08 avqust 2017 23:49
951

Azərbaycan bu gün sabitlik diyarıdır

Ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində bir daha Azərbaycanın bu günündən müstəqilliyimizin ilk illərinə nəzər salınaraq, bildirildi ki, ölkənin davamlı inkişafı idarəçilik sisteminin düzgün qurulmasından asılıdır

Azərbaycanın bu gün dünyada sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi, yeni iqtisadi və sosal çağırışların müzakirə olunduğu məkan kimi tanınması və nüfuz qazanması düzgün müəyyənləşdirilən və gələcəyə hesablanmış siyasətin nəticələridir. Ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində bu uğurlara yol açan əsas məqamlara bir daha diqqət yönəldilmişdir.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə Azərbaycanın bu günü üçün görülən işlərdən geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev tariximizin bu səhifəsini də xatırlatdı: “Müstəqilliyimizin ilk illərində isə antimilli qüvvələr - AXC-Müsavat cütlüyü ölkəmizi demək olar ki, məhvə aparırdı. Həm siyasi böhran, hərbi böhran, vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, eyni zamanda, onların səriştəsizliyi və savadsızlığı ucbatından ənənəvi kənd təsərrüfatı sahələri artıq tənəzzülə uğradı, sənaye istehsalı da həmçinin. O vaxt inflyasiya min faizlərlə ölçülürdü və ölkənin perspektivləri çox qaranlıq idi.” 26 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın uğurlarını təhlil etdikdə bu reallıq özünü qabarıq şəkildə büruzə verir ki, kompleks həyata keçirilən tədbirlərin uğurlu nəticələri bütün sahələri əhatə edib. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitliyin təmin olunması bütün istiqamətlərdə uğurlara yol açdı. Sirr deyil ki, həmin dövrdə Azərbaycanın maliyyə imkanları yox dərəcəsində idi, ən əsası dünyada çox riskli bir ölkə kimi tanınırdı. Azzərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərdə bir tərəddüd mövcud idi. Ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti nəticəsində bu tərəddüdlər aradan qalxdı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. “Əsrin kontraktı” bunun bariz nümunəsidir. Uğurlu, təkmil siyasət davamlı inkişafı stimullaşdırdı. Ulu öndərin müəllifi olduğu neft strategiyası Azərbaycana biri-birindən əhəmiyyətli uğurlar qazandırdı. Son 13 ildən artıq dövrdə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi yeni-yeni hədəflərin müəyyənləşdirilməsini təmin edir. Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar Azərbaycanın şaxələndirmə siyasətində öncüllüyünü təsdiqləyir.

Bu da ondan irəli gəlir ki, ayrı-ayrı sahələr üzrə müvafiq dövrləri əhatə edən Dövlət proqramları hazırlanır, qarşıda duran vəzifələr və həlli yolları müəyyənləşdirilir, icrası ilə bağlı müvafiq qurumlara konkret tapşırıqlar verilir. Bir proqramın nəzərdə tutulan vaxtda yüksək səviyyədə icrası növbəti illər üçün yeni sənədin hazırlanmasına yol açır ki, bu da ölkənin hərtərəfli inkişafının sürətləndirilməsində başlıca amillərdəndir. Azərbaycanın gələcəyə hesablanmış yol xəritələri bu gün beynəlxalq səviyyədə təqdir olunur.

Bu gerçəklik də inkaredilməzdir ki, gələcəyi proqnozlaşdırmadan, dövrün çağırışlarının öhdəsindən lazımi səviyyədə gəlmədən uğurlu inkişafa nail olmaq qeyri-mümkündür. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların nəticəsi olaraq, paytaxt və bölgələrdə quruculuq-abadlıq işləri geniş vüsət almış, regionlarımız sosial-iqtisadi inkişafı ilə dünyanın diqqətində olmuşdur. Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin Balakən, Zaqatala və Qax rayonlarına səfərləri, səfərdən sonra imzalanan sərəncamlar regionların inkişafının prioritet olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan bu gün Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahibdir. Azərbaycanın dinamik inkişafı, rəqabətədavamlı iqtisadiyyatını təmin edən islahatları nüfuzlu iqtisadi qurumlar və reytinq agentlikləri tərəfindən də yüksək dəyərləndirilir. Belə ki, Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan 37-ci yerdə qərarlaşıb. “Standard and Poors”, “Moodys”, “Fitch” kimi dünyanın aparıcı reytinq agentlikləri inkişaf etmiş ölkələrin reytinqlərini aşağı endirdikləri halda Azərbaycanın reytinqini davamlı şəkildə yüksəldirlər. Bu faktlar Azərbaycanın iqtisadi qüdrətinin beynəlxalq birlik, dünyanın aparıcı maliyyə institutları tərəfindən etiraf olunması və təsdiq edilməsi deməkdir.

İşsizlik, yoxsulluq problemlərinin həlli dövlətin siyasətində prioritet məsələdir. Son illərdə ölkəmizdə bir milyondan artıq yeni iş yerinin açılması düşünülmüş siyasətə əsaslanan Dövlət proqramlarının uğurlu nəticəsidir. İşsizliyin səviyyəsi 5 faizdir. Yoxsulluğun azaldılmasına xidmət edən Dövlət proqramlarının uğurlu icrası statistik rəqəmlərdən də aydın görünür. Yoxsulluğun səviyyəsi 5 faizdir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn tədbirlər davamlılığı ilə diqqət çəkir. Azərbaycanda vətəndaşların əmək haqlarının artırılmasına davamlı proses kimi diqqət yetirilməsi, beynəlxalq standartlara əsaslanan pensiya-sığorta sisteminin tətbiqi ilə ölkə əhalisinin rifah halı yüksəlib. Ünvanlı sosial yardım proqramı icra edilir. Ölkə Prezidenti müşavirədə bildirmişdir: “Hazırda Azərbaycanda işsizlik kimi bir çox ölkələri incidən, boğan sosial amil yoxdur. İşsizlik 5 faiz səviyyəsindədir. Bu gün işləmək istəyən özü üçün iş tapa bilər. Son iki il ərzində xüsusilə kənd təsərrüfatı, sənaye sahəsində çox böyük işlərin görüldüyünü nəzərə alsaq, Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək. Biz xalqımızı, dövlətimizi bu böyük bəladan qurtara bildik.”

Uğurlarımız növbəti mərhələdə nəzərdə tutulmuş milli hədəflərin reallaşdırılması üçün yeni konsepsiya və strategiyanın hazırlanmasını, fundamental inkişaf istiqamətlərinin müəyyənləşdirilməsini, hadisələrə konseptual yanaşmanı siyasi zərurət kimi qarşıya qoyur. Bu baxımdan  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, eyni zamanda “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərman xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı bildirir: “Bizim ümumi məqsədimiz ondan ibarətdir ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər.” 2013-2023-cü illəri əhatə edən bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilməsi, qeyri-neft sektorunun hərtərəfli inkişafı sayəsində 3 dəfə artan ümumi daxili məhsulun daha 2 dəfə artırılması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu və s. qarşıya qoyulan hədəflərdir.

Təbii ki, qeyd etdiklərimiz uğurlarımızın çox az bir hissəsidir. Dövlətimizin başçısı İlham Əliyevin müşavirədə vurğuladığı kimi, o ki qaldı, ümumi iqtisadi inkişaf perspektivlərimizə, bunu yüksək qiymətləndirirəm. Azərbaycan iqtisadiyyatı inkişaf edir. İqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulması dünyanı bürüyən maliyyə və iqtisadi böhrandan uğurla çıxmağımıza stimul verir. Bir əsas məqamı da xüsusi qeyd etməliyik ki, ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə hər ilin konkret bir sahənin adı ilə bağlanması hərtərəfli inkişafa təsir göstərən mühüm addımlardandır. “Sənaye ili”, “Kənd təsərrüfatı ili” çərçivələrində görülən işlər bugünkü hədəflərə əsas yaradır. Müşavirədə də qeyd edildiyi kimi, ölkəmizdə davamlı inkişafın təmin edilməsi üçün bütün imkanlar mövcuddur. Bu sadalananlar fonunda bu günümüzü müstəqilliyimizin ilk illəri ilə müqayisə etdikdə belə bir həqiqəti təsdiqləmiş oluruq ki, ölkənin davamlı inkişafında idarəçilik sisteminin düzgün qurulması əsasdır.

Yeganə Əliyeva, “İki sahil”