Yeni Azərbaycan Partiyası XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitin gərgin bir dövründə siyasi arenaya gəlmişdir. Bu illər ərzində tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi nəticəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Belə lider yalnız dünya səviyyəli siyasətçi və dövlət xadimi, 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycana rəhbərlik edən, keçmiş SSR kimi nəhəg dövlətin sürətli inkişafı dövründə müttəfiq respublikalarda çox möhkəm, zamanın sınağından çıxmış rəhbərlərindən biri olan, ümumxalq sevgisinə və hörmətinə malik müdrik şəxsiyyət Heydər Əliyev ola bilərdi.
Bu səbəbdən də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar mətbuatda ona müraciət ünvanladılar. Təbii ki, bu müraciət cavabsız qalmadı və soyuq bir gecədə, şam işığında partiyanın ilk Nizamnaməsi hazırlandı. 21 noyabr 1992-ci ildə isə Azərbaycanın əksər rayonlarından cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə partiyanın təsis konfransı keçirildi və ulu öndər Heydər Əliyev YAP-ın sədri seçildi. Beləliklə, Azərbaycanın ictimai-siyasi səhnəsinə cəmiyyətdəki qüvvələr nisbətini və bundan sonra ölkədə baş verəcək hadisələrin axarını köklü və konstruktiv surətdə dəyişə bilən partiya - Yeni Azərbaycan Partiyası - xalqın partiyası meydana çıxdı.
Azərbaycan Respublikası Konstitusiyasının çərçivəsində öz Proqram və Nizamnaməsinə uyğun fəaliyyət göstərən YAP hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq, insan hüquq və azadlıqlarının təminatı, liberal dəyərlərə söykənən güclü və sosialyönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatlı rifahı uğrunda mübarizə aparan, parlament tipli sağ mərkəzçi siyasi partiya kimi fəaliyyətə başladı.
Yeni Azərbaycan Partiyası qısa bir müddətə geniş şöhrət qazanaraq cəmiyyətin bütün təbəqə və kateqoriyalarından olan sağlam qüvvələri öz ətrafında birləşdirə bilmiş, ümumxalq partiyası olmaq istiqamətində uğurlu addımlar atmışdı.
1993-cü ildə YAP-ın Sədri ulu öndər Heydər Əliyevin Prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında mövqeyini möhkəmləndirmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 1995-ci və ondan sonrakı illərdə keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamını bir daha təsdiq etmiş, cəmiyyətdəki nüfuzunu və təsir gücünü daha da artırmışdır. 1999-cu ildə respublikada keçirilən ilk bələdiyyə seçkiləri də YAP-ın inamlı zəfəri ilə başa çatmış, partiyanın yerlərdəki nüfuzundan xəbər verən ən obyektiv göstərici rolunu oynamışdır.
YAP haqqında danışarkən, ilk növbədə, ümummilli lider Heydər Əliyev yada düşür, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri anılır və yüksək qiymətləndirilir. XX əsrin 90-cı illərinin əvvəllərindəki ictimai-siyasi vəziyyətin şərtləndirdiyi obyektiv zərurətdən yaranmış Yeni Azərbaycan Partiyasının 25 illik tarixi, əslində, müstəqil Azərbaycan dövlətinin tarixini əks etdirir. Bu partiya ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt əsasında Azərbaycanın inkişafına kömək edən mütəşəkkil siyasi təşkilatdır. Eyni zamanda, YAP-ın yaranması Heydər Əliyev fenomeninin bütün xalq tərəfindən birmənalı və qətiyyətli etirafı demək idi. Bu siyasi təşkilatın yaranması bir tərəfdən tarixi zərurət idisə, digər tərəfdən Heydər Əliyev müdrikliyinin, gücünün, şəxsiyyətinin məhsuludur.
Müstəqil Azərbaycan dövlətinin başının üstünü almış təhlükələrin ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında aradan qaldırılmasında, xaos və özbaşınalığın birdəfəlik ləğv edilməsində, ictimai-siyasi sabitliyin bərqərar olmasında, bazar iqtisadiyyatı əsasında neft strategiyasının işlənib hazırlanmasında və reallaşdırılmasında partiya fəallarının da xüsusi xidmətləri olmuşdur.
Məşhur filosof Əbu Turxan qeyd edirdi ki, “Böyük şəxsiyyətlər tarixin sütunlarıdır. Onlar nə qədər möhkəm və davamlı olsa, bəşəriyyətin inkişafı da bir o qədər dayanıqlı olar”. Ulu öndər Heydər Əliyev belə şəxsiyyətlərdən idi. Onun Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri vardır. Bunlardan biri də uğurlu neft strategiyasının işlənib hazırlanması və reallaşması oldu. Onun gərgin əməyi və əzmkarlığı sayəsində “Əsrin müqaviləsi” imzalandı, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri tikilib istifadəyə verildi. 1999-cu ilin noyabr ayında İstanbulda ATƏT-in Zirvə Sammitində bu kəmər vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən Xəzər dənizindən çıxarılan xam neftin nəqli haqqında saziş imzalandı. Bu layihə reallaşandan sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin layihəsi reallaşmağa başlanıldı. Ulu öndər Heydər Əliyevin uğurlu neft strategiyasının reallaşması nəticəsində Azərbaycan güclü və dinamik inkişaf edən, özünün enerji tələbatını tam ödəyən və heç bir ölkədən asılı olmayan bir ölkəyə çevrilmişdir. İqtisadiyyatı güclü olan dövlət isə hər şeyə qadirdir.
Bu gün cənab Prezident İlham Əliyev müstəqil dövlətçilik tarixinin yeni mərhələsində Azərbaycanı Heydər Əliyev ideyaları əsasında idarə etməklə, həm də bu ideyaları müasir dövrün tələblərinə uyğun surətdə inkişaf etdirir. Bu siyasət bu gün də cənab İlham Əliyevin qətiyyətli addımları sayəsində bütün bəşəriyyəti narahat edən enerji təhlükəsizliyi problemini nəinki tamamilə aradan qaldırmış, eyni zamanda, özünün zəngin enerji ehtiyatları ilə Avropa regionunun enerji təhlükəsizliyinin başlıca təminatçısına çevrilmişdir. Bu günlərdə -yəni 14 sentyabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş yeni Saziş” imzalandı. Yeni Sazişlə - XXI əsrin müqaviləsi ilə Azərbaycan Avrasiya məkanında malik olduğu əlahiddə iqtisadi və geosiyasi mövqeyinin azı daha 30 il davamlılığını təmin etdi. Həmçinin böyük neft-qaz ixracatçısı kimi gələcək inkişafın yeni etibarlı bünövrəsini formalaşdırdı.
Möhtərəm Prezidentimiz İlham Əliyevin gərgin və fədakar əməyinin bəhrəsi olan Sazişin iqtisadi töhfəsi misilsizdir:
* Azərbaycanın növbəti intibah mərhələsi başlayır;
* Qlobal fəsad və böhranlardan uğurla qorunan ölkəmiz artıq daha geniş “təhlükəsizlik kəməri” əldə edir;
* xarici sərmayədarlar tərəfindən bonus, yəni təşəkkür-mükafat olaraq 3,6 milyard dollar (6 milyard manatdan artıq) büdcəmizə ödənilir;
* yeni kontraktda SOCAR-ın payı 2,5 dəfə artırılaraq 25 faizə çatdırılır;
* Azərbaycana çatan mənfəət neftinin həcmi 75 faizə yüksəldilir;
* indiyədək 436 milyon ton neft hasilatından 125 milyard dollar əldə edən Azərbaycanın qarşıdakı illərdə hasil ediləcək 500 milyon tondan artıq neftdən, - payının artırılması da nəzərə alınmaqla, - 200 milyard dollara yaxın vəsait qazanacağı gözlənilir;
* indiyədək bu yataqlara 33 milyard dollar sərmayə qoyulubsa, bundan sonrakı dövrdə daha 40 milyard dollar investisiya yatırılması planlaşdırılır;
* on minlərlə yeni iş yerinin açılacağı nəzərdə tutulur;
* sosial rifahın daha da yüksəldilməsi üçün əlavə maliyyə rıçaqları meydana çıxır;
* qeyri-neft sektorunun, xüsusən də aqrar sahənin inkişafında “böyük dalğa” başlayacağı və bu istiqamətə dövlət dəstəyinin həcminin daha da artırılacağı proqnozlaşdırılır;
Beləliklə, iqtisadi islahatlar kursunun, modernləşmənin yeni keyfiyyət mərhələsi başlayır...
Prezident İlham Əliyevin “daha əlverişli, daha üstün, daha genişmiqyaslı” hesab etdiyi yeni kontraktın siyasi əhəmiyyəti böyükdür, həmçinin ölkəmizin beynəlxalq mövqeyinin yüksəldilməsində əvəzsiz töhfələri indidən aydın görünür:
* Azərbaycanın 2050-ci ilədək dünya neft bazarında, yeni enerji xəritəsinin müəyyənləşməsində, Avropanın enerji təhlükəsizliyinin təminatında əsas söz sahiblərindən biri olma statusu davam edəcək;
* neft, eləcə də qaz kəmərlərinin gərəkliyi daha da yüksələcək, rentabelliyi artacaq;
* XX əsrin müqaviləsi nəticəsində Cənubi Qafqazın liderinə çevrilən Azərbaycan daha əlverişli olan XXI əsrin müqaviləsi ilə artıq Şərqi Avropa, MDB, həmçinin Qərbi Asiya məkanının aparıcı iqtisadi-siyasi güclərindən biri kimi çıxış edəcək;
* Ermənistanın iqtisadi-sosial iflasının, siyasi təcridinin yeganə səbəbkarı olan Azərbaycan iqtidarı bu qətiyyətli mücadiləsinin məntiqi sonluqla başa çatdırılması - Dağlıq Qarabağın işğaldan azad olunması üçün əlavə mənbələr əldə edəcək;
* maddi-texniki təchizatına, hərbi hazırlığına görə ən yaxşılar sırasında olan Azərbaycan Ordusunun qüdrətlənməsi prosesi tam gücü ilə davam edəcək;
* müstəqil siyasətə qarşı yönələn beynəlxalq təhdidlərin zərərsizləşdirilməsi, heç bir fövqəlgüclə hesablaşmamaq kursunun davamı üçün daha etibarlı zəmin qazanılacaq;
* Azərbaycanın tərəfdaşlarının, strateji müttəfiqlərinin sayı artacaq və Avratlantik məkana inteqrasiya siyasətinin intensivliyi təmin ediləcək;
* iqtisadi-sosial yüksəlişin yeni dalğası ölkədə demokratikləşmə, qanunçuluğun möhkəmləndirilməsi prosesinə yeni impuls verəcək.
Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər.
Siyasi sabitliyin bərqərar olduğu Azərbaycanda təkcə 2017-ci il ərzində bir neçə beynəlxalq səviyyəli forum və konfranslar keçirilmişdir. Bunlardan IV İslam Həmrəyliyi Oyunları Bakı Beynəlxalq İqtisadi Forumunu, Qəbələ Forumunu, və s. göstərmək olar. İslam Həmrəyliyi Oyunlarında idmançılarımız 75 qızıl, 50 gümüş və 37 bürünc (cəmi 162) medal qazanmaqla qızıl medala görə birinci, ümumi medallara görə isə qardaş Türkiyədən sonra ikinci yeri tutmuşdur. Həmçinin Azərbaycan növbəti bir beynəlxalq tədbirə, “City Challenge-2017” GT3 kateqoriyalı avtomobil yarışına uğurlu şəkildə ev sahibliyi etdi. Bu bir idman yarışı idi, amma idman dünyada ən böyük siyasət adlandırılır. Bu baxımdan “City Challenge-2017”in Azərbaycana siyasi dividendlər də gətirdiyi şübhəsizdir. Bütün bu tədbirlərin hər biri ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir. Onların sırasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Dünya Dini Liderlər Forumunu, dörd dəfə keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarını, beş dəfə keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunu və digər mühüm tədbirləri qeyd etmək olar.
Bu günlərdə ilk dəfə olaraq futbolda “Qarabağ” komandası Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmişdir.
Hazırda bölgələr və rayonlar inkişaf baxımından heç də mərkəzdən geri qalmır. Rayonlarda quruculuq, abadlıq işləri vüsət alıb, yeni iş yerləri açılır, yollar çəkilir, yeni qəsəbələr salınır. Hər il dövlət hesabına yüzlərlə tələbə dünyanın ən qabaqcıl universitetlərində təhsil alır. Torpaqlarımızın işğaldan azad olunması üçün güclü ordumuz formalaşır. Bütün bunların hamısı Azərbaycanda gedən dinamik iqtisadi inkişafın nəticəsində olmuşdur. Bu işlərin görülməsində YAP-ın müstəsna və xüsusi rolu vardır. Yeni Azərbaycan Partiyası bu vəzifələrin həyata keçirilməsini özünün siyasi strategiyasının əsas məqsədi hesab edir. Yeni Azərbaycan Partiyasının Nizamnaməsində qeyd olunur ki, Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında - Azərbaycanda hüquqi dövlət, sivil vətəndaş cəmiyyəti, sabit və sosial yönümlü iqtisadiyyat, azərbaycançılığı ehtiva edən milli birlik yaratmaq məqsədilə birgə fəaliyyət göstərən vətəndaşların birləşdiyi parlament tipli siyasi partiyadır.
Partiyanın ali məqsədi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosial yönümlü iqtisadiyyatın yaradılması, irqindən, milliyyətindən, sosial mənşəyindən, dilindən və dinindən asılı olmayaraq şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, möhkəm əmin-amanlıq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması və insanların müstəqil dövlətçilik ətrafında birləşdirilməsindən ibarətdir.
Sədaqətlə xəyanət insanın qanındadır. Çox təəssüf ki, bu gün də canında xəyanət qanı axan bəzi insanlarımız var. YAP cənab Prezidentə həmişə siyasi dəstək olub və olacaqdır. Siyasi sabitlik olan yerdə isə iqtisadi tərəqqi mövcuddur. Çox gözəl bir deyim var: Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şey deyildir. Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə durmasın. Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır. Kim ki, biliyindən, bacarığından artıq iddialar edir o, həmişə sonda məğlub olur. Əgər 1990-cı ildə Heydər Əliyev siyasi hakimiyyətə gəlsəydi bizim heç bir qarış torpağımız da işğal olunmazdı. Bunu tarix sübut etdi. Biz YAP-çılar Heydər Əliyev siyasətinə sadiq olaraq bəşəriyyətin qlobal inteqrasiyasına, demokratik dünya dövlətlərinin birliyinə istiqamətlənən yoluna rasional yanaşmağa çalışmalı, milli demokratiyanı dərinləşdirməklə ölkəmizi öz müstəqil siyasəti, böyük mədəniyyəti ilə dünya inkişafının avanqard sıralarına çıxarmaq üçün daha çox səy göstərməliyik. Bu müqəddəs missiyanın layiqincə həyata keçirilməsi üçün Heydər Əliyev siyasətinin dönməz davamçısı YAP-ın Sədri Prezident İlham Əliyevin ətrafında sıx birləşmək, Ulu Öndərin müasirlik və demokratiya ideyalarının tam qələbəsinin zəmanətidir. Yeni Azərbaycan Partiyasının tarixi - müstəqil Azərbaycanın tarixidir və ya müstəqil Azərbaycanın tarixi elə YAP-ın tarixidir. Son prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin xalqın böyük hissəsinin 3.145.386 səsini yəni 84.72% alaraq yenidən Prezident seçilməsi bir yandan Heydər Əliyev ideyalarının, ikinci tərəfdən dövlətimizin başçısı İlham Əliyevin özünün və həyata keçirdiyi siyasətin alternativsizliyinin göstəricisidir. Bu sözləri, bütövlükdə, YAP-a da şamil etmək olar. Çünki həm cənab İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi YAP-ın 2001-ci ilin noyabrında keçirilən II qurultayında qəbul olunmuş bir qərar idi, həm də partiya cənab İlham Əliyevin təbliğatında yaxından iştirak edib. Bütün bunlar partiyanın 25 illik tarixinin şərəfli və qürur hissi yaradan məqamlarıdır. YAP-ın ideyalarının əksəriyyəti bu gün gerçəkləşib. Amma bizim məqsədimiz odur ki, Azərbaycan daha da inkişaf etsin. Biz əminik ki, YAP Azərbaycanda uzun illər Heydər Əliyev siyasətini təmin edən güc mərkəzi rolunu və missiyasını şərəf və ləyaqətlə həyata keçirəcək. Bir sözlə, biz YAP-ın üzvləri ulu öndər Heydər Əliyevin “bu günün, sabahın və gələcəyin partiyası” adlandırdığı Yeni Azərbaycan Partiyasının sıralarında olmaqdan fəxr və iftixar hissi keçiririk. İnstitutumuz daim bu işlərin reallaşmasında sədaqətlə çalışır. Çünki bu partiyada olmaqla ölkəmizin daha firavan, dövlətimizin daha qüdrətli, gəncliyimizin isə daha xoşbəxt gələcəyinə xidmət edirik.Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ilə əlaqədar hər bir partiya üzvümüzü təbrik edirəm və gələcək siyasi fəaliyyətində uğurlar arzu edirəm.
Xıdır İbrahimov,
YAP Yasamal rayon
“H.Zərdabi-88a” ərazi ilk
partiya təşkilatının sədri
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır