Dostluq və mehriban qonşuluq ənənələrinə söykənən Rusiya-Azərbaycan münasibətləri yeni mərhələdə
Dövlətimizin başçısı İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlıq əlaqələrinin, strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət edir
Xarici siyasətin əsas istiqamətlərindən biri kimi ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması və münasibətlərdə yeni prioritetlərin müəyyənləşdirilməsi sahəsində Azərbaycanın əldə etdiyi uğurlar göz önündədir. Qarşılıqlı səfərlər fonunda bu əlaqələr daha da möhkəmlənir, yeni çalarlar əlavə olunur. Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri də bu baxımdan diqqətçəkəndir.
“Artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlər bizim həyatımızın demək olar ki, bütün sahələrini əhatə edir” söyləyən Prezident İlham Əliyev qeyd etmişdir ki, keçirilən bu görüşlər çox uğurla davam edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls verir: “Biz münasibətlərimizin səviyyəsindən, yüksək səviyyəsindən məmnunuq. Siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var. Yəni, bizim münasibətlərimiz çoxşaxəlidir, həyatımızın pratkiki olaraq bütün sahələrini əhatə edir. Əlbəttə ki, vacib məsələlər - regional, dünya siyasəti, ikitərəfli münasibətlər və bizim regionda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə vaxtaşırı məsləhətləşmələrə ehtiyac var.”
Qədim dostluq və mehriban qonşuluq ənənələrinə söykənən Rusiya-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsində “Siz Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin indiki səviyyəsini və bu münasibətlərin dərinləşməsi perspektivlərini necə qiymətləndirirsiniz” sualına cavabında keçilən yolun, birgə həyata keçirilən layihələrin təhlili fonunda bu əminliyi ifadə etmişdir: “Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da durmadan inkişaf etməsi regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir.”
Dövlətimizin başçısı İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görülməsi zəruri olan işlər, yeni yolların müəyyən edilməsi istiqamətində geniş fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı erməni lobbisi və onun təsiri altında olan bəzi ermənipərəst, antiazərbaycan dairələri (o cümlədən Rusiyada müxtəlif dövlət orqanlarına soxulmuş və səlahiyyət əldə etmiş erməniləri, ermənipərəstləri) və bəzi beynəlxalq dairələri narahat edir, bu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir. Ancaq münasibətlərin xarakteri, dərinliyi və inkişaf perspektivi, habelə dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluq belə cəhdlərin baş tutmayacağını və iflasa uğrayacağını şərtləndirən mühüm amillərdir. O da bildirilmişdir ki, ikitərəfli münasibətlərə kənardan müdaxilə cəhdləri bu günə kimi baş tutmamış və qarşıdan gələn dövrdə də heç bir nəticə verməyəcək.
Dövlət başçılarının görüşündə əsas diqqət göstərilən məsələlərdən biri məhz yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmuşdur. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın mövqeyi təbii ki, ölkəmiz üçün önəmlidir. Yuxarıda qeyd etdiyimiz müsahibədə Rusiya Prezidentinin Dağlıq Qarabağ problemi ilə bağlı suala cavabını da yada salmaq istərdik. V.Putin “Belə bir fikir var ki, Qarabağ düyününün açılmasında həlledici rolu məhz Rusiya oynaya bilər. Siz bununla razısınızmı” sualına cavabında bildirmişdir: “Biz Azərbaycana və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə əsla çalışmırıq. Tərəflər kənardan təzyiq olmadan özləri razılığa gəlməli, qarşılıqlı məqbul həll yollarını tapmalıdırlar. Bu, bizim qəti mövqeyimizdir.” Həmin müsahibədə bu fikir də yer almışdır ki, öz növbəsində Rusiya problemin cəlb olunmuş bütün tərəfləri razı salacaq həll variantını dəstəkləməyə, digər vasitəçilərlə birlikdə tənzimləmənin qarantı kimi çıxış etməyə hazırdır.
Ölkə Prezidentinin hər bir çıxışında, xarici səfərləri çərçivəsində keçirdiyi görüşlərdə Dağlıq Qarabağ probleminin əsas müzakirə mövzusu olması bir daha bu tələbi ortaya qoyur ki, beynəlxalq hüquq normaları bütün dövlətlərə eyni şəkildə tətbiq olunsun, məsələnin həllində ədalətli yanaşma nümayiş etdirilsin. Həmsədr dövlətlərin bəyanatlarında Ermənistanın işğalçılıq siyasəti pislənilib, Azərbaycanın mövqeyi dəstəklənsə də, konkret addımın atılmaması məsələnin həlli prosesinin uzanmasına səbəb olur. İşğalçı və işğala məruz qalan tərəflərin bəlliliyi fonunda hər iki tərəfi razı salacaq həll variantının qəbul olunmasından bəhs etmək təəccüb doğurmaya bilməz. Azərbaycan dövləti məsələnin sülh danışıqları əsasında çözülməsinin tərəfdarı olduğunu atdığı addımları ilə təsdiqləyir. Bu bəyanat da ən yüksək tribunalardan bəyan edilir ki, işğal altında olan torpaqlarımızı sülh danışıqları əsasında çözmək mümkün olmadığı təqdirdə hərb variantına üstünlük veriləcəyi şəksizdir. Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi fonunda ordumuzun gücünün, qüdrətinin artması bu əminliyə əsas verir. Aprel döyüşləri bu gücü bir daha nümayiş etdirdi.
Rusiya və Azərbaycan prezidentlərinin görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, bunun üçün yolların tapılması çox geniş müzakirə olunmuş, mövcud status-kvonun bundan sonra davam edə bilməyəcəyi xüsusi vurğulanmışdır. O da məlumdur ki, Rusiyanın təşəbbüsü ilə dəfələrlə Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin görüşü olub. Rusiya tərəfi məsələnin tezliklə həllinin vacibliyini bəyan edir.
Hər zaman qeyd olunduğu kimi, artıq bəyanatlardan konkret əməli işə keçməyin zamanıdır. Təbii ki, işğalçı dövlətə təzyiq göstərilməsə, ondan öz istəyi ilə məsələnin həlli istiqamətində müsbət addım gözləmək sadəlövhlük olar. Yəni işğalçının adı ilə çağırılması artıq günümüzün əsas çağırışına çevrilib. ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya məsələnin çözülməsinə xidmət edən təşəbbüslərini konkret əməli ilə təsdiqləsə, sözsüz ki, işğalçı Ermənistan təxribatlarından əl çəkər, konstruktiv mövqe nümayiş etdirmək məcburiyyətində qalar. Xatırlasaq, ötən il Aprel döyüşlərindən sonra Ermənistan yaranmış gərgin vəziyyət, eyni zamanda dünya dövlətlərinin, təşkilatlarının mövqeyi əsasında danışıqlar masasına əyləşdi. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Bilirsiniz ki, aprel hadisələrindən sonra Ermənistan danışıqların bərpa edilməsi üçün bir neçə şərt qoyurdu və bunu açıq şəkildə bəyan edirdi. Mən o vaxt yenə də görürdüm, bilirdim ki, bu, növbəti axmaqlıqdır. Çünki gec-tez onlar danışıqlar masasına qayıdacaqlar, sadəcə olaraq, özlərini olmayan hörmətdən növbəti dəfə salacaqlar. Belə də oldu... Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüblər. Danışıqlar prosesi bərpa edilib, heç bir şərt Azərbaycan tərəfindən qəbul edilməyib, danışıqlar prosesi qeyd-şərtsiz bərpa edilibdir. Bu, bizim mövqeyimizdir, biz həmişə demişik ki, belə olmalıdır. Bu, Minsk qrupunun həmsədr ölkələrinin də mövqeyidir. Ona görə işğalçını məcbur etdilər və o, danışıqlar masasına qayıdıb. İndi məsələ ondan ibarətdir ki, tezliklə substantiv, yəni, mənalı, konkret danışıqlar bərpa edilməlidir. Danışıqlar nəticəsində torpaqlarımız işğaldan azad edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir. Bundan kənarda heç bir həll yolu mümkün deyil.”
Regionun iqtisadi inkişafı üçün böyük maneə kimi dəyərləndirilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli birgə səylərin göstərilməsini, ən əsası ikili yanaşmalardan uzaqlaşıb ədalətli mövqe nümayiş etdirməyi bir tələb kimi ortaya qoyur. ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi Rusiya ilə münasibətlərimizin yüksələn xətt üzrə inkişafı, sözsüz ki, Dağlıq Qarabağ probleminin həllinə təsirsiz olmayacaq.
Bu təhlillər əsasında deyə bilərik ki, qarşılıqlı səfərlər ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, hər bir ölkənin potensial imkanlarının təqdimatına da öz müsbət təsirini göstərir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələrini quran Azərbaycan ədalətli mövqeyi ilə beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir. Rusiya və Azərbaycan dövlət başçıları Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirmiş və bunun üçün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırmışlar. Hər bir səfərin önəmini nəzərə alsaq, bu ümumiləşdirməni apara bilərik ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri və Prezident Vladimir Putinlə görüşü iki ölkə arasında bütün sahələr üzrə məhsuldar əməkdaşlıq əlaqələrinin, strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət edir.
Yeganə Əliyeva, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır