Son dövrlərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi üçün genişhəcmli tədbirlər görülüb, dövlətin bu sahədə iqtisadi siyasəti gücləndirilib, çoxlu sayda fərman və sərəncamlar verilib, Dövlət proqramları, strategiya və konsepsiyalar qəbul edilərək reallaşdırılıb.
Neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə hesablanmış xərclənmə strategiyası özünü doğruldub. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları sektorlarında davamlı artım tendensiyası hökm sürməkdədir. Bütün bunların reallaşmasında iqtisadiyyatın şaxələndirilməsi və bu siyasətin prioritet istiqamətlərini özündə əks etdirən Dövlət proqramları müstəsna önəm daşıyır.
Bu baxımdan Prezident İlham Əliyevin ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların reallaşdırılmasını təmin etmək məqsədilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Fərmanı iqtisadiyyatın inkişafı ilə bağlı yeni strateji yanaşmanı ortaya qoyan sənəd kimi mühüm əhəmiyyət kəsb edir. Qlobal iqtisadiyyat və maliyyə bazarlarında müşahidə edilən proseslərə çevik adaptasiya və maliyyə sektoru qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanan strategiya Azərbaycanda qeyri-neft sektorunun mövcud durumunu, inkişaf potensialını, onun inkişafında hökumətin rolunu, maraqlı tərəflər arasında potensial əməkdaşlıq formalarını, bu əməkdaşlığın uğurla həyata keçirilməsi metodlarını və bir sıra digər mühüm inkişaf istiqamətlərini özündə əks etdirən çox mühüm sənəddir.
Ölkə iqtisadiyyatının bütün sahələrini özündə ehtiva edən strateji yol xəritələri 2017-ci ildən başlayaraq 2030-cu ilə qədər mühüm vəzifələrin yerinə yetirilməsinə ciddi təkan verəcək. Qətiyyətlə demək lazımdır ki, Strateji yol xəritəsi milli iqtisadi perspektivi və fərqli iqtisadi sektorlara dair yol xəritələrini özündə birləşdirən sənəd olmaqla, hər bir aparıcı sektor üzrə strategiyanın müəyyənləşdirilməsinə imkan yaradır. Strateji yol xəritələrinin əvvəllər qəbul edilən Dövlət proqramlarından əsas fərqi ondan ibarətdir ki, bu xəritələrdə fəaliyyətlər qruplaşdırılaraq hər bir fəaliyyətin nəticələrini ölçmək üçün konkret indikatorlar müəyyənləşdirilib. Ekspertlər bildirirlər ki, belə indikatorların müəyyənləşdirilməsi bir tərəfdən bu sahədəki proqramların icrasında səmərəliliyin müəyyən edilməsinə imkan verəcək, digər tərəfdən isə dövlət qurumlarının hesabatlılığını artıracaq. Eyni zamanda, fəaliyyətlərin illər üzrə qruplaşdırılması, məsul dövlət qurumlarının və eləcə də hər bir fəaliyyət üçün tələb edilən maliyyə vəsaitinin həcminin də ayrıca qeyd edilməsi, həm strateji xəritələrin müasir standartlara uyğun olaraq hazırlanmasına, həm də onların səmərəli şəkildə icra edilməsinə imkan yaradacaq.
“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə müəyyənləşdirilən tədbirlərin bir hissəsi ötən müddətdə uğurla həyata keçirilib.
2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 32 faizinin icrası tamamlanmış, 59 faizinin icrası üzrə işlərə başlanılmışdır. Bu müddət ərzində kiçik dövlət müəssisə və obyektlərinin, qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış 39 sərəncama əsasən 442 müəssisə və obyektin özəlləşdirilməsi ilə əlaqədar qərar qəbul edilib. 2017-ci il ərzində hərracı baş tutmuş 395 kiçik dövlət müəssisə və obyektinin 221-i, icarəyə verilmiş 246 qeyri-yaşayış sahəsinin 89-u, ümumilikdə isə 310 müəssisə və obyekt satılıb. “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”, “Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə Qaydaları və Standartları” və “Dövlət müəssisələrinin idarəetmə orqanlarının üzvlərinə onların fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi ilə (“Performance Based Remuneration System”) bonus ödənişlərinin verilməsi Qaydası” barədə qərar layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
“Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi prosesinə məsləhətçi şirkət cəlb edilib. Özəlləşdirmə prosesinə yerli və xarici investorların cəlb edilməsi məqsədilə potensial investorlara dair mövcud məlumat bazası genişləndirilib.
Özəlləşdirmə prosesinə investorların daha fəal cəlb edilməsi sahəsində əməkdaşlıqla bağlı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə əməkdaşlıq haqqında memorandum imzalanıb. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə yaxın əməkdaşlıq qurulub, yerli və xarici biznes forumlarda özəlləşdirmə layihələri təqdim edilib.
Ölkəmizdə insan kapitalının inkişafı məqsədilə təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi istiqamətində görülən tədbirlər çərçivəsində məktəbəhazırlıq qrupları təşkil olunub, təhsilalanlar və müəllimlər üçün tədris vəsaitləri hazırlanıb, müəllim və rəhbər heyət üçün ixtisasartırma imkanları təmin edilib. Bundan əlavə, təhsil müəssisələrinin fiziki və texnoloji infrastrukturunun təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər görülüb. İlk peşə-ixtisas təhsili müəssisələrində mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikasında Təhsil Nazirliyinin tabeliyində olan 109 peşə təhsili müəssisəsinin (cəzaçəkmə müəssisələrində yerləşən və fəaliyyəti dayandırılan 14 müəssisəni çıxmaqla) 90 faizinə, yəni 86 müəssisəyə baxış keçirilərək respublikamızda ilk peşə-ixtisas təhsilinin dövlət standartları layihəsi, eləcə də əmək bazarının tələblərinə uyğun orta ixtisas təhsili pilləsinin yeni dövlət standartlarının layihəsi hazırlanıb.
Cari ildə özəlləşdirməyə açıq elan olunmuş həmin müəssisə və obyektlərdə müvafiq inventarizasiya işləri aparılıb, ümumilikdə 304 müəssisə və obyektdən 254-nün, həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin balansında olan mədəniyyət evləri və klublarından 339-nun texniki pasport və baş planları hazırlanıb. Strateji yol xəritələrində müəyyən edilmiş prioritet sektorlar da daxil olmaqla, özəlləşdirilən dövlət əmlaklarının müstəqil qiymətləndiricilər cəlb olunmaqla sırf bazar prinsipləri əsasında qiymətləndirilməsi və açıq hərraclar (o cümlədən elektron hərraclar) vasitəsilə satışa yönəldilməsi təmin edilib. Yeni formatda artıq 40-dan artıq hərrac keçirilib, həmin hərraclarda 1400-ə yaxın dövlət əmlakı satışa çıxarılıb.
Göründüyü kimi, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinə əsasən, dövlət strateji sahələrdə institusional dəyişikliklərin edilməsində daha tarazlı yanaşmaya üstünlük verib.
Beləliklə, cari il ərzində özəlləşdirmə prosesinin uğurla davam etdirilməsi rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının əhəmiyyətli hissəsinin özəlləşdirilən müəssisələrin payına düşməsi ölkəmizdə yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə, respublikamıza valyuta axınının güclənməsinə, xalqın rifah halının daha da yaxşılaşdırılmasına böyük töhfələr verəcək.
Zahid Rza,
“İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır