“Əlbəttə, bütün bu məsələləri həll etmək üçün bizim güclü iqtisadi potensialımız olmalıdır. Biz bu potensialı yaratmışıq... Rəqəmlər mövcud iqtisadi vəziyyətimizi hər şeydən yaxşı əks etdirir.” Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bəyan edir ki, iqtisadi inkişafın əsas göstəriciləri insanların gündəlik həyatında da öz əksini tapmalıdır. Atılan bütün addımların təməlində məhz vətəndaş amili dayanır. Uğurlu sosial-iqtisadi göstəriciləri ilə dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruyan Azərbaycanda insan amilinə verilən dəyər hər zaman təqdir olunur. Bu məqamı xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdə günün əsas çağırışlarından olan yoxsulluqla mübarizə hər zaman önə çəkilmiş, ölkəmizin bu sahədəki təcrübəsi nümunə göstərilmişdir. Son 14 ildə yoxsulluq həddinin 49 faizdən 5 faizə enməsi təbii ki, təkmil sosial-iqtisadi islahatların nəticəsidir. Prezident İlham Əliyev bildirir ki, ən ucqar kəndlər də iqtisadi inkişafı öz həyat tərzində hiss etməlidir. Regionların, həmçinin Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası qarşıya qoyulan məqsədlərə stimuldur. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirən cənab İlham Əliyevin sahibkarlığın inkişafına yönələn addımları davamlılığı ilə diqqət çəkir. Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilən rəqəmlər də cari ili uğurla başa vuracağımıza böyük əsaslar yaradır. Belə ki, cari ilin doqquz ayında qeyri-neft iqtisadiyyatı 2,5 faiz artıb. Bu dövrdə qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz artıb. Valyuta ehtiyatları 42 milyard dollar səviyyəsində olub. “Biz uzunmüddətli dayanıqlı inkişaf barədə düşünürük” söyləyən cənab İlham Əliyev iqtisadi imkanlarımızın müstəqilliyimizin əsas şərtlərindən biri olduğunu xüsusi qeyd etmişdir.
Qeyri-neft sektorunun inkişafını yeni iş yerlərinin yaradılması, bölgələrin inkişafı kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev bu rəqəmi də açıqlamışdır ki, cari ilin ötən dövründə yeni iş yerlərinin yaradılması prosesi uğurla getmiş, doqquz ayda 226 min yeni iş yeri yaradılmışdır. Bu dövr ərzində ölkədə əsas infrastruktur, o cümlədən yeni yolların çəkilişi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminat, meliorasiya ilə bağlı layihələrin uğurla icra olunduğunu önə çəkən cənab İlham Əliyev bildirmişdir ki, bu kimi tədbirlərin həyata keçirilməsi regionların uğurlu inkişafına və ölkəmizin ümumi iqtisadi tərəqqisinə təkan verir. Bu ilin ötən dövründə yeni məktəblər, tibb ocaqları tikilib və əsaslı təmir edilib. İlin əvvəlindən məcburi köçkünlərin sosial məsələlərinin həlli, onların mənzillə təmin edilmələri məsələsi də diqqət mərkəzində olub. Təbii ki, bu addımlar dövlət siyasətinin əsasında insan amilinin dayanmasından xəbər verir. Ölkə Prezidenti iclasda vurğulamışdır ki, bu il sahibkarlığın inkişafı ilə bağlı güzəştli kreditlərin verilməsi prosesi davam edib.
Bir sözlə, iqtisadiyyatda keçid mərhələsini başa vuran Azərbaycan özünü tam təmin edən ölkəyə çevrilib. Dövlət proqramlarından irəli gələn vəzifələrin uğurlu icrası növbəti sənədlərin qəbuluna geniş yol açır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, irəli sürülən təşəbbüslər xalq tərəfindən dəstəklənir, onlarda böyük ruh yüksəkliyi yaradır. Dövlət proqramlarından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olmaq üçün dövlətimizin başçısının mütəmadi olaraq bölgələrdə, Bakıətrafı qəsəbələrdə olması, ictimaiyyət nümayəndələri ilə görüşərək onların problemləri ilə yaxından tanış olması və aidiyyəti qurumlara tapşırıqlarını verməsi təbii ki, insan amilinə verilən dəyərə bir daha işıq salır. Təkcə cari ilin ötən dövründə dövlətimizin başçısı İlham Əliyevin bölgələrə səfərlərinə diqqət yetirmək kifayətdir. Hər səfərdən sonra həmin bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan müəyyən məbləğdə vəsait ayrılıb. İnfrastrukturun təkmilləşdirilməsi prioritet məsələ kimi öndədir.
Təkcə bu faktı qeyd etmək kifayətdir ki, dünyada iqtisadi və maliyyə böhranının hökm sürdüyü bir vaxtda bəzi ölkələrdə sosial ödəmələr azaldıldığı halda ölkəmizdə əmək haqları və pensiyalar artırıldı. Cənab İlham Əliyevin 21 yanvar 2017-ci il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında”, həmçinin “Minimum aylıq əmək haqqının artırılması haqqında” sərəncamları məhz bu məqsədə xidmət edir. Bu Sərəncama uyğun olaraq minimum əməkhaqqı yanvarın 1-dən 116 manat müəyyən edilib. Cənab İlham Əliyev bu fikri böyük inamla qeyd edir ki, biz diqqəti xüsusən gələcək iqtisadi inkişafımıza yönəltməliyik. Görüləcək işlər, yeni infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində yoxsulluq səviyyəsi daha da aşağı düşəcək və 14 il bundan əvvəl qarşıya qoyulan vəzifə təmin ediləcək - Azərbaycanda yoxsulluq tamamilə aradan götürülməlidir: “Növbəti illərdə biz daha çox şaxələndirməyə diqqət yetirməliyik və bizim hökumətimizin diqqət yönəltdiyi sahələr müasir texnologiya və kənd təsərrüfatıdır... İqtisadiyyat əhalinin artımından daha sürətlə inkişaf etməlidir. Əks təqdirdə, müəyyən mərhələdə biz çətinliklərlə üzləşə bilərik. Bu səbəbdən islahatlar davam etməlidir. Biz heç zaman özümüzü arxayın hiss etməməliyik.”
Təkmil islahatlar fonunda yeni hədəflərin gündəmə gətirilməsi və həyata keçirilməsi istiqamətində atılan addımlar davamlı inkişafı şərtləndirir. Ölkə Prezidenti İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanı da bu məqsəddən irəli gəlir. Dövlətimizin başçısı Nazirlər Kabinetinin iclasında bu məsələyə də xüsusi diqqət yönəltmişdir: “Bu ilin doqquz ayında da ölkədə iqtisadi islahatlarla bağlı ciddi addımlar atılıb, sahibkarlara hərtərəfli şərait yaradılıb, Strateji Yol xəritələrinin inkişafı təmin edilib, investisiya təşviqi mexanizmi işə düşüb. İndiyədək 200-dən artıq investisiya təşviqi sənədi verilib ki, bunun da nəticəsində Azərbaycana özəl sektor tərəfindən 1,7 milyard manat sərmayə cəlb edilib. Bununla yanaşı, ölkədə ixracın təşviqi mexanizmi işə düşüb.” Cənab İlham Əliyevin böyük inamla söylədiyi kimi, biz artıq yenə də gözəl mənzərəni görürük. Sevindirici hal ondan ibarətdir ki, iş yerlərinin yaradılması təkcə dövlət sektorunda yox, özəl sektorda da davam edir. Cari ildə dövlət sektorunda 40 mindən çox yeni iş yerinin yaradılacağı planlaşdırılıb. Ölkə Prezidentinin qeyd etdiyi kimi, onlar artıq yaradılıb.
Beynəlxalq maliyyə qurumlarının, xüsusilə Azərbaycanı ən islahatçı ölkə kimi tanıyan Dünya Bankının “ hesabatlarında da Azərbaycanın yoxsulluqla mübarizə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar yüksək qiymətləndirilərək, əldə olunan uğurlar əsaslı şəkildə qeyd edilir. Bu ilin Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacağını söyləyən Prezident İlham Əliyev iclasda bildirmişdir ki, 140 ölkə arasında rəqabətliliyi əks etdirən Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, ölkəmiz 37-ci pillədən 35-ə qalxıb və MDB məkanında liderliyini qoruyur. Ölkə Prezidentinin vurğuladığı kimi, budur bizim işimizə verilən real və etibarlı qiymət. Biz bu yolla gedəcəyik, iqtisadi potensialımızı gücləndirəcəyik.
Uğurlarımız bir daha bu reallığı təsdiqləyir ki, inkişaf, tərəqqi, yeniləşmə, müasirləşmə, bir sözlə, davamlı inkişaf dövlət siyasətinin əsasını təşkil edir, yeni-yeni hədəflərə çatmaq üçün göstərilən səylər və əldə olunan göstəricilər ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirir.
Yeganə Əliyeva,
“İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır