17 oktyabr 2017 15:31
695

Rusiyanın Ermənistanı silahlandırması regionun təhlükəsizliyini təhdid edir

Azərbaycan dövləti və ictimaiyyəti Rusiyadan daha ağıllı addımlar atılmasını,

rasional siyasət yürüdülməsini, işğalçıya yardımlarını dayandırmasını və

ATƏT-in Minsk qrupunun həmsədri kimi öhdəliklərini yerinə yetirməsini gözləyir

Bir neçə gün əvvəl Ermənistan və Rusiya hökumətləri müdafiə kreditinin  verilməsi haqqında yeni saziş layihəsini təsdiq edib. Saziş layihəsinə görə, Moskva İrəvana Rusiya istehsalı olan hərbi təyinatlı məhsulların tədarükünün maliyyələşdirilməsi üçün dövlət ixrac krediti verir. Əslində belə bir razılaşma iki il bundan əvvəl olub. Belə ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Bu vəsaitə Ermənistan “Smerç” reaktiv sistemləri, “İqla-S” zenit raket kompleksləri, “Avtobaza-M” radiotexniki kəşfiyyat kompleksləri, “Toc-1A”, “Solnsepyok” ağır odsaçan sistemləri və digər sursatlar alacaqdır.

Şübhəsiz, Rusiyanın bu silahlandırma siyasəti təcavüzkar Ermənistanı Azərbaycan torpaqlarını işğal altında saxlamağa şirnikləndirir. Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit verməklə, ATƏT-in Minsk qrupunun həmsədri kimi öhdəliklərini kobudcasına pozur. Rusiyanın Ermənistanı kreditləşmə adı altında  davamlı olaraq silahlandırması bölgədə gərginliyin daha da artmasına xidmət edir. Necə ola bilər ki, münaqişənin həll edilməsinə vasitəçilik edən Rusiya münaqişə tərəflərindən birinə mütəmadi olaraq köməklik edir, vasitəçilik missiyasında bitərəflik tələblərini nümayişkaranə şəkildə pozur. Birmənalı olaraq demək lazımdır ki, Rusiyanın  təcavüzkar Ermənistanı müasir silahlarla təchiz etməsi şimal qonşumuzun ölkəmizlə dostluq, yaxın qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə ziddir.

 25 ildən artıq müddətdə Azərbaycan torpaqlarının 20 faizindən çoxunu işğal altında saxlayan Ermənistanın zaman-zaman Rusiya tərəfindən hərbiləşdirilməsi qlobal və  regional təhlükəsizliyə təhdiddir. Rusiyanın bu addımları regionda vəziyyəti ağırlaşdıra bilər. O zaman vəziyyətin  kəskinləşməsinə görə əsas məsuliyyəti ilk növbədə işğalçı Ermənistan və onu silahlandıran Rusiyanın müəyyən hərbi-siyasi dairələri daşıyacaqlar. Bütün bunlar Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç də bitərəf olmadığının, təcavüzkar dövlətin maraqlarını qoruduğunun göstəricisi olmaqla yanaşı, çağdaş dünyamızda beynəlxalq hüquq normalarının Rusiya kimi güclü dövlətlər tərəfindən ayaqlar altına atılmasının bariz nümunəsidir.

 Nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunan analitik  məqalələrdə dəfələrlə vurğulanıb ki, Rusiya müstəqilliyini itirən, bütün sahələrdə hərtərəfli böhran və fəlakət girdabında inildəyən, şimal qonşunun satellitinə çevrilən Ermənistana verdiyi belə borclarla onu tamamilə özündən asılı vəziyyətə salıb. Cinayətkar Ermənistan rəhbərliyinin prinsipsiz  siyasəti nəticəsində bu gün işğalçı ölkənin bərbad iqtisadiyyatı birmənalı olaraq  Rusiyanın əlində cəmlənib. Əslində Ermənistanın heç ordusu da yoxdur. İşğalçı ölkənin silahlı qüvvələri (əgər ona belə demək olarsa) Rusiya silahlı qüvvələrinin tərkib hissəsi, təcavüzkar ölkənin özü isə  o dövlətin hərbi  bazasıdır. Məhz buna görə də noxtalanmış Ermənistan bütün sahələrdə Rusiyanın tələblərinə uyğun hərəkət edir.  Rusiya buradakı bütün hərbi strukturlara nüfuz edib, 49 illik müqaviləyə əsasən, Rusiyanın Ermənistandakı hərbi bazası da ermənilərin hesabına saxlanılır. Axı, ümumi əhalisinin 50 faizindən çoxu aclıq, işsizlik, səfalət burulğanında çırpınan, hər il onminlərlə insanın xarici ölkələrə mühacirət etməsi nəticəsində demoqrafik partlama həddinə çatan, səhralaşma prosesi yaşayan, onun-bunun “kiçik bacısı” olan, ümumi büdcəsi Azərbaycanın hərbi xərclərindən az olan Ermənistan necə ola bilər ki, iyirmi beş ildən artıq bir müddətdə əzəli və əbədi torpaqlarımızı - Dağlıq Qarabağı və onun ətrafındakı rayonları işğal altında saxlayır?

Rusiyanın işğalçı Ermənistana 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, müasir silahlar almaq üçün 200 milyon dollar kredit verməsi, həmçinin Avropada Adi Silahlar haqqında Müqavilənin pozulması kimi qiymətləndirilir. Buna görə də Azərbaycan bu məsələ ilə  bağlı beynəlxalq araşdırma tələb edə bilər. Məsələ ilə bağlı fransalı senator, Senatın xarici işlər üzrə komitəsinin sədr müavini Natali Qule bildirib ki, Rusiya tərəfindən Ermənistana silahların verilməsi Cənubi Qafaqazda etimadın pozulması, həmçinin Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi mövqeyinin pozulmasıdır. Fransız senator qeyd edib ki, Azərbaycan BMT və ATƏT-dən Ermənistana silahların verilməsi ilə bağlı beynəlxalq araşdırma tələb edə bilər.

Bundan başqa, son zamanlar bir sıra məsələlərdə də Rusiya dövlətinin nümayiş etdirdiyi mövqe anlaşılmaz olmaqla yanaşı, Azərbaycanla olan strateji tərəfdaşlıq münasibətləri ilə tərs mütənasibdir. Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətinin dayandırılması, Rusiya Xarici İşlər Nazirliyinin müəyyən məsələlərlə bağlı bəyanatları bunun bariz nümunəsidir.

Təbii ki, bütün bunlar dünyada və regionda hadisələrin sürətlə inkişaf etdiyi bir dövrdə iki ölkə arasında daim inkişaf edən qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan əlaqələrimizin, strateji tərəfdaşlıq münasibətlərinin səmərəli və uğurlu inkişafına əngəl ola bilər. Şübhəsiz, bu cür “kreditləşmənin” Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində qaldırılması,  hadisələrin belə inkişafı Azərbaycan tərəfində narazılıq doğurmaya bilməz. Ona görə də Azərbaycan dövləti və ictimaiyyətimiz Rusiyadan daha ağıllı addımlar atılmasını, bu məsələlərdə rasional siyasət yürüdülməsini, işğalçıya yardımlarını dayandırmasını və ATƏT-in Minsk qrupunun həmsdəri kimi öhdəliklərini yerinə yetirməsini gözləyir. Əks halda, belə davam etsə, hazırda balanslaşdırılmış xarici siyasət yürüdən Azərbaycan Rusiyadan üz döndərə də bilər. Rusiya anlamalıdır ki, işğalçı dövləti silahlandırmaq onun militarist siyasətini dəstəkləməkdən başqa bir şey deyil.

Zahid Rza,

“İki sahil”