, perspektivlərin reallaşması üçün ilk növbədə baramaçılığın inkişafına diqqət artırılmalıdır.
Xuraman İsmayılqızı, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır