Bu gün Rusiya ATƏT -in Minsk qrupunun həmsədrlərindən biri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində bu vəzifənin nəinki öhdəsindən gələ bilmədiyini, hətta gəlmək istəmədiyini öz əməlləri ilə açıq şəkildə göstərir. Məhz onun təcavüzkar Ermənistanı sürətlə silahlandırması beynəlxalq hüquqa, xüsusilə məlum Cenevrə Konvensiyasına, ən başlıcası isə bəşəri dəyərlərə tamamilə ziddir.
Beləliklə, Rusiya növbəti dəfə işğalçı Ermənistana ən müasir və ağır silahlar satmaqdadır. Diqqət yetirsək görərik ki, onun bu silahları ermənilərə verməsində çox güzəştli şərtlər mövcuddur. Əslində bu güzəştlərə baxanda açıq-aydın görmək olur ki, Rusiya bu qədər silahı Ermənistana qəpik-quruşa verir.
Qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Artıq Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.
Rusiyanın Ermənistana satdığı bu silahların siyahısında “Smerç” reaktiv sistemləri, “İqla - S” zenit raket kompleksləri, “Avtobaza - M” radiotexniki kəşfiyyat kompleksləri, TOC - 1A “Solnsepyok” ağır odsaçan sistemləri və digər sursatlar vardır.
Göründüyü kimi, Rusiya Ermənistanı müasir silahlarla təchiz edir, təcavüzkar və işğalçı dövlətin hərbi potensialını var gücü ilə gücləndirməyə çalışır.
Bir daha qeyd edirik ki, məhz Rusiya bu və digər ermənipərəst addımları ilə ATƏT-in Minsk qrupunun həmsədri kimi öz öhdəliklərini pozur, münaqişə tərəflərinin birinə hərtərəfli yardım göstərməklə tərəfsizlik tələbinə əməl etmədiyini açıq göstərir.
Xatırladaq ki, bu, Rusiyanın Ermənistana satdığı ilk silah partiyası deyildir. Hələ 1994-1996-cı illərdə Rusiya Ermənistana müxtəlif növ silahlar, o cümlədən 84 tank və 50 PDM satmışdır. Bundan başqa, həmin illərdə uçuş məsafəsi 300 kilometrə çatan raket kompleksləri də Ermənistana verilmişdir.
Bununla kifayətlənməyən Rusiya 1997-ci ildə Ermənistana daha 1 milyard ABŞ dolları dəyərində ağır silahlar hədiyyə etmişdir. Düzdür, Rusiya dövləti bunu inkar etsə də sonradan məlum olmuşdur ki, həmin silahlar Ermənistana Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri tərəfindən gizli şəkildə verilmişdir. Həmin dövrdə ümummilli lider Heydər Əliyevin ciddi siyasi təzyiqləri nəticəsində bu silahları Ermənistana verən şəxslərin cəzalandırılmasına nail olunmuşdu.
Rusiyanın Ermənistana silah satması 1998-ci ildə də baş vermişdi. Həmin il təcavüzkar ölkə “MİQ-29” təyyarələri və “S-300” raketləri ilə təchiz edilmişdi. Rusiya dövlət rəsmiləri isə bunu Ermənistandakı Rusiya hərbi bazalarının silah potensialının yenilənməsi kimi izah etməyə çalışmışdılar.
Rusiyanın Ermənistana 2013-cü ildə də silah verməsi barədə xəbərlər də sonradan özünü doğrultdu. Bu silahlar arasında çoxlu sayda zirehli transpartyorlar, özüyeriyən və uzaq məsafəli ağır toplar da var idi. Bütün bu rəqəmlərə baxdıqda bir daha aydın görünür ki, Rusiya dövləti işğalçı Ermənistanı çox böyük həvəslə silahlandırmaqdadır. Bunları müşahidə etdikcə belə qənaətə gəlmək olur ki, Ermənistan artıq müstəqil dövlət deyil, Rusiyanın hər hansı hərbi bazası, forpostu, sıradan bir əyaləti statusundadır.
Təbii ki, bu, yalnız hərbi sahədə deyil, eyni zamanda, iqtisadi sahədə də belədir. Bu gün Ermənistanın ən böyük istehsal müəssisələrinin sahibi ruslardır. Onlar Ermənistandakı bir çox iri müəssisələri özəlləşdirərək ondan Rusiyanın müəssisəsi kimi istifadə edirlər. Yəni Ermənistan iqtisadi müstəqilliyini də çoxdan itirmşdir.
Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanla olan dostluq, yaxın qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə ziddir. Azərbaycan həmişə Rusiyanı qonşu, dost ölkə kimi dəyərləndirərək, bölgədə onun əleyhinə olan layihələrdən, hərbi planlardan imtina edib. Hətta Rusiyanın Avropa ölkələri və ABŞ-la ən sərt münasibətləri dövründə Azərbaycan dövləti şimal qonşumuzun mənafeyini qoruyub. BMT-nin, o cümlədən digər nüfuzlu beynəlxalq təşkilatların sessiyalarında və iclaslarında Rusiya əleyhinə tətbiq edilən sanksiyaların əleyhinə səs verib, yeri gələndə Rusiyanı açıq şəkildə müdafiə edib. Bu gün Rusiya ilə Azərbaycan arasındakı mədəni əlaqələr də ən yüksək səviyyədədir. Bu əlaqələri iqtisadi sahəyə də aid etmək olar.
Lakin bizim Rusiya dövlətinə qarşı belə humanist və dostcasına münasibətlərimiz isə birtərəfli olmamalıdır. Biz eyni münasibəti və hörməti Rusiya dövlətindən də gözləyirik. Ancaq bir daha təəssüflə qeyd edirik ki, son illər ərzində Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç də bitərəf olmadığını və daha çox Ermənistanın maraqlarına uyğun hərəkət etdiyini aydın görürük.
Son zamanlar bir sıra digər məsələlərdə də Rusiyanın (ÜAK-ın fəaliyyətinin dayandırılması, Rusiya XİN-in ölçülüb-biçilməmiş, sərt bəyanatları və s.) nümayiş etdirdiyi mövqe anlaşılmazdır və Azərbaycanla olan münasibətlərin ruhuna ziddir. Ən başlıcası Rusiyanın Ermənistanı silahlandırması regionda təhlükəsizliyi ciddi şəkildə təhdid edir və gərginliyin daha da artmasına şərait yaradır. Bütün bunlara görə də Azərbaycan dövləti və ictimaiyyəti Rusiyadan daha ölçülüb-biçilmiş siyasət yürüdülməsini, işğalçı Ermənistana yardımlarını dayandırmasını və ATƏT-in Minsk qrupunun həmsədri kimi öz missiyasını və üzərinə düşən öhdəliklərini yerinə yetirməsini gözləyir.
Elçin Zaman,
“İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır