17 oktyabr 2017 15:37
783

Türkiyə hökumətinin davranışları qardaşlıq münasibətlərinin ruhuna ziddir

Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan üç millət vəkilinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) ölkəmizlə bağlı aparılan müzakirələrdə Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı tənqidi hesabat üzrə qətnamənin lehinə səs verməsi bir neçə gündür ictimaiyyətin bütün təbəqələrinin müzakirə mövzusudur.

Türkiyə Böyük Millət Məclisinin deputatları  Dəniz Baykal (CHP-nin sabiq rəhbəri), Gülsün Bilgəhan, İlhan Kəsici sözügedən qətnaməyə səs verərək haqlı olaraq Azərbaycan ictimaiyyətinin narazılığına səbəb olublar. Hələlik bununla bağlı adları çəkilən deputatlar lazımi izahat verməsələr də həm Türkiyədə, həm də Azərbaycanda bu davranış ciddi tənqidlərə səbəb olub. 

Qeyd edək ki, bütün dünyada və regionda hərbi-siyasi vəziyyətin gərgin olduğu, eləcə də Türkiyənin də iştirakı ilə geosiyasi vəziyyətin ağır olduğu bir dövrdə iki qardaş və dost ölkənin münasibətlərində müəyyən çatların yaranmasında maraqlı olan qüvvələrin fəallaşdığı müşahidə olunmaqdadır. Bir müddət əvvəl Türkiyə vətəndaşlarının Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmələri də bu qəbildən olan hadisə kimi qiymətləndirilə bilər. Azərbaycan ərazilərinə qanunsuz səfər edən, müxtəlif ictimai fəaliyyətlə məşğul olan Türkiyə vətəndaşları Ufuk Uras, Səid Çətinoğlu, Əli Bayramoğlu və Erol Qatırçıoğlu hazırda Türkiyə mediasında qanunsuz səfərlərinin “təəssüratları” haqqında geniş müsahibələr verir, televiziya verilişlərində nümayişkaranə şəkildə Qarabağ ermənilərinin qonaqpərvərliyindən, mövcud durumlarından müsbət aurada, həvəslə danışırlar.

Əlbəttə, Türkiyə çoxmillətli və fərqli düşüncəli insanların, toplumların fəal olduğu bir ölkədir. Bu baxımdan ayrı-ayrı şəxslərin bəzən hətta Türkiyənin özünün də milli maraqlarına zidd olan hərəkətlər etməsi müşahidə olunur. Lakin yuxarıda qeyd edilən hər iki fakta qardaş ölkənin rəsmi dövlət qurumları tərəfindən hər hansı açıqlama verilməməsi və ya tədbir görülməməsi haqlı olaraq Azərbaycan cəmiyyətində acı təəssüf və narahatlıq doğurur. Azərbaycan ictimaiyyətinin belə bir gözləntisinin olması təbiidir. Birincisi, ona görə ki, bir el misalında deyildiyi kimi, “uman yerdən küsərlər”. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər hansısa iki qonşu dövlət arasındakı münasibət deyil, eyni xalqın, bir millətin iki dövləti arasında olan dostluq, qardaşlıq münasibətidir. Bu baxımdan Azərbaycan xalqının ölkəmizin əleyhinə olan Türkiyə vətəndaşlarının olmasından, həm də onların cəzasız qalmasından narazı qlmağa haqqı var.

İkincisi, Azərbaycan xalqı ilə yanaşı, ölkəmizin rəsmi dövlət qurumları da hər zaman Türkiyə dövlətinə qarşı olan hücumları Azərbaycana olan hücum kimi qəbul etmiş və belə hallara qarşı adekvat addım atmışlar. Bu baxımdan Azərbaycanın Türkiyənin dövlət rəhbərlərindən eyni qarşılığın verilməsini ummağa haqqı çatır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 aprel 2014-cü ildə Çexiyanın paytaxtı Praqada “Şərq Tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə Türkiyəyə qarşı saxta soyqırımı iddiaları ilə çıxış edən Ermənistan prezidenti S. Sarkisyana verdiyi məşhur cavab bu gün də hər iki ölkədə böyük məmnunluqla xatırlanır. Azərbaycan Prezidenti Türkiyənin dəvət olunmadığı tədbirdə qardaş ölkəyə qarşı irəli sürülən əsassız ittihamlara cavab olaraq “Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur: Ancaq mən buradayam... “ deyərək iki ölkənin milli maraqlarının eyni olduğunu, iki dövlətin bir milləti olduğunu nümayiş etdirmişdir.

Digər tədbirlərdə də Azərbaycan lideri ölkəmizlə yanaşı, Türkiyənin də maraqlarını qorumuş, dost və qardaş ölkənin əleyhinə səsləndirilən iddialara tutarlı cavablar vermişdir. AŞPA-da Prezident İlham Əliyevin məlum çıxışı da bunun əyani təzahürüdür. Yaxud, məşum Ankara terroru hadisəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınarkən Prezident İlham Əliyevin ani qərarla Ankaraya səfər etməsi “Qardaşım gələ bilmədi, mən gəldim” ifadəsi yaddaşlarda qalmaqdadır. Bütün bunlar iki ölkənin münasibətlərinin hansı səviyyədə olmasını və burada Azərbaycanın rolunu nümayiş etdirir.  

Türkiyə hökuməti və xalqı üçün həssaslıq kəsb edən  bütün məsələlərdə Azərbaycan öz dəstəyini əsirgəməmişdir. 2015-ci ilin iyul ayında Türkiyədə qanuni hakimiyyətin hərbi yolla çevrilməsinə  cəhd olunan zaman Azərbaycan Prezidenti öz qəti mövqeyini ortaya qoymuş, Türkiyə Respublikasına və onun rəhbərinə öz dəstəyini ifadə etmişdir.

Azərbaycanın digər rəsmi şəxsləri, siyasətçiləri, tanınmış ictimai və siyasi xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri də heç vaxt Azərbaycanın və Türkiyənin maraqları arasında fərq qoymamışlar. 

Bütün bunlara rəğmən Azərbaycanın  işğal altında olan ərazilərinə qeyri-qanuni səfər edən Türkiyə vətəndaşları  beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmuş, həmçinin də iki ölkə arasındakı mövcud dostluq və qardaşlıq münasibətlərinə zidd addımlar atmışlar. Bununla yanaşı, Türkiyə Parlamentinin üzvü, erməni mənşəli millət vəkili Karo Paylanın Ermənistana tez-tez səfərlər edərək prezident S.Sarkisyanla Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində apardığı danışıqlar da Azərbaycan ictimaiyyətinin diqqətindən yayınmır.

Yuxarıda qeyd edilənlərdən çıxış edərək Azərbaycanın iki ölkənin milli maraqlarına zidd fəaliyyət göstərən şəxslərin cəzalandırılmasını gözləməsi ölkəmizin və xalqımızın mənəvi haqqıdır. Lakin Türkiyə hökumətinin bəzi təmsilçiləri Azərbaycandakı səfirlik və Xarici İşlər Nazirliyi səviyyəsində yumşaq bəyanatlar verməklə problemin həll olunduğunu hesab edirlər. Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyi üçün Belarusda həbs edilib Azərbaycana ekstradisiya edilən Aleksandr Lapşin nümunəsi göstərir ki, Belarus hökuməti bu istiqamətdə Türkiyə hökumətindən daha qətiyyətli addım atıb.

 Azərbaycan-Türkiyə münasibətlərinin arzuolunmaz məcraya yönəlməsinə xidmət edən bu səfərin xoşagəlməz nəticələrinin qarşısını almaq üçün Türkiyə hökuməti Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmiş vətəndaşları haqqında hüquqi prosedur başlatmalı və beləliklə, gələcəkdə Dağlıq Qarabağa səfər etmək istəyən digər vətəndaşlarını da belə qeyri-qanuni, zərərli addımlardan çəkindirməlidir.

Azərbaycana qarşı qərəzli münasibətin, eyni zamanda, erməni lobbisinin və antitürk, antiislam dairələrin sistematik fəaliyyətinin əyani təzahürü olan məlum qətnamənin türkiyəli millət vəkilləri tərəfindən dəstəklənməsi heç bir izahı olmayan bir hadisə kimi Azərbaycan xalqının yaddaşına yazılmışdır.

Bütün bunlara baxmayaraq, bəzi türkiyəli ictimai fəallar və millət vəkilləri tərəfindən atılan bu kimi addımlar iki ölkə arasındakı əlaqələrin perspektivi üçün ciddi təhlükə yaradır. Xüsusən də Türkiyə hökumətinin istər Dağlıq Qarabağa qanunsuz səfər etmiş vətəndaşları haqqında, istərsə də Azərbaycanın əleyhinə səs vermiş millət vəkilləri barəsində müvafiq tədbirlər görmədiyi təqdirdə bu təhlükə daha da dərinləşə bilər.

Türkiyə hökuməti Azərbaycan ictimaiyyətinin həmin şəxslərin cəzalandırılması -  hüquqi qaydada məsuliyyətə cəlb edilməsi tələbinə biganə yanaşmamalı, iki qardaş ölkə arasında olan münasibətlərin ruhuna uyğun hərəkət etməlidir. 

Taleh Turqut,

“İki sahil”