Yeniləşmə, modernləşmə dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycanın yeni iqtisadi və siyasi çağırışların müzakirəsi üçün ideal məkan seçilməsində də dövlətimizin bu siyasəti, Azərbaycanın uğurları, ən əsası inkişaf modeli və təkmil islahatları əsas rol oynayır. “Azərbaycanın hər sahədə təcrübəsi nümunə olmalıdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev beynəlxalq təcrübənin öyrənilməsinin və tətbiqinin vacibliyini bildirir. Hər bir yeniliyin bu və ya digər sahələr üzrə qəbul olunan sənədlərdə, Konstitusiyamızda öz əksini tapması da bu istəyimizdən irəli gəlir.
Məlum olduğu kimi, ötən ilin sentyabrında keçirilən ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklərin bir hissəsi insan hüquq və azadlıqlarının qorunmasına, digər bir qismi isə idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edir. Bu addım ekspertlər tərəfindən də belə şərh olunur ki, idarəetmə sistemi və icra mexanizmi sahələrində həyata keçirilən islahatlar qarşıya qoyulan məqsədlərə daha tez və yüksək səviyyədə nail olmağa əsas verir. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında da bu məqam əsas yer tutur ki, daha çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Fəaliyyət istiqamətlərinə diqqət yetirdikdə bəzi qurumların yerinə yetirdiyi vəzifələrdə təkrarlanma meyillərinin olması sözsüz ki, həmin qurumların bir ad altında fəaliyyətini zərurətə çevirir. Bu isə özlüyündə qarşıya qoyulan məqsədə daha operativ və lazımi səviyyədə nail olmağa geniş imkanlar açır.
Qeyd etdiyimiz kimi, Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərdə əksini tapan idarəetmə sistemi ilə bağlı təkmilləşmələr artıq yerinə yetirilməkdədir. Dövlətimizin başçısı İlham Əliyevin 23 avqust 2017-ci il tarixli Fərmanı ilə Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiq edilib. 11 şöbənin birləşdirilməsi nəticəsində 5 yeni şöbənin yaradılması, həmçinin bir sıra şöbələrin adlarının dəyişdirilməsi ilə fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi inkişafa geniş yol açan amillər sırasındadır. Yeniliklər Nazirlər Kabinetinin fəaliyyətinin operativliyinin təmin edilməsi və səmərəliliyinin yüksəldilməsi məqsədilə həyata keçirilir. Təbii ki, 11 şöbənin 5 şöbədə birləşməsi onların həyata keçirdiyi missiyada uyğunluq elementinin olmasından irəli gəlir. Birləşmə, eyni zamanda yeni istiqamətlərin müəyyənləşdirilməsi zamanın tələbinə yüksək səviyyədə cavaba əsaslanır.
Ölkə Prezidenti İlham Əliyev iqtisadi islahatların daha da dərinləşdirilməsini vacib amil kimi qeyd edir. Nazirlər Kabinetinin hər bir iclasında dövlətimizin başçısının əsas diqqət göstərdiyi məsələ inkişafa mane olan bütün əngəllərin, süni maneələrin aradan qaldırılması üçün görülməsi tələb olunan tədbirlər olur.
Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı iqtisadiyyatımızın dayanıqlı inkişafına, bir sektordan - neft-qaz sektorundan asılı olmamasına imkan verir. Azərbaycanın iqtisadi modelinin unikallığını, seçilən yolun düzgünlüyünü əsaslı şəkildə qeyd edən cənab İlham Əliyev bildirir: “Bu böhranlı illərdə Azərbaycan ən dinamik inkişaf templərini göstərmişdir. Ən sabit ölkə Azərbaycandır. İqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə də Azərbaycandır. Biz öz yolumuzla gedəcəyik.”
Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadiyyatın şaxələndirilməsini, neft-qaz sektorundan asılılığın minimuma endirilməsini vacib amil kimi önə çəkmişdir. Regional inkişaf proqramlarının, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası məhz bu məqsədə xidmət edir. Qeyri-neft sektorunun inkişafı iqtisadi inkişafın hərəkətverici sahəsi kimi dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyev eyni zamanda bildirir ki, iqtisadi liberallaşma, azad, sağlam rəqabət, xoşagəlməz halların aradan götürülməsi, korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizənin aparılması, iqtisadi islahatlar bizim seçdiyimiz yoldur: “Biz bu yolla gedirik, amma daha da sürətlə getməliyik və gedəcəyik.”
Qeyd etdiyimiz kimi, cənab İlham Əliyev Nazirlər Kabinetinin hər bir iclasında davamlı inkişafa yol açan amillərdən geniş bəhs edir, mövcud problemlərin həlli ilə bağlı aidiyyəti orqanlara tapşırıqlarını verir: “Önəmli qurumların başında dayanan insanlar vicdanla işləməlidirlər, öz cibini doldurmaq üçün yox, dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar və ciddi nəzarət olmalıdır - dövlət nəzarəti və ictimai nəzarət.”
Qarşıya vəzifə qoyulub ki, Azərbaycan növbəti illərdə inkişaf etmiş, yüksək gəlirli ölkəyə çevrilsin. İqtisadi islahatların dövrün tələbinə uyğunlaşdırılması uğurların davamlılığında əsas rol oynayır. Bunun nəticəsidir ki, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə ölkəmizin inkişaf modelinin öyrənilməsi və tətbiqinin zəruriliyi önə çəkilir. Hazırda ümumi daxili məhsulun 70 faizi qeyri-neft sektorunda formalaşır. Bu reallığı da xüsusi qeyd etməliyik ki, neft gəlirlərinin idarə olunmasında şəffaflığın və ədalət prinsipinin yüksək səviyyədə qorunması ölkənin hərtərəfli inkişafına yönələn sosial-iqtisadi layihələrin icrasını sürətləndirir. Dövlət Neft Fondunun şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilməsi də fəaliyyətində bu prinsipə xüsusi önəm verməsindən və qorumasından irəli gəlir. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, ölkədə maliyyə və iqtisadi sektor tam şəffaf olmalıdır: “Ümumiyyətlə, iqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesi gedir, getməlidir və burada bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılacaqdır... Biz bundan sonra da iqtisadi liberallaşma siyasətini daha da ciddi şəkildə aparmalıyıq. Xüsusilə, inhisarçılığa qarşı mübarizə daha da ciddi olacaq... Heç kimin burada xüsusi imtiyazı yoxdur, ola da bilməz. Kim dövlət büdcəsinə daxilolmaların qarşısını alacaqsa, cəzalandırılacaq.” Dövlətimizin başçısı bu məqamı da bildirir: “Mən bir dəfə demişəm, biz elə iqtisadi sistem və idarəetmə sistemi yaratmalıyıq ki, neftin qiymətindən asılı olmayaq. Əgər biz asılı olsaq, hər zaman bax, bu xoşagəlməz vəziyyətlə üzləşə bilərik. Hansısa siyasi maraqlar üzündən neftin qiyməti düşür, qalxır, Azərbaycan isə əziyyət çəkir. Nə üçün? Biz güclü iqtisadiyyat qururuq. Bu gün iqtisadi sahədə apardığımız siyasət doğrudan da dünya miqyasında təqdirlə qarşılanır.”
Bütün bunlar göstərir ki, ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olub. Yeni mərhələnin əsas məqsədi daim qeyd edildiyi kimi, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində bu məqsədin gerçəkləşməsi üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib. Hədəf inkişaf üçün stimuldur. İdarəetmə sistemində təkmilləşmə, struktur islahatlarının həyata keçirilməsi səylərin birləşdirilməsinə, bu isə öz növbəsində qarşıya qoyalan məqsədlərə geniş yol açır. Azərbaycanın idarəetmə sahəsində həyata keçirdiyi təkmilləşməyə verilən dəyərin ifadəsidir ki, ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirə olunması üçün ev sahibliyi etdiyi tədbirlərdə bu fikir xüsusi qeyd olunur ki, yoxsul ölkə yox, düzgün idarə olunmayan ölkə var. Azərbaycan bu sahədəki təcrübəsi ilə də nümunədir.
Yeganə Əliyeva,
“İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır