Ölkə Prezidenti İlham Əliyev bildirir ki, dinlərarası münasibətlərin sağlam zəmində təmin edilməsi üçün Azərbaycan təcrübəsi öyrənilməlidir və əminəm ki, öyrəniləcək
Dövlətimizin başçısı İlham Əliyevin “Tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan torpağında yüzillərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşmışdır. Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürmüş, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında Azərbaycan xalqının və İslam dininin misilsiz tarixi rolu danılmazdır” fikirləri ilə ölkəmizdə mövcud olan tolerantlıq mühitinə bir daha işıq salmış olur. Cənab İlham Əliyev bu əminliyi də ifadə edir ki, milli mənəvi, dini dəyərlər, ənənələr bundan sonra da inkişafımızın əsas istiqaməti olacaq. Bu gün dinlər və mədəniyyətlərarası dialoqdan söhbət açılanda ilk növbədə Azərbaycan göz önünə gəlir. Təsadüfi deyil ki, multikulturalizm, dinlərarası dialoq üzrə beynəlxalq forumlar məhz Azərbaycanda keçirilir.
Azərbaycanın tolerantlıq təcrübəsindən bəhs edərkən bu fakt hər zaman xüsusi qeyd edilir ki, ötən əsrin sonlarında Sovetlər Birliyinin dağılması ilə yaranan, dünya birliyi üçün yeni proses olsa da çox sürətlə yayılan qlobal dəyişikliklər iqtisadi, siyasi, sosial, demoqrafik sahələrdə olduğu kimi, dini dözümlülük ənənələrinin qorunmasında da əsl sınağa çevrildi. Bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlərarası dialoqun yaranmasına ehtiyac artdı. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri ilə tarixən zəngin olan Azərbaycan bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən ölkə kimi nümunə göstərildi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xalqlar və dinlərarası münasibətlər, dialoqlar müasir dövrün tələblərinə uyğunlaşdırıldı. Dövlət-din münasibətləri modeli çərçivəsində inkişaf edən Azərbaycanda bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Ulu öndər Heydər Əliyev bildirmişdir: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.” Milli Konstitusiyanın “Vicdan azadlığı” maddəsində də qeyd olunur ki, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Bir məqamı da nəzərə alaq ki, Azərbaycan xarici aləmə açıq cəmiyyətdir. Ölkəmizdə xarici dövlətlərin səfirlikləri, beynəlxalq təşkilatların nümayəndəlikləri, müxtəlif mədəniyyət mərkəzləri, ayrı-ayrı dinlərə etiqad edən iş adamları fəaliyyət göstərir. Son dövrlərədək müxtəlif yönümlü, ölkəmiz üçün xas olmayan dini təriqətlərin, qeyri-ənənəvi dini cərəyanlardan törənmiş sektaların cəmiyyətə nüfuz etməsi, müxtəlif yollarla insanların şüuruna və qəlbinə yol tapması kimi hallara rast gəlmək mümkün idi. Bütün bu ziddiyyətli prosesin müvafiq qanunvericiliklə tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi və dini qurumların qeydiyyata alınması məqsədilə yaradılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də fəaliyyət istiqamətlərini genişləndirməklə bu günümüzün əsas çağırışı olan tolerantlıq mühitinin qorunmasına davamlı töhfələrini verir. Dövlətimizin başçısı İlham Əliyev bu reallığı diqqətə çatdırır ki, Azərbaycan nəinki sivilizasiyalararası bir körpüdür, eyni zamanda öz siyasəti, əməyi ilə müsbət meyillərin güclənməsinə təkan verir: “Hesab edirəm ki, dinlərarası münasibətlərin sağlam zəmində təmin edilməsi üçün Azərbaycan təcrübəsi öyrənilməlidir və əminəm ki, öyrəniləcəkdir. Çünki bu, doğrudan da nadir bir təcrübədir.”
Azərbaycan dünyəvi dövlətdir. Dövlətin dinə münasibətində də siyasətin əsasını mənəviyyatın milli sərvətin tərkib hissəsi kimi dəyərləndirməsi təşkil edir. İnsanın sərbəst yaşayıb işləməsi üçün bütün azadlıqların mövcud olduğu ölkəmizdə bu münasibətlər yüksək səviyyədə tənzimlənir. Ölkə Prezidenti İlham Əliyev bildirir: “Bu gün din-dövlət münasibətləri uğurla inkişaf edir. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıllıq davam etdiriləcəkdir.”
Qeyd etdiyimiz kimi, Azərbaycanda dini və milli dözümlülüyün çox böyük və şərəfli tarixi vardır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu fikirlər Bakıda təşkil olunan sivilizasiyalararası dialoqun gücləndirilməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfranslarda da dəfələrlə səslənmişdir. Dünya ictimaiyyəti üçün aydın olan həqiqət budur ki, Azərbaycanın dinlərarası dialoqun mərkəzinə çevrilməsi prosesi bu gün də uğurla davam etdirilir. Azərbaycanda milli dəyərlərə sadiqlik, ümumbəşəri dəyərlərə hörmət meyilləri respublikanın müasirləşməsinə, modernləşməsinə xidmət göstərir. “Ölkənin gücü təkcə onun iqtisadi imkanları ilə ölçülmür” söyləyən dövlətimizin başçısı İlham Əliyev dünya dini liderlərinin sammitində də bu reallığı diqqətə çatdırır ki, bizim gücümüz birliyimizdədir, ölkədə hökm sürən sabitliyin möhkəmlənməsindədir, dini və milli sülhün mövcudluğundadır. Ölkə Prezidenti “Ölkəmizə gələn qonaqlar bir çox hallarda təəccüb hissi ilə bunu qeyd edirlər ki, siz buna necə nail ola bilmisiniz, sizdə dini, milli zəmində nəinki heç bir qarşıdurma, heç bir anlaşılmazlıq da yoxdur. Reallıq bundan ibarətdir ki, dövlət siyasəti, din xadimlərinin müdrikliyi, eyni zamanda, cəmiyyətdə müsbət ab-havanın mövcudluğu və əlbəttə ki, ölkəmizin sürətli dinamik inkişafı burada əsas rol oynayır. Bu, bizim böyük sərvətimizdir” fikirləri ilə düşünülmüş və məqsədyönlü siyasətin uğurlarını bir daha ümumiləşdirir və bu fonda perspektivləri açıqlayır.
Ölkəmizdə vicdan, demokratik azadlıqlar güclənir, bu istiqamətdə davam edən meyillər möhkəmlənir. Bu gün Azərbaycan xristian və yəhudi dinlərinə mənsub olan insanlar üçün doğma vətəndir. Azərbaycanda bu cür demokratik şəraiti ölkəmizə gələn qonaqlar da etiraf edirlər. Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə maraq göstərir, ölkədə tolerantlığın formalaşması, milli azlıqların ictimai həyatın bütün sahələrinə inteqrasiyası, dini, əqidə azadlığının təmin olunması üçün dini liderlərlə konstruktiv mövqe nümayiş etdirilir. Bu fikir hər zaman önə çəkilir ki, ölkələr, xalqlar arasında daha da yaxşı münasibətlərin qurulması üçün dini liderlərin birgə fəaliyyəti çox böyük əhəmiyyətə malik olan məsələdir.
Müqəddəs dini bayramlar münasibətilə ölkəmizdə məskunlaşan müxtəlif xalqları, icmaları təbrik edən Prezident İlham Əliyev vurğulayır ki, yüksək əxlaqi dəyərlərə əsaslanan tolerantlıq mühitində ölkəmizin bütün milli azlıqları öz etnik-dini adət-ənənələrini, dil və mədəniyyətini bu günümüzə qədər yaşatmışlar. Bu gün çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində özünəməxsus yeri olan provoslav xristian icması ictimai-siyasi həyatın bütün sahələrində fəal iştirak edir, ölkədə təmin olunmuş demokratik-hüquqi şəraitdən tam yararlanmaqla milli-dini ayin və mərasimlərini azad, sərbəst şəkildə yerinə yetirir.
Bütün bunlar bu reallığın təsdiqidir ki, tolerantlıq milli mentalitetimizin xarakterik cəhəti kimi ölkəmizdə stabilliyin əsasına çevrilib. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə ötən ilin ölkəmizdə “Multikulturalizm ili”, cari ilin “İslam Həmrəyliyi ili” elan edilməsi, eyni zamanda Azərbaycanın bu il IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi bu sahədə təcrübəsinin nümayişi, həmçinin dünyaya bir birlik, həmrəylik mesajıdır. Bir sözlə, Azərbaycan multikultural cəmiyyətlərin formalaşdırılmasına davamlı töhfələri ilə diqqətdədir.
Yeganə Əliyeva, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır