01 avqust 2017 14:42
762

Əhalinin sosial rifahının daha da yaxşılaşdırılması prioritetdir

Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin olunması üçün yeni iş yerlərinin yaradılması, davamlı və keyfiyyətli tibbi xidmət, təhsil və idman, aztəminatlı ailələrə dövlət qayğısının gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasət strategiyasının ən mühüm tərkib hissələridir.

Belə ki, 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi, siyasi, mədəni islahatların mərkəzində Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması, əhalinin daha yaxşı yaşayışının təmin edilməsi dayanır. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə sosial məsələlərin həlli ilə bağlı çoxsaylı dövlət proqramları işlənib hazırlanıb və hazırda həmin proqramlar üzrə böyük layihələr həyata keçirilir. Təkcə Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 3 Dövlət Proqramı çərçivəsində son 14 ildə işsizlik və yoxsulluq 5 faizə enib, ölkədə minlərlə yeni müəssisə yaradılıb, 1.5 milyondan artıq yeni iş yeri açılıb. Bu proqramlar çərçivəsində 3 mindən çox məktəb, 600-dən çox tibb ocağı tikilib və ya əsaslı təmir edilib.

Prezident İlham Əliyevin sosial siyasət strategiyasında qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi, müharibə veteranları və əlillərin sosial müdafiəsinin gücləndirilməsi xüsusi önəm daşıyır. Belə ki, son 14 ildə məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə inşa edilib, 200 mindən çox məcburi köçkün yeni müasir mənzillərlə təmin olunub. Məhz bu tədbirlərin nəticəsidir ki, Dağlıq Qarabağ münaqişəsi zamanı yurd-yuvasından zorla qovularaq çadır şəhərciklərində məskunlaşmış bütün məcburi köçkünlər onlar üçün yeni salınmış qəsəbələrə köçürülüb və beləliklə də Azərbaycanda məcburi köçkünlərin məskunlaşdıqları bütün  çadır şəhərcikləri ləğv olunub.

Artıq Bakıda və regionlarda məskunlaşan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının yeni mərhələsinə start verilib.  Belə ki, paytaxtdakı tələbə yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin yeni salınmış qəsəbələrə köçürülməsindən sonra  bu proses regionlara doğru genişlənməkdədir. Bu ilin əvvəlindən Tərtər rayonunun Şıxarx, habelə Abşeron rayonunun Masazır və Sabunçu rayonunun Ramana qəsəbələrində məcburi köçkünlər üçün yeni binaların inşasına başlanıb. Hazırda adı çəkilərin kənd və qəsəbələrdə məcburi köçkünlər üçün yeni binaların tikintisi başa çatmaq üzrədir. Prezidentin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsasən hazırda Tərtər rayonunda 1176 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə böyük bir şəhərcik salınır. Bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan yaşayış məhəlləsində 34 ədəd dördmərtəbəli bina tikilir. Burada həm də 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa ediləcək. Qaz, su, elektrik enerjisi, müasir istilik sistemi ilə tam təchiz olunacaq yeni şəhərciyin bu ilin sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulur.

Bundan başqa, Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan məcburi köçkünlərin problemləri də yaxın vaxtlarda öz həllini tapacaq, ilk növbədə ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək. Bu proses mərhələli yollarla həll ediləcək. Bu məqsədlə hazırda Masazırda məcburi köçkünlər üçün salınmış məhəllənin ərazisində 3 ədəd, Ramana qəsəbəsi ərazisində isə 1 ədəd beşmərtəbəli bina inşa olunur. Artıq Masazırda inşa edilən 3 ədəd beşmərtəbəli binada tikinti işləri başa çatıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial proqramlar arasında vətəndaşlar üçün güzəştli mənzillərin tikintisi də xüsusi önəm daşıyır. Məhz dövlət başçısının şəxsi təşəbbüsü ilə yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyi fəaliyyətə başladıqdan sonra Bakının köhnə, istifadə müddəti bitmiş binalarının yerində müasir mənzillərin inşasına başlanıb. Artıq sosial evlərə sahib olmaq istəyənlər bu məqsəd üçün elektron qaydada müraciət edə bilərlər. Təklif ediləcək ilk sosial evlərə güzəştli ipoteka almaq hüququ olan gənc ailələr sahib ola biləcəklər. Bunlar şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer) olanlardır. Eyni zamanda, elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər də bu imkandan yararlana biləcəklər.

Xatırladaq ki, “Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) MMC” 3 yaşayış binasının (iki ədəd 12 mərtəbəli 1 bloklu və bir ədəd 9 mərtəbəli 2 bloklu) tikintisi ilə bağlı inşaat şirkəti ilə müqavilə bağlayıb. İnvestor tərəfindən inşa olunacaq 12 mərtəbəli 60 mənzillik bina MİDA-nın sərəncamına veriləcək, həmin binanın yaşayış sahələri “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq. Digər iki bina şirkət tərəfindən birbaşa şəhərcikdə mənzil almaq istəyi olanlara təklif ediləcək. Nəticədə şəhərcikdə yerləşəcək həmin binalardakı mənzillərə güzəştli kateqoriyadan olmayan vətəndaşlar da sahib ola biləcəklər.

Elxan Salahov, “İki sahil”