Ölkəmizin inkişafyönümlü iqtisadi siyasəti sosial sahənin də yüksəlməsinə, vətəndaşların rifah halının yaxşılaşmasına gətirib çıxarıb. Bu gün dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə dünyaya nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb. Məhz bu müsbət tendensiyaların mövcudluğu səbəbindən iqtisadi və siyasi sabitliyimiz davamlıdır. Bu amilləri yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirir ki, dünyanı bürüyən böhranlardan asılı olmayaraq Azərbaycanın inkişafı və ölkədəki ictimai-siyasi sabitlik bizim böyük sərvətimizdir.
Ən önəmli məqam isə ondan ibarətdir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasət mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi dayanır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilmiş və mühüm uğurlar əldə olunmuşdur. Xüsusən sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafına dair üç dövlət proqramı, həmin sənədlərə çoxsaylı əlavələr qəbul olunmuş və icra edilmişdir. Çox önəmli faktdır ki, hər il ölkəmizin başçısının verdiyi fərman və sərəncamların 60 faizi məhz sosialyönümlüdür.
Ötən illər ərzində hər il yeni iş yerlərinin açılması, yeni istehsalat müəssisələrinin, emal zavodlarının yaradılması artıq bir ənənə halını almışdır. Belə ki, son 14 ildə işsizlik və yoxsulluq 5 faizə düşmüşdür. Ölkədə minlərlə yeni müəssisə yaradılmaqla 1.5 milyondan artıq yeni iş yeri açılmışdır. 3 mindən çox məktəb, altı yüzdən çox tibb ocağı tikilmiş və ya əsaslı şəkildə təmir edilmişdir.
Bölgələrdə 40-dan çox Olimpiya İdman Kompleksi, sosial və mədəniyyət obyektləri inşa edilmiş, şəhər və rayonlarda Heydər Əliyev Mərkəzi, Gənclər Evi, Tarix Diyarşünaslıq Muzeyi, digər çoxsaylı sosial və mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilmiş, yeni parklar, istirahət mərkəzləri yaradılmış və s. tədbirlər həyata keçirilmişdir.
Ən önəmli məsələlərdən də biri sovet dövründən qalmış əmanətlərin əhaliyə qaytarılması olmuşdur. Eyni zamanda, ölkə əhalisinin bütün kommunal problemləri həll olunmuşdur. 2400 meqavat istehsal gücü olan 26 elektrik stansiyası tikilmiş, ölkənin enerji təhlükəsizliyi tam təmin edilmişdir. Qazlaşdırma 51 faiz səviyyəsindən 92 faizə qalxmış, ölkə ərazisi, hətta sovet dövründə qaz verilməyən yaşayış məntəqələri qazlaşdırılmışdır.
MDB məkanında yeni yolların ən çox çəkilişinə görə də öndəyik. Son bir neçə ildə 11 min kilometrdən çox avtomobil yolu tikilmiş, təkcə magistral və şəhərlərarası yollar deyil, həmçinin kəndlərarası yollar ən qabaqcıl standartlar səviyyəsində yenidən qurulmuşdur.
Regionlardan Bakıya yeni su xətti çəkilmiş, paytaxtın fasiləsiz su təminatı 80 faizə çatmışdır. Həmçinin regionlarda modul tipli sutəmizləyici qurğular quraşdırılmış, əhalinin içməli su ilə təminatı yaxşılaşdırılmışdır; Kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülmüş, yüz minlərlə hektar torpaq dövriyyəyə buraxılmışdır. Dörd su anbarı - Taxtaköprü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları tikilərək istifadəyə verilmişdir.
Pambıqçılıq, baramaçılıq, üzümçülük, tütünçülük və digər sahələrin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər nəticəsində 400 mindən artıq vətəndaş işlə təmin olunmuşdur. Azərbaycan sahibkarlarına 2 milyard manatdan artıq güzəştli şərtlərlə kreditlər verilmiş, bunun hesabına yeni istehsal sahələri, çoxsaylı iş yerləri yaradılmışdır. Məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə inşa edilmiş, 200 mindən çox məcburi köçkün yeni müasir mənzillərlə təmin edilmiş, ölkədə bütün çadır şəhərcikləri ləğv olunmuşdur. Qeyri-neft sektorunda önəmli sahə olan turizmin inkişaf etdirilməsi məqsədilə məqsədyönlü tədbirlər həyata keçirilmiş, çoxlu sayda 5 ulduzlu otellər də daxil olmaqla 300-dən çox mehmanxana tikilmişdir. Bölgələrdə 6 hava limanı tikilmiş, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı istifadəyə verilmişdir. Bu illər ərzində maaşlar, pensiyalar və digər sosial ödənişlər dəfələrlə artırılmış, ölkədə sosial evlərin inşası ilə bağlı böyük layihənin icrasına başlanmış, bu məqsədlə Mənzil İnşaatı Dövlət Agentliyi yaradılmışdır. Bakının köhnə, istifadə müddəti bitmiş binalarının yerində müasir mənzillərin inşası ilə bağlı yeni təşəbbüsə start verilmişdir. Eyni zamanda, sosial siyasətin ən önəmli istiqaməti olan müharibə iştirakçılarının, şəhid ailələrinin, əlillərin, hərbçilərin, alimlərin, KİV işçilərinin sosial təminatının yüksəldilməsi, mənzil-məişət problemlərinin həlli ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilmişdir.
Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
Ümumilikdə, sosial inkişaf sahəsində əldə olunmuş uğurlu nəticələr deməyə əsas verir ki, respublikamız qlobal böhrandan irəli gələn çətinliklərə baxmayaraq inkişaf edir. Əldə olunan nəticələr ölkədə həyata keçirilən çoxşaxəli dövlət siyasətinin əsasında insan və şəxsiyyət amilinin dayandığını bir daha təsdiqləyir.
Elçin Zaman, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır