07 avqust 2017 14:38
717

Bölgələrdə bütün infrastruktur layihələri icra edilib

Qaxda Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində bir daha qeyd olundu ki, Azərbaycan sürətli inkişaf dövrünü yaşayır

“Mən ilin əvvəlində demişdim ki, 2017-ci il iqtisadi inkişaf ili olmalıdır. Belə də oldu”  söyləyən dövlətimizin başçısı İlham Əliyev bunu belə əsaslandırır: “Düzdür, biz hələ gələcək aylarda fəal işləməliyik, işləyəcəyik. Ancaq artıq əldə edilmiş nəticələr deməyə əsas verir ki, bu il inkişaf ili olacaqdır. Keçən il iqtisadi, maliyyə sabitləşməsi ili olmuşdur. Bu il isə inkişaf ili olacaq. Əminəm ki, bundan sonrakı illərdə də Azərbaycan öz iqtisadi potensialını daha da gücləndirəcək.”

Daim vurğulandığı kimi, buna əsas yaradan təbii ki, dövlətin məqsədyönlü və düşünülmüş siyasətidir. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasından sonra, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanın imzalanması bir daha bu həqiqəti ortaya qoyur ki, davamlı inkişaf dövlətin həyata keçirdiyi siyasətin ana xəttini təşkil edir. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurları göz önündədir. Enerji amilindən asılılıq minimuma enib. Bir sözlə, ölkə Prezidenti İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirək” tezisi artıq reallıqdır. Sahibkarlığın inkişafı istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir. Əhalinin özünüməşğulluğunun təmin edilməsi də bu tərkibdəndir. Dövlətimizin başçısı İlham Əliyev Balakənə səfəri çərçivəsində “ABAD Mərkəz”in açılışında bu kimi məsələlərə xüsusi diqqət yönəltmişdir. “ABAD”ın yaradılma məqsədini açıqlayan cənab İlham Əliyev atılan bu kimi addımların əsasında vətəndaş amilinin dayandığını diqqətə çatdırmışdır. Bu fikir xüsusi qeyd edilmişdir ki,  qeyri-kommersiya sosialyönümlü qurum olan “ABAD”  yeganə ictimai təşkilatdır ki, ailə təsərrüfatının “ideyadan rəflərə” daşınmasına kömək edir.    

Göründüyü kimi, ölkənin hərtərəfli inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələdir və bu yönümdə biri-birindən əhəmiyyətli addımlar atılır. Regional inkişaf proqramlarının icrası da bu məqsədə xidmət edir. Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə  Balakən, Zaqatala və  Qax rayonlarına səfəri də mühüm sosial  obyektlərin açılışı ilə yadda qaldı. Cənab İlham Əliyev hər çıxışında bildirmişdir ki, həyata keçirilən siyasətin əsasında insan amili dayanır. Sosial məsələlərin həlli əsasdır. Bunlar da təbii ki, ölkənin iqtisadi imkanlarına əsaslanır.

Bir məqamı da xüsusi qeyd etməliyik ki, Nazirlər Kabinetinin iclasları əldə olunan uğurların əsasında yeni-yeni vəzifələrin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır.  Cənab İlham Əliyev hər bir iclasda konkret sahənin inkişafını qarşıya mühüm vəzifə qoyur və bununla bağlı tapşırıqlarını verir.  Qaxda Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi də bu baxımdan xüsusi önəm daşıyır.  Balakən, Zaqatala və Qax səfərlərinə diqqət yönəldən cənab İlham Əliyev bildirmişdir: “Nəinki bu üç rayonda, bütün şimal-qərb zonasında çox sürətli inkişaf gedir. Bu zonaya həm dövlət, həm özəl sektor tərəfindən çox böyük investisiyalar qoyulur. Ancaq əlbəttə ki, burada əsas investisiya qoyuluşunun payı dövlətin üzərinə düşür. Son illərdə bu bölgəyə yolların, elektrik stansiyalarının tikintisi, qazlaşdırma, su təchizatı, suvarma məsələləri, sosial obyektlərin inşası ilə bağlı Azərbaycan büdcəsi hesabına çox böyük investisiyalar qoyulubdur. Məktəblər, xəstəxanalar, sosial obyektlər, idman kompleksləri, turizm obyektləri - bir sözlə, bu gün ölkəmizin şimal-qərb zonası öz sürətli inkişaf dövrünü yaşayır, perspektivləri də çox müsbətdir. Əminəm ki, verilən tapşırıqların yerinə yetirilməsi nəticəsində gələcək illərdə bu müsbət dinamika daha da güclənəcəkdir.” Bu fikir xüsusi vurğulanmışdır ki, bölgələrdə bütün  infrastruktur layihələri icra edilib və Azərbaycan sürətli inkişaf dövrünü yaşayır.  30-a yaxın yeni elektrik stansiyasının tikilməsi sayəsində  bu gün Azərbaycan özünü elektrik enerjisi ilə təmin edir və xaricə də elektrik enerjisi ixrac edir. Qazlaşdırma Azərbaycanda hazırda 93 faiz  səviyyəsindədir. 2004-cü ildən bu günədək 11 min kilometr yeni yollar - həm magistral, həm də kənd yolları salınmışdır, böyük meliorasiya layihələri icra edilmiş, Taxtakörpü, Şəmkirçay su anbarları, digər dəryaçalar yaradılmış, kanallar çəkilmişdir.

Azərbaycanın 26 ilə yaxın müstəqillik tarixində qazandığı uğurlara bir daha diqqət yönəldən cənab İlham Əliyev bildirdi ki,  neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı son illərin prioritet məsələsidir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqamlarının  uğurlu icrası bu məqsədlərin gerçəkləşməsinə yol açır:a edilir: “Bütövlükdə 2004-cü ildən bu günə qədər 1 milyon yarım iş yeri açılmışdır ki, bunun böyük əksəriyyəti daimi iş yeridir. Demək olar ki, hazırda Azərbaycanda işsizlik kimi bir çox ölkələri incidən, boğan sosial amil yoxdur. İşsizlik 5 faiz səviyyəsindədir. Bu gün işləmək istəyən özü üçün iş tapa bilər. Son iki il ərzində xüsusilə kənd təsərrüfatı, sənaye sahələrində çox böyük işlərin görüldüyünü nəzərə alsaq, Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək. Biz xalqımızı, dövlətimizi bu böyük bəlalardan qurtara bildik.”

Dövlətimizin başçısı İlham Əliyev  bu reallığı hər zaman diqqətə çatdırır ki, milyardlarla ölçülən xarici sərmayələrin cəlb edilməsi və Azərbaycana məxsus neft yataqlarının işlənməsi uğurlu inkişaf üçün əhəmiyyətli ilkin şərait yaratdı.  Neft satışından əldə olunan vəsait infrastruktur və sosial layihələrə, insan kapitalının inkişafına yönəldilmiş və biz bunun nəticəsində ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olmuşuq. Sərmayələr və beynəlxalq əməkdaşlıq olmasaydı, 1990-cı illərin ortalarında bunların heç birini etmək mümkün olmazdı.  1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycana inamı artırmaqla yanaşı investisiya axınını daha da sürətləndirdi. Ölkə iqtisadiyyatına qoyulan sərmayələrin  həcmi 200 milyard dollara yaxındır.  Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Dövlətimizin başçısı bildirir:  “Bu gün sərmayə qoyuluşu demək olar ki, bütün ölkələrdə azalır. Çünki maliyyə sıxıntıları, problemlər var. Amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Nəyə görə? Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Sabit olan ölkələrin sayı kəskin azalır. Ona görə əminəm ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək.”

Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü  olduğu layihələrin uğurlu icrası sərmayələrin həcminin artmasında stimulverici amil rolunu oynayır. Beynəlxalq Valyuta Fondunun bir neçə il bundan öncə irəli sürdüyü proqnoza əsasən enerji layihələrinin uğurlu icrasından yaxın illərdə  dövlət büdcəsinə 200-250 milyard dollar vəsait daxil olacaq.  Bu gün dünya miqyasında perspektivi geniş təhlil olunan  “Cənub” Qaz Dəhlizinin həyata keçirilməsindən sərmayələrdə olacaq artım daha çox vurğulanır.

2013-2023-cü illərdə ÜDM-i iki dəfə artırmağı qarşıya mühüm vəzifə qoyduğumuzu önə çəkən  Prezident İlham Əliyev buna nail olmaq üçün yeni müəssisələrin istifadəyə verilməsini iqtisadi inkişaf, yeni iş yerlərinin açılması, yoxsulluq səviyyəsinin 5 faizdən  də aşağı salınması baxımından günün tələbi kimi qeyd edir.  Dövlətimizin başçısı Qaxda keçirilən müşavirədə də bildirmişdir ki,  Azərbaycanda  bundan sonra da yaradılacaq müəssisələr hər iki məqsədi güdməlidir - həm daxili tələbatı ödəməli, həm də ixrac imkanları olmalıdır. Buna nail olmaq üçün dövlət orqanları ardıcıl fəaliyyət  göstərirlər. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə  gələcəkdə ödəniləcək kreditlər də ixracyönümlü müəssisələrin yaranmasına təkan verməlidir.

Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün neft amilindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişafına xidmət edən və müasir tələblərə cavab verən istehsal, sosial  və bazar strukturu şəbəkəsi daha da təkmilləşdiriləcək, təsərrüfatçılığın və idarəçiliyin mütərəqqi formalarından istifadəyə diqqət  artırılacaq.  Yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin  keyfiyyətcə müasir səviyyədə qurulması və yeni istehsal obyektlərinin  yaradılması istiqamətində daha səmərəli metodlar tətbiq olunacaq.

Statistikaya müraciət etsək,   ötən ildə Cənubi Qafqazda ümumi daxili məhsulun həcmi 75 milyard dollardan çox olub ki, bunun da 70 faizi Azərbaycanın payına düşür. Cənubi Qafqazda  sənaye məhsulları üzrə 20 milyard dollar dəyərində ümumi istehsalın 80 faizi Azərbaycana məxsusdur. Ötən il bütün mənbələr üzrə Cənubi Qafqaza 26 milyard dollar məbləğində kapital qoyulub ki, onun da  19,5 milyard dolları, yəni 72 faizi Azərbaycana aiddir. Özünütəminat əmsalına görə Azərbaycan öz təhlükəsizliyini bir çox sahələrdə tam, yaxud qismən təmin edib. 

Cari ilin ötən dövrünün uğurlarını statistika əsasında diqqətə çatdıran cənab İlham Əliyev bildirir: “Bu ilin altı ayında ixrac 36 faiz artıb. Burada da ən önəmlisi qeyri-neft ixracıdır. Qeyri-neft ixracı altı ayda 27 faiz artıb. Bax, budur gördüyümüz işlərin nəticələri. Bununla bərabər, idxal 15 faiz azalıbdır. Müsbət saldo 1,9 milyard dollar təşkil edir. Hesab edirəm ki, hər bir ölkə üçün bu, ən arzuolunan nəticələrdir. Kənd təsərrüfatı da 2,2 faiz artıbdır. Bu göstəricilər, - yəni, bunlara heç bir şərh verməyə ehtiyac yoxdur, - dünya miqyasında bu gün ən gözəl göstəricilərdir. Bunu o ölkə əldə edib ki, biz hələ enerji amilindən asılıyıq. O ölkə əldə edib ki, onun gəlirləri son iki il ərzində üç-dörd dəfə azalıb. Bax, budur bizim siyasətimiz, gördüyümüz işlər və əldə etdiyimiz nəticələr.”

Yeganə Əliyeva, “İki sahil”