23 oktyabr 2017 14:30
933

Yeniləşmə və təkmilləşmə zamanın tələbidir

Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi ifadə edir ki, görülən işlər, müəyyənləşdirilən hədəflər Azərbaycanın növbəti illərdə qüdrətini daha da artıracaq

“Biz bütün bu işləri düşünülmüş şəkildə görmüşük, neftdən və qazdan gələn gəlirlər insan kapitalına yönəldilib, infrastruktur layihələrinin icrasına, özəl sektorun inkişafına istiqamətləndirilib. Eyni zamanda, bu layihələr ölkəmizin beynəlxalq arenadakı rolunu, çəkisini artırır. Bu gün bizim iştirakımız olmadan bu regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz. Azərbaycan bu gün dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib, Əlbəttə ki, bu bizim hamımızı çox sevindirir. Növbəti illərdə ölkəmizin qüdrəti daha da artacaq.”

Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bu il iqtisadi islahatlarla bağlı çox ciddi addımlar atılıb. Strateji Yol xəritələrinin icrası təmin edilir. Görülən işlər bu reallığı təsdiqləyir ki, davamlı inkişafı şərtləndirən əsas amillərdən biri uğurlu islahatlardır. Azərbaycanın beynəlxalq münasibətlər sistemində ən islahatçı ölkə kimi tanınması və nüfuz qazanması zamanın tələblərinə uyğun olaraq təkmilləşmə, yeniləşmə aparması, ən əsası tədbirləri kompleks həyata keçirməsidir.

Nazirlər Kabinetinin iclaslarını hesabat kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyevin bu iclaslarda ilin dövrlərinə uyğun görülən işləri əsaslı şəkildə diqqətə çatdırması və bu fonda perspektivləri açıqlaması bu reallığı ortaya qoyur ki, dayanıqlı inkişaf dövlət siyasətinin əsas tərkib hissəsidir. Yeniləşmə, təkmilləşmə hər zaman qeyd etdiyimiz kimi, bütün istiqamətlərdə qəbul olunan sənədlərin təkmilləşməsində də özünü qabarıq şəkildə büruzə verir. Nəzərə alsaq ki, Konstitusiyamızda “Dövlətin ali məqsədi” maddəsi öz əksini tapıb, sənədə zamanın tələblərinə uyğun olaraq təkmilləşmə ediləndə bu maddəyə də əlavə və dəyişikliklərin olunması göstərir ki, insan amili dövlətin siyasətində əsasdır. Hər bir yenilik, təkmilləşmə də bundan qaynaqlanır. 2009-cu ildə keçirilən referendumda “Dövlətin ali məqsədi” maddəsinə belə bir əlavə olunmuşdur ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması, eyni zamanda yüksək rifahın təmin edilməsidir. 2016-cı ildə keçirilən referendumda əlavə və dəyişikliklərin bir hissəsi insan amilinə, digər bir qismi idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət etsə də, sonda ümumi nəticə yenə də ölkənin hərtərəfli inkişafı, insanların rifah halının daha da yaxşılaşdırılmasıdır. Dövlətimizin başçısı İlham Əliyevin 2017-ci il 23 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti Aparatının yeni strukturunun təsdiq edilməsi, şöbələrin birləşdirilərək fəaliyyət istiqamətlərinin yeniləşməsi də deyilənlərin təsdiqidir. Şöbələrin adlarının dəyişməsinə də diqqət yetirdikdə məqsəd, məram özünü büruzə verir. Hüquq, maliyyə və iqtisadiyyat, humanitar və sosial, beynəlxalq əlaqələr, sənaye və energetika, neft və kimya, kənd təsərrüfatı, ekologiya, təhlükəsizlik və müdafiə, kommunikasiya, tikinti və kommunal təsərrüfatı, regionların inkişafı məsələləri ilə bağlı şöbələr, beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi, qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, mətbuat xidməti və işlər idarəsi fəaliyyət göstərir. Artıq göründüyü kimi, bütün sahələrin kompleks inkişafını təmin etmək mümkündür. Bu kimi təkmilləşmə, struktur islahatları qeyd edildiyi kimi, vəzifələrin daha tez həllinə geniş yol açır.

Bir halda ki, Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, respublikamızı yüksək gəlirli ölkəyə çevirmək istəyirik, dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən istifadə etmək, islahatları zamanın tələblərinə əsasən təkmilləşdirmək mütləqdir.

Azərbaycanın uğurlarının beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapması, liderliyini qoruması da bir çox məqamlara işıq salır. Məlumdur ki, Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Azərbaycan dünya ölkələrinin hər 4-dən 3-ü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır.

Bazar iqtisadiyyatının aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafını prioritet məsələ kimi öndə saxlayan dövlətimizin əsas diqqət göstərdiyi məsələlərdən biri infrastruktur layihələrinin uğurlu icrasıdır. Paytaxt və bölgələrdə qaz, işıq, su təminatının həyata keçirilməsi, yol infrastrukturunun yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər öz müsbət nəticəsini verir. Qeyd olunan hesabatda infrastruktur kateqoriyasında Azərbaycanın nəqliyyat sistemi 140 ölkə arasında 43-cü yerdə qərarlaşıb.

Hesabatda Azərbaycanla bağlı məlumatları təkrar qeyd etməyimizə səbəb təkmil islahatların inkişafa aparan yol olduğunu bir daha ortaya qoyur. 26 illik müstəqillik tarixinə malik olan Azərbaycanın bu gün ən islahatçı ölkə kimi nüfuz qazanması və özünü təsdiqləməsi təbii ki, böyük uğurdur. İqtisadiyyatın inkişafında neft amilinə böyük önəm verən ulu öndər Heydər Əliyev uğurlu neft strategiyası ilə bugünkü inkişafın təməlini qoydu. Neft və qaz gəlirlərinin düzgün istiqamətləndirilməsində böyük əhəmiyyətə malik olan Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir. Eyni zamanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində davamlı addımlar neft siyasətinin düzgün həyata keçirilməsinə əsaslanır. Artıq bu gün Azərbaycan qeyri-neft sektorunda qazandığı uğurları ilə diqqət mərkəzindədir.

Bölgələrin malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramları icra edilir. 2003-cü ildən bu günə qədər bir milyon 600 min yeni iş yeri yaradılıb. Yeni iş yerlərinin 70 faizdən çoxu regionların payına düşür. İşsizlik 5 faiz səviyyəsindədir. Dövlətimizin başçısı İlham Əliyevin hər bir bölgəyə səfəri yeni iş yerlərinin yaradılması ilə yadda qalır. Yeni obyektlərin təməli qoyulur. Qeyd etdiyimiz kimi, hər səfərdən sonra cənab İlham Əliyev həmin bölgənin sosial-iqtisadi inkişafını sürətləndirmək üçün Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayırır. Ölkə Prezidentinin bölgələrə son səfərlərindən sonra imzalanan sənədlərə diqqət yetirsək, hər bir sahəyə ayrı-ayrılıqda diqqət yetirildiyinin, ən əsası infrastrukturun yenilənməsinin əsas olduğunu görərik.

Təbii ki, bu uğurlarımız fonunda Azərbaycana beynəlxalq baxış da yüksək olacaq. Məhz Azərbaycan səbəbsiz yerə ən islahatçı, xoşbəxt ölkə kimi tanınmır. Ölkəmizin yeni iqtisadi və sosial cağırışların müzakirəsi üçün ideal məkan seçilməsi də qeyd etdiyimiz kimi, təkmil sosial-iqtisadi islahatlara əsaslanır. Bir faktı da qeyd edək ki, Azərbaycan Dünya İqtisadi Forumuna da ev sahibliyi etdi. Belə bir addım təbii ki, ölkəmizdə həyata keçirilən siyasətə, islahatlara böyük diqqət və önəmdir. Dünya İqtisadi Forumuna ev sahibliyi artıq Azərbaycanın konkret iqtisadi uğurlarının təqdimatı oldu.

Bütün bunların fonunda bir daha bu qənaəti qeyd etmiş olarıq ki, Azərbaycan iqtisadi möcüzələr ölkəsi kimi qazandığı nüfuza təkmil islahatları ilə hər an bir yenilik əlavə edir. Təbii ki, bu uğurumuz idarəetmə sistemində təkmilləşmədən, yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə verilən önəmdən qaynaqlanır.

Yeganə Əliyeva,

“İki sahil”