Atılan addımlar “Made in Azerbaijan" brendinin dünyada şöhrət qazanmasını şərtləndirir
Nazirlər Kabinetinin iclaslarını xalqa verilən hesabat kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, verilən tapşırıqlar yerinə yetirilməli, müsbət dinamikanı daha da artırmalıyıq. Cari ilin birinci yarısının sosial-iqtisadi göstəricilərinə diqqət yetirdikdə bu günümüzün və qarşıdakı illərin inkişaf dinamikasının aydın mənzərəsi yaranır. Azərbaycanda sabitliyin və normal biznes mühitinin mövcudluğunun nəticəsidir ki, bu gün ölkəmizin adı Davos Dünya İqtisadi Forumunun hesabatında iqtisadiyyatın rəqabətqabilliyyətliliyinə görə 37-ci yerdədir.
Statistikaya diqqət yetirək. Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Dövlətimizin başçısı bildirir: " Bu gün sərmayə qoyuluşu demək olar ki, bütün ölkələrdə azalır. Çünki maliyyə sıxıntıları, problemlər var. Amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Nəyə görə? Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Sabit olan ölkələrin sayı kəskin azalır. Ona görə əminəm ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək."
Valyuta ehtiyatlarımız artıb, 40,6 milyard dollar təşkil edir. Bu da müsbət göstəricidir. Çünki ilin əvvəlindən bu günə qədər valyuta ehtiyatlarımız təxminən 3 milyard dollar artıb. "Baxın, neftin qiyməti kəskin şəkildə düşüb. Sonra isə müəyyən dərəcədə qalxıb. Yenə də düşmə ehtimalı var. Amma bizim valyuta ehtiyatlarımız artır. Nəyə görə? Düşünülmüş siyasətə görə" söyləyən cənab İlham Əliyev bildirir ki, biz heç vaxt populist işlərlə məşğul olmamışıq: "Biz hər zaman ölkəmizin uzunmüddətli inkişafı ilə məşğul olmuşuq. Biz həm qənaət etdik, həm islahatlar apardıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə vəsait ayırdıq. Əlbəttə ki, biz idxalı azaltmışıq, ixracı isə artırmışıq. Büdcə ilə bağlı heç bir problem yoxdur. Ona görə, Neft Fondundan büdcəyə transferlər də azaldı. Yəni, ilin altı ayında valyuta ehtiyatlarının 3 milyard dollar artması mükəmməl nəticədir."
Cari ilin ötən dövründə 122 min yeni iş yeri açılmışdır ki, onlardan 101 mini daimi iş yeridir. Ona görə də bizdə işsizlik aşağı səviyyədədir. Qeyri-neft ixracı altı ayda 27 faiz artıb. "Bax, budur gördüyümüz işlərin nəticələri" deyən ölkə Prezidenti İlham Əliyev bildirir ki, bu göstəricilər dünya miqyasında ən mühüm göstəricilərdir: "Bunu o ölkə əldə edib ki, biz hələ enerji amilindən asılıyıq. O ölkə əldə edib ki, onun gəlirləri son iki il ərzində üç-dörd dəfə azalıb. Bax, budur bizim siyasətimiz, gördüyümüz işlər və əldə etdiyimiz nəticələr."
Dövlətimizin başçısı eyni zamanda bildirir ki, əslində bizim fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı yerli istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Sahibkarlığın inkişafına xidmət edən addımların davamlılığı da bu məqsədə xidmət edir. Qiymətlərin tənzimlənməsi, idxala mane olan süni manelərin aradan qaldırılması istiqamətində görülən tədbirlər sayəsində inhisarçılıq, korrupsiya halları aradan qaldırılır. Xarici investisiyaların ölkəmizə cəlbi istiqamətində önəmli addımlar atılır. İnvestisiya cəlbediciliyinə görə xarici iş adamlarının maraq göstərdiyi Azərbaycanda ixracın təşviqi sistemi yaradılır, dünya bazarına çıxarılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır. Bu, onu göstərir ki, son illər ərzində ölkə iqtisadiyyatının güclənməsinə imkan yaradan sahələrə böyük həcmli investisiyalar qoyulub, dövlət dəstəyi gücləndirilib. "Azərbaycan olduqca münbit sərmayə mühitini yaradıb" söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, müstəqillik tariximizdə iqtisadiyyata 200 milyard dollardan artıq sərmayə qoyulub. Bu, ölkəmizə inamdan irəli gəlir. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi, rifah halının durmadan yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəldilir ki, insan amilinə diqqətin əsasını təşkil edən göstəricilər daha böyük rəqəmlərlə ifadə olunsun. Xatırlasaq, Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində də bu rəqəmlər açıqlanmışdır ki, son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kredit verilmişdir. Bu kreditlər, eyni zamanda, sahibkarların qoyduqları vəsaitlər hesabına icra edilən layihələr bu gün deməyə əsas verir ki, biz qeyri-neft ixracımızı artırırıq. Çünki əgər bu kreditlər olmasaydı, bir çox layihələr icra edilməmiş qalardı və bu gün nəinki ixrac potensialımızın artırılmasından, ümumiyyətlə, daxili tələbatın ödənilməsindən söhbət gedə bilməzdi. Ona görə dövlət siyasəti, sahibkarlığa göstərilən həm siyasi dəstək, mənəvi dəstək, maliyyə dəstəyi və sahibkarlığın inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir.
Hazırda qeyri-neft sektoru iqtisadiyyatın təxminən 65 faizini təmin edir. "Biz bu gün inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib" söyləyən dövlətimizin başçısı bildirir ki, qarşıda dayanan əsas vəzifə ixracda da şaxələndirməyə nail olmaqdır. Göründüyü kimi, ölkəmizin iqtisadi böhrandan ən az itki ilə çıxması üçün yerli resurslardan istifadə imkanları və daxili potensialı tükənməzdir. Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılır. Sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bu məqam da xüsusi qeyd edilir ki, əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektoru nəyin hesabına inkişaf etdirilə bilərdi? Daxili investisiyaların həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısından irəli gəlir. Sahibkarlara 6 ayda güzəştli şərtlərlə 63 milyon manat kredit verilib. Dövlətimizin başçısı müşavirədə bildirmişdir: "İnvestisiya təşviqi mexanizmi özünü tam doğruldub. Bu, çox düzgün addım idi. İnvestisiya təşviqi mexanizminin işə düşməsindən sonra məhz bu təşəbbüsə görə Azərbaycana 1,6 milyard manat dəyərində investisiya qoyulub. Əgər bu mexanizm olmasaydı, bu 1,6 milyard manat investisiya da olmayacaqdı. Biz bunu etdik. Baxmayaraq ki, bu məsələ ilə bağlı müxtəlif fikirlər var idi. Amma mən dedim ki, biz buna getməliyik və nəticə də göz qabağındadır. İnvestisiya təşviqi mexanizmi qədər bizə investisiya gətirən ikinci amil yoxdur. Ona görə, sahibkarlar da bunu yüksək qiymətləndirirlər. İş yerləri də açılır və gözəl iqtisadi sənaye potensialı yaranır."
Dövlətimizin başçısı İlham Əliyev dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyə və təbii sərvətlərə malik, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq ölkə kimi təqdim etməyin vacibliyini bildirir. Ölkə Prezidentinin imzaladığı "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədirlər haqqında" Fərmandan irəli gələn vəzifələrin uğurlu icrası sözsüz ki, bu məqsədə öz böyük töhfəsini verəcək. Eyni zamanda "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərmana uyğun olaraq tərtib olunan yol xəritələri hədəflərə çatmaqda stimuldur. Bu xəritələr mili iqtisadiyyatın perspektivini, neft-qaz sənayesinin inkişafını, kənd təsərrüfatı məhsullarının istehsalı və emalını, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalını, ağır sənaye və maşınqayırmanın, ixtisaslaşmış turizm sənayesinin, logistika və ticarətin, uyğun qiymətə mənzil təminatının, peşə təhsili və təliminin, maliyyə xidmətlərinin, telekommunikasiya və informasiya texnologiyalarının, kommunal xidmətlərin inkişafını nəzərdə tutur. Atılan addımlar "Made in Azerbaijan" brendinin dünyada şöhrət qazanmasını şərtləndirir.
Yeganə Əliyeva, “İki sahil"
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır