Son illər dünya iqtisadiyyatında yaranan böhran və getdikcə mürəkkəbləşən beynəlxalq vəziyyət, hərbi müdaxilələr bir çox ölkələrdə makroiqtisadi sabitliyə mənfi təsir göstərib. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik müvəffəqiyyətlə qorunub saxlanılıb, qeyri-neft sektoru, bununla bərabər regionların sosial-iqtisadi inkişafı sürətlənib, əlverişli biznes və investisiya mühiti yaradılıb. Bunların nəticəsidir ki, işsizliyin və yoxsulluğun səviyyəsi minimum həddə enib, əhalinin rifahı xeyli yaxşılaşıb.
Müasir mərhələdə başlıca məqsəd rəqabətqabiliyyətliliyin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası yolu ilə ölkədə sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir.
Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda təsdiq etdiyi Dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi vacib olan vəzifələr müəyyənləşdirilib. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın tam şəkildə reallaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, hər bir regionun potensialından səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin əhəmiyyətli dərəcədə artırılması və s. vəzifələri aid etmək olar.
Prezident İlham Əliyev Azərbaycanı güclü dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, konkret icra mexanizmlərinin yaradılması istiqamətində işgüzar addımlar atır. Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanında qeyd olunduğu kimi, dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir.
Strateji yol xəritələrində nəzərdə tutulur ki, 2020-ci ilədək olan dövr üçün logistika və ticarət sahələri üzrə Azərbaycanın strateji baxışı regional tranzit yüklərin cəlb edilməsi ilə bərabər, həmin yüklər üzərində əlavə dəyərin yaradılmasına nail olmaqdır. Qarşıya qoyulan strateji məqsədlərin həyata keçirilməsi üçün aşağıdakı məsələlər nəzərdə tutulub: uzunmüddətli perspektivdə Azərbaycanın regional əhəmiyyətli logistika və ticarət qovşağına çevrilməsi məqsədilə ölkə ərazisindən keçən tranzit dəhlizlərinin rəqabətqabiliyyətli vəziyyətə gətirilməsi; Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsindəki yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonasının fəaliyyətinin təşkili və planlaşdırılan azad ticarət zonaları üçün texniki-iqtisadi əsaslandırmaların hazırlanması; ticarət həcminin artırılması və Azərbaycan iqtisadiyyatının daha da şaxələndirilməsi üçün tranzit ticarətindən daha yüksək əlavə dəyərin əldə edilməsi.
Təqdirəlayiq haldır ki, iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində konkret sahələr üzrə işlər uğurla reallaşdırılır. 2017-ci ilin altı ayı ərzində “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 6 faizinin icrası başa çatıb, qalan 45 faizinin icrası üzrə işlərə başlanılıb. Ələt Azad Ticarət Zonasının yaradılması ilə əlaqədar bir sıra investorların cəlb edilməsi istiqamətində işlər görülüb, ilkin olaraq Birləşmiş Ərəb Əmirliklərinin “DP World” şirkəti ilə danışıqlar aparılıb.
Keçən müddətdə logistika sahəsində əməliyyatların aparılması istiqamətində avtomobil yollarının və bu yollardakı körpülərin, qurğuların və suötürücü boruların ağır yüklərə qarşı etibarlılığının və marşrutlarda yük hədlərinin artırılması məqsədilə reabilitasiya layihələrinin hazırlanması üçün norma və standartlar hazırlanıb. Azərbaycanda yükdaşıma və yükaşırma xidmətlərinin təkmilləşdirilməsi istiqamətində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının müasir avadanlıqlarla təminatı məqsədilə 6 portal kranın sifarişi verilib, limanın tikintisinin ilkin baş planı üzrə ekspertlərlə birgə optimallaşdırma aparılıb və layihəyə dəyişiklik edilərək yükaşırma potensialı 10 milyon tondan 15 milyon tona çatdırılıb.
“Şimal-Cənub” Beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində 8,3 kilometr uzunluğunda Astara Azərbaycan-Astara İran yeni dəmir yolu xəttinin və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi başa çatdırılıb. Dəmir yolu körpüsündən İran ərazisində tikiləcək dəmir yolu stansiyasına və yük terminalına qədər, yəni İran İslam Respublikasının ərazisində 1,4 kilometrlik hissənin 500 metrində dəmir yolu xətti çəkilib.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət limanının ərazisinin daxil olduğu azad ticarət zonasının hüquqi rejiminin hazırlanması üzrə cəlb olunmuş beynəlxalq məsləhətçi şirkət tərəfindən “Azad zonalar haqqında” Azərbaycan Respublikası Qanununun ilkin variantı hazırlanaraq hökumətə təqdim edilib. Logistika sahəsində kadr potensialının gücləndirilməsi istiqamətində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Azərbaycan Texnologiya Universiteti arasında memorandum imzalanıb və cəmiyyət tərəfindən universitetdə logistika laboratoriyası yaradılaraq tələbələrin istifadəsinə verilib.
Bütövlükdə qarşıya qoyulmuş strateji məqsədlərə nail olunması nəticəsində Azərbaycanda 2020-ci ildə real ÜDM-in 605 milyon manat artacağı və 18900 yeni iş yerinin açılacağı planlaşdırılır. Strateji Yol Xəritəsi çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası üçün təxminən 3.160 milyon manat investisiya vəsaitinin tələb olunacağı proqnozlaşdırılır ki, bu da müvafiq texniki-iqtisadi əsaslandırmalar aparıldıqdan sonra dövlət-özəl maliyyələşdirmə mənbələri hesabına təmin ediləcək.
İqtisadi inkişaf və demokratikləşmə xəttini milli inkişafın dəyişməz formulu kimi önə çəkən dövlət başçısı İlham Əliyev respublikamızın qlobal siyasi arenada müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edib. Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın tərəqqisi, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ilə bağlı Fərman imzalaması da həmin məqsəddən irəli gəlir. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyənləşdirməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən Dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən və illik hesabat hazırlamaqdan ibarətdir.
Azərbaycanda iqtisadi sahədə əldə olunan uğurların nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi bu baxımdan diqqəti cəlb edir. “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi 12 indikatordan doqquz indikator üzrə yaxşılaşıb. Bütövlükdə infrastruktur kateqoriyasında Azərbaycan 4 pillə irəliləyərək 51-ci yerdə, konkret nəqliyyat sistemi üzrə isə 140 ölkə arasında 43-cü yerdə qərarlaşıb. Bu, mühüm göstərici hesab edilir. Onu da vurğulamaq lazımdır ki, mühüm icra göstəriciləri üzrə qiymətləndirmə illik hesabat əsasında və 2017-ci ilin sonunda qiymətləndiriləcək. Azərbaycanda iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi və qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi əldə edilən böyük nəticələrdir. Beləliklə, strateji yol xəritələrində nəzərdə tutulan vəzifələrin icrası ölkəmizi dünyanın ən inkişaf etmiş dövlətləri sırasına çıxaracaq.
Vəli İlyasov,
“İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır