02 avqust 2017 14:32
376

Bizim bütün bölgələrimiz, bütün şəhərlərimiz abadlaşıb, gözəlləşib

“Regionların inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımlar, infrastruktur ilə bağlı olan layihələr, bax, bugünkü reallığı yaratmışdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki,  proqramlarımızın birinci mərhələsi daha çox infrastruktur layihələri ilə bağlı idi: “Əgər o vaxt biz proqramı mənim təşəbbüsümlə qəbul etməsəydik, bu gün, əlbəttə ki, regionlarda bugünkü uğurları əldə edə bilməzdik. Bizim bütün bölgələrimiz, bütün şəhərlərimiz abadlaşıb, gözəlləşib... Bizim bütün şəhərlərimizdə abadlıq-quruculuq işləri aparılmışdır, böyük infrastruktur layihələri icra edilmişdir. Bu, imkan verir ki, bu gün Azərbaycan dinamik inkişaf etsin. Bu, imkan verir ki, biznes strukturları bu imkanlardan səmərəli istifadə etsinlər.”

Cənab İlham Əliyev icra edilən proqramların birinci mərhələsinin infrastruktur layihələri ilə bağlı olmasını belə əsaslandırır ki, 2004-cü ildə  enerji təhlükəsizliyimizi tam təmin edə bilməmişdik: “O vaxt bizim əsas neft  kəmərimiz Bakı-Tbilisi-Ceyhan inşa edilirdi. O vaxt biz xaricdən elektrik enerjisi və qaz alırdıq. Bu asılılıq, əlbəttə, imkan vermirdi ki, biz istədiyimiz dərəcədə inkişaf edək. Yəni, bizim inkişafımızı ləngidən xarici amillər idi. Biz xaricdən istədiyimiz qədər  enerji, qaz ala biləcəyik, yoxsa yox və hansı qiymətə alacağıq?! Ona görə birinci hədəf  enerji müstəqilliyimizi təmin etmək idi. Biz buna qısa müddət ərzində nail olduq. 2004-cü ildən bu günə qədər ölkəmizdə  26 elektrik stansiyası tikilmişdir. Bu stansiyaların ümumi istehsal gücü 2400 meqavatdır. İndi təsəvvür edir, əgər biz bunu etməsəydik, bu gün necə yaşaya bilərdik, necə inkişaf edə bilərdik?!”

Ölkə Prezidenti  çıxışlarında bu məqamı da  xüsusi vurğulayır ki, sahibkarlığın inkişafından bəhs edərkən  mütləq Regional İnkişaf proqramlarını qeyd etməliyik: “Birinci proqram 2004-cü ilin əvvəlində- fevral ayında qəbul edilmişdir. Bu proqramın qəbul edilməsi mənim 2003-cü ildə  seçkiqabağı proqramımın bir hissəsi idi. O vaxt bəyan etmişdim ki,  əgər xalq etimad göstərərsə, regionların inkişafı mənim üçün əsas vəzifələrdən biri olacaqdır və belə də oldu. 2004-cü ildə birinci, 2009-cu ildə ikinci və 2014-cü ildə üçüncü Regional İnkişaf  proqramları qəbul olunmuş və icra edilmişdir. Onu da qeyd etməliyəm ki, birinci və ikinci proqram artıqlaması ilə icra olunmuşdur. O proqramlarda nəzərdə tutulan  bütün vəzifələr həyatda öz əksini tapmışdır. Hazırda biz üçüncü Regional İnkişaf Proqramının icrası ilə məşğuluq. Əminəm ki, bu proqram da uğurla icra ediləcəkdir.”

Azərbaycanı qarşıdakı illərdə inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz hərtərəfli inkişafa əsaslanır. Dövlətimizin başçısı bu fikri bildirir ki, əgər inkişaf etmiş ölkələr sırasında  addımlamaq istəyiriksə, bütün sahələrdə təcrübəmiz nümunə olmalıdır. Cənab İlham Əliyev regional inkişaf proqramlarının icrasının ölkəmizə qazandırdığı uğurlardan geniş bəhs edərək bu reallığı da xüsusi vurğulayır ki,  əgər infrastruktur layihələrinə vəsait qoyulmasaydı, heç bir inkişafdan söhbət gedə bilməzdi. Həmin dövrdə ölkənin maliyyə imkanlarının hansı səviyyədə olduğu bəllidir. Bu fakt beynəlxalq səviyyədə də qeyd olunur ki, BTC neft və BTƏ qaz kəmərlərinin istismara verilməsindən sonra neft-qaz gəlirlərinin axını oldu. Nəzərə alsaq ki, BTC neft kəməri 2006-cı ildə istimara verilib, demək ilk Regional İnkişaf Proqramının icrasına başlanıldığı dövrdə, yəni 2004-cü ildə ölkəmizin maliyyə imkanları o qədər də qənaətbəxş deyildi.

Birinci Regional İnkişaf Proqramının icrasına başlanıldığı dövrdən ötən 13 il ərzində əsas infrastruktur layihələrinin icra edildiyi inkaredilməzdir. Qarşıya qoyulan əsas prioritetlər bölgələrin enerjiyə olan tələbatının yüksək səviyyədə ödənilməsi, qazlaşdırmanın həyata keçirilməsi, yol infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması və s. idi. Bu gün əminliklə deyə bilərik ki, dayanıqlı elektrik enerjisi təmin edilib, qazlaşdırma 92 faizə çatıb. Dövlətimizin başçısı İlham Əliyev qazlaşdırmanın 92 faizə çatdırmağın hər bir ölkə üçün böyük nailiyyət olduğunu  söyləyərək eyni zamanda  bununla kifayətlənməməyi, növbəti illərdə daha yüksək  faizə çatmağın vacibliyini bildirir.

Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu məqam xüsusi qeyd edilmişdir: “Bu il infrastruktur layihələrinin icrası davam etdirilmişdir. Qazlaşdırma səviyyəsi artıq 93 faizə çatmışdır. Biz qarşıya 95 faiz hədəfi qoymuşduq. Ölkəmizin relyefini nəzərə alsaq hesab edirəm ki, bu, yaxşı rəqəmdir. Artıq biz bu hədəfə çatırıq. Digər infrastruktur layihələri də icra edilir, elektrik təsərrüfatı yenilənir. Kənd yolları layihələri icra edilir. Şərti olaraq biz bu layihəni “40 kənd yolu” layihəsi adlandırdıq, ancaq hər bir layihənin əhatə dairəsi daha genişdir. Yəni, 40 deyəndə, əslində, bu, 200, bəlkə də daha çox kəndi əhatə edir. Çünki hər bir layihə 4-5 kəndi əhatə edir və bu, çox gözəl nəticə verir, bölgələrdə də vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İçməli su layihələri icra edilir. Kifayət qədər vəsait var və gələn il də bu proses davam etdiriləcək. Artıq bir çox şəhərlərimizdə içməli su məsələsi həll olunub.”

“Bakı şəhərində böyük yol infrastrukturu layihələri icra edilir, yeni yollar açılır” söyləyən cənab İlham Əliyev vurğulamışdır: “Bu yaxınlarda da yeni yol açılmışdır. “Sovetski” adlanan ərazidə müasir yol infrastrukturu artıq istismara verilmişdir. Eyni zamanda, o ərazidə böyük abadlıq işləri aparılır. İndi Təzəpir məscidinin önü açılıbdır, orada park olacaq. Digər tərəflərdə də ictimai yerlər yaradılacaq ki, Təzəpir məscidinin hər tərəfdən görünməsi mümkün olsun. Azərbaycan Dövlət Dram Teatrının arxasında - yol infrastrukturu yaradılan ərazidə də ictimai yerlər, parklar, bağlar, salınacaq, ağaclar əkiləcək ki, bunlar Bakı şəhəri üçün, necə deyərlər, yeni bir “ağ ciyər” olacaq. Bu ərazi yaşıllıq zonası olacaq və bu, bizə çox lazımdır. Son illər ərzində bir çox ictimai yerlər açılıbdır, parklar, bağlar yaradılıbdır. Elə bulvarın özü böyük ictimai istirahət zonasıdır və bu proses davam etdirilməlidir.”

Həyata keçirilən siyasətin önündə insan amilinin dayandığını hər bir çıxışında bildirən dövlətimizin  başçısı İlham Əliyev vurğulayır ki, sosial islahatların təməlində məhz güclü iqtisadiyyat dayanır. Azərbaycanın 26 ilə yaxın   müstəqillik tarixinə diqqət yetirdikdə iqtisadi və siyasi islahatların vəhdətliyi, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi fonunda  iqtisadi imkanlarını genişləndirməklə yanaşı iqtisadi müstəqilliyini də yüksək səviyyədə təmin etdiyi aydın şəkildə görünür. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi, təşəbbüsçüsü və iştirakçısı olduğu layihələrin icrası istiqamətində göstərdiyi səylər iqtisadi imkanlarının genişlənməsində stimuldur. Neft gəlirlərindən səmərəli istifadə məqsədilə yaradılan Dövlət Neft Fondunun vəsaitləri hesabına gerçəkləşdirilən mühüm sosial-iqtisadi layihələr də  ölkəmizin hərtərəfli inkişafını  sürətləndirir. Azərbaycanın bazar iqtisadiyyatına sadiq olduğunu  xüsusi vurğulayan cənab İlham Əliyev sahibkarlığın inkişafı istiqamətində davamlı addımların atıldığını, bunun nəticəsi olaraq  ümumi daxili məhsulda özəl bölmənin payının 85 faizdən çox təşkil etdiyini diqqətə çatdırır. Son 13 ildə  bir milyon  700 min  yeni iş yeri açılıb ki, bunun  bir milyon 300 mini daimidir. Qarşıdakı illərdə  məşğulluğun artırılması məqsədilə regionlarda  ənənəvi istehsal sahələrinin, o cümlədən pambıqçılığın, tütünçülüyün, eləcə də xalçaçılığın  və digər sahələrin  inkişaf etdirilməsi üçün müvafiq tədbirlərin görüləcəyi bildirilir.  Bu məqsədlə  yerli istehsalın inkişafı üçün zəruri addımlar atılır.

Xatırlasaq, cənab İlham Əliyev ötən il “Bizim statistikamız da aparıcı  ölkələrin statistikasına xas olan  bütün əlamətləri özündə  ehtiva etməlidir” hədəfini qarşıya qoymuşdur. Təbii ki, bu məqsədlər   Azərbaycanın hər addımında yeniliyə, modernləşməyə, dünya ölkələrinin təcrübəsini öyrənməyə və tətbiq etməyə göstərdiyi maraqdan və  verdiyi önəmdən irəli gəlir.  O da məlumdur ki, İsveçrənin Davos şəhərində ənənəvi keçirilən forumlarda Azərbaycanın inkişaf modeli hər zaman yüksək dəyərləndirilir, öyrənilməsi bir zərurət kimi irəli sürülür. İqtisadi böhranın hələ də davam etdiyi,  maliyyə böhranının yaşandığı, milli valyutaların  devalvasiya ilə üzləşdiyi  məqamlarda ölkəmizin iqtisadi inkişafı ilə dünyanın diqqətində olması sözsüz ki, düşünülmüş siyasətin, təkmil islahatların nəticəsidir. O da məlumdur ki, ölkənin sənayeləşməsi istiqamətində  aparılan islahatların sürətləndirilməsi başlıca hədəf kimi müəyyənləşdirilib. Texnoparkların, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması, ixrac yönümlü sənaye məhsullarının istehsalının artırılması  ilə ölkə  iqtisadiyyatının dayanıqlı inkişafı təmin olunur.  Cənab İlham Əliyev müşavirədə  rəqəmlərin dili ilə cari ilin ötən dövrünün iqtisadi uğurlarını açıqlamışdır.  Qeyri-neft sektoru 1,7 faiz,  qeyri-neft sənayemiz 4,4 faiz, kənd təsərrüfatı 2,2 faiz artıb. Altı  ayda  122  mindən çox yeni iş yeri yaradılıb.     

Bütün bu sadalananlar bir reallığı ortaya qoyur ki, dövlətimizin həyata keçirdiyi siyasətin əsasında ölkəmizin hərtərəfli inkişafı, ən əsası vətəndaş amili  dayanır. 

Yeganə Əliyeva, “İki sahil”