10 oktyabr 2017 15:34
1928

Avropa Şurası Azərbaycana lazımdırmı?

Avropa Şurasındakı antiazərbaycan davranışlar indi cəmiyyətdə bu sualı aktuallaşdırıb

Təəssüflə vurğulamaq lazımdır ki, Azərbaycanın iqtisadi-siyasi qüdrəti artdıqca ölkəmizə qarşı təzyiqlər də artan xətlə davam edir. Bəzən bu təzyiqlər müxtəlif media qurumlarında qarayaxma kampaniyaları səviyyəsində, siyasi bəyanatlar formasında təzahür edir. Bəzən isə müxtəlif beynəlxalq qurumların rəsmi təmsilçiləri tərəfindən belə siyasi təhdid formasında ortaya çıxır.

Azərbaycana münasibətdə ikili standartlarla yanaşılması hallarını illərdir ki, müşahidə edirik. Bu, istər BMT, istər Avropa İttifaqı (Aİ), istər Avropa Şurası (AŞ), istərsə də ayrı-ayrı Qərb dövlətləri səviyyəsində vaxtaşırı baş verir. Belə yanaşmanın mahiyyətində dayanan başlıca niyyət şübhəsiz ki, ölkəmizə qarşı təzyiqlər göstərmək və müəyyən siyasi məqsədlərə nail olmaqdır.

Ölkəmiz yenidən belə bir kampaniya ilə üz-üzə gəlib. 16 ildən çoxdur ki, üzvü olduğumuz Avropa Şurası yenidən Azərbaycana qarşı ikili münasibət sərgiləməyə başlayıb. Həm də bu dəfə daha çox təhdid və təzyiq formasında. Müstəqillik illərində Azərbaycan insan hüquqları və demokratik prinsiplərin inkişaf etdirilməsi sahəsində inamla irəliləyir. Belə bir şəraitdə AŞ-da Azərbaycana qarşı guya insan haqlarının pozulması və Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməməsi bəhanə edilərək tənqidlərin səsləndirilməsi qəbuledilməzdir.

AŞ təmsilçilərinin Azərbaycana qarşı haqsız davranışları haqlı olaraq cəmiyyətdə müxtəlif suallar yaradır: Avropa Şurasına üzv olmaq Azərbaycana lazımdırmı? Ölkəmiz Avropa Şurasının üzvlüyündən imtina edərsə uduzan tərəf kim olacaq?

Burada bir haşiyə çıxaraq xatırladaq ki, 1949-cu ildə təsis olunan Avropa Şurasının 50-yə yaxın üzvü var. Azərbaycanla qurum arasında əməkdaşlığın əsası 1992-ci ilin yanvar ayından qoyulub. Uzun sürən qarşılıqlı müzakirələrdən sonra 17 yanvar 2001-ci ildə ölkəmiz Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında quruma tamhüquqlu üzv qəbul edilmişdir. Əlbəttə, bundan sonra Azərbaycanın Avropa İttifaqı və AŞ ilə əlaqələri xeyli inkişaf etmiş, yeni müstəqilliyini qazanan dövlət kimi ölkəmiz demokratik təsisatların inkişaf etdirilməsində və demokratik inkişaf yolunda əzmini hər zaman nümayiş etdirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edərkən dövlətimizlə Avropa qurumları arasında əməkdaşlıq əlaqələrinin əhəmiyyətini yüksək qiymətləndirib. Prezident qeyd edib ki, Azərbaycan müxtəlif sahələr üzrə Avropa İttifaqı və digər qurumlarla sıx əməkdaşlıq əlaqələrinə malikdir. Xüsusilə enerji sahəsində bu əməkdaşlıq strateji xarakter daşıyır. Azərbaycan gələcəkdə Avropanın təbii qazla təmin edilməsində əsas rol oynayan dövlətlərdən biri olacaq. Eləcə də hazırda dünyanın diqqət mərkəzində olan “Cənub-Şimal” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin açar dövləti kimi ölkəmizin Avrasiya məkanında geosiyasi baxımdan əhəmiyyəti artmaqdadır.

Azərbaycan AŞ üzvü olan dövlətlərlə iqtisadi əməkdaşlığı ilə yanaşı, təşkilatla siyasi, demokratik dəyərlər və insan haqları müstəvisində də yaxından əməkdaşlıq edib. Vurğulayaq ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında hər zaman maraqlıdır və bunu prioritet hesab edir. Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir və onların çoxu ilə strateji tərəfdaşlıq formatı yaradılmışdır. Bu, Avropa İttifaqı və Azərbaycan arasında gələcək saziş üçün yaxşı zəmindir.

Lakin burada bir amili qeyd etməmək mümkün deyil. Bu faktor ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində Avropa Şurası ilə bağlı ictimai rəy müsbət deyil. Bunun da müəyyən haqlı səbəbləri mövcuddur. Məsələ burasındadır ki, bütün bu illər ərzində dövlətlərin ərazi bütövlüyünü və suveren hüquqlarını həmişə fundamental dəyər hesab edən AŞ Azərbaycanla bağlı bu dəyərlərə o qədər də sadiq qalmayıb. Təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə seyrçi münasibət sərgiləyib. Bir sıra hallarda isə işğalçı dövlətin-Ermənistanın mövqeyini müdafiə edən addımlar atıb. AŞ Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə real dəstək verməyib və buna cəmiyyətdə heç inam da yoxdur.  AŞ daim seçkilərin saxtalaşdırıldığı, siyasətçilərin qətlə yetirildiyi, terrorizmin dövlət siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistanı gizli və aşkar şəkildə himayə edib, Azərbaycan isə təcavüzə məruz qalmaqla bərabər, hər zaman haqsız hücumlarla qarşılaşıb. Hazırda Avropa Şurasının bir sıra rəsmiləri Azərbaycana qarşı yeni təhdidlər səsləndirirlər. Ölkəmizi qurumun üzvlüyündən çıxarmaqla hədələyirlər. Təbii ki, bunlar Azərbaycan cəmiyyətində neqativ reaksiyalar doğurur. Haqlı sual yaranır: Azərbaycana daim təzyiq göstərən, bir qayda olaraq təcavüzkar dövləti dəstəkləyən quruma üzvlük bizə lazımdırmı?

Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın taleyüklü məsələsidir. Dövlətimizin bütün istiqamətlərdə apardığı siyasətin qayəsini münaqişənin həlli və Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizin azad edilməsi təşkil edir. Lakin təcavüzkar ölkənin günahı ucbatından status-kvo dəyişməz olaraq qalır və heç bir beynəlxalq təşkilat, o cümlədən Ermənistanın da üzvü olduğu AŞ bu məsələdə qətiyyətli mövqeyini bildirmir. Bundan başqa, Ermənistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi erməni qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrə də əməl etmir. Bunu heç ondan tələb edən də yoxdur. Maraqlıdır ki, digər analoji məsələlərdə beynəlxalq qurumların qərar və qətnamələri dərhal icra olunduğu halda, Dağlıq Qarabağla bağlı qətnamələr 24 ildir ki, yerinə yetirilmir.

 AŞ və Avropa Komissiyasında postsovet məkanında baş verən münaqişələrə hər zaman fərqli yanaşmalar nümayiş etdirilir. Digər münaqişələrdə sanksiya və bu kimi qəti tədbirlərə əl atan Avropa Komissiyası və AŞ nədənsə Ermənistan kimi işğalçı dövlətə qarşı belə addımlar atmağı “lazım bilmir”.

Digər bir məsələni də vurğulayaq ki, hazırda AŞ-da Azərbaycana qarşı aparılan kampaniyanın əsas bəhanəsi guya Azərbaycanda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icra edilməməsidir. Hansı ki, məhz Azərbaycanda sözügedən məhkəmənin qərarları daha çox icra olunur. Statistikaya görə, Avropanın müxtəlif ölkələrində AİHM-in 10 mindən artıq qərarı icra olunmadan qalır. Bu qərarları icra etməyənlər içərisində demək olar ki, AŞ-ın bütün üzv ölkələri var. Lakin nədənsə, yalnız Azərbaycana qarşı xüsusi tələblə çıxışlar edilir. Maraqlıdır ki, Azərbaycanı konkret cinayət əməllərinə görə həbs edilən “siyasi dustaqlar”ı azad etməyə çağıran AŞ rəsmiləri üç il bundan əvvəl elə həmin məhkəmə qurumunun azərbaycanlı məcburi köçkünlərin maddi zərərin ödənilməsi ilə bağlı qaldırdıqları “Çıraqov və digərləri Ermənistana qarşı” prosesində zərərçəkənlərin xeyrinə çıxarılan qərarın icrası Ermənistan dövlətindən tələb edilmir.

2005-ci ildə AŞ-da qəbul edilən 1416 saylı qətnamə ilə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsi və işğal olunmuş ərazilərdən silahlı qüvvələrin çıxarılması tələb edilib. Lakin bu da BMT-nin sözügedən qətnamələri kimi kağız üzərində qalıb. AŞ rəhbərliyi bu qətnamələrin icra edilməsini Ermənistandan tələb etmir. 2014-cü ilin iyun ayının 23-də Avropa Şurası Parlament Assambleyasının yay yarım-sessiyasının açılışı ilə bağlı nitqində təşkilatın o zamankı rəhbəri Ann Brassör ölkələrin suverenliyi və ərazi bütövlüyünün təmin olunmasının əhəmiyyətinə dair AŞ-ın mövqeyini bir daha bəyan edib. Lakin bu da elə bəyanat olaraq qalır...

İndi yuxarıda verilən sualların cavabları Azərbaycan cəmiyyətində demək olar ki, birmənalıdır. Təcavüzkarı adı ilə çağıra bilməyən, insan hüquqlarının pozulmasına siyasi maraqları çərçivəsində, ikili standartlarla yanaşan, demokratik prinsipləri Azərbaycana qarşı təzyiq silahına çevirən bir qurumun nə dövlətimizə, nə də cəmiyyətimizə xeyri yoxdur. Belə olan halda Avropa Şurasına üzv olmaq Azərbaycana lazımdırmı?

Taleh Turqut,

“İki sahil”