Təkmil islahatları ilə davamlı inkişaf yolunda addımlayan, beynəlxalq qurumların hesabatlarında reytinqini günbəgün artıran ölkəmizin yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Hər çıxışında, Nazirlər Kabinetinin hər iclasında bu məsələyə xüsusi diqqət yönəldən cənab İlham Əliyev Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bəyan edir.
Bu günlərdə Nazirlər Kabinetinin cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran məsələlərə həsr olunmuş iclasında dövlətimizin başçısı İlham Əliyevin əsas diqqət göstərdiyi məsələlərdən biri məhz Dağlıq Qarabağ probleminin həlli istiqamətində atılan addımlar, ermənilərin qeyri-konstruktiv mövqeyinin nəticəsi olaraq bu addımların nəticəsiz qalması oldu: “Son vaxtlar danışıqlarda heç bir irəliləyiş yoxdur. Ermənistan çalışırdı və hesab edirdi buna nail olacaq ki, danışıqlar pozulsun. Yəni, müxtəlif bəhanələrlə bizi ittiham etməklə çalışırdı ki, danışıqlar bərpa edilməsin və buna nail olmaq üçün bir neçə şərt qoymuşdu. Əlbəttə, mən bəri başdan bəyan etmişdim ki, heç bir şərt qəbul edilməyəcək. Onlar bu şərtləri irəli sürərkən özlərini çox axmaq vəziyyətdə qoyurlar və məcbur olub bu siyasətdən əl çəkməli olacaqlar. Həyat və reallıq bir daha onu göstərir ki, həmişə olduğu kimi, bizim təhlilimiz və siyasətimiz tam reallığı əks etdirir.”
Təkcə cari ilin ötən dövründə işğalçı Ermənistanın törətdiyi təxribatlara, beynəlxalq hüququn norma və prinsiplərinə zidd addımlarına diqqət yetirsək, münaqişənin həllində maraqlı olmadığının, öz yalanlarına həqiqət donu geyindirmək üçün nə kimi cəhdlər göstərdiyinin şahidi olarıq. Baxmayaraq ki, bu addımlar dünya dövlətləri, təşkilatları tərəfindən qınanılır, amma hələ də Ermənistana qarşı hansısa addımın atılması barədə düşünmürlər. Bu il qondarma separatçı rejim Ermənistanın siyasi rəhbərliyinin təhriki ilə Dağlıq Qarabağda növbəti qondarma, qanunsuz “referendum” keçirilmişdir. Cənab İlham Əliyev bildirir: “Bu “referendum”un keçirilməsi əslində onların böyük səhvidir, daha doğrusu, axmaqlığıdır. Onların bir qədər ağlı olsaydı, heç vaxt buna getməzdilər. Çünki bəri başdan bəlli idi ki, dünya birliyi bu qondarma tədbiri tanımayacaq. Belə də oldu. Minsk qrupu bəyanat verdi, onun həmsədrləri - Amerika, Fransa, Rusiya “referendum”u tanımadılar. Avropa İttifaqı “referendum”u tanımayıb. Qonşu ölkələr - İran, Gürcüstan “referendum”u tanımayıb. Digər ölkələr də oxşar bəyanatlarla çıxış etdilər. Bu qondarma “referendum”un tanınmaması Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyir. Bütün dünya və münaqişənin həlli ilə bilavasitə məşğul olan ölkələr bu münasibətləri ilə bir daha təsdiq edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, həqiqətdir, bu, tarixi həqiqətdir və əlbəttə ki, bu həqiqət bir daha qeyd olundu. Bu, Ermənistanın növbəti biabırçılığı idi.”
İşğalçı dövlət bütün zamanlarda danışıqlar prosesinin gedişinə mane olmaq üçün təxribatlara əl atıb, cəbhə xəttində mütəmadi olaraq atəşkəsi pozub, amma dünya susmaqla növbəti təxribatlara yol açıb. Aprel hadisələri Azərbaycan dövlətinin mövqeyini, ordumuzun gücünü, qüdrətini bir daha dünyaya nümayiş etdirdi. Cənab İlham Əliyev aprel döyüşlərindən sonra işğalçı ölkənin tutduğu yolu belə şərh etmişdir: “Aprel hadisələrindən sonra Ermənistan danışıqların bərpa edilməsi üçün bir neçə şərt qoyurdu və bunu açıq şəkildə bəyan edirdi. Mən o vaxt yenə də görürdüm, bilirdim ki, bu, növbəti axmaqlıqdır. Çünki gec-tez onlar danışıqlar masasına qayıdacaqlar, sadəcə olaraq, özlərini olmayan hörmətdən növbəti dəfə salacaqlar. Belə də oldu... Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüblər. Danışıqlar prosesi bərpa edilib, heç bir şərt Azərbaycan tərəfindən qəbul edilməyib, danışıqlar prosesi qeyd-şərtsiz bərpa edilibdir. Bu bizim mövqeyimizdir, biz həmişə demişik ki, belə olmalıdır. Bu, Minsk qrupunun həmsədr ölkələrinin də mövqeyidir. Ona görə işğalçını məcbur etdilər və o, danışıqlar masasına qayıdıb. İndi məsələ ondan ibarətdir ki, tezliklə substantiv, yəni, mənalı, konkret danışıqlar bərpa edilməlidir.”
Qeyd etdiyimiz kimi, ermənilərin təxribatlarına dünyanın yalnız bəyanatlarla münasibət bildirməsi növbəti təxribatları şərtləndirir. Gün ərzində atəşkəsi 100 dəfədən çox pozan Ermənistana atəşkəs sazişini pozduğuna görə bu günə qədər hansısa təzyiqin göstərilməməsi təbii ki, hadisələrin bu şəkildə davam edəcəyinə şübhə yeri qoymur. Füzuli rayonunun Alxanlı kəndində baş verən hadisəni hərbi cinayət kimi qeyd edən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, bu, erməni faşizminin təzahürüdür və bu cinayətə görə Ermənistan öz cavabını almışdır. Bu, misli görünməmiş vəhşilikdir. Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi. Bu cinayət cavabsız qalmadı. Azərbaycan ictimaiyyəti də bunu bilir. Baxmayaraq ki, Ermənistan öz itkilərini həmişə gizlətmək istəyir. Amma bütün itkiləri gizlədə bilmir. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi.
Ermənilərin bu vəhşiliklərini dünya görür və susur. Nəinki susur, eyni zamanda, işğalçı dövlətin başına sığal çəkərək demokratik inkişaf baxımından nümunəvi ölkə kimi təqdim edir. Azərbaycanla Ermənistanı, işğala məruz qalan ölkə ilə işğalçı ölkəni eyni vaxtda sıralarına üzv qəbul edən Avropa Şurasının son qətnamələri artıq ikili siyasətin dünya üçün bir standarta çevrildiyini nümayiş etdirir. Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə dəstək olacağı ilə bağlı bir öhdəlik götürən Avropa Şurasını nə üçün münaqişə nəticəsində öz doğma yurd-yuvasından didərgin düşmüş bir milyondan artıq soydaşımızın pozulmuş hüquqlarının bərpası narahat etmir? Hər zaman bəyan edildiyi kimi, hal-hazırda dünya iqtisadi və maliyyə böhranı ilə yanaşı, hüquq problemini yaşayır. Beynəlxalq hüquq normalarının icrası üçün vahid mexanizmin müəyyənləşdirilməməsi, bu prinsiplərin ayrı-ayrı dövlətlərə maraqlara uyğun tətbiq olunması münaqişəli məsələlərin həllinin uzanmasına, yaxud həmin dövlətlərin maraqlarına cavab verirsə, dərhal həllinə səbəb olur. Bu cür yanaşmanın bir adı var - ikili siyasət.
26 illik müstəqillik tarixinə malik olan Azərbaycan bütün dövrlərdə ayrı-ayrı istiqamətlər üzrə bu yanaşmanın şahidi olub. Cənab İlham Əliyev istər BMT-nin Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışında, istər Avropa İttifaqı Şurasının nümayəndə heyəti ilə görüşündə bəyanatlardan konkret əməli işə keçməyin zamanı olduğunu bəyan etmişdir. İşğalçı dövlətə sanksiyaların tətbiq olunmaması onun daha böyük iddialarla yaşamasına gətirib çıxarır. Daim özlərinə qarşı böyük dəstək görən ermənilər himayədarlarına tam arxayın olmasalar, təbii ki, münaqişənin həllinə maraq göstərərlər. Azərbaycanın beynəlxalq aləmdə mövqeyi, diplomatik uğurları, güclü və qüdrətli ordusu Dağlıq Qarabağ probleminin ədalətli həllini şərtləndirir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın üçrəngli bayrağının Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil. Cocuq Mərcanlı kəndinə qayıdış bu inama böyük əsas yaradır. İclasda cənab İlham Əliyev bu məqamı da xüsusi qeyd etmişdir: “Cocuq Mərcanlı kəndi bərpa edilmişdir, indi orada yeni qəsəbə salınır, 50 evdən ibarət qəsəbənin açılışı olmuşdur, əlavə 100 evin tikintisi prosesi gedir. Məktəb, məscid tikilib, tibb mərkəzi tikilməkdədir. Orada iş yerləri ilə bağlı bir çox məsələlər öz həllini tapır. Cocuq Mərcanlı kəndinin yenidən qurulması, bərpası tarixi hadisədir.”
Qeyd etdiyimiz kimi, aprel döyüşləri Azərbaycan Ordusunun gücünün, qüdrətinin nümayişi oldu. Ulu öndər Heydər Əliyevin “Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır” tezisi dövlətimizin siyasətinin əsasında dayanır. “Həmişə olduğu kimi, biz bu il də hərbi potensialımızın gücləndirilməsinə böyük diqqət göstərmişik” söyləyən cənab İlham Əliyev bildirir: “Yeni silahlar, ən müasir texnika alınır. Özü də biz texnikanı, silahları, ən müasir avadanlığı müxtəlif ölkələrdən alırıq və onların bir hissəsi artıq gəlir, bir hissəsi isə gələcəkdir. Bu bizim hərbi potensialımızı daha da artıracaq. Bu günün özündə biz işğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik. Amma biz öz hərbi potensialımızı daha da gücləndirməliyik. Buna ehtiyac var və buna bizim imkanlarımız çatır. Yoxsul Ermənistandan fərqli olaraq, biz bütün hərbi texnikanı öz hesabımıza alırıq və Azərbaycanda da bu texnikanı istehsal edirik. Bu il Azərbaycanda iki yeni hərbi zavod fəaliyyətə başlamışdır. Bu gün Azərbaycan həm özünü böyük dərəcədə silah-sursatlarla təmin edir, eyni zamanda, xarici ölkələrə də ixrac edir.”
Qeyd etdiklərimizi ümumiləşdirərək deyə bilərik ki, diplomatik mübarizədə qələbə qazanan Azərbaycan hərb yolunu seçdiyi təqdirdə də qələbəsi şəksizdir. 25 ildən artıqdır münaqişənin davam etməsi ölkəmizin sülh siyasətinə sadiqliyini nümayiş etdirir. Məsələnin sülh danışıqları əsasında nizamlanmasında maraqlı olan dövlətlər, təşkilatlar ədalət meyarını qorumaq üçün ikili yanaşmalara son qoyub, tarixi həqiqətləri saxtakarlığa yol vermədən dəyərləndirməlidirlər. Əks təqdirdə cənab İlham Əliyevin BMT tribunasından bəyan etdiyi bu qətiyyətli fikirlər onları düşünməyə vadar edərək: “Hərbi təxribat davam edərsə, ölkəmiz öz vətəndaşlarını qoruyacaq və təcavüzkarı yenidən cəzalandıracaq.” Dövlətimizin başçısı bu fikirlərinin davamı olaraq Nazirlər Kabinetinin iclasında bildirmişdir: “Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında biabır etdi və danışıqların bərpası bizə edilən hər hansı bir minnət deyil. Onların isterik bəyanatları, başqa ölkələrə qorxu ilə dolu müraciətləri əslində açıq etirafdır ki, döyüşdə onların bizim qarşımızda duruş gətirməsi qeyri-mümkündür. Aprel hadisələri bunu göstərdi. Təmas xəttindəki vəziyyət onu göstərir ki, bu gün biz təmas xəttində hakim mövqelərə tam sahibik. Əlbəttə, Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Çünki əks təqdirdə onları çox acı nəticələr gözləyir. Məsələ ilə məşğul olan vasitəçilər çalışırlar ki, danışıqlar prosesi bərpa edilsin. Biz də əlbəttə ki, bunu dəstəkləyirik. Ona görə bir daha demək istəyirəm ki, bu il də bu istiqamətdə real nəticə əldə olunmasa da, Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında aciz, gücsüz, asılı ölkə kimi təqdim etmişdir.”
Yeganə Əliyeva,
“İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır