Dövlətimizin başçısı Milli Mətbuat Günü ərəfəsində 255 jurnalistə mənzil hədiyyə etməklə yüzlərlə insanı sevindirdi
Yola saldığımız həftə Azərbaycan mətbuatı üçün sürprizlərlə zəngin oldu. Azərbaycan mətbuatında çalışan jurnalistlər sözün əsl mənasında bayram təntənəsi yaşadılar. Təkcə ona görə yox ki, milli mətbuatımızın 142-ci ildönümü ərəfəsində ayrı-ayrı dövlət orqanlarında, ictimai təşkilatlarda çoxlu sayda bayram tədbirləri keçirildi, jurnalistlər üçün ziyafət məclisləri düzənləndi, jurnalist fəaliyyətində fəqrlənən media mənsubları mükafatlandırıldı.
Həm də ona görə ki, jurnalistlərin peşə bayramı dövlət səviyyəsində, eyni zamanda böyük təmtəraqla qeyd olundu. Ən böyük mükafat isə yenə də Prezident İlham Əliyevdən gəldi. Dövlətimizin başçısı 255 KİV nümayədəsinə mənzil hədiyyə etdi. Bu, o deməkdir ki, 255 jurnalist ailəsi və onların doğmaları, iş yoldaşları Milli Mətbuat Günü ərəfəsində sevinc dolu anlar yaşadı.
Son illər milli mətbuatımızın inkişafında xidməti və əməyi olan jurnalistlərə fəxri adların verilməsi, qəzet və jurnallara, agentliklərə, elektron informasiya resurslarına birdəfəlik yardımların ayrılması, ən əsası isə jurnalistlərin mənzil-məişət problemlərinin aradan qaldırılması istiqamətində ciddi addımlar atılır. Artıq ənənə halını almış bu cür tədbirlər ölkəmizdə mətbuatın dövlətin diqqət mərkəzində olduğunu bir daha sübut edir.
Dövlət başçısının bu xoşməramlı addımlarından bəhrələnən isə hər şeydən əvvəl milli mətbuatımız və Azərbaycan cəmiyyəti, ayrı-ayrı mətbuat orqanlarında çalışan jurnalistlər oldu. Təkcə bir fakt: Azərbaycan milli mətbuatının 142-ci ildönümü ərəfəsində rəsmi açılış mərasimi keçirilən 17 mərtəbəli yaşayış binasında Prezidentin mənzil hədiyyəsi isə mükafatlandırılan media işçiləri arasında çoxlu sayda tanınmış jurnalistlər, uzun illər mətbuatın inkişafına xidmət etmiş, dövlətin bu mükafatına haqqı çatan həmkarlarımız var. Bunu təsdiq edə biləcək onlarla nümunələr bu gün hər birimizin gözü qarşısındadır və heç kəs onu inkar edə bilməz.
Bu da bir reallıqdır ki, heç bir məmləkətdə, hətta dünyanın ən inkişaf etmiş ölkələrində dövlətin müstəqil mətbuatda çalışan jurnalistlərə əvəzsiz mənzil verməsi təcrübəsi yoxdur. Azərbaycan yeganə dövlətdir ki, özünün iqtisadi imkanlarından istifadə edərək jurnalistlər üçün ən müasir yaşayış binalarının tikintisini öz üzərinə götürüb. Bu mənzillər Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərinə hədiyyəsidir. Hədiyyə isə Azərbaycan mentalitetinə uyğun olaraq, böyük hörmət və ehtiramla qarşılanır. Bu hədiyyənin Azərbaycan dövləti adından, dövlətin birinci şəxsi tərəfindən təqdim olunması isə ikiqat sevinc hissi yaradır. Əvəzsiz mənzil hədiyyəsi Azərbaycan dövlətinin milli mətbuatımızın inkişafında xidmətləri olan, imzası ilə cəmiyyətdə tanınan qələm sahiblərinə qayğısının və sevgisinin təzahürüdür. Bax, elə buna görə də sevinməyə dəyər!
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mətbuata açıqlamasında mənzillərin bölünməsi üçün jurnalistlər arasında aparılan seçimin asan başa gəlmədiyini söyləyib: “Bu seçimi müəyyən etmək çətin işdir. Çünki 255 mənzilə qarşı fərdi və ya redaksiyaların təqdimatı əsasında təxminən 2400-dən artıq müraciət daxil olmuşdu. Bu müraciətlərin hər biri ciddi şəkildə araşdırılıb, namizədlərin jurnalistikadakı fəaliyyəti, iş stajı, ictimaiyyətdə tanınması, milli mətbuatın inkişafında xidmətləri, mənzilə iddiaçıların ehtiyac kriteriyasına uyğunluğu, haqlı və ya haqsız olması. 2400 müraciəti qısa müddət ərzində araşdırmaq və təhlil etmək, ən optimal və obyektiv qərarı qəbul etmək çox çətindir. Amma ümumi götürdükdə komissiya bu çətin işin öhdəsindən gələ bilib. Biz 2400 namizəd içərisindən 850 nəfər həqiqi jurnalist adına iddia edə biləcək media nümayəndələrini seçdik. 850 jurnalistin təxminən 300 nəfərinin mənzil-məişət şəraiti yaxşı olduğuna görə onların müraciətlərini hörmət və izzətlə kənara qoyduq. Siyahıda 500-550 nəfər qaldı ki, onların mənzilə olan ehtitacı açıq-aydın görünürdü. Komissiyanın yekun qərarına əsasən, Prezidentdən mənzil hədiyyəsi alan 255 jurnalist ən çox haqqı və ehtiyacı olan jurnalistlərdir”.
Göründüyü kimi, mənzil bölgüsü zamanı ehtiyacı, ailə üzvlərinin sayı, daha çox olan, imzası ilə ictimaiyyətdə daha çox tanınan media nümayəndələri diqqətdə saxlanılıb. Təsadüfi deyil ki, Prezidentin bu nəcib addımı mətbuatın inkişafında xidmətləri olan, ömrünü-gününü jurnalistikaya həsr etmiş insanlar tərəfindən böyük hörmət və ehtiramla qarşılanır. Elə buna görədir ki, mənzillə təmin olunan jurnalistlərin haqqı Azərbaycan cəmiyyəti tərəfindən tanınır.
Əslində, jurnalistlərin pulsuz mənzillərlə təmin olunması ilə bağlı dövlət heç bir öhdəlik daşımır. Sadəcə olaraq bu, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin milli mətbuatımızın inkişafına göstərdiyi dəstəyin təzahürüdür. İndiyədək jurnalistlər üçün 2 böyük yaşayış binasının tikintisi, bir neçə gün əvvəl üçüncü binanın təməlinin qoyulması isə jurnalist əməyinə verilən yüksək dəyərin göstəricisidir.
Elxan Salahov, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır