13 oktyabr 2017 15:35
1567

AŞPA-nın nəzərinə: qərəzli, qeyri-obyektiv, ədalətsiz qətnamələrlə Azərbaycana təzyiq göstərmək mümkün deyil

Bu gün Şərqlə Qərbin arasında körpü rolunu oynayan Azərbaycan  çətin geosiyasi məkanda tam müstəqil və balanslaşdırılmış xarici siyasət yürüdür, beynəlxalq və regional təhlükəsizliyin möhkəmləndirilməsinə, risklərin azaldılmasına böyük töhfələr verir, işğalçı Ermənistan istisna olmaqla bütün qonşuları ilə dostluq və mehriban əməkdaşlıq münasibətləri saxlamağa çalışır. Ölkəmiz həm özünün tarixi köklərinə, milli-mədəni dəyərlərinə, həm də dünyəvi konstitusiya quruluşuna sadiq olduğunu daim nümayiş etdirir.

Azərbaycan müxtəlif  mədəniyyətlərin və dinlərin tarixən birgə yaşadığı, hal-hazırda isə özünün multikulturalizm və tolerantlıq ənənələri ilə bütün dünyaya nümunə olan, eləcə də bu dəyərləri bütün dünyada təşviq edən, demokratik islahatları uğurla davam etdirən ölkə olduğunu sözdə deyil, əməli fəaliyyəti ilə sübuta yetirib. Müstəqillik yolunda inamla irəliləyən  respublikamız üzv olduğu bütün beynəlxalq təşkilatlar kimi, Avropa Şurası üçün də sadiq tərəfdaş olaraq bu qurumun bütün standart və konvensiyalarının tələblərini ardıcıl yerinə yetirir. 

Hazırda Azərbaycan tərəfdaş ölkələr,  nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı münasibətlərini daha da inkişaf etdirmək naminə fəal xarici siyasət yürüdür. Uğurla reallaşdırılan “Cənub Qaz Dəhlizi”, onun seqmentləri olan TANAP və TAP layihələri regional inkişafa və əməkdaşlığa  böyük töhfələr verəcək  və Avropanın enerji təchizatının diversifikasiyası və enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayacaq. Ölkəmiz enerji sahəsi ilə yanaşı, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları sahəsində regional layihələr həyata keçirir, “Şərq-Qərb” , “Şimal-Cənub” beynəlxalq  nəqliyyat  dəhlizlərinin reallaşdırılması üçün mühüm addımlar atır. Dövlətimizin başçısının həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində respublikamızın beynəlxalq münasibətlər sistemində yeri gündən-günə möhkəmlənir, onun Avropaya və dünya birliyinə inteqrasiyası getdikcə sürətlənir.

Prezident İlham Əliyev bu günlərdə Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə birmənalı şəkildə vurğuladı ki, Azərbaycan Avroməkana inteqrasiya prinsiplərinə daim sadiqdir. Qətiyyətlə demək olar ki, Azərbaycan üzv olduğu beynəlxalq və regional təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri daim tam şəkildə yerinə yetirir,  bütün ölkələrlə şəffaf, ədalətli, qarşılıqlı hörmət əsasında əməkdaşlıq edir. Təbii ki, bütün bunlar ölkəmizin hər hansı beynəlxalq və ya regional təşkilatla əməkdaşlığı naminə deyil,  milli maraqlarımız, onun daha da demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə həyata keçirilir. Bir sözlə, Azərbaycan özünün avropalı tərəfdaşlarının bütün gözləntilərini uğurla reallaşdırır. Şübhəsiz, bütün bunların müqabilində ölkəmiz avropalı tərəfdaşları tərəfindən adekvat addımların atılmasını istəyir.

Bəs avropalı tərəfdaşlarımız necə,  bizim gözləntilərimizi doğruldurlarmı?..

Danılmaz həqiqətdir ki, bu gün müstəqil siyasət yürüdən, regional və beynəlxalq təhlükəsizliyə böyük töhfələr verən Azərbaycanın əldə etdiyi uğurlar,  istər region, istərsə də qlobal səviyyədə həyata keçiriləcək siyasətin formalaşdırılmasında söz sahibi olması bəzi siyasi qüvvələri, erməni lobbisini və onların maliyyəsi ilə özlərinə rahat həyat qurmağa çalışan antiazərbaycan dairələri  əməlli-başlı narahat edir. Məhz buna görə  bu qüvvələr ölkəmizə qarşı  mütəmadi olaraq “qara piar”  kampaniyaları həyata keçirirlər. Şübhəsiz, belə üzdəniraq qüvvələrin siyasi sifarişi və subyektiv mülahizələri əsasında Azərbaycanın əleyhinə hazırlanan ədalətsiz, qeyri-obyektiv və qərəzli  sənədləri qəbul etməklə bəzi beynəlxalq təşkilatlar öz nüfuzlarına xələl gətirirlər. İki gün bundan əvvəl Avropa Şurası Parlament Assambleyasında həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə 14403 saylı Qətnamənin, həmçinin belçikalı deputatlar Alen Desteksenin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair”14397 saylı Qətnamənin qəbul olunması bütün bunların əyani sübutudur.

 Burada maraqlı nüanslar var. Əvvəla,  qərəzli, qeyri-obyektiv, subyektiv mülahizələrə əsaslanan, məkrli siyasi məqsədlərə xidmət edən bu hesabatlar və onlara təklif edilən düzəlişlər, əlavələrin əksəriyyəti ölkəmizə qarşı aparılan kampaniyalarda iştirak edən  parlamentarilər tərəfindən  Azərbaycanın  Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşdığı bir vaxtda təqdim olunub. Hamımız yaxşı bilirik ki, ölkəmiz bu quruma daxil olan gündən antiazərbaycan dairələrin və erməni təəssübkeşlərinin təzyiqi ilə üzləşib. Şübhəsiz, bunun əsas səbəbi Azərbaycanın müstəqil siyasət yürütməsi və AŞPA-dakı fəallığıdır.  Digər tərəfdən, eskpertlərin də vurğuladıqları kimi, bu qətnamələrin qəbul edilməsinin başlıca səbəblərindən biri də işğalçı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, qaçqınlar və məcburi köçkünlər, Xocalıda törədilən soyqırımı məsələlərini daim gündəlikdə saxlayan Azərbaycan nümayəndə heyətinin fəaliyyətini məhdudlaşdırmaq üçün müxtəlif bəhanələrlə ölkəmizə təzyiq göstərməkdir.

Belə bir məqamda ortaya haqlı olaraq çoxlu suallar çıxır:  görəsən,  nə üçün AŞPA-nın  erməni lobbisinin çirkli pulları ilə özlərinə dəbdəbəli həyat quran parlamentariləri, antimüsəlman və  islamofob siyasətçiləri bu gün Avropada tüğyan edən  faşizmə, irqçiliyə, islamofobiyaya, ksenofobiyaya, antisemitizmə  etiraz edib, qətnamə qəbul edib,  öz “tövsiyələr”ini vermirlər?

Nədənsə, AŞPA son dövrlərdə  Avropa İttifaqı ölkələrində miqrasiya məsələləri ilə bağlı problem çox ciddi faktora çevriləndə səsini içinə salıb, gözləmə mövqeyi tutdu. Yaxın Şərqdən - ərəb və Şimali Afrika ölkələrindən gələn qaçqın axınının sürətlə çoxalması avroməkanda əsaslı sosial, siyasi, hüquqi və humanitar problemləri ortaya çıxaranda, qaçqınlar köpəklərə yedizdiriləndə, vəhşi heyvanlar kimi dəmir çəpərlərdə saxlanılanda bu qurumun parlamentariləri heç cınqırını da çıxarmadı. İnsan haqlarını, demokratiyanı əlində bayraq, “Demokl qılıncı” kimi gəzdirən bu qurum, xüsusilə Avropa Şurasının baş katibi Torbyorn Yaqland “demokratiyanın beşiyində”  insan haqlarına sahib çıxa bilmədi, yaxud çıxmaq istəmədi.

 Nə üçün ölkəmizdə konkret cinayət əməllərinə görə həbs edilən şəxslərlə bağlı məsələləri öz çirkin maraqları naminə siyasiləşdirməyə cəhd edən və yaxud siyasiləşdirən başda T.Yaqland olmaqla avropalı parlamentarilər Azərbaycanda əfv və amnistiya aktları ilə və humanistləşdirilmə islahatları nəticəsində yüzlərlə insanın azad olunduğunu qeyd etmirlər?

Niyə AŞPA-dakı parlamentarilər  Avropa İnsan Hüquqları Məhkəməsinin 10000-dən çox qərarını icra etmədiklərinə görə bəzi Avropa ölkələrini cəzalandırmırlar, onlara “tövsiyələr” vermirlər?

2008-ci ildəki prezident seçkilərində saxtakarlığa etiraz edənlərin gülləbaran edilməsinə,  müxalifətçilərin 2011-ci ildə kütləvi həbslərinə, İrəvanda “Sasna Srer”ə qarşı dövlətin cinayətkar əməliyyatlarına  görə Avropa İnsan Haqları Məhkəməsinin Ermənistanla bağlı 162 qərarı bu günə qədər icra edilməyib. Niyə cənab T.Yaqland və onun rəhbərlik etdiyi təşkilat bütün bunlara görə Ermənistanı və onun cinayətkar rəhbərlərini cəzalandırmır? Yeri gəlmişkən, Azərbaycan həmin qurumun bütün qərarlarını icra edib.

 Nə üçün bu günə qədər Azərbaycan torpaqlarının iyirmi faizini işğal altında saxlayan, militarist siyasət yürüdən, terrorizmi  dövlət siyasətinə çevirən təzavüzkar Ermənistan AŞ PA-nın və Avropa Məhkəməsinin qərarlarını, qətnamələrini yerinə yetirmədiyinə, beynəlxalq hüququn bütün norma və prinsiplərini pozduğuna, nasist ideologiyasını təbliğ etdiyinə görə AŞPA tərəfindən cəzalandırılmır? Nə üçün  bütün bunlara görə bu işğalçı dövlətin AŞ-dan uzaqlaşdırılması ilə bağlı məsələlər hələ də müzakirəyə çıxarılmır?

AŞPA Azərbaycanın bu və digər haqlı, dəmir məntiqə əsaslanan suallarını cavablandıra bilərmi?!

 Təcavüzkar Ermənistan 1993-cü ildən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrə nümayişkaranə surətdə əməl etmir. Digər məsələlərlə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri dərhal icra olunduğu halda, BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələri 24 ildir ki, yerinə yetirilmir. Dağlıq Qarabağ münaqişəsinin regional və beynəlxalq təhlükəsizliyə və sabitliyə ciddi təhlükə olduğunu yaxşı anlayan beynəlxalq təşkilatlar, Avropa İttifaqı ölkələri, ATƏT-in Minsk qrupu beynəlxalq hüququn bütün norma və prinsiplərinə əməl etməsi üçün işğalçı Ermənistana təzyiq göstərməli olduqlarını bildikləri halda məhz dini təəssübkeşlik amilini əsas götürərək  hələ də bu təcavüzkar ölkəyə sanksiyalar tətbiq etməyə tələsmirlər.

 Bir sözlə, bütün bunlar onu göstərir ki, təşkilatdaxili idarəetmə böhranı nəticəsində  AŞPA özünün illərdir apardığı yanlış siyasətin fəsadları ilə üz-üzə qalıb. Bu, məsələlərin bir tərəfidir. Əsas odur ki, bu qurumdakı parlamentarilər, xüsusilə  də daim Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən Avropa Şurasının baş katibi T.Yaqland kimilər birdəfəlik bilməlidirlər ki, mənfur antiazərbaycan qüvvələrin siyasi sifarişi və subyektiv mülahizələri əsasında hazırlanan belə sənədləri qəbul etməklə AŞPA bir qurum kimi özünü nüfuzdan salmaqla yanaşı, həm də öz sonunu yaxınlaşdırır. Hər kəs, eləcə də cənab T.Yaqland anlamalıdır ki, özünün mükəmməl daxili və xarici siyasət prioritetləri olan, beynəlxalq münasibətlər sistemində öz mövqeyini gündən-günə gücləndirən demokratik əsaslara malik, milli maraqlarını hər şeydən üstün tutan Azərbaycan müstəqil, siyasət yürüdən güclü dövlətdir.  İkili standarlara əsaslanan “siyasətlə”, qərəzli, qeyri-obyektiv, ədalətsiz şəkildə qəbul edilən sənədlərlə  Azərbaycana təzyiq göstərmək mümkün deyil.  AŞ-ın baş katibi T.Yaqland və onun ətrafında toplaşanlar unutmamalıdırlar ki,  təkcə Azərbaycanın Avropa Şurası qarşısında deyil, eyni zamanda, Avropa Şurasının da Azərbaycan qarşısında öhdəlikləri var. Avropa Şurası bu öhdəlikləri yerinə yetirməyə borcludur.

Zahid Rza,

“İki sahil”