07 avqust 2017 14:37
765

Azərbaycan dövləti bundan sonra da azad mətbuatın inkişafında fəal olacaq

Bütün dövrlərdə mövcud üsul-idarənin ideoloji, təbliğat mexanizmi, zamanın carçısı kimi o illərdə baş verən hadisələri əks etdirən və səhifələrində saxlayan mətbuat tarixin özüdür. Bəlli olan budur ki, ictimai-siyasi formasiyasından asılı olmayaraq hakim strukturlarda müəyyən səlahiyyətlərə malik mətbuatda çalışanlar çətinliklərlə üzləşmiş, xidmət etdikləri iqtidarın “danışan, bəzən də susan dili” olmuşdur.

İmperiya dövründə nəşr edilən və həcmindən asılı olmayaraq bütün qəzetlərə senzuranın tətbiqində də məqsəd cəmiyyət üçün qapalı olan hadisələri əks etdirən informasiyaların ictimailəşdirilməsinin qarşısını almaq olub. Senzuranın necə bir bəla olduğunu milli mətbuatımızın banisi, “Əkinçi” qəzetinin naşiri Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli kimi mütəfəkkirlər yaradıcılıqlarında hiss etmiş, çar-üsul idarəsində azad sözdən bəhs etməyin qeyri-mümkünlüyünü yazılarında sətiraltı kimi olsa da bildirmişlər. Sovetlər dövründə SSRİ Nazirlər Soveti yanında guya dövlət sirrinin mühafizəsi ilə məşğul olan və “senzura” prosedurlarını yerinə yetirən “qlavlitlər” də Kremlin sosializm və kommunizm təbliğatına xələl gətirəcək informasiyaların qarşısının alınmasında bir növ “şlaqbaum” rolunu oynayırdılar. Kommunizm təbliğatının ideoloji silahı, qələmi qılınc qədər kəsərli olan “qlavlitlər” onlara verilən səlahiyyətlərdən gen-bol bəhrələnərək xoşlarına gəlməyən, “ictimaiyyətə çatdırılması lazım bilinməyən” adi bir yazını da “dövlət sirri statusuna aid edərək” özlərinə məxsus tərzdə yararsız hesab edərək, çəkilən zəhməti nəzərə almadan belə qadağan rəmzi olan qırmızı qələmlərini işə salaraq qəzetlərin qəniminə çevrilirdilər. “Qlavlitlər” mətbu orqanları üzərində qara bulud kölgəsi təsəvvürü, xof yaradırdı. Dövlət sirri adı altında sovet ideologiyasının mənfi xüsusiyyətlərinin insanlara çatdırılmasının qarşısının alınmasına məsul olan bu adamların təkəbbürlü davranışları üzündən redaksiyalarda qarşıdurmalar belə yaranırdı. Hakimiyyətdə olduğu illərdə əsl demokrtiya tərəfdarı olduğunu “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı imzalamaqla bu kimi stereotipin aradan qaldırılmasını təmin edən ulu öndər Heydər Əliyev azad, müstəqil jurnalistikanın əsasını qoydu, bu peşədə çalışanların sərbəst fəaliyyəti üçün imkanları genişləndirdi.

1993-cü ildə hakimiyyətə qayıdışı ilə düçar olduğumuz informasiya blokadasının aradan qaldırılmasını başlıca vəzifə hesab edən Ulu Öndər müstəqil mətbuatın yaradılıb və inkişaf etdirilməsini Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdrılması baxımından əhəmiyyətli hesab edərək önəmli islahatlar apardı. “Ancaq sirr deyil ki, 1998-ci ilə qədər Azərbaycanda mediada olan senzura imkan vermirdi ki, mətbu orqanlar tam şəkildə azad və sərbəst fəaliyyət göstərsin. 1998-ci ildə ulu öndər Heydər Əliyevin qərarı ilə senzuranın ləğv edilməsi bu sahədə dönüş yaratdı, bu sahədə də Azərbaycanın siyasətini əks etdirdi” söyləyən Prezident İlham Əliyev daim bildirir ki, demokratik cəmiyyətin qurulmasında azad medianın xüsusi rolu vardır. Dövlət başçısı onu da əlavə edir ki, bu qərarın verilməsi təsadüfi olmadığı kimi, başqa dövlətlərə də nümunə oldu. Hər sahədə liderliyini qoruyan Azərbaycan MDB məkanında senzuranı ləğv edən ilk ölkədir. Dəfələrlə keçirilən sorğular nəticəsində “Jurnalistlərin dostu” adına layiq görülən, “İlin adamı” seçilən Prezident İlham Əliyev həqiqi mənada azad mətbuatın hamisi, jurnalistlərin qayğıkeşi, vədinə sadiq liderdir. Söz, mətbuat azadlığının qorunması, mətbuatın dünya təcrübəsindən bəhrələnməsi, xüsusilə KİV-lərin maddi-texniki imkanlarının yaxşılaşdırılması, jurnalistlərin peşə bacarığının yüksəldilməsi və hüquqlarının qorunması üçün həyata keçirilən tədbirlər, mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranın ləğvi plüralizmin təminatı istiqamətində atılan önəmli addımlar səmərə verir. KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadəni günün vacib məsələsi kimi diqqətdə saxlayan Prezident İlham Əliyev vurğulayır ki, mətbuat müstəqil, jurnalist peşəkar olmalıdır.

İnformasiya mübarizəsi kimi tarixə yazılan XXI əsrin tələbi də müstəqil mətbuatın inkişafına dövlət dəstəyinin gücləndirilməsidir. Müstəqillik illərində bütün sahələri əhatə edən islahatlar azad mətbuatın inkişafına da təsirini göstərdi. “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı”nın təsdiqi, informasiya azadlığı, radio-televiziya yayımları, İTV və radio haqqında müxtəlif qərar və qanunların qəbulu, mətbuatda özünü tənzimləmə mexanizmini həyata keçirən Mətbuat Şurasının, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkili müstəqil KİV-in fəaliyyətinin genişləndirilməsini təmin etdi. Dövlət başçısının Sərəncamına əsasən siyasi kursundan asılı olmayaraq maddi çətinliklə üzləşən qəzetlərin çap üçün “Azərbaycan” nəşriyyatına  qaytara bilmədiyi 450 min ABŞ dolların dövlət büdcəsi tərəfindən ödənilməsi də mətbuatın inkişafına yönələn qayğının təzahürüdür. Həmçinin mətbuatın maddi-texniki və maliyyə bazasını möhkəmləndirmək üçün mühüm qərarlar qəbul edildi, bir çox güzəştlər tətbiq olundu, maraqlı layihələr həyata keçirildi.

“Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası”nın qəbulu milli mətbuatın inkişafına önəmli töhfələr verdi. Prezident İlham Əliyevin 22 iyul 2010-cu il tarixli “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq mətbuat işçiləri üçün yaşayış evlərinin tikilməsi məqsədilə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. İlkin olaraq 156 jurnalist onlar üçün inşa olunan binada mənzillə təmin olundu. Həmin tədbirdə təməli qoyulan ikinci bina isə cari ildə, Milli Mətbuat Günü ərəfəsində sahiblərinə verildi. Binanın istifadəyə verilməsi mərasimində iştirak edərək bu qayğıdan bəhrələnənləri təbrik edib sevincinə şərik olan, jurnalistlərə öz dəstəyini əməli işi ilə subut edən Prezident İlham Əliyevin media nümayəndələri ilə çoxsaylı görüşlərinin hər biri müstəqil mətbuatın inkişafına verilən töhfə ilə əlamətdar olur.

 “Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür. Bu təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülmüşdü, jurnalistlər belə məsələ qaldırmışdılar, mən də buna müsbət reaksiya verdim və nəticə etibarilə artıq biz burada ikinci binanın açılışını qeyd edirik. Xatırlayıram, 4 il bundan əvvəl birinci binanın açılışında mən demişdim ki, yəqin gələcəkdə bu əraziyə “Jurnalistlər şəhərciyi” deyiləcək və bu, belə də oldu” söyləyən Prezident İlham Əliyevi rəmzi olaraq “Jurnalistlər şəhərciyi”nin müəllifi, memarı, arxitektoru adlandırmaq daha ədalətli olar. 255 qələm əhlinin sevincinə səbəb olan, xeyirxah əməli, göstərdiyi hamilik dəstəyinə görə növbəti dəfə “Jurnalistlərin dostu” adına layiq görülən Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha da geniş şəkildə təbliğ edən medianın rolunu yüksək qiymətləndirir, jurnalistikanın gələcək inkişafı ilə bağlı tövsiyələrini də çatdırır: “Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq. Jurnalistlər üçün bütün şərait yaradılıb. Bu gün Azərbaycan cəmiyyəti rahat şəraitdə, təhlükəsizlik, sabitlik şəraitində yaşayır. İndiki zəmanədə bu, özlüyündə bir nailiyyətdir və biz ölkəmizi bütün mümkün olan risklərdən qoruyuruq. Ölkəmizin daxilində demək olar ki, risk mənbələri yoxdur. Xaricdən özümüzü qorumaq üçün kifayət qədər ciddi siyasət aparılır, həm ideoloji sahədə, həm sərhədlərimizin qorunmasında və ümumiyyətlə. Biz həmişə çalışırıq və hesab edirəm buna nail olmuşuq ki, Azərbaycanı mümkün risklərdən qoruyaq, Azərbaycan xalqı rahat, sülh şəraitində yaşasın.”

Ölkəmizdə azad, müstəqil mətbuatın inkişafına, söz azadlığının qorunmasına göstərilən demokratik dəyər mətbu orqanlarının açılması üçün nəzərdə tutulan prosedur qaydalarının sadələşdirilməsində, siyasi əqidəsindən asılı olmayaraq hər kəsin düşüncəsini sərbəst ifadə etməsində də  özünü göstərir. Qeyd olunduğu kimi, binalarda yaşayan jurnalistlər müxtəlif siyasi spektrə aid olsalar da bu peşədə çalışanların sosial məişət qayğılarına eyni səviyyədə diqqət göstərilir, heç bir ayrı-seçkiliyə yol verilmir. Müxtəlif siyasi baxışları, müxtəlif partiyaların üzvləri olan insanlar burada bir yerdə bir ailə kimi yaşayırlar. Bu, birgəyaşayış qaydalarına eyni səviyyədə hörmətin, Azərbaycanda mövcud olan milli həmrəyliyin, insanların vahid amal ətrafında birləşməsinin nümunəsidir.

“Azərbaycanda həm demokratik, həm də sosial-iqtisadi inkişaf paralel gedir. Buna görə hesab edirəm ki, bizim cəmiyyətimizdə islahatlar təkamül yolu ilə aparılır və dərinləşir. Siyasi və iqtisadi islahatlar daha da dərinləşməlidir. Söz azadlığı Azərbaycanda tam təmin edilibdir, heç bir məhdudiyyət yoxdur. Mənə verilən son məlumata görə, Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Belə olan halda söz azadlığı ilə bağlı heç bir problem ola bilməz.” Bu sözlər də cənab İlham Əliyevin demokratiyanın inkişafı üçün göstərdiyi fədakarlığın ifadəsidir. Ölkəmizdə belə sağlam mühiti yaradan, sabitliyi qoruyan, sərbəst toplaşma, siyasi fəaliyyət, vicdan, söz, mətbuat azadlıqlarını təmin etməklə “Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir” sözləri ilə qarşılıqlı olaraq jurnalistləri özünün dostu adlandıran Prezident İlham Əliyev bildirir ki, media nümayəndələri fəaliyyətləri ilə ölkənin siyasi, iqtisadi inkişafına töhfələrini verirlər. Mətbuatda çalışan peşəkarlar cəmiyyəti incidən, narahat edən problemlərin aşkarlanmasında üzərlərinə düşən məsuliyyəti hiss edirlər.

İnformasiya mübarizə və müharibəsinin gücləndiyi, təxribat kampaniyalarının ədalətə, qanunlara açıq-aşkar meydan oxuduğu müasir dövrümüzdə jurnalistikanın qarşısında duran vəzifələr barədə tövsiyələrini çatdıran cənab İlham Əliyev bildirir ki, mətbuatda həqiqət prinsiplərinin üstünlük təşkil etməsi ilk növbədə KİV-in ictimaiyyət arasında layiqli yer tutması, hörmət qazanması ilə də bağlıdır. Senzura olmasa belə jurnalistikada mümkün qədər obyektivliyə, operativliyə əməl edilməli, şəxsiyyətin toxulmazlğı prinsiplərinə məsuliyyətlə yanaşılmalıdır. Milli Konstitusiyamıza olunan dəyişiklik və əlavələrdə də qeyd olunur ki, şəxsiyyətə toxunulacaq hallar, vətəndaşın daxili işlərinə müdaxilə qanunla yolverilməzdir.

Sevindirici haldır ki, son illərdə Azərbaycan jurnalistikası bu istiqamətdə daha da məsuliyyətli, daha da təmkinli olub. “Bu gün jurnalistlərin məsuliyyəti hesab edirəm ki, yüksək səviyyədədir, bu gün Azərbaycan jurnalistikasının mütləq əksəriyyəti sağlam jurnalistikadır” söyləyən dövlət başçımızın ən başlıca tövsiyəsi budur ki, jurnalistikamız xarici təsirdən azad olmalıdır, xarici təsir altına düşməməli, müstəqil Azərbaycan dövlətinin siyasətinə heç bir kənar qüvvə təsir etməməlidir. Başqa sözlə deyilsə, milli jurnalistikamız vətənpərvər olmalıdır, milli maraqlar hər şeydən üstün olmalıdır. “Azərbaycanda demokratiya yoxdur”  kimi qara piarla ölkəmizə qarşı təxribatlar aparan qüvvələrə qarşı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının özü jurnalist və vətəndaşlıq məsulliyyətidir. Cənab İlham Əliyevin proqram xarakterli “Biz gərək öz səylərimizi daha da gücləndirək. Həm dövlət qurumları, ictimai qurumlar, media qurumları bu məsələ ilə bağlı vahid siyasət çərçivəsində fəaliyyət göstərməlidirlər. Bu gün bu, belədir və mən çox istəyirəm ki, bu siyasət daha da gücləndirilsin” sözləri hər bir jurnalistin, KİV-lərin sağlam, qərəzsiz, obyektiv, demokratik prinsiplər əsasında fəalliyətinin təminatında başlıca hədəf kimi diqqətdə saxlanılmalıdır.

Xuraman İsmayılqızı, “İki sahil”