18 oktyabr 2017 15:52
840

Türkiyə hökuməti Azərbaycan ictimaiyyətinin haqlı tələbinə biganə yanaşmamalıdır

Bir müddət əvvəl beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın  işğal altında olan əzəli və əbədi torpaqlarına-Dağlıq Qarabağ ərazilərinə qeyri-qanuni səfər edən, iki  ölkə arasında mövcud  olan müttəfiqlik münasibətlərinə xələl gətirən  Ufuk Uras, Səid Çətinoğlu, Əli Bayramoğlu və Erol Qatırçıoğlu kimi  xəyanətkar dörd Türkiyə Cümhuriyyəti vətəndaşının qardaş ölkənin hökuməti tərəfindən hələ də cəzalandırılmaması ölkəmizin ictimaiyyətində dərin təəssüf və narahatlıq hissi doğurub.

 Eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin HDP-dən olan deputatı, erməni mənşəli Karo Paylanın Ermənistana tez-tez səfərlər edərək prezident Sarkisyanla Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üçün apardığı danışıqlar da Azərbaycan ictimaiyyəti tərəfindən təəssüflə qarşılanıb. Məsələ burasındadır ki, bu türkiyəli deputat  İrəvanda çıxışı zamanı Ankaranı qondarma “erməni soyqırımı”nı tanımağa çağırmaqla  yanaşı,  Ermənistanın Türkiyədən daha demokratik ölkə olduğunu deyib.

Sentyabrın 22-də Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərini pozaraq Qarabağa səfər edən dörd Türkiyə vətəndaşı cəzasızlıq mühitindən istifadə edərək hal-hazırda Türkiyə qəzet və saytlarına qanunsuz səfərləri və səfər təəssüratları haqqında geniş müsahibələr verir, televiziya proqramlarında nümayişkaranə şəkildə Qarabağ ermənilərinin qonaqpərvərliyindən, onların mövcud vəziyyətlərindən müsbət mənada danışır, dolayısı ilə Azrəbaycan torpaqlarının işğalına bəraət qazandırırlar. Türkiyə hökuməti isə bu xainlərin barəsində ciddi tədbirlər görmək əvəzinə yalnız Azərbaycandakı səfirlik və XİN səviyyəsində yumşaq bəyanatlar verməklə problemin həll olunduğunu düşünür. Görünür, Türkiyə hökuməti qardaş ölkənin maraqlarını tapdalayan şəxslərin cəzalandırılması üçün Belarus hakimiyyəti qədər də qətiyyət göstərmək iqtidarında deyil. Halbuki sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisinə - Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İidarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu barəsində cinayət işi başlanılıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edilib.

Azərbaycan-Türkiyə münasibətlərinin arzuolunmaz məcraya yönəlməsinə xidmət edən bu səfərin xoşagəlməz nəticələrinin qarşısını almaq üçün Türkiyə hökuməti Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmiş vətəndaşları haqqında hüquqi prosedur başlatmalı, onları cəzalandırmalı, beləliklə, gələcəkdə Qarabağa səfər etmək istəyən digər vətəndaşlarını da belə qeyri-qanuni ziyanlı addımlardan çəkindirməlidir.

Bundan başqa, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı aparılan müzakirələrdə Türkiyə Böyük Millət Məclisinin CHP-dən olan deputatları (Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsici) Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı qərəzli, antiazərbaycan, antimüsəlman ruhlu hesabat üzrə Qətnamənin lehinə səs vermələri də Türkiyə dövləti tərəfindən bu günə qədər qınanılmayıb. Şübhəsiz, Azərbaycana qarşı qərəzli münasibətin, eyni zamanda erməni lobbisinin və antitürk, antiislam dairələrin sistematik fəaliyyətinin əyani təzahürü olan məlum qətnamənin türkiyəli millət vəkilləri tərəfindən dəstəklənməsi heç bir izahı olmayan bir hadisə kimi Azərbaycan xalqının yaddaşına yazılıb.

İstər ölkəmizdə, istərsə də Türkiyə ictimaiyyətində yaxşı bilirlər ki, Azərbaycan Prezidenti hər zaman ölkəmizlə yanaşı, Türkiyənin də maraqlarını qoruyub, dost və qardaş ölkənin əleyhinə səsləndirilən iddialara tutarlı cavablar veribdir. Bir müddət bundan əvvəl AŞPA-da Prezident İlham Əliyevin məlum çıxışı bunun əyani sübutudur. Azərbaycanın rəsmi şəxsləri, siyasətçiləri, tanınmış ictimai və siyasi xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri heç vaxt Azərbaycanın və Türkiyənin maraqları arasında fərq qoymamışlar. 

Türkiyə hökuməti və xalqı üçün həssaslıq kəsb edən  bütün məsələlərdə Azərbaycan öz dəstəyini əsirgəməmişdir. 2015-ci ilin iyul ayında Türkiyədə qanuni hakimiyyətin hərbi yolla çevrilməsinə  cəhd olunan zaman Azərbaycan Prezidenti öz qəti mövqeyini ortaya qoymuş, Türkiyə Respublikasına və onun rəhbərinə öz dəstəyini ifadə etmişdir.

Bütün bunlara baxmayaraq, bəzi türkiyəli ziyalılar və millət vəkilləri tərəfindən atılan bu kimi addımlar iki ölkə arasındakı əlaqələrin perspektivi üçün ciddi təhlükə yaradır. Xüsusən də Türkiyə hökumətinin istər Qarabağa qanunsuz səfər etmiş vətəndaşları haqqında, istərsə də Azərbaycanın əleyhinə səs vermiş millət vəkilləri barəsində müvafiq tədbirlər görmədiyi təqdirdə bu təhlükə daha da dərinləşə bilər.

Bütün bunlara görə Türkiyə hökuməti Azərbaycan ictimaiyyətinin həmin şəxslərin cəzalandırılması, hüquqi qaydada məsuliyyətə cəlb edilməsi tələbinə biganə yanaşmamalı, iki qardaş ölkə arasında olan minasibətlərin ruhuna uyğun hərəkət etməlidir. İstər Qarabağa səfər edən xainlər, istərsə də AŞPA-da ölkəmizin əleyhinə, antiazərbaycan ruhlu, qərəzli, qeyri-obyektiv, ədalətsiz qətnamələrin lehinə səs verən deputatlar cəzalandırılmalıdırlar.

Zahid Rza,

“İki sahil”