Dünyanın qəbul olunan prinsiplərə laqeyd yanaşması qarşıdurmaların, gərginliklərin dərinləşməsinə, demokratik dəyərlərə hörmətsizliyin açıq müstəviyə keçməsinə səbəb olur. Artıq demokratiya anlayışının dünya tərəfindən konkret necə qəbul olunduğu söylənilə, münaqişələrin həlli üçün vahid prinsiplər tətbiq oluna bilməz. “Dünya daha da sakit və təhlükəsiz olması əvəzinə, daha da təhlükəli olmuşdur. Bizim regionda da vəziyyət kəskin şəkildə dəyişmişdir. Mövcud münaqişələr həll edilməmiş qalır, bununla yanaşı, yeni münaqişələr, yeni qarşıdurma və təhlükə bölgələri yaranmışdır. Bu səbəbdən hesab edirəm ki, dövlət və hökumət başçıları, siyasətçilər olaraq biz gərginliyin azaldılması üçün rolumuzu oynamalıyıq. Çalışmalıyıq ki, əməkdaşlıq, qarşılıqlı anlaşma və hörmət üçün zəmin yaransın. Əks təqdirdə, gələcəkdə vəziyyət pisləşməkdə davam edəcək.” Dövlətimizin başçısı İlham Əliyev sabitliyin təminatının hər bir ölkənin davamlı inkişafında əsas amil olduğunu xüsusi qeyd edir. Bu gün dünyanın ayrı-ayrı ölkələrində yaşanan gərginliklərə diqqət yetirsək, onların araşdırılmasına zərurət bu baxımdan da duyulur ki, dünya yaşadığı hüquq probleminin fərqində deyil. Yenə də səbəblərdən asılı olmayaraq, baş verənlərdən daha çox əziyyət çəkən günahsız insanlardır. Yaxın Şərqdə son illər ərzində yüz minlərlə insan xarici müdaxilələr, qanlı toqquşmalar nəticəsində həlak olub. Yeni müharibə ocaqları yaranır və günahsız insanlar bundan əziyyət çəkir. Postsovet məkanında vəziyyət daha da gərginləşir, həm qanlı toqquşmalar, eyni zamanda, siyasi və iqtisadi böhranlar hökm sürür, qarşıdurma meyilləri güclənir.
Miqrant problemi, ayrı-ayrı ölkələrdə yaşanan gərginliklər, toqquşmalar təbii ki, dünyanın güc mərkəzlərindən ədalətli yanaşmanı tələb etməklə yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilmədiyinə də bir daha işıq salır. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Düşünürəm ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının mexanizmi məsələsi xüsusi mövzu kimi müzakirə edilməlidir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat və ya gün içərisində icra edilir. Bizə gəldikdə isə, artıq iyirmi il keçir. Bu, siyasi iradənin, xüsusilə də həmin qətnamələri qəbul edən dövlətlərin siyasi iradəsinin olmamasının təzahürüdür.”
Beynəlxalq hüququn norma və prinsiplərinin ayrı-ayrı dövlətlərə müxtəlif şəkildə tətbiqi ikili siyasətin daha da dərinləşməsini şərtləndirir. Bu amil eyni zamanda dövlətlərin, təşkilatların mövqeələrinə inama kölgə salır. 25 ildən artıqdır davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgədə iqtisadi inkişafa ən böyük maneə olduğu beynəlxalq səviyyədə qeyd olunduğu halda, bu günə qədər qərar və qətnamələrin kağız üzərində qalması problemin həll prosesinə öz mənfi təsirini göstərir. Münaqişədən ən çox əziyyət çəkən tərəf olaraq Ermənistanda əhalinin iqtisadi durumu hər kəsə məlumdur. İşğalçı Ermənistanın adı yoxsul ölkələr sırasında ön yerdə dayanır. Bu vəziyyət əhalinin kütləvi şəkildə ölkəni tərk etməsinə səbəb olur. Lakin dünya hələ də bu yaşananlara göz yumur. Ölkə Prezidenti bildirir: “Bu gün biz tez-tez televiziya kanallarında Yaxın Şərqdə tarixi abidələrin məhv edilməsi ilə bağlı reportajlar izləyirik. İyirmi il bundan öncə eyni hadisələr Azərbaycanın işğal edilmiş ərazilərində baş vermişdir. Fərq ondan ibarətdir ki, o zaman beynəlxalq ictimaiyyət və media bu mövzuya o qədər də əhəmiyyət verməmiş, bəlkə də həmin məlumatlara çıxış əldə edə bilməmişdir. Ancaq mahiyyət dəyişmir - eyni məsələ və eyni yanaşma. Bu isə regionun sülh və təhlükəsizliyi baxımından çox qorxulu məsələdir. Çünki təcavüzkar cəzalandırılmadığı halda o, yeni bir ssenari planlaşdıracaq.”
Dövlətimizin başçısı çıxışlarında hər zaman bu reallığı da diqqətə çatdırır ki, Azərbaycanın uğurlarına sevinənlərlə yanaşı, onu həzm etməyən qüvvələr də var. Məhz bu yanaşmalar ölkəmizə qarşı qarayaxma kampaniyalarının davamlı olmasına səbəb olur. Sonda bütün cəhdlərin Azərbaycanın reallıqları fonunda iflasa uğradığı məlum həqiqətlərdəndir. Azərbaycan siyasətində müstəqil olduğunu, heç bir ölkənin, təşkilatın diktəsi ilə oturub durmadığını atdığı hər addımında təsdiqləyir. Ölkəmizin uzunmüddətli inkişaf strategiyası yeni-yeni hədəflərə yol açmaqla yanaşı, onların gerçəkləşdirilməsinə stimul verir. Azərbaycanın dünyanı bürüyən iqtisadi və maliyyə böhranından uğurla çıxması da düzgün təmələ əsaslanan siyasətin nəticəsidir. Ölkəmizin bu gün dünyada yeri və rolunun artması, beynəlxalq münasibətlər sisteminin ən fəal üzvü kimi nüfuz qazanması bu gerçəkliyi təsdiqləyir ki, iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. Cənab İlham Əliyev bildirir ki, iqtisadi güc imkan verir ki, siyasi səhnədə də heç kimdən çəkinmədən sözümüzü deyək, milli maraqlarımızı qoruyaq, qoruyacağıq və qoruyuruq: “Ona görə xatırlayıram, hələ 2003-cü ildə demişdim ki, əgər biz iqtisadi müstəqilliyə nail olmasaq, bizim siyasi müstəqilliyimiz də yarımçıq olacaq. Bu gün biz ətrafdakı ölkələrin vəziyyətini görürük. Baxın, dilənçi Ermənistana nəzər yetirin. Ermənistan nəinki müstəmləkə deyil, hətta o, bəlkə heç nökər adına da layiq deyil. Milli ləyaqət kriminal xunta tərəfindən tapdalanır və son hadisələr bunu bir daha göstərir. Görün, nə qədər bunlar aciz durumdadırlar ki, hətta haqlı tələbləri də irəli sürə bilmirlər. Bu ölkə artıq sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilmir. Müstəmləkə kimi yaşaya bilər. O qədər xalqlar var ki, onların müstəqilliyi yoxdur. Əgər öz çirkin siyasətindən əl çəkməsə, onlardan biri də Ermənistan olacaq.”
Dünyanın ikili siyasətinə işıq salan son hadisələrə diqqət yetirək. Bu günlərdə AŞPA-da “Azərbaycanda demokratik təsisatların vəziyyəti”, eyni zamanda “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” adlı qətnamələrin qəbulu, Rusiyanın ilk dəfə Yeltsinin prezidentliyi dövründə Ermənistana təmənnasız olaraq 2 milyard dollar məbləğində silah-sursat bağışlamasının davamı olaraq bu günlərdə kreditə daha 200 milyon dollarlıq silah ötürməyə başlaması, ABŞ-ın Helsinki Komissiyasının Dağlıq Qarabağla bağlı dinləmələr təşkil etməsi və s. kimi biri-biri ilə zəncirvari bağlı olan və maraqlara xidmət edən hadisələr bir çox məqamların açıqlanmasında yardımçıdır.
BMT-nin, Avropa Şurasının, Avropa Parlamentinin və digər təşkilatların Ermənistanın hərbi birləşmələrinin işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması haqqında qəbul etdikləri qərar və qətnamələr hələ də kağız üzərində qalırsa ədalət meyarından danışmağa ehtiyac varmı? O dövlət, təşkilat o zaman siyasətində, mövqeyində ciddi qəbul olunar, dəstəklənər ki, sözlə əməl birliyi olsun. Qəbul olunan sənədlər icra olunduğu təqdirdə ədalətsizliyə son qoyulmuş olacaq. “Ermənistan tərəfi vaxtı uzatmağa çalışır. Çox təəssüf edirəm ki, bu məsələ ilə bilavasitə məşğul olmalı olan Minsk qrupunun həmsədrləri münaqişənin həllinə yox, dondurulmasına çalışırlar. Onların bugünkü fəaliyyəti tamamilə mənasızdır. Onlar nəinki Ermənistana təzyiq etmirlər, hətta Ermənistanı mümkün olan problemlərdən qoruyurlar.”
“Əgər bu gün ikili standartlar dünya miqyasında, dünya siyasətində bir meyardırsa, onda onu bəyan etsinlər. Onda riyakarlığa son qoyulsun” söyləyən ölkə Prezidenti bu reallığı da diqqətə çatdırır: “Deməsinlər ki, biz demokratiyanın, bərabərliyin tərəfdarıyıq, bütün xalqlar bərabərdir, insan haqlarının tərəfdarıyıq. Bəs 1 milyon Azərbaycan vətəndaşının insan haqları barədə onlar heç düşünürlərmi? Yox, bu, onları maraqlandırmır! Real vəziyyət bundan ibarətdir. Biz əlbəttə ki, real dünyada yaşayırıq. Bunu nəzərə almalıyıq. Öz siyasətimizdə də nəzərə alırıq. Ancaq, eyni zamanda, öz sözümüzü həmişə demişik və deyəcəyik. Bu təzyiqlərin səbəblərindən biri də budur. Bu, nəyi göstərir? Birincisi onu göstərir ki, dünyada ədalət yoxdur. İkincisi onu göstərir ki, beynəlxalq hüquq normaları dünyada kobudcasına tapdalanır. Elə bil ki, bu normalar kiçik ölkələr üçün yazılıbdır. Böyük ölkələr bunlara məhəl qoymurlar, bu normaları istədikləri kimi yozurlar. Nə vaxt sərf edir ərazi bütövlüyü, nə vaxt sərf edir öz müqəddəratını təyinetmə prinsipi və digər məsələlər də, necə istəyirlər elə də yozurlar. Beynəlxalq hüququ pozan ölkələrə qarşı təzyiq mexanizmi yoxdur. Ancaq kiçik ölkələrə qarşı belə addımlar atılır.”
Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv qəbul olunmasını beynəlxalq nüfuzunu əks etdirən ən gözəl göstərici kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev bəyan edir ki, bu gün dünyada böyük nüfuza sahib olan Azərbaycanı ləkələmək, qaralamaq, şər-böhtan atmaq cəhdləri əbəsdir. Azərbaycan demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu addımlar hansısa təşkilata, dövlətə xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Sözsüz ki, Azərbaycan Avropa Şurasını tərk etdiyi təqdirdə heç nə itirmir. Ölkəmizin demokratik dəyərlərə sadiqliyi Avropa Şurasında təmsilçiliyindən irəli gəlmir, bu onun ilk gündən tutduğu yoldur. O da məlumdur ki, 27 yanvar 2003-cü il tarixində AŞPA Bürosunun iclasında həmin dövrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyev Büronun üzvü və AŞPA-nın vitse-prezidenti seçilmişdi. Bu mühüm hadisə Azərbaycan-Avropa Şurası əlaqələrinin yüksək səviyyədə olmasına işıq salmaqla yanaşı, eyni zamanda, dövlətimizin siyasətində demokratik inkişafa böyük önəm verilməsinin təqdir edilməsini də nümayiş etdirdi. Bu faktlar qurumun son qətnamələrinin hansı səviyyədə hazırlandığını ortaya qoyur. Qərəzdən, ermənipərəst qüvvələrin göstərişlərindən qaynaqlanan belə sənədlər açıq-aşkar dünyaya inamsızlığın yaranmasına gətirib çıxarır. Bu isə istəsək də, istəməsək də müstəqil siyasətimizin fonunda münasibətlərdə soyuqluğu şərtləndirir.
Yeganə Əliyeva,
“İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır