Təcrübə göstərir ki, geosiyasi, iqtisadi, mədəni inkişafına dövlət siyasətinin əsası kimi diqqət yetirən, ziddiyyətləri, region ölkələrinin təkamül xüsusiyyətlərini nəzərə alan ölkələr ən çətin məqamlarda belə təhlükəsizliyini təmin edir, risklərdən kənarda qalmağa nail olurlar.
Getdikcə mürəkkəbləşən dünya hadisələrinə müdaxilə etmək üçün xarici siyasətini dövrün tələbinə uyğun müəyyənləşdirən dövlətlərin tarixin qanunauyğunluqlarını mütləq nəzərə almaları aksiomadır. Əks təqdirdə hamının qəbul etdiyi nəzəri prioritetlərin təcrübədə reallaşması istənilən nəticəni vermir. Xarici siyasətin əsas uğuru müasir geosiyasi şəraitdə qlobal dəstəyə, bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı anlaşma şəraitdə fəaliyyətin tənzimlənməsinə nail olmaqdır. Azərbaycanın qlobal miqyasda əsas geosiyasi güclərin maraqlarının tarazlaşdırılması istiqamətində sadiq qaldığı əməkdaşlıq prinsipi çevik, dinamik və perspektivlidir. Risklərin və böhranların sürətli dəyişilməsi ilə xarakterizə olunan XXI əsrdə xarici siyasətini ölkənin inkişaf strategiyasına və zamanın çağırışlarına uyğun formalaşdıran Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin önəmli iştirakçısına çevrilib.
Qərb, Şərq dəyərlərini özündə birləşdirməklə dünya birliyində xüsusi əhəmiyyətə malik olduğunu balanslaşdırılmış siyasəti ilə təsdiqləmiş, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzvü Azərbaycan regionlararası siyasi, iqtisadi və sivilizasiyalararası əlaqələrinin genişlənməsində mühüm amilə çevrilir. Mövcud münaqişələrin həllini tapmadığı, yeni qarşıdurma və təhlükə bölgələrinin yarandığı, risk və təhlükəsizlik üçün ciddi xəbərdarlıqların artdığı müasir dünyamızın gələcəyi üçün narahat olan və məsuliyyət daşıyan insanların təlaşı əbəs deyil.
Dünyada və münaqişə bölgələrində əməkdaşlıq, qarşılıqlı anlaşma siyasətinə sadiq qalmaqla vəziyyətin sabitləşməsinə hazırda daha çox ehtiyac duyulur. Bu baxımdan sabitlik diyarı kimi maraq doğuran, multikultural və tolerantlıq təcrübəsi təbliğ olunan Azərbaycana maraq artmaqdadır. Son illərdə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, sivilizasiyalararası, humanitar, mədəniyyətlərarası dialoq forumları xarici siyasətimizin uğurları kimi başqalarına nümunə belə göstərilir. “Biz nəinki ölkə daxilində bu məsələləri lazımi səviyyədə tənzimləyirik, eyni zamanda, bir çox ölkələr üçün yol göstəririk. Biz istəyirik ki, bu nümunədən istifadə etsinlər. Əgər etsələr yenə də gərginlik azalar. Çünki bir çox hallarda müharibələr dini və məzhəb zəminində aparılır. İndi yan-yörə, hər tərəf alovlanır, yanır. Azərbaycanda sabitlik hökm sürür, inkişaf dinamikası güclənir. Bizim ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri özlərini rahat hiss edirlər. Onlar hamısı bizim qardaşlarımızdır, dəyərli vətəndaşlarımızdır. Bu da bir nümunədir” söyləyən Prezident İlham Əliyev malik olduğumuz mənəvi dəyərlərimizi böyük sərvət hesab edir. Balanlaşdırılmış xarici siyasətini qarşılıqlı əməkdaşlıq, hörmət və etimad əsasında təkmilləşdirən, başqalarının daxili işlərinə müdaxiləni yolverilməz hesab edən, dövlətin mənafeyinə və xalqın maraqlarına uyğun problemlərlə bağlı prinsipial mövqeyini bütün səviyyələrdə müdafiə edən Azərbaycanın dəstəklənən siyasəti birmənalıdır: “Bizim siyasətimiz güzəştsiz siyasətdir. Biz prinsipial məsələlərlə bağlı heç kimə güzəştə getməmişik və getməyəcəyik. Müstəqil, ləyaqətli siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik. Xalq da bizim siyasətimizə öz dəstəyini göstərir” söyləyən İlham Əliyev Yaxın Şərqdə və Avropanın müəyyən yerlərindəki vəziyyəti, qaçqın böhranı ilə bağlı məsələlərin müzakirəsində də xeyirxahlıq və humanizm prinsiplərinə əsaslanır.
Prezident İlham Əliyevin iştirakı ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin istiqamətləri və perspektivləri ilə bağlı görülən işlər barədə də ətraflı danışılıb. Bildirilib ki, cari ilin altı ayında Azərbaycan beynəlxalq əlaqələri yeni istiqamətlər üzrə fəallaşıb, çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Dövlət başçımızın cari ilin altı ayında beş Avropa, eyni sayda müsəlman ölkəsinə səfəri, dünyanın aparıcı iqtisadi, siyasi və təhlükəsizlik konfranslarında, sammitlərdə, Davos və Münxendə keçirilən zirvə görüşlərində iştirakı Azərbaycanın balanslaşdırılmış və beynəlxalq səviyyədə dəstəklənən xarici siyasətinin uğurudur.
“Eyni zamanda, mənim Avropa Komissiyasına çox uğurlu səfərim olubdur, Fransaya və Polşaya rəsmi səfərlər etmişəm. Müsəlman ölkələrinə gəldikdə isə, İrana, Qətərə, Pakistana, Səudiyyə Ərəbistanına, Türkiyəyə səfərlər etmişəm. Azərbaycan səfər etdiyim bütün bu ölkələrlə əlaqələrini daha da genişləndirir, möhkəmləndirir. Bu səfərlərimin coğrafiyası əslində bizim xarici siyasətimizin nə qədər düzgün və milli maraqlara xidmət edən siyasət olduğunu bir daha təsdiqləyir. Bununla bərabər, bu ilin birinci yarısında doqquz xarici dövlət və hökumət başçısı Azərbaycana səfər edibdir. Bu da çox gözəl göstəricidir” söyləyən Prezident İlham Əliyevin bildirdiyi kim hər səfər özlüyündə tarixi hadisə olmaqla ölkəmizin əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndiyini də göstərir.
Ölkəmizin dünya siyasətində tutduğu mövqenin dəstəklənməsi təkcə rəsmi səfərlərlə məhdudlaşmır. Sivilizasiyalararası dialoq məkanı kimi tanınan respublikamızda hər il keçirilən mötəbər tədbirlər, forumlar, dünya siyasətinin aktual mövzularının müzakirəsi ölkəmizin önəmini artırır, münasibəti, hörməti əks etdirir. Əhəmiyyətinə görə dünya iqtisadiyyatını əhatə edən problemlərin müzakirə oluduğu Davos İqtisadi Forumundan, Münxen Təhlükəsizlik Konfransından fərqlənməyən Qlobal Bakı Forumunda daha çox siyasi və eyni zamanda dünya siyasətinə təsir edən digər məsələlər müzakirə edilir, dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, ictimai xadimlərin rəy və təklifləri öyrənilir. Əminliklə demək olar ki, Qlobal Bakı Forumu artıq dünya xəritəsində özünəlayiq yerini tuta bilmişdir. Ölkəmizdə keçirilən digər mərasimlərin də xarici siyasətimizdə önəmli rolu olduğunu qeyd edən Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Azərbaycanın təşəbbüsü ilə Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlərin respublikamızda keçirilməsini, aparılmış müzakirələri, qəbul edilmiş qərarları qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi üçün baza adlandırır. Məhz belə tədbirlər Azərbaycanın multikultural dəyərlərə sadiqliyini göstərir, respublikamızın nüfuzunu artırır, “bir qütblü” dünya uğrunda gedən proseslərə öz töhfəsini verir. Bakıda Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, XXIV Xəzər neft-qaz sərgi və konfransının keçirilməsi, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın konfransa ünvanladığı məktub Azərbaycanın dünya siyasətində mövqeyini möhkəmləndirir, Amerika-Azərbaycan əlaqələrinin davamlı inkişafda olduğunu göstərir.
Xarici siyasətimizin əsas istiqamətlərindən olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində də ölkəmizin haqlı mövqeyini dəstəkləyən dövlətlərin sayı artmaqdadır. Ermənistanın təhriki ilə Dağlıq Qarabağda qanunsuz keçirilən referendumun Minsk qrupunda təmsil olunan ABŞ, Fransa, Rusiya və Avropa İttifaqı, İran, Gürcüstan tərəfindən tanınmaması, separatçı rejimin qanunsuz ümumxalq səsverməsinin hüquqi əsasının olmadığı barədə bəyanatların səsləndirilməsi Azərbaycanın xarici siyasətinin təntənəsidir. “Aparılan düşünülmüş siyasətin nəticəsidir ki, bütün dünya ictimaiyyəti, qüdrətli dövlətlər Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu təsdiqləyir. Bütün dünya və münaqişənin həlli ilə bilavasitə məşğul olan ölkələr bu münasibətləri ilə bir daha təsdiq edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, həqiqətdir, bu, tarixi həqiqətdir və əlbəttə ki, bu həqiqət bir daha qeyd olundu. Bu, Ermənistanın növbəti biabırçılığı idi” söyləyən Prezident İlham Əliyev münaqişə ilə bağlı Azərbaycanın mövqeyini ifadə edərək bildirir ki, danışıqlar nəticəsində torpaqlarımız işğaldan azad edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bundan kənarda heç bir həll yolu mümkün deyil.
Xuraman İsmayılqızı, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır