12 oktyabr 2017 15:37
2248

Prezident İlham Əliyev: Azərbaycan bu gün dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib

“Bu gün biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmişik, müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur.”

Dövlətimizin başçısı İlham Əliyev müstəqilliyimizin 26-cı ildönümünə təsadüf edən Nazirlər Kabinetinin cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında 2017-ci ilin ötən dövründə əldə olunan uğurlar fonunda bu reallığı bir daha diqqətə çatdırdı ki, möhkəm təməl, düzgün müəyyənləşdirilən siyasət, yol, perspektivə işıq salan hədəflər uğurların davamlılığını şərtləndirir. 26 illik müstəqillik tarixinə malik olan Azərbaycanın ilk müstəqillik illərini, yəni 1991-1993-cü ilin iyun ayına qədər olan dövrü bir kənara qoysaq, 1993-cü ildən, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan yol ölkəmizə uğurlar qazandırmış, bu günümüzün əsas istəyi olan inkişaf etmiş ölkələr sırasında addımlamaq hədəfimizi şərtləndirmişdir. 

26 illik müstəqillik tarixinə malik olan Azərbaycana hansı sahədən baxış keçirsək yalnız davamlı uğurların şahidi olarıq. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini həyata keçirdiyi siyasətin önündə saxlayan ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə böyük önəm verməsi uzaqgörən siyasətinin göstəricisidir. Ölkəmizi 1991-1993-cü illərin xaosundan, anarxiyasından, iqtisadi böhranından çıxaran ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsasını qoydu. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Yeni-yeni sazişlərin imzalanmasına, layihələrin gündəmə gətirilməsinə və icrasına geniş yol açdı. Məhz 23 ildə keçilən yolun, əldə edilən uğurların nəticəsidir ki, “Əsrin müqaviləsi”nin 23 illiyi ərəfəsində “Yeni əsrin müqaviləsi” imzalandı. Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin iclasında bu məsələyə xüsusi diqqət yönəltdi: ““Əsrin kontraktı”nın uzadılması, yeni kontraktın imzalanması tarixi hadisədir.” Ölkə Prezidenti dünyaya açılan pəncərə kimi dəyərləndirilən BTC və BTƏ neft-qaz kəmərlərinin ardınca icrasına start verilən TAP, TANAP, “Cənub Qaz Dəhlizi” kimi layihələrin əsas məqsədinin ölkəmizi gücləndirmək olduğunu xüsusi qeyd etdi: “Azərbaycanın qüdrəti, iqtisadi potensialı, siyasi çəkisi, regional müstəvidə rolu artır və bu kontraktlar bizə böyük iqtisadi mənfəət, səmərə verir. Təsəvvür etmək mümkün deyil ki, əgər “Əsrin kontraktı” imzalanmasa idi, biz indi hansı vəsaitlə bütün bu abadlıq-quruculuq işlərini görə bilərdik. Düzdür, bu gün əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və biz əsas gücü bu istiqamətə yönəldirik. Ancaq onu da hamımız bilməliyik ki, əgər neft gəlirlərindən səmərəli şəkildə istifadə etməsəydik, Neft Fondunda böyük vəsaiti yığmasaydıq, infrastruktur layihələrinə və digər layihələrə yönəltməsəydik, əlbəttə, bizim indiki vəziyyətimiz kəskin şəkildə fərqlənə bilərdi. Biz bütün bu işləri düşünülmüş şəkildə görmüşük, neftdən və qazdan gələn gəlirlər insan kapitalına yönəldilib, infrastruktur layihələrinin icrasına, özəl sektorun inkişafına istiqamətləndirilib. Eyni zamanda, bu layihələr ölkəmizin beynəlxalq arenadakı rolunu, çəkisini artırır. Bu gün bizim iştirakımız olmadan bu regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz. Azərbaycan bu gün dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib.”

İqtisadi və siyasi islahatların vəhdətliyinin yüksək səviyyədə təmin edilməsi davamlı inkişafı şərtləndirən əsas amillərdir. Demokratikləşmə dövlətimizin siyasətində sadəcə bir şüar, niyyət deyil, hərtərəfli inkişaf üçün əsasdır. İlk gündən demokratiya yolunu tutan Azərbaycan bu istiqamətdə mühüm uğurlara imza atıb. Ölkəmizin qazandığı uğurların miqyasının genişliyi müxtəlif sahələri əhatə edən beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsindən də aydın görünür. Hər sahədə malik olduğu təcrübəni təqdim etmək imkanları qazanan Azərbaycan bu reallığı da ortaya qoyur ki, Şərqlə Qərbin qovuşuğunda yerləşməklə ölkələr, xalqlar arasında dostluq körpüsünün günbəgün möhkəmlənməsinə davamlı töhfələr verir. İnsan hüquqlarının qorunması, söz və mətbuat azadlığının təmin edilməsi, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi və s. kimi amillər demokratiyanın əsası kimi ölkəmizdə bərqərar olunub. Cənab İlham Əliyev çıxışlarında daim bildirir ki, tarixi paralellər fonunda Azərbaycanın müstəqillik tarixində qazandığı uğurları təhlil etmək gündəlik işimiz olmalıdır. Bu sahədə mətbuatın üzərinə böyük məsuliyyət düşdüyü dövlətimizin başçısının çıxışlarında əsas yer tutur.

Söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir.  Hər sahədə olduğu kimi, bu istiqamətdə də inkişafın təməli 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra qoyuldu. Siyasi plüralizmin təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə əlverişli şəraitin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Ulu öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində arxada qalan hər il əvvəlki ildən daha möhtəşəm uğurlarla tarixə yazılır. Bu uğurları ölkə ictimaiyyətinə dolğun şəkildə, heç bir təhrifə, qərəzçiliyə yol vermədən çatdırmaq yazılı və elektron KİV-lərin əsas vəzifəsi kimi öndədir. Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Ölkədə minlərlə kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Azərbaycanda internet istifadəçilərinin sayı 75 faizdən çoxdur. İKT-nin inkişafı istiqamətində atılmış addımlar nəinki ölkəmizdə rəğbətlə qarşılanır, dünya birliyində də yüksək dəyərləndirilir.

Dövlətimizin başçısı hər çıxışında Azərbaycanın müstəqillik tarixində keçdiyi yola nəzər salaraq bu fikri bəyan edir ki, müstəqillik atributlarla ölçülmür. Müstəqil olmaq müstəqil siyasət yürütməkdir. Azərbaycan hər sahədə atdığı addımları ilə müstəqil dövlət olduğunu və müstəqil siyasət həyata keçirdiyini təsdiqləyir. İlk demokratik respublika iki il yaşasa da, demokratik ənənələrin əsasını qoyub. Bu gün Azərbaycan beynəlxalq arenada yüksək nüfuza malik ölkədir.

Azərbaycanın iqtisadi və siyasi uğurları beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasına öz müsbət təsirini göstərir. Belə ki, 2011-ci ildə ölkəmizin  155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi uğurlarımıza, ədalətli mövqeyinə verilən dəyərdir. “Bu, fəaliyyətimizə, məsuliyyətli, etibarlı tərəfdaş olmağımıza verilən dəstək idi” söyləyən ölkə Prezidenti bir daha bəyan etmişdir ki, Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlətdir və bu siyasət milli maraqlara söykənir, heç kəsə qarşı yönəlməyib.

Hər bir çıxışında diqqəti yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldən Prezident İlham Əliyev rəsmi Bakının dəyişməz mövqeyini bir daha bəyan edərək bildirir ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz.

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın uğurları fonunda Dağlıq Qarabağ münaqişəsinin öz ədalətli həllini tapacağına əminliyini ifadə edir. Bildirir ki, bu günümüzün əsas tələbi məhz problemin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırmaq, erməni yalanlarını ifşa etməkdir. Diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın münaqişənin həllində hərb variantını seçdiyi təqdirdə də qələbəsi şəksizdir. Ötən ilin aprel döyüşləri bunun bir daha təsdiqidir. Cocuq Mərcanlıya qayıdış işğal altında olan torpaqlarımızın azad ediləcəyinə, soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdacağına böyük əminlik yaradır.

Yeganə Əliyeva,

“İki sahil”