“Bu il beynəlxalq arenada mövqelərimiz daha da möhkəmlənib. Bizim xarici əlaqələrimiz çoxşaxəlidir. Biz bütün ölkələrlə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər qurmuşuq, buna nail olmuşuq. Bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır. Xarici siyasətimiz də açıqdır, müstəqildir və bu da dünya birliyi tərəfindən böyük rəğbətlə qarşılanır.”
Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycanın iqtisadi və siyasi islahatların vəhdətliyi fonunda qazandığı uğurları, beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasını şərtləndirən amilləri bir daha diqqətə çatdıraraq bunların fonunda perspektivləri açıqladı. “Bu ilin doqquz ayında mənim xarici ölkələrə 14 səfərim olmuşdur” söyləyən cənab İlham Əliyev bildirir ki, hələ ilin qalan hissəsində də səfərlər nəzərdə tutulur: “Bu səfərlərin hər biri ölkəmiz üçün faydalı olmuşdur. Azərbaycan öz mövqeyini birbaşa xarici tərəfdaşlara çatdırır. Rəsmi səfərlərdə və beynəlxalq tədbirlərdə etdiyim çıxışlar Azərbaycanın siyasətini əks etdirir, əldə etdiyimiz uğurları, eyni zamanda, Dağlıq Qarabağ problemini də bir daha dünya ictimaiyyətinə çatdırır. Ölkəmizə isə bu il ondan çox dövlət və hökumət başçısı gəlmişdir. İlin sonuna qədər yenə də səfərlər gözlənilir. Yəni, bizim beynəlxalq əlaqələrimiz çoxşaxəlidir. Xarici siyasətimiz milli maraqlarımızı təmin edir və beynəlxalq arenada Azərbaycan, bir daha demək istəyirəm ki, böyük hörmətə və çox müsbət reputasiyaya malik olan bir ölkədir.”
Xarici siyasətində beynəlxalq hüquq normalarını əsas tutan Azərbaycan bu mövqeyinin də dəyişməz olduğunu ən yüksək tribunalardan bəyan edir ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında münasibətlər qurulur. Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Azərbaycan bu mövqeyi ilə eyni zamanda siyasətində müstəqil olduğunu, heç bir dövlətin diktəsi ilə oturub durmadığını dünyaya nümayiş etdirir. Cənab İlham Əliyev iclasda uğurlarımızda müstəqil siyasətin rolunu bir daha diqqətə çatdırdı: “Bu gün biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmişik, müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur.”
Dövlətimizin başçısının xarici səfərlərinə diqqət yetirsək, İslam ölkələrinə verilən önəm diqqətdən kənarda qalmır. Nəzərə alsaq ki, 2017-ci il ölkə Prezidentinin Sərəncamı ilə ölkəmizdə “İslam Həmrəyliyi ili” elan edilib, bu il çərçivəsində Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib, heç şübhəsiz ki, cənab İlham Əliyevin İslam dövlətlərinə səfəri birliyin, həmrəyliyin nümayişi, bu çağırışa böyük töhfədir. Ölkə Prezidenti Azərbaycanın keçdiyi inkişaf yolunu şərh edərkən bu reallığı da hər zaman diqqətə çatdırır ki, mənəvi dayaqlar uğurlu inkişafımızın əsas şərtidir: “Çünki iqtisadiyyat güclü ola bilər, - biz tarixdən bilirik ki, ölkələr inkişaf edir, ondan sonra tənəzzülə uğrayır, - ancaq əgər mənəvi sütun, dayaq yoxdursa, bu ölkənin gələcəyi yoxdur.” Bu fonda belə bir əminlik ifadə edilir ki, milli mənəvi dəyərlər, ənənələr, dini dəyərlər bundan sonra da inkişafımızın əsas istiqaməti olacaq. Heç təsadüfi deyil ki, bu gün dinlərarası, millətlərarası dialoqdan söhbət açılanda ilk növbədə Azərbaycan göz önünə gəlir. Cənab İlham Əliyev bu günlərdə Avropa İttifaqı Şurasının nümayəndə heyəti ilə görüşündə də bu məsələyə xüsusi diqqət yönəltmişdir: “Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Bunu siz də qeyd etdiniz və bu, məlum məsələdir ki, bizim ölkədə dini və etnik tolerantlıq yüksək səviyyədədir. Biz multikulturalizmin mərkəzlərindən biri kimi tanınırıq və ötən il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bütün etnik və dini qrupların nümayəndələri Azərbaycanda sülh şəraitində, bir ailə kimi yaşayır və hesab edirəm ki, bu bizim uğurlu inkişafımızın vacib elementidir. Yeri gəlmişkən, düşünürəm ki, bu məsələ müzakirələrin bir hissəsi olmalı və sazişə daxil edilməlidir. Azərbaycan Avropa ilə müsəlman dünyası arasında coğrafi körpü rolu ilə yanaşı, mədəni və müəyyən dərəcədə siyasi körpü rolunu oynayır. 2008-ci ildə biz “Bakı prosesi”nə start verdik. Həmin il biz Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin iclasına İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin müvafiq nazirlərini dəvət etdik. İlk dəfə idi ki, 100-dən artıq dövlətin nümayəndəsi bir araya gəldi və artıq bu gün o, “Bakı prosesi” adlanır. Həmin proses inkişaf etməkdə davam edir və BMT tərəfindən dəstəklənir. Müasir, dünyəvi müsəlman ölkəsi kimi Azərbaycanın rolu artır və deyərdim ki, ölkəmizdə cəmiyyətin dünyəvilik statusunun dəstəklənməsi üçün gördüyümüz işlər təkcə bizim üçün deyil, region üçün də olduqca əhəmiyyətlidir.”
“İslam Həmrəyliyi ili”ndə dövlətimizin başçısı İlham Əliyevin İslam dövlətlərinə ardıcıl səfərləri ölkələr arasında əlaqələrin inkişafında yeni mərhələ olmaqla yanaşı, İslam aləmində birliyə, həmrəyliyə xidmət edən mühüm addım kimi də dəyərləndirilir. Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində İslam dövlətləri ilə əlaqələri yüksək səviyyədədir. Münasibətlər müxtəlif istiqamətlərdə uğurla inkişaf etdirilir. İslam Əməkdaşlıq Təşkilatı bu birliyin, həmrəyliyin daha da möhkəmləndirilməsində, ortaq mövqenin, yanaşmanın ortaya qoyulmasında əhəmiyyətli rol oynayır. İƏT-in Azərbaycanın xarici siyasətinin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamədə dövlətimizin mövqeyi dəstəklənir, Ermənistanın işğalçılıq siyasəti pislənir, problemin tezliklə öz ədalətli həllini tapması öz əksini tapır. Cənab İlham Əliyev münaqişənin həllində möhkəm hüquqi bazanın mövcudluğundan bəhs edərkən digər qurumlar kimi, İslam Əməkdaşlıq Təşkilatının mövqeyini də yüksək dəyərləndirir.
Cənab İlham Əliyev səfər etdiyi İslam dövlətlərində- Qətər, Pakistan, İran, Səudiyyə Ərəbistanı, Türkiyə və digər ölkələrdə keçirdiyi görüşlərdə bu fikri xüsusi qeyd etmişdir ki, İslam aləmində birliyin, həmrəyliyin möhkəmləndirilməsi əsasdır.
Tarixə qısa nəzər salsaq, Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın dostluq körpüsü rolunu zaman-zaman zənginləşdirdiyinin şahidi olarıq. Tolerantlıq və dözümlülük ənənələri ilə tarixən zəngin olan Azərbaycan bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən ölkə kimi nümunə göstərilir. Dini tolerantlığın möhkəmləndirilməsi ilə bağlı ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərdə də bu fikir xüsusi vurğulanır ki, Azərbaycan nəinki sivilizasiyalararası bir körpüdür, eyni zamanda öz siyasəti ilə müsbət meyillərin güclənməsinə təkan verir. Cənab İlham Əliyev çıxışlarında diqqəti daim bu məsələyə yönəldir: “Ölkəmizə gələn qonaqlar bir çox hallarda təəccüb hissi ilə bunu qeyd edirlər ki, siz buna necə nail ola bilmisiniz, sizdə dini, milli zəmində nəinki heç bir qarşıdurma, heç bir anlaşılmazlıq da yoxdur. Reallıq bundan ibarətdir ki, dövlət siyasəti, din xadimlərinin müdrikliyi, eyni zamanda, cəmiyyətdə müsbət ab-havanın mövcudluğu və əlbəttə ki, ölkəmizin sürətli dinamik inkişafı burada əsas rol oynayır. Bu bizim böyük sərvətimizdir.” İslam Əməkdaşlıq Təşkilatının üzvü olan Azərbaycan milli mənəvi dəyərlərin dünya mədəniyyətinin inciləri ilə vəhdət halında qorunub saxlanılmasına, təbliğinə, Avropa və Asiya, xristian və müsəlman dünyası ilə əlaqələrin güclənməsinə ən böyük töhfə verən ölkədir. Bir sözlə, tolerantlıq və multikultural mədəniyyət hər bir dövləti gücləndirən və onun birliyini təmin edən amildir. Dövlətimizin başçısı İlham Əliyevin Qətər, Pakistan, İran, Səudiyyə Ərəbistanı, Türkiyə və digər İslam ölkələrinə səfərlərində də bu məqama xüsusi diqqət yönəldilmişdir.
Ölkə Prezidentinin cari ilin ötən dövründə səfər etdiyi ölkələr sırasında ABŞ, Fransa və Rusiyanı xüsusi qeyd etməliyik. BMT Təhlükəsizlik Şurasının daimi üzvü, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri kimi hər üç ölkənin Azərbaycana münasibəti, əməkdaşlığa verdikləri önəm təbii ki, maraqlıdır. Cənab İlham Əliyevin dünyaya bir mesaj kimi dəyərləndirilən, dünya mətbuatında da geniş müzakirə edilən BMT-nin Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı ölkəmizin qətiyyətini, siyasi iradəsini, siyasətində müstəqil olduğunu bir daha təsdiqlədi.
Bu günümüzün reallığı budur ki, Azərbaycan beynəlxalq aləmin nüfuzlu üzvünə çevrilib. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və bir sıra digər beynəlxalq qurumların üzvü olmaqla bu təşkilatların tribunasından öz sözünü müstəqil demək imkanındadır. Azərbaycan 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməklə özünə olan inamı, etimadı təsdiqləmişdir. Məhz bu uğurlarımız öz növbəsində yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə inamı daha da artırır.
Yeganə Əliyeva,
“İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır