Prezident İlham Əliyevin siyasi fəaliyyətinin ən önəmli cəhəti qətiyyətli olduğu qədər də səmimi olmasıdır. Azərbaycan Prezidenti ölkədə söz və mətbuat azadlığının bərqərar olmasını hamıdan çox istəyib və buna da nail olub. Cənab Prezidentin fikrincə, azad və demokratik mətbuat tendensiyası ölkənin sosial-iqtisadi inkşafının bir hissəsidir.
Eyni zamanda, azad mətbuat dövləti idarəetmə prisiplərində ölkə başçısına və hökumətə ən yaxşı dəstək amilidir. Məhz bu amili yüksək dəyərləndirən Prezident ölkə jurnalistlərinə maddi və mənəvi dəstəyini heç vaxt əsirgəməyib. Cənab Prezidentin bu fikirləri deyilənlərin əyani təzahürüdür: “Prezident kimi mən azad medianın inkişafı üçün bundan sonra da səylərimi əsirgəməyəcəyəm. Jurnalistlərin məişət problemlərinin həlli üçün də bundan sonra da biz öz addımlarımızı atacağıq. Çünki mən yaxşı başa düşürəm ki, jurnalist biznesmen, iş adamı deyil. Jurnalistika ilə məşğul olan insan üçün mənzil almaq o qədər də asan məsələ deyil və dövlət burada həmişə sizin yanınızdadır”. Eyni zamanda Prezident İlham Əliyev həmişə bu fikri vurğulayıbdır ki, bu gün ölkəmizdə bazar iqtisadiyyatı qanunları hökm sürür: “Lakin biz söz adamlarımızı, ümumilikdə isə milli mənəvi dəyərlərimizi bazar iqtisadiyyatına qurban verməyəcəyik.”
Məhz bu vədinə həmişə sadiq qalan möhtərəm Prezidentimiz heç bir dövlət başçısının həyata keçirə bilmədiyi ən modern sosial-humanitar siyasətin müəllifidir. Bu siyasətdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və mətbuatının inkişafında əməyi olan yaradıcı adamlara-şair və yazıçılara, aktyorlara, müğənnilərə, jurnalistlərə dövlət qayğısı həmişə yüksək olub. Eyni zamanda təhsil və səhiyyə sahəsində xidmətləri olan insanlar da həmişə dövlət tərəfindən mükafatlandırılıblar.
Prezidentin hələ bir neçə il əvvəl “Jurnalistlərin dostu olmaq mənim üçün şərəfdir” deməsi bir daha göstərir ki, o, nəinki qətiyyətli dövlət başçısıdır, eyni zamanda, humanistdir, milli-mənəvi dəyərlərə, ziyalılığa, həqiqi və ədalətli sözə sayğı ilə yanaşır. Dövlətimizin başçısının jurnalistlərlə səmimi münasibətlər, daim onlarla ünsiyyət qurması bu reallığın təzahürüdür. Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir.
Bu gün ölkəmizdə söz, fikir və mlumat azadlığı sahəsindəki mövcud vəziyyət yalnız qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Dövlət başçısı KİV nümayəndələri ilə görüşlərində daim mətbuatın üzərinə düşən vəzifələrdən bəhs edir, onların icrasında dövlətin hər bir dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırır. Prezident dəfələrlə bildirib ki, dövlət demokratiyanın əsas atributlarından olan söz və məlumat azadlığının inkişaf etdirilməsində, KİV-in iqtisadi müstəqilliyinin gücləndirilməsində, ölkədə azad və plüralist medianın inkişafında maraqlıdır və KİV-in inkişafı lə bağlı qarşıda duran məsələləri yüksək səviyyədə yerinə yetirir.
Jurnalistlərə fəxri adların verilməsi, obyektiv və qərəzsiz prinsiplər əsasında fəaliyyət göstərən media qurumlarının cəmiyyətin ictimai institutu kimi fəaliyyətinin təqdir edilməsi və yüksək səviyyədə qiymətləndirilməsi nəticə etibarilə jurnalist peşəsinin ictimai nüfuzunun artmasına gətirib çıxarıb. Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca KİV-in və jurnalistlərin problemlərinin həlli istiqamətində xüsusi tədbirlər görülüb. Bunun əyani təzahürüdür ki, jurnalistlərin böyük dostu və hamisi olan Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil probleminin həll edilməsi ilə bağlı Sərəncam verdi. Öncə 156, sonra isə 255 mənzildən ibarət 2 bina tikilib istifadəyə verildi. Mətbuatımızın 145 illiyi ərəfəsində yəni 2020-ci ildə isə daha 255 media nümayəndəsi bu sevinci yaşayacaq.
Bütün bunlar təbii ki, müstəqil mətbuata, obyektiv və vicdanlı jurnalistikaya yüksək səviyyədə göstərilən dövlət qayğısının nümunəsidir. Bu bir gerçəklikdir ki, Prezident İlham Əliyev ölkəmizdə azad sözün qoruyucusudur. Eyni zamanda dövlətimizin başçısı öz əməli ilə sübüt edib ki, Azərbaycan mətbuatı heç vaxt indiki qədər dövlət qayğısı və ictimai diqqətlə əhatə olunmayıb.
İyunun 20-də jurnalistlər qarşısında çıxış edən dövlət başçısı bir daha dövlətin KİV-ə göstərdiyi münasibətdən danışdı. Prezident İlham Əliyevin həmin proqram xarakterli çıxışı bundan sonra da Azərbaycan jurnalistikasının gələcək fəaliyyətinin təməl prinsiplərini təşkil edəcək. Ona görə ki, cənab İlham Əliyev həmin görüşdə milli jurnalistikamızın inkişafının əsas istiqamətləri və hədəflərini göstərdi. Xüsusən Azərbaycan dövlətinin və xalqının milli maraqlarının qorunması ilə bağlı dövlətin yürütdüyü siyasətə dəstək verilməsini, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv məlumatların yayılmasını, erməni işğalı və terrorunun ifşa edilməsini jurnalistlərimizin qarşısında bir vəzifə kimi qoydu.
Azərbaycan jurnalistikasının gələcək inkişafı ilə bağlı məsələlərə gəlincə isə Prezident vurğuladı ki, dövlət azad mətbuatın inkişafına bundan sonra da ciddi şəkildə dəstək olacaq. Bu, artıq Azərbaycan Prezidentinin jurnalistlərə olan münasibətinin əyani təzahürüdür. Məhz bütün bunlara görədir ki, Azərbaycan jurnalistləri, media ictimaiyyəti də dövlət başçısını həmişə özünə yaxın dost hesab edir və bundan sonra da edəcək.
Azərbaycan dünyada bəlkə də yeganə ölkədir ki, kütləvi informasiya vasitələrinin nümayəndələri üçün dövlət tərəfindən təmənnasız olaraq yaşayış binaları inşa edilir və onlara verilir. Bu, bir daha sübut edir ki, ölkəmizdə KİV nümayəndələrinin yüksək səviyyədə fəaliyyət göstərmələri, azad mətbuatın fəaliyyətinin təmin edilməsi ilə yanaşı, dövlət jurnalistlərin mənzil-məişət məsələlərinin həllinə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına da xüsusi diqqətlə yanaşır. Ən əsası isə odur ki, bu tədbirlər ardıcıl xarakter daşıyır.
Dövlət quruculuğunun dünyəvi, hüquqi və demokratik prinsiplərlə həyata keçirildiyi respublikamızda azad vətəndaş cəmiyyətinin formalaşması, qanunların aliliyinin təmin edilməsi istiqamətində bütün zəruri addımlar atılır. O cümlədən demokratik cəmiyyətin əsas göstəricilərindən sayılan söz və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılması, bu sahədə olan bütün maneələrin aradan qaldırılması Azərbaycan dövləti və onun başçsı cənab İlham Əliyev üçün prioritet məsələdir.
Mətbuatın inkişafı yönündə Prezident İlham Əliyevin rəhbərliyi ilə xeyli sayda əhəmiyyətli addımların atılması, əsaslı islahatların həyata keçirilməsi təbii ki, mətbuat nümayəndələrindən də məhz bu yüksək diqqət və qayğıya layiq olmağı tələb edir.
Burada çox önəmli bir məsələni də qeyd etmək lazımdır ki, dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər mətbuata xüsusi diqqət və qayğı mövcud deyil. Məhz buna görə də Prezident İlham Əliyevin mətbuata qayğı ilə yanaşmasına cavab olaraq media nümayəndələri də üzərlərinə düşən bütün öhdəlikləri ləyaqətlə yerinə yetirməyə borcludurlar. Xüsusən burada jurnalistikanın təməl prinsipi olan qərəzsiz, obyekiv yazılar əsas yer tutmalıdır. Məhz bu tip yazılarla ölkə başçısının dediyi kimi, Ona kömək etmək əsas prinsipimiz olmalıdır. Bu şərəfli yolda Prezident İlham Əliyevlə bundan sonra da həmrəylik və birlik nümayiş etdirməyin alternativi yoxdur.
Elçin Zaman, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır