Rusiyalı siyasətşünas A.Duqinin “Cənubi Qafqazın pələngi” adlandırdığı müasir Azərbaycan Respublikası dinamik inkişafı, uğurları, nailiyyətləri ilə xüsusi diqqət çəkməkdədir. Müasir beynəlxalq münasibətlər sisteminin aparıcı aktorlarından birinə çevrilən Azərbaycan daxili siyasət sahəsində də çox uğurlu yeniliklərə imza atmışdır. Məhz qlobal böhranın təsirindən hələ də vəziyyətini düzəldə bilməyən bir çox ölkələrdən fərqli olaraq Azərbaycan Prezident İlham Əliyevin praqmatik və rasional siyasəti sayəsində inkişaf templəri nümayiş etdirməkdədir. Təkcə bu ilin 9 ayının yekunları Azərbaycanın uğurla inkişaf etdiyini sübut edir.
Qeyd edək ki, ötən ildən başlayaraq qlobal böhranın təsirlərini minimuma endirmək və ölkəmizi yenidən dinamik inkişaf mərhələsinə çatdırmaq üçün reallaşdırılan islahatlar artıq öz bəhrəsini verməkdədir. Belə ki, bu ilin 9 ayının yekunlarına görə, qeyri-neft iqtisadiyyatımız 2,5 faiz, eləcə də qeyri-neft sənayesi 3,1 faiz və kənd təsərrüfatı 2,8 faiz artıb. Bununla yanaşı, xarici ticarət dövriyyəsi 7 faiz artıb, xarici ticarətin müsbət saldosu isə 4,4 milyard dollara bərabər olub. Hətta dünya bazarlarında neftin qiymətinin hələ də aşağı səviyyədə olmasına baxmayaraq, Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb. Ötən müddət ərzində yeni istehsal müəssisələrinin yaradılması, aqroparkların və sənaye məhəllələrinin fəaliyyətə başlaması nəticəsində yeni iş yerlərinin açılması prosesi də uğurla gedib. Elə bu səbəbdəndir ki, son 9 ay ərzində 226 min yeni iş yeri yaradılıb, onlardan 171 mini isə daimidir. Görülən tədbirlərin, reallaşdırılan islahatların bəhrəsidir ki, Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə irəliləyərək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycan eyni zamanda əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutub.
Bir sözlə, Azərbaycanın hərtərəfli inkişafını bütün istiqamətlərdə - siyasi, hüquqi, hərbi, sosial, mədəni və başqa sahələrdə müşahidə etmək mümkündür.
Lakin o da faktdır ki, Azərbaycanın əldə etdiyi uğurlara sevinən dostlarla yanaşı, qərəzli mövqedən yanaşan düşmənlər də mövcuddur. Bu düşmənlər ölkəmizin uğurlarına kəskin qısqanclıq nümayiş etdirir və hər bir fürsətdə Azərbaycanın nailiyyətlərinə kölgə salmağa cəhdlər göstərirlər. Bu işdə, əlbəttə ki, ilk növbədə antiazərbaycan dairələr, “beşinci kolon”, erməni lobbisinin təsiri altında olan müəyyən beynəlxalq təşkilatlar canfəşanlıq göstərirlər. Elə ötən gün Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycana qarşı daha bir qərəzli addımın atılması söylənilənləri isbatladı.
Belə ki, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə 14403 saylı Qətnamə, həmçinin belçikalı parlamentar Alen Desteksenin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” 14397 saylı Qətnamə qəbul olunub. Bununla da AŞPA yenidən müəyyən maraqlı antiazərbaycan dairələrin subyektiv mülahizələri əsasında hazırlanmış və xüsusi məqsəd daşıyan bu sənədləri qəbul etməklə növbəti dəfə ölkəmizə qarşı öz qərəzli və ədalətsiz mövqeyini nümayiş etdirdi.
Əslində, Azərbaycan Avropa Şurasına üzv olduğu dövrdən keçən müddət ərzində ardıcıl şəkildə müəyyən lobbi qrupların və xüsusilə də erməni təəssübkeşlərinin təzyiqi ilə üzləşib. Torbyorn Yaqland baş katib olduğu dövrdə isə bu təzyiqlər daha da artıb və kəskinləşib. Bu da onun Azərbaycana qarşı xüsusi neqativ münasibətindən irəli gələn məsələdir. Elə buradan çıxış edərək əminliklə demək olar ki, bu gün demokratiya yolu ilə inamla irəliləyən, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşan Azərbaycanın süni şəkildə sıxışdırılması bir daha göstərir ki, AŞPA müəyyən məqsədli dairələrin əlində təzyiq vasitəsinə çevrilib və konkret sifariş yerinə yetirir.
Görünən odur ki, milli maraqlarına uyğun müstəqil siyasət yürüdən və prinsipial mövqeyi ilə seçilən Azərbaycanın AŞPA-dakı fəallığı bir çoxlarına sərf etmir. Əks təqdirdə parlamentarilər daha çox islamofobiya, ksenofobiya, irqi və dini ayrı-seçkiliyin baş alıb getdiyi, insan hüquqlarının, ifadə azadlığının kobud şəkildə pozulması hallarının artdığı Avropanın gələcəyi barədə düşünər və bu problemlərin aradan qaldırılması yollarını axtarardılar. Eyni zamanda, İnsan Haqları üzrə Avropa Məhkəməsinin 10 minə yaxın qərarının icra olunmamasından narahatlıqlarını ifadə edərdilər. Krım məsələsinə görə Rusiyaya sanksiya tətbiq olunduğu halda, nəyə görə 25 ildir Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan barədə ölçü götürülməməsi məsələsini qaldırardılar və Avropanın fundamental dəyərlərinə bu dərəcədə açıq hörmətsizlik nümayiş etdirməzdilər.
Bu gün Azərbaycana qarşı həyata keçirilən təzyiq kampaniyasının bütün detallarına fikir verdikdə aydın olur ki, AŞ-da antiazərbaycan komandası formalaşıb və onlar konkret siyasi dairələrin direktivləri ilə hərəkət edirlər. Konkret olaraq demək olar ki, çirkin kampaniyanın icraçısı olan bu baş katib Yaqlandın addımları onun həm bəzi Qərb dairələrindən, həm də region ölkələrindən aldığı sifarişin nəticəsidir. Ümumiyyətlə, Yaqland Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən, sifarişlə müstəqil ölkələri hədəfə götürməyi sanksiyalaşdıran bir şəxsdir.
Bütün söylənilənlərin fonunda belə bir məntiq ortaya çıxır ki, bundan sonra Azərbaycana Avropa Şurasında qalmaq, üzvlüyünü davam etdirmək lazımdırmı? Yaxud Azərbaycanın Avropanın inkişafına verdiyi töhfələrin qarşılığında nə görürük? Yalnız təzyiq, şər, böhtan, çirkin kampaniya və s. Ümumiyyətlə, 2001-ci ildə Avropa Şurasının sıralarına daxil olan Azərbaycan 16 illik üzvlük dövründə nə əldə edib? Hətta beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmayan Avropa Şurasından nə gözləmək olar? Əksinə, Avropa dairələrinin həyata keçirdikləri siyasət Ermənistanın işğalçılığına bəraət qazandırmaq, Dağlıq Qarabağın işğalını rəsmiləşdirmək və onu Azərbaycandan uzaqlaşdırmaq məqsədi güdüb.
Belə olan halda Avropa Şurasında Azərbaycana qarşı çirkin oyun quranlar düşünsünlər: AŞ-Azərbaycana çox lazımdır, yoxsa Azərbaycan AŞ-a? Ölkəmizin ictimaiyyəti artıq düşünür ki, Azərbaycan inteqrasiya meyillərini yenidən nəzərdən keçirməli, öz milli maraqlarına uyğun strateji hədəflərinə doğru irəliləməlidir. Azərbaycan onsuz da bu qurumsuz yaşaya və daha yaxşı yaşayıb inkişaf edə, Avropa isə Cənubi Qafqaz kimi strateji əhəmiyyət kəsb edən regionda güclü tərəfdaşını və beləliklə öz maraqlarının təminatını itirə bilər. Elə Prezident İlham Əliyevin də bildirdiyi kimi: “Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Həyatımızda heç nə dəyişməyəcək, biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq. İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq. Biz bunları hazırda Azərbaycana qarşı həyata keçirilən əsassız hücumun mərkəzində dayanan Avropa Şurasının baş katibinə xoş gəlsin deyə etmirik. Biz bunları ölkəmizi inkişaf etdirmək məqsədilə edirik”.
Rəşad Bağırov,
“İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır