“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe dünyanın ən ali tribunalarından açıq bəyan edilmişdir. Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, biz bu torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Ölkəmizin ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq. Biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik və ərazi bütövlüyümüzün bərpası bizim əsas vəzifəmizdir.”
Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu faktı da diqqətə çatdırır ki, münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur. Beynəlxalq təşkilatların, dövlətlərin qəbul etdikləri qərar və qətnamələrdə Azərbaycanın mövqeyi dəstəklənir, Ermənistanın işğalçılıq siyasəti pislənilir. Rəsmi Bakını narahat edən məsələ təbii ki, bəyanatların kağız üzərində qalmasıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğu, erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapıb. Lakin hələ də işğalçı Ermənistana bu qətnamələrin icrası ilə bağlı heç bir təzyiq göstərilməyib. Qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında bəyan etmişdir ki, BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.
Lakin son hadisələrdən də göründüyü kimi, dünya hələ belə bir mexanizm barədə düşünmür, əksinə beynəlxalq hüquq normalarını və prinsiplərini, eyni zamanda demokratik dəyərləri maraqlara uyğun olaraq tənzimləyir, bir sözlə “ədalət” deyilən meyar yalnız kiçik dövlətlərdən bəhs olunanda yada düşür. BMT Təhlükəsizlik Şurasının beş daimi, həmçinin Dağlıq Qarabağ probleminin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi ABŞ-ın münaqişənin həlli ilə bağlı bəyanatda əksini tapan mövqeyi ilə konkret addımı arasında böyük təzad olduğu diqqətdən kənarda qalmır. ABŞ işğalçını adı ilə çağırmaq istəmir, amma problemin ədalətli həllinə dəstək olacağını bəyan edir. Minsk qrupu fəaliyyətə başladığı dövrdən bu bəyanatlar gündəlik səslənir, real məqam yetişəndə susmağa üstünlük verilir. Bu da başadüşüləndir. Bir halda ki, ABŞ Konqresi hər il müxtəlif adlar altında işğalçı Ermənistana, qondarma rejimə maliyyə yardımı ayırır. Nəzərə alaq ki, bu yardımlar Azərbaycana göstərilən yardımdan iki dəfə çoxdur. Bu halda Ermənistana hansısa təzyiqin göstərilməsindən, sanksiyaların tətbiqindən danışmaq qeyri-mümkündur. ABŞ Helsinki Komissiyasının oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyü, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirmək istəyi də ermənilərə diqqət və qayğıdan qaynaqlanır. Komissiyanın məlumatında 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası verilir və iddia edilir ki, münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə bilər. O da açıqlanır ki, dinləmələrdə Minsk qrupunun keçmiş həmsədrləri Keri Kavano (1999-2001-ci illər), Ceyms Uorlik (2013-2016-cı illər), Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrono çıxış edəcəklər. Helsinki Komissiyası ATƏT ölkələrində Helsinki Yekun Aktına və başqa öhdəliklərə əməl olunmasının monitorinqi və təbliği məqsədilə yaradıldığını bəyan edir. Lakin 1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları tərəfindən imzalanmış yekun aktının 10 əsas prinsipinin 8-i (suveren bərabərlik, zor işlətməmək; sərhədlərin toxunulmazlığı; dövlətlərin ərazi bütövlüyü; mübahisənin dinc yolla həll olunması; bir-birinin daxili işlərinə qarışmamaq; insan hüquqlarına və əsas azadlıqlara hörmət; dövlətlər arasında əməkdaşlıq; beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi) Ermənistan tərəfindən kobud şəkildə pozulsa da, komitə bir dəfə də olsun işğalçı ölkəni qınayan bəyanat qəbul etməmişdir.
Belə bir dinləmənin təşkilində məqsədin nədən ibarət olduğunu bilmək üçün ABŞ-ın Helsinki Komissiyasının sədrinin kim olduğuna və ən əsası kimliyinə diqqət yetirmək kifayətdir. Konqresmen Kristofer Smitin adı çəkiləndə ilk öncə onun Azərbaycana qarşı qərəzli mövqeyi, ermənilərə dəstəyi və bu dəstəkdən qaynaqlanan ssenariləri göz önünə gəlir. K.Smit vaxtilə Demokratlar Partiyasının üzvü, sonra Respublikaçılar Partiyasının üzvü olub, indi də ABŞ-dakı erməni lobbisinin ən fəal nümayəndələrindən biridir. Bu “təqdimatı” xeyli genişləndirmək olar. Fəaliyyəti qərəzdən yoğrulan, ədalət deyilən məfhuma dırnaqarası baxan bir şəxs üçün təbii ki, tanıtım o qədər də xüsusi əhəmiyyət kəsb etmir. Düşünürük ki, K.Smitin bu deyimlərdən xəbərsiz olmasına baxmayaraq, özlərinə sərf edəndə hər dili başa düşən ünsürlər “Lalın dilini anası bilər” kəlamından məlumatlıdırlar. Yəni K.Smit müdafiəsinə qalxdığı ermənilər və ermənipərəst qüvvələr üçün böyük “qəhrəmandır.” Azərbaycana qarşı “907-ci düzəliş”in müəlliflərindən biri, ermənilərin işğalçılıq siyasətinə bəraət qazandıran, Dağlıq Qarabağın müstəqilləşməsi ideyasını təbliğ edən və bu istiqamətdə əsaslı tədbirlər görən şəxs sözsüz ki, Ermənistanın himayədarları üçün əziz dosta çevriləcək.
Sözügedən “907-ci düzəliş” 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilmiş və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlamışdır. Belə bir ədalətsiz Aktın qəbulunda məqsəd Azərbaycanı işğalçı dövlət kimi təqdim etmək, ən əsası ölkəmizin iqtisadi cəhətdən zəifləməsinə, bu və ya digər dövlətdən asılı vəziyyətə düşməsinə nail olmaq idi. Azərbaycan 10 il belə bir əsassız qərarın tətbiqi şəraitində yaşasa da, iqtisadi cəhətdən nəinki zəiflədi, əksinə daha da gücləndi, qüdrətli dövlətə çevrildi. 2001-ci ilin sentyabrında ABŞ-da baş verən terror aktı bu qərarın ədalətsizliyinin təsdiqində mühüm bir amil rolunu oynadı. Məhz həmin vaxtda Aktın dondurulması ilə bağlı qərar qəbul olundu və hər il həmin qərar yenidən təsdiqlənməkdədir. Ədalətsiz qərarın birdəfəlik ləğvinin belə müşkülə çevrilməsi Azərbaycan tərəfini narahat etsə də, reallıq hər kəsə bəllidir ki, ABŞ erməni diasporunun güclü olduğu dövlətlərdəndir. Ermənilər siyasi proseslərə təsir etmək imkanları Azərbaycan diasporunun gücü, real həqiqətlərə əsaslanan təbliğatı fonunda zəifləsə də, hələ ki işartıları qalmaqdadır. Belə olmasaydı, əvvəldə də qeyd etdiyimiz kimi, ABŞ müxtəlif adlar altında Ermənistana maddi və mənəvi dəstək göstərməzdi. ABŞ Konqresinin ayırdığı vəsait buna bariz nümunədir.
K.Smit, həmçinin ABŞ-ın “erməni soyqırımı”nı tanımasının ən aktiv tərəfdarlarındandır. ABŞ erməni milli komitəsinin (ANKA) radikal rəhbərlərindən biri olan Aram Hamparyanın “Twitter” səhifəsində konqresmen K.Smitin ANKA sədri ilə görüşü əks olunub. Alt yazısında isə A. Hamparyan qeyd edirdi ki, “erməni işi”ni dəstəkləmək üçün Smit ilə görüşür. İllərdir ermənilər və erməni diasporu ABŞ hökumətinin qondarma “erməni soyqırımı”nı tanıması üçün ciddi səylər göstərir. Ermənilərin hər il apardıqları 24 aprel təbliğatında məqsəd dünyanın iri dövlətlərinə bu “soyqırımı” qəbul etdirməkdir. ABŞ da bu addımı atsa, düşünmürük ki, bir çaşqınlıq yaransın. Bu baxımdan ki, Fransa kimi, özünü haqqın, ədalətin “carçısı” kimi təqdim edən dövlət heç bir araşdırma aparmadan qondarma “erməni soyqırımı”nı tanıyırsa, hətta “soyqırımı” tanımayanlara qarşı cəzanın tətbiq olunmasının zəruriliyindən bəhs edirsə, ABŞ-ın onun ardıcılları sırasında olması təəccüb doğurmayacaq. K.Smit kimi mövqeyi yalnız ermənilərə və ermənipərəst qüvvələrə bəlli olan şəxsin qərəzli addımlarına şərait yaradan ABŞ hökuməti düşünürük ki, bu addımların onun “demokratiya, ədalət carçısı” imicinə nə qədər zərbə vurduğunun fərqindədir.
K.Smitin Dağlıq Qarabağ müharibəsinin yenidən başlanılmasının mümkünlüyü, bu məsələdə ABŞ və ATƏT-in rolu ilə bağlı dinləmələr təşkil etməsinin heç bir məntiqi yoxdur. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edir ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantının seçiləcəyi şəksizdir. Aprel döyüşləri Azərbaycan dövlətinin qətiyyətini, ordumuzun gücünü və qüdrətini bir daha dünyaya nümayiş etdirdi. BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında aprel hadisələrini xatırladan cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş əzazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq. Düşünürük ki, dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri işğalçı Ermənistanla yanaşı, onlara himayədarlıq edən dövlətlərə, təşkilatlara, o cümlədən K.Smit kimi ermənipərəst konqresmenlərə ciddi mesajdır. Dinləmələr üçün mövzunun digər tərkibinə gəldikdə isə, rəsmi Bakı ATƏT-lə yanaşı, bütün beynəlxalq təşkilatların malik olduğu potensialdan səmərəli istifadə etməkdə maraqlıdır. BMT-nin Baş Assambleyasının sessiyalarında Dağlıq Qarabağ probleminin müzakirəyə çıxarılması da deyilənlərin təsdiqidir.
K.Smitin “xidmətlərindən” biri də 2015-ci ildə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı “Azərbaycan Demokratiya aktı” adlı layihəni konqresə təqdim edərək qəbul olunmasını istəməsidir. Göründüyü kimi, “çoxşaxəli” fəaliyyəti ilə diqqət çəkən K.Smit bütün hallarda Azərbaycana qərəzini, işğalçı Ermənistana isə məhəbbətini gizlətmir. Belə ədalətsiz yanaşmalara Azərbaycan tərəfinin cavabı təbii ki, reallıqlarıdır. Davamlı inkişaf yolunda inamla irəliləyən Azərbaycan tarixi faktlara əsaslanan təbliğatı ilə hər zaman işğalçı Ermənistanı, eyni zamanda dəstəkçilərini susdurub. Ədalətə ədalət gözü ilə baxmağın dünya üçün problem olmasını şərtləndirən əsas amil Ermənistanın dünyanın güc dövlətlərinin əlində öz maraqlarını həyata keçirmək üçün bir vasitəyə çevrilməsidir. Maraqların bitdiyi anda işğalçı Ermənistanın hansı duruma düşəcəyini şərh etməyə ehtiyac yoxdur.
ABŞ Helsinki Komissiyasının və onun rəhbərinin indiyə qədərki fəaliyyətini nəzərə alan Azərbaycan tərəfi növbəti dinləmələrdən də heç bir pozitiv nəticə gözləmir. Bu günə qədər bu səpkidə dəfələrlə dinləmələr təşkil olunub, müdafiə olunan işğala məruz qalan yox, işğalçı dövlət olub. Görünür, K.Smit və təmsil etdiyi erməni lobbisi dinləmələr keçirməklə Ermənistanı “müdafiəyə ehtiyacı olan tərəf” kimi tanıtmaq və ABŞ qanunvericilərini işğalçı rejimə maliyyə və hərbi xarakterli yardımı artırmağa çağırmaq məqsədi güdür. Ermənistan bu gün bu diqqət və qayğıdan məmnunluq hissi keçirsə də, yuxarıda qeyd etdiyimiz kimi, məqsədlərin bitdiyi bir an olacaq. Rəsmi Bakı hər zaman bəyan edir ki, Ermənistan gec-tez öz səhvini anlayacaq, konstruktiv mövqe nümayiş etdirib, Dağlıq Qarabağ probleminin həllinə səy göstərəcək. Bu reallıq inkaredilməzdir ki, münaqişənin beynəlxalq problemə çevrilməsi həlli prosesinin uzanmasına gətirib çıxarıb. Tərəflər özləri bu məsələni çoxdan çözmüş olardı. K.Smit kimilərin bu gün göstərdikləri canfəşanlıqlar, “xidmətlər” Azərbaycanın dünyaya səs salan uğurları, möhkəmlənən mövqeyi, qazandığı dostlar və tərəfdaşlar fonunda daha cılız görünür.
Yeganə Əliyeva,
“İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır