03 avqust 2017 14:35
753

Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır

Prezident İlham Əliyev: Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır, milli maraqlar hər şeydən üstün olmalıdır

Bu günümüzün əsas çağırışlarından biri təbii ki, mövcud imkanlardan istifadə etməklə   Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırmaq, dünyanın ikili siyasətinin yaratdığı problemlərə işıq salmaqdır. Bu çağırışa davamlı  töhfələr vermək sözsüz ki,   mətbuatın əsas missiyasıdır.  Bu günlərdə jurnalistlər üçün tikilmiş növbəti binada  mənzillərin paylanması mərasimində dövlətimizin  başçısı İlham Əliyev  bu məsələyə  xüsusi diqqət yönəltmişdir. “Özümüzü xarici təsirdən qorumaq üçün Azərbaycan dövləti çox ciddi və uğurlu siyasət aparır” söyləyən cənab İlham Əliyev bildirmişdir: “Deyə bilərəm ki, bizə təzyiq etmək, bizi nəyəsə sövq etmək, məcbur etmək cəhdləri kəskin şəkildə aşağı düşüb. O cümlədən, ona görə ki, bu səylərin heç bir nəticəsi yoxdur. Ona görə biz informasiya məkanımızı da qorumalıyıq. Bunu etmək çətindir. Çünki biz bu gün internet dövründə yaşayırıq. Hansısa hər bir yalan, böhtan, təxribat xarakterli məlumat dərhal özünə yer tapır. Ancaq milli jurnalistikamız, Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır, milli maraqlar hər şeydən üstün olmalıdır.”

Ölkə Prezidenti İlham Əliyevin “Mən jurnalistləri vətənpərvərliyə çağırıram” çağırışı təbii ki, hər mətbu orqanın, jurnalistin fəaliyyətinin əsasında dayanmalıdır. Ən əsası dövlətçilik maraqları, vətənpərvərlik, milli şüur və s. kimi prinsiplər yazıların, hazırlanan verilişlərin əsas mahiyyətini təşkil etməlidir. Müharibə şəraitində yaşayan ölkə olaraq ictimaiyyətin mətbuatdan gözləntiləri bəllidir. Vətənpərvərlik hissinin daha da artırılmasına xidmət edən yazılar günümüzün əsas tələbidir. “Biz xarici informasiya məkanına çıxışımızı daha da genişləndirməliyik” söyləyən cənab İlham Əliyev onu da vurğulayır ki,  bu istiqamətdə yaxşı nəticələr vardır: “Mən xatırlayıram, jurnalistlərlə əvvəlki görüşlərimdə də bunu demişdim. Demişdim ki, daha çox xarici dillərdə saytlar açılsın, biz daha çox xarici informasiya məkanına çıxaq. Bizim imkanımız olsun ki, vacib informasiyanı dərhal aparıcı media qurumlarına çatdıra bilək. Əvvəllər belə imkanlar bizdə yox idi və bu, bizim üçün problem yaradırdı. Çünki əvvəlki illərdə bizə qarşı koordinasiya edilmiş çox ciddi və çirkin informasiya kampaniyaları aparılırdı ki, guya Azərbaycan geridə qalmış dövlətdir, Azərbaycanda inkişaf, demokratiya yoxdur. Bunun məqsədi bəllidir - həm bizi öz təsiri altına salmaq, nəyəsə məcbur etmək və ümumiyyətlə, ölkə haqqında mənfi imic yaratmaq və ondan sonra öz maraqlarını rahatlıqla təmin etməkdir. Ona görə biz çalışırdıq ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıraq.” Təhlillər fonunda bu reallıq özünü təsdiqləyir ki, Azərbaycan mətbuatı zəngin yol keçib və bu yol  biri-birindən əhəmiyyətli uğurlara atılan imzalarla zənginləşib: “Yaxın tarix onu göstərir ki, biz bu istiqamətdə kifayət qədər geniş imkanlara malikik. Həm dövlət, həm də media orqanları bu istiqamətdə fəal işləyirlər. Məni sevindirən hal odur ki, biz vahid siyasət aparırıq. Çünki dövlət və media milli maraqları müdafiə edir. Çünki ümummilli məsələlərdə heç bir kənar fikir ola bilməz. Ona görə biz bundan sonra da çalışmalıyıq ki, Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıraq, ölkəmizi daha yaxşı tanısınlar, daha çox hörmət etsinlər. Bizi nə qədər çox tanıyarlarsa, bizə rəğbət də o qədər çox artar.”

Bu gün böyük fəxr hissi ilə  qeyd edirik ki, Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkandır. Bu tədbirlər ölkəmizin beynəlxalq aləmdə yeri və rolunu nümayiş etdirməklə yanaşı, malik olduğu imkanların dünyaya təqdimatında da əhəmiyyətli rol oynayır. Azərbaycana gələn qonaqlar təəccüblərini gizlətmir, iqtisadi inkişafımızı möcüzə kimi dəyərləndirirlər. İnkişaf modeli dünyada təqdir olunan Azərbaycanın hər sahədə təcrübəsi nümunədir. Müasirləşməni, yeniləşməni həyata keçirdiyi siyasətin ana xətti kimi qəbul edən dövlətimiz dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsində maraqlı olduğunu atdığı hər addımında təsdiqləyir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycanın adı yenilikçi, islahatçı ölkələr sırasında öndədir.

Əsas problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Problemin gündəlik işimiz olduğunu cənab İlham Əliyev hər çıxışında bəyan edir: “Biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdırırıq və çatdırmalıyıq. Mən burada medianın rolunu yüksək qiymətləndirirəm, işlər davam etdirilməlidir. Əlbəttə, mən görürəm, bilirəm və buna sevinirəm ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi dönüş yarada bildik. Çünki əvvəlki dövrlərdə vəziyyət belə idi - hökumətlərarası, dövlətlərarası münasibətlərdən, mənim həmkarlarımla çoxsaylı görüşlərimdə hamı bilirdi, etiraf edirdi və xəritəyə baxanda hər şey bəlli idi ki, kim işğalçıdır, kim işğalın qurbanıdır. Ancaq bu məlumat demək olar ki, siyasi elitanın inhisarında qalırdı. Xarici ölkələrin media nümayəndələri ya bilməyərəkdən, ya da qəsdən ictimai fikrə bu münaqişə ilə bağlı yalan və təhrifedilmiş informasiyalar ötürürdülər. Burada əlbəttə ki, erməni lobbisinin də böyük rolu var... Biz bu meyli sındıra bildik. Bu gün həm dövlətlərarası münasibətlərdə, həm ictimai rəydə Azərbaycanın mövqeyi daha çox dəyər qazanır.”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı möhkəm hüquqi baza mövcuddur. Lakin etiraf edək ki, dünyanın ikili siyasəti bu sənədlərin kağız üzərində qalmasına səbəb olur. Rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edir ki, beynəlxalq hüququn norma və prinsiplərinin icrası üçün konkret mexanizm müəyyənləşdirilməlidir. Ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.  Azərbaycanın haqq işi, haqlı mövqeyi daha  böyük üstünlük təşkil edir.   İşğalçı ölkə Azərbaycanın uğurlarından narahatlığını gizlədə bilmir. Dövlətimizin başçısı bildirir: “Düşmən bundan çox narahatdır, demək olar ki, təşvişdədir, döyüş meydanında məğlubiyyətə uğrayıb, hüquqi müstəvidə bizim mövqeyimiz çox möhkəmdir. Tarixi ədalət də bizim tərəfimizdədir. Çünki Dağlıq Qarabağ və nəinki Dağlıq Qarabağ, indiki Ermənistanın ərazisi də bizim tarixi torpağımızdır. İqtisadi cəhətdən zəif, yoxsul, xarici ianələrlə güclə dolanan Ermənistan ilə bugünkü inkişaf edən güclü Azərbaycanı müqayisə etmək olmaz.”

Butün bu sadalananların fonunda inamla deyə bilərik ki, Azərbaycan dünyanın ikili siyasətini uğurları ilə cavablandırır. Haqqın, ədalətin bərpa olunacağı, Dağlıq Qarabağ probleminin öz  müsbət həllini tapacağı gün uzaqda deyil. Dünya aprel döyüşlərinə istinadən bu reallığın şahidi oldu ki, Azərbaycan işğal altında olan torpaqlarını istənilən yolla azad etmək gücündədir. Diplomatik mübarizədə qələbə qazanan ölkəmiz güclü, qüdrətli ordusu ilə də dünyanın diqqətindədir. Bu gün Azərbaycan mediasının əsas vəzifəsi təbii ki,  mövcud resurslardan istifadə etməklə erməni yalanlarını ifşa etmək, onlara qarşı  tarixi həqiqətlərə, real faktlara əsaslanan  təbliğatımızı qurmaqdır. Dünya informasiya məkanına sürətlə inteqrasiya edən mətbuatımız qarşılıqlı əməkdaşlıq fonunda bu məqsədə yüksək səviyyədə nail olur.

Yeganə Əliyeva, “İki sahil”