27 iyul 2017 14:42
671

Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır

Dövlətimizin azad mətbuatın inkişafına diqqət və qayğısı davamlılığı ilə diqqət çəkir

“Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən söz azadlığı və siz jurnalistlər bunu yaxşı bilirsiniz. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, qeydiyyatdan keçib sərbəst fəaliyyət göstərir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır. Mən həmişə çalışmışam və calışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim.” Jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində dövlətimizin başçısı İlham Əliyev bu əminliyi bir daha ifadə etmişdir ki, Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq. 

26 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanda digər sahələr kimi, azad mətbuatın inkişafı istiqamətində də atılan addımlara diqqət yetirsək, görülən işlərin miqyasının nə qədər geniş, uğurlarımızın davamlılığını görmək olar. Təbii ki, bu da düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Müstəqilliyimizin ilk illəri tarixə xaos, anarxiya, özbaşınalıq dövrü kimi daxil olsa da, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bütün istiqamətlərdə, o cümlədən mətbuatın inkişafında yeni bir mərhələnin təməlini qoydu. Dövlətimizin başçısı İlham Əliyev “1998-ci ildə senzuranın ləğvi, doğrudan da böyük və tarixi bir addım idi. Bugünkü gün üçün bu, əlbəttə ki, bir fövqəladə hal kimi qiymətləndirilə bilməz. Ancaq o vaxt MDB məkanında Azərbaycan senzuranın ləğvini irəli sürən birinci ölkə idi. Ondan sonra söz azadlığının inkişafı istiqamətində ardıcıl şəkildə çox ciddi addımlar atılmışdır. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu, 2003-cü ildə Mətbuat Şurası yarandı. Yəni bütün bunlar, bu hadisələr göstərir ki, Azərbaycan dövləti bu sahədə çox məqsədyönlü və ardıcıl siyasət aparmışdır. Bütövlükdə söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir” fikirləri ilə azad, müstəqil mətbuatın inkişafının bütün dövrlər üçün aktual olduğunu təsdiqləyir. 

Hər zaman qeyd olunduğu kimi, hər bir önəmli gün keçilən yolun təhlilini bir tələb kimi irəli sürür. Mətbuatımız 142 illiyini arxada qoydu. Bu gün Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə dəstəklənən, dünyanın ən islahatçı və xoşbəxt ölkəsi kimi tanınan, eyni zamanda hər sahədə təcrübəsi nümunə göstərilən dövlət kimi nüfuz qazanıb. Mətbuat da bu diqqət və qayğıdan kənarda qalmayıb. Mətbuatı cəmiyyətin güzgüsü kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə yeni mərhələnin başlanğıcını qoydu. Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişaf etdirilməsini Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini önə çəkərək, bu yönümdə mühüm islahatların həyata keçirilməsinə səy göstərdi. 1998-ci ilin 6 avqustunda imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanla mətbuat üzərində dövlət tənzimləməsini nəzərdə tutan bütün mexanizmlər ləğv olundu. Ulu öndər Heydər Əliyev bildirmişdir: “Biz senzuranı ləğv etdik. Konstitusiya ilə təsbit olunmuş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik, mətbuata yeni imkanlar yaratdıq. Mətbuat Azərbaycanda həqiqətən çox sərbəstdir, azaddır. Bu da o deməkdir ki, söz azaddır, fikir azaddır.” Konstitusiyamızda xüsusi olaraq “Məlumat azadlığı” maddəsinin yer alması, eyni zamanda təkmilləşmənin əsas göstəricisi kimi sənədə əlavə və dəyişikliklərin edilməsi zamanı bu maddəyə də zamanın tələbinə uyğun əlavələrin edilməsi deyilənlərin bariz nümunəsidir. Xatırlasaq, 2009-cu ildə Konstitusiyanın 29 maddəsinə edilən 40-dan artıq əlavə və dəyişiklik arasında “Məlumat azadlığı” maddəsi də kənarda qalmamışdır. Belə ki, həmin maddədə qeyd edilir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Bu maddəyə belə bir əlavə də edildi ki, hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir. 

Azad, müstəqil mətbuatın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan KİV-lərin sayına görə MDB  ölkələri arasında lider mövqedə dayanır. Ölkədə minlərlə kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb, xeyli sayda jurnalist təşkilatları və ictimai birliklər fəaliyyət göstərir. İnternet istifadəçilərinin sayı 85 faizdən çoxdur. Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkən dövlətimizin bu sahənin inkişafına yönələn addımları göz qabağındadır. Bircə bu faktı qeyd etmək kifayətdir ki, Azərbaycan kosmik klubun üzvüdür. İKT-nin inkişafı istiqamətində atılmış addımlar nəinki ölkəmizdə, dünya birliyində də yüksək dəyərləndirilir.  Atılan addımlar bir daha bu reallığı orta qoyur ki, dövlətin əsas niyyəti Azərbaycan vətəndaşlarının informasiya tələbatını lazımi səviyyədə ödəməkdir. Müxtəlif informasiyanı əldə etmək hər bir vətəndaşın hüququdur və dövlətimiz bu hüquqları təmin edir. Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması da informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiyası istiqamətində atılan mühüm addımlar sırasındadır. Bir sözlə, sivil, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsi, Azərbaycanın dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır. 

Son 14 ilə yaxın dövrdə Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi mətbuat sahəsində də xüsusi diqqət çəkir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının qəbulu, bu sənəd əsasında KİV-lərin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması bu istiqamətdə atılan addımların davamı kimi dəyərləndirilir. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycan dünyada yeganə ölkədir ki, dövlət KİV-lərin inkişafı məsələlərinə bu qədər diqqət və həssaslıqla yanaşır.

Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı imzalanan sərəncamlar da bu diqqətin bariz nümunələrindəndir. 2013-cü ildə jurnalistlər üçün tikilən ilk bina istifadəyə verildi. Həmin il Prezident İlham Əliyev “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” növbəti Sərəncamı imzaladı. Sərəncamda da bu fikir əksini tapmışdır ki, Azərbaycanın dinamik inkişaf etdiyi, demokratikləşmə prosesinin getdikcə dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə daha etibarlı şərait yaradılması dövlətin diqqət mərkəzində dayanan əsas məsələlərdən biridir. Bu günlərdə milli mətbuatımızın 142-ci ildönümündə ikinci bina jurnalistlərin istifadəsinə verildi. Ölkə Prezidentinin bu hədiyyəsindən bəhrələnən 255 jurnalist öz sevinclərini yaşamaqdadır. Mənzillərin paylanma mərasimində dövlətimizin başçısı İlham Əliyev bildirmişdir: “4 il bundan əvvəl birinci binanın açılışında mən demişdim ki, yəqin gələcəkdə bu əraziyə “Jurnalistlər şəhərciyi” deyiləcək və bu, belə də oldu. Artıq bu gözəl yer “Jurnalistlər şəhərciyi”dir, burada üçüncü bina da tikiləcək. Əlbəttə ki, biz jurnalistlərin məişət problemlərinin həlli üçün gələcəkdə əlavə tədbirlər görəcəyik.” Göründüyü kimi, tədbirlər davamlı xarakter daşıyır. Mənzillərin paylandığı gündə Prezident İlham Əliyev jurnvlistlər üçün üçüncu yaşayış binasının təməlini qoydu. Onu da qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat vəsait ayrılıb. Həmin tarixdə imzalanan sənədlərdən biri də ölkədə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılmasıdır. Sərəncama uyğun olaraq bu məqsədlə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat vəsait ayrılıb. Təbii ki, bu addımların əsasında ölkəmizin iqtisadi inkişafı dayanır.     

Bu reallıq da hər zaman önə çəkilir ki, zaman dəyişdikcə digər istiqamətlər kimi, mətbuatda da təkmilləşmə bir zərurətdir. Bu gün ölkə ictimaiyyətinin yazılı və elektron KİV-lərdən gözləntiləri aydındır. İnternetin sürətlə inkişaf etdiyi müasir dövrdə Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlar yaranır. Mətbuat bu imkanlardan maksimum istifadə etməyə səy göstərməli, vətənpərvərlik prinsipləri atılan addımların önündə dayanmalıdır. Müharibə şəraitində yaşayan ölkədə mətbuatın üzərinə düşən vəzifəni geniş şəkildə şərh etməyə ehtiyac yoxdur. Müasir dövrün çağırışı məhz budur- XXI əsr informasiya mübarizəsi əsrində daha çox nailiyyətlər qazanmaq, ölkəmizə  yönələn qarayaxma kampaniyalarına qarşı mübarizəni müdafiə prinsipləri ilə deyil, hücum taktikası ilə aparmaq. Dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri mətbuatın keçdiyi inkişaf yolunun, eyni zamanda, mövcud problemlərin həllinə yönələn addımların ümumiləşdirilmiş ifadəsi kimi dəyərləndirilir: “Hesab edirəm ki, bizim mətbuatımız böyük və uğurlu yol keçibdir. Əlbəttə ki, problemlər də var... Elə etməliyik ki, bu problemlərin həlli işində birgə fəaliyyət göstərək. Bu, bizim ümumi işimizdir. Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq.”

Yeganə Əliyeva, “İki sahil”