Prezident İlham Əliyevin bu günlərdə Balakən, Zaqatala və Qax rayonlarına səfəri ölkə başçısının regionların sosial-iqtisadi inkişafı ilə bağlı verdiyi tapşırıqların icrasına birbaşa nəzarəti kimi də xarakterizə etmək olar. Bu məqsədlə dövlətimizin başçısının Balakən rayonunun elektrik enerjisinə tələbatının 15 faizini ödəyəcək, ümumi gücü 1,5 meqavat olan su elektrik stansiyasının, Zaqatalada “Bəhmətli” elektrik yarımstansiyasının, Qaxda 110/35/10 kV-luq yeni elektrik yarımstansiyasının istifadəyə verilməsi mərasimlərində iştirakı regionların elektrik enerjisi ilə təminatının daha da yaxşılaşdırılması istiqamətindəki tapşırıqların öz həllini tapmasının real göstəricisidir.
Xatırlatmaq yerinə düşər ki, hələ bu ilin əvvəlində Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda əhalinin enerji təminatı ilə bağlı müvafiq tapşırıqlarını vermişdi. Dövlətimizin başçısı xüsusilə də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə bütün bölgələrdə elektrik təsərrüfatının təkmilləşdirilməsi, yeni xətlərin çəkilməsi, bütün regionların dayanıqlı enerji ilə təmin edilməsi üçün əlavə tədbirlər görməyi tapşırmış, yeni yarımstansiyaların, transformatorların quraşdırılmasının vacibliyini diqqətə çatdırmışdı.
Ölkə başçısı regiona səfəri çərçivəsində, həmçinin istehsal sahələri ilə də maraqlanıb. Prezident İlham Əliyevə Zaqatala rayonunda “Azərtütün” MMC-nin fəaliyyəti ilə yanaşı, “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi, Qax rayonunda Lələpaşa kəndinin sakini Allahverdi Şirinovun fındıqçılıq təsərrüfatı, eyni zamanda rayon ərazisində yerləşən tütün qəbulu məntəqəsində yaradılan şərait barədə məlumat verilib. Qeyd olunub ki, burada yaradılmış istehsal sahələri ənənəvi kənd təsərrüfatı sahələri olmaqla bərabər, həm də geniş potensiala malikdir. Söhbət, həmçinin ondan gedir ki, bu istehsal sahələri eyni zamanda regionlarda əhalinin işlə təmin olunması, ixrac imkanlarının daha da artırılması deməkdir. Təkcə Zaqatala rayonunda ilkin mərhələdə 125 litr qızılgül və 3 min litr lavanda yağının istehsalı nəzərdə tutulur ki, ötən il dünya bazarında 1 litr qızılgül yağının qiyməti 10-12 min avro, lavanda yağının qiyməti isə 100-130 avro təşkil edib. Dünya üzrə ildə 3 ton qızılgül yağı istehsal olunur ki, bunun da 50 faizi Türkiyənin, 40 faizi Bolqarıstanın, 10 faizi isə digər ölkələrin payına düşür. Bu isə o deməkdir ki, Azərbaycanda ilkin mərhələdə istehsal olunacaq qızılgül yağı dünya üzrə istehsalın 5 faizini təşkil edəcək, yerli və xarici bazarlarda asanlıqla öz yerini tapa biləcək. Gələcəkdə isə həmin yağlardan istifadə etməklə ölkəmizdə müxtəlif ətriyyat, yuyucu, məişət və qida sənayesində istifadə olunan məhsulların istehsalı nəzərdə tutulur.
Fındıq istehsalına gəldikdə isə respublikamızda ildə təqribən 35 min ton fındıq istehsal olunur və onun 90 faizi xarici ölkələrə ixrac edilir. Təsadüfi deyil ki, 2016-cı ildə Azərbaycandan 25 ölkəyə 100 milyon dollardan çox məbləğdə fındıq ixrac olunub. Bu sahə Azərbaycana ən çox valyuta gətirən kənd təsərrüfatı sahələri içərisində liderdir.
Tütün dünya üzrə istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir faizini təşkil etsə də, ən gəlirli sahələr arasında yer alır. Bu sahədən dünya bazarları ildə 1 trilyon dollara yaxın qazanc əldə edir. Bu baxımdan ölkəmizdə də ənənəvi kənd təsərrüfatı sahələrindən biri olan tütünçülüyün inkişafı üçün həm böyük təcrübə, həm keçmiş strukturdan qalma mütəxəssis bazası, emal fabrikləri, ucuz və yerli xammal əldə etmək və nəhayət, daxili və xarici bazara çıxış imkanları genişdir.
Bundan əlavə, Prezident İlham Əliyev Balakən rayonunda “ABAD Mərkəz”in açılışında da iştirak edib. Ümumiyyətlə, son illərdə ölkəmizdə kiçik ailə biznesinin və təsərrüfatlarının inkişafını təşviq etmək və regional inkişafa töhfə vermək məqsədilə icra olunan layihələrə nəzər saldıqda onların arasında “ABAD” layihəsinin də xüsusi yeri olduğunu görə bilərik. Eyni zamanda, qeyri-kommersiya və sosialyönümlü qurum olan “ABAD” yeganə ictimai təşkilatdır ki, ailə təsərrüfatının “ideyadan rəflərə” daşınmasına kömək etməklə istehsalın planlaşdırılmasından məhsulların satışına qədər olan bütün biznes prosesinin idarə edilməsini həyata keçirir. Nəticə etibarilə ailələrin öz bizneslərini qurmaq üçün ictimai və özəl qurumlarla birbaşa qarşılıqlı əlaqə saxlamasına ehtiyac yaranmır. Bu funksiya “ABAD” tərəfindən həyata keçirilir. Etiraf etmək lazımdır ki, hazırda ölkəmizin müxtəlif regionlarında həm ölkə daxilində tələbatı ödəmək, həm də ixrac potensialı mövcud olan istehsalçılar olsa da, məhz digər təşkilati məsələlər səbəbindən onların öz bizneslərini qurmaq imkanları məhdudlaşır. Lakin Masallı rayonundan sonra Balakəndə də “ABAD Mərkəz”in açılışı bu məsələlərin həll edilməsinə şərait yaradacaq.
Ölkə başçısı regiona səfəri çərçivəsində, eyni zamanda, bir neçə sosial, nəqliyyat infrastrukturu layihələrinin açılışında da iştirak edib ki, bu da əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan addımların bariz nümunəsidir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin Balakən, Zaqatala, Qax rayonlarına səfərinin yekunu onu deməyə əsas verir ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir və həyata keçirildiyi illər ərzində xüsusilə də şimal-qərb zonasının sosial, infrastruktur, energetika, nəqliyyat, kənd təsərrüfatı, emal və digər sənaye sahələrinin inkişafında əsaslı rol oynayıb. Bu isə ölkəmizdə qeyri-neft sektorunun inkişafına, ixracın artırılmasına, idxalın azalmasına, yeni iş yerlərinin açılmasına təkan verir.
Ceyhun Piriyev, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır