“Azərbaycan İslam həmrəyliyinə xüsusi əhəmiyyət verir və öz töhfəsini verir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Eyni zamanda, bu il Azərbaycanda 54 müsəlman ölkəsindən gələn 3 minə yaxın idmançının iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunları keçirilib. Biz bu gün dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparırıq. Özünü müsəlman ölkələrinin dostu kimi qələmə verməyə çalışan Ermənistan Dağlıq Qarabağ və ətraf bölgələrdə məscidləri və dini abidələri dağıdıb. Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz.” Dövlətimizin başçısı İlham Əliyev İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə bir daha diqqəti Azərbaycanın İslam həmrəyliyinə, birliyinə verdiyi töhfələrə yönəltdi.
Bu günün reallıqlarından biri budur ki, islamofobiya dünyada ən ciddi təhlükələrdəndir. Təbii ki, İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətidir. Cənab İlham Əliyev sülh, mərhəmət, dözümlülük və ədalət dini olan İslamın dəyərlərinin təşviqini davam etdirməyin vacibliyini bəyan edir. Ölkə Prezidenti İlham Əliyev bu il İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində də bu kimi məsələlərə xüsusi diqqət yönəltmişdir. Dünyada ikili siyasətin tüğyan etdiyi, islamofobiyanın ən ciddi təhlükə olduğu bir vaxtda birliyin, həmrəyliyin möhkəmləndirilməsi, səylərin birləşdirilməsi mütləqdir.
Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan Zirvə görüşündə əsas diqqəti yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldərək, problemin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğunu önə çəkərək bildirmişdir ki, indiyədək nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qərar və qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Ermənistan bu günə qədər bu qərarlara məhəl qoymur, azərbaycanlı mülki əhaliyə qarşı hərbi cinayətlərini davam etdirir.
Ölkə Prezidenti dövlətimizin dəyişməz mövqeyini bir daha tribunadan səsləndirmişdir - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək ki, onun əzəli torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq.
Zirvə görüşündə müharibə şəraitində yaşayan Azərbaycanın 26 illik müstəqillik tarixində qazandığı uğurlardan da geniş bəhs edən cənab İlham Əliyev ölkəmizin təşəbbüsçüsü və iştirakçısı olduğu layihələrin ölkələr, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirdiyini bildirdi. Yaxın zamanlarda istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiya arasında ən qısa yol olacaq.
Azərbaycanın yerləşdiyi coğrafi məkan onun körpü rolunun aydın ifadəsini yaradır. Müxtəlif sivilizasiyaların, dinlərin qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Heç də təsadüfi deyil ki, bu illər ərzində Azərbaycan müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməklə humanitar, siyasi, iqtisadi mərkəz olduğunu dünyaya nümayiş etdirib. Ölkəmizin ənənəvi olaraq ev sahibliyi etdiyi Bakı Beynəlxalq Humanitar forumları da bu sahədə malik olduğumuz imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Məlum olduğu kimi, Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etdi. Bu mühüm hadisə tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycanın mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malik olmasının bir daha təsdiqi oldu.
Ümummilli lider Heydər Əliyevin “Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətlərini götürüb tətbiq edərək heç vaxt dilimizdən, adət-ənənələrimizdən ayrıla bilmərik və imtina edə bilmərik” fikirlərinin davamı olaraq ölkə Prezidenti İlham Əliyev bildirir: “Azərbaycanın təcrübəsi hesab edirəm ki, əslində, multikulturalizm ideyalarının təbliği üçün çox dəyərli və qiymətlidir. Çünki bir daha demək istəyirəm ki, multikulturalizm bizim həyat tərzimizdir. Nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır.” Əvvəldə də qeyd etdiyimiz kimi, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə ötən ilin “Multikulturalizm İli”, cari ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi də səbəbsiz deyil. Atılan bu addımlar ölkəmizdə mədəniyyətlərin sintezinin mövcudluğunun təqdimatıdır.
“İslam Həmrəyliyi ili” çərçivəsində dövlətimizin başçısı İlham Əliyevin İslam dövlətlərinə ardıcıl səfərləri də bir çox məqamların açıqlanmasında, dünyaya İslam həmrəyliyi, birliyi mesajının ünvanlanmasında əhəmiyyətli rol oynayır. Dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın bütün dünyada geniş yayıldığı bir dövrdə Heydər məscidində vəhdət namazının qılınması dünyaya bir sülh mesajı kimi dəyərləndirildi. Dövlətimizin başçısı İlham Əliyev “Biz həmişə çalışmışıq və öz səylərimizi göstərmişik ki, müsəlman aləmi daha da sıx birləşsin” söyləyərək bildirir ki, bu gün də çalışırıq ki, müsəlman aləmində əlaqələr daha da yaxın olsun, münaqişələrə son qoyulsun, əməkdaşlıq üçün daha yaxşı zəmin yaradılsın. Azərbaycanın bu il ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları da qeyd olunan istiqamətdə atılan addımların tərkib hissəsi idi. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı İlham Əliyevin bununla bağlı səsləndirdiyi fikirləri xatırlatmaq istərdik: “Bu, təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq.”
Qısa təhlil fonunda Azərbaycanın İslam aləmində, dünyada yeri və rolunu aydın görmək mümkündür. Beynəlxalq hüquq normalarına uyğun xarici siyasətini həyata keçirən, heç bir dövlətin daxili işinə müdaxilə etməyən Azərbaycan bütün məsələlərin sülh, əmin-amanlıq şəraitində çözülməsinə səy göstərir. 20 faiz torpağı işğal altında olan, bir milyondan çox vətəndaşı qaçqın və köçkün vəziyyətində yaşayan Azərbaycanın tam haqqı var ki, işğal olunmuş ərazilərini istənilən yolla azad etsin. Aprel döyüşləri ordumuzun gücünün, qüdrətinin nümayişidir. Lakin rəsmi Bakı münaqişənin beynəlxalq hüquq normalarına uyğun, sülh danışıqları əsasında həllinə səy göstərir. Problemin həllində diplomatik mübarizənin rolunu nəzərə alsaq, Azərbaycanın real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatı fonunda erməni yalanları ifşa olunur, Ermənistan fakt qarşısında acizliyini gizlədə bilmir. Dövlətimizin başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə görüşündə bir daha bu əminliyi ifadə etdilər ki, D-8 dünyada sülhün, sabitliyin və rifahın inkişafına bundan sonra da töhfə verəcəkdir.
Yeganə Əliyeva,
“İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır