Ermənistanın separatçı rejim “Dağlıq Qarabağ Respublikası”nda qanunsuz “prezident seçki”sinin keçirilməsi ilə bağlı oyunu özünü gülünc vəziyyətə qoymaqdan başqa bir şey deyil.
Tanınmamış “Dağlıq Qarabağ Respublikası”nda mahiyyətindən asılı olmayaraq keçirilən bütün siyasi kampaniyalar beynəlxalq hüquq normalarına zidd olmaqla regionda vəziyyəti daha da gərginləşdirir. Separatçı rejimin şounu xatırladan, heç bir dövlət, beynəlxalq təşkilat tərəfindən tanınmayan “parlament seçkisinin”, “prezident seçkisinin” məqsədi guya əhalinin iradəsi əsasında “Dağlıq Qarabağ regionunun adını dəyişmək olan” “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum”un aqibəti bəllidir.
İşğalçıların iyulun 19-a təyin olunan “Dağlıq Qarabağ Respublikası”nda saxta “prezident seçkisi” ilə bağlı cəhdi də təbii ki, boşa çıxacaq. Separatçı rejimin bu cəhdinin Azərbaycan Respublikasının Konstitusiyasına və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olmadığını təsdiqləyən belə ssenarilər sülh danışıqlarına, münaqişənin tənzimlənməsi siyasətinə zərər vuran təxribatdan başqa bir şey deyil. Əvvəllər də keçirdikləri qeyri-qanuni “seçki” və “referendum” oyunlarının qanunsuzluğu işğalçıların diqqətinə çatdırılsa da müstəqil siyasəti olmadığı üçün idarə olunan Ermənistan hələ də başqalarının maraqlarına xidmət edən niyyətlərindən əl çəkmir.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında qeyd olunduğu kimi tanınmamış “Dağlıq Qarabağ Respublikası”nda keçirilən “prezident seçki”si Azərbaycan Respublikası Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır.
Ermənistanın bu “təşəbbüsü”, Azərbaycana məxsus ərazini özününküləşdirmək iddiası bu dəfə də iflasa uğrayacaq. Torpaqlarımızın işğaldan qeyd-şərtsiz azad olunması ilə bağlı qətnamələri yerinə yetirməyən Ermənistanının status-kvonun saxlanılmasına hesablanan belə cəhdlərinin heç bir hüququ əsasının olmadığını vurğulayan Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq. Heç bir ölkə, o cümlədən azərbaycanlılara qarşı soyqırımı törətmiş işğalçı Ermənistan da separatçı rejim “Dağlıq Qarabağ Respublikası”nı tanımır. Müstəqil dövlət olmadığı üçün “siyasətini” xarici havadarlarının maraqlarına uyğun formalaşdıran, ölkəni məhvə sürükləyən işğalçı Ermənistandan fərqli olaraq Azərbaycan dünya birliyində nüfuzu, qazandığı etimadı, etibarı, təşəbbüsləri ilə sayılıb- seçilən sabit ölkədir.
“Dağlıq Qarabağ Respublikası”nda keçirilən “referendumun” nəticələrinin tanınmamasından ibrət götürməyən Ermənistanın “prezident seçkisi” cəhdinin də uğursuzluqla nəticələnəcəyini qətiyyətlə bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, danışıqların pozulması üçün müxtəlif yollara əl atan Ermənistanın bu cür məkrli niyyətləri heç vaxt qəbul olunmur: “İlk növbədə, bu il qondarma separatçı rejim Ermənistanın siyasi rəhbərliyinin təhriki ilə Dağlıq Qarabağda növbəti qondarma, qanunsuz, dırnaqarası referendum keçirilmişdir. Bu “referendumun” keçirilməsi əslində onların böyük səhvidir, daha doğrusu, axmaqlığıdır. Onların bir qədər ağlı olsaydı, heç vaxt buna getməzdilər. Çünki bəri başdan bəlli idi ki, dünya birliyi bu qondarma tədbiri tanımayacaq. Belə də oldu. Minsk qrupu bəyanat verdi, onun həmsədrləri - Amerika, Fransa, Rusiya “referendum”u” tanımadılar. Avropa İttifaqı referendumu tanımayıb. Qonşu ölkələr - İran, Gürcüstan “referendum”u” tanımayıb. Digər ölkələr də oxşar bəyanatlarla çıxış etdilər. Bu qondarma “referendum”un” tanınmaması Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bir daha təsdiqləyir.”
İyulun 11-də xarici işlər nazirlərinin görüşünün nəzərdə tutulduğu müddətdə “seçkini” ortaya atmaqla danışıqları əngəlləməyə çalışan separatçıların bu cəhdi də baş tutmadı. “Bu təxribatı törətməklə onlar hesab edirdilər ki, Azərbaycan danışıqlardan imtina edəcək. Biz imtina edə bilərdik, əgər onlara layiqli cavab verməsəydik. Cavablarını verdik, işğalçıları məhv etdik, onları cəzalandırdıq, sonra da danışıqlara getdik” sözləri ilə marionet dövlətin başçısı S.Sarkisyanın planlarını alt-üst edən cənab İlham Əliyev qətiyyətli, uzaqgörən siyasətçi olduğunu bir daha təsdiqlədi.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara hazırlıq ərəfəsində və müzakirələrin aparıldığı müddətdə müxtəlif bəhanələrlə sülh prosesinə əngəl olan Ermənistan yenə də eyni ampluasındadır. Ermənistan, Azərbaycan xarici işlər nazirlərinin nəzərdə tutulan görüşləri ərəfəsində belə məkrli “təşəbbüsün” ortaya atılması həmin “ənənənin” davamıdır. “Bunu biz yaxın tarixdən yaxşı bilirik. Hələ 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror aktı törədilmişdir və bu da o vaxtkı Ermənistan rəhbərliyi üçün bir bəhanə idi ki, danışıqlar pozulsun. Belə də oldu. 2014-cü ildə Fransada keçirilmiş danışıqlardan dərhal sonra Ermənistan növbəti hərbi təxribata əl atdı, Ağdam rayonunda hərbi təlimlər təşkil etdi. Bizim mövqelərimizə helikopterlər hücuma keçdi və onlardan biri Azərbaycan Ordusu tərəfindən məhv edildi. 2016-cı il martın sonunda Vaşinqtonda nüvə sammitində mən də iştirak edirdim, Ermənistan prezidenti də. O vaxt Ermənistan prezidentinə təzyiqlər göstərilirdi ki, məsələ tezliklə öz həllini tapsın. Danışıqları pozmaq üçün aprel hadisələri törədildi, bizə qarşı təxribat törədildi. Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Bu cavab nəticəsində bu gün bizim bayrağımız Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır.” Prezident İlham Əliyevin bu xatırlatmaları Ermənistan rəhbərliyinin iç üzünü göstərən reallıqdır. Faşizm ideyalarına sadiqliyini iyul ayının 4-də Füzuli rayonunun Alxanlı kəndində törətdikləri təxribatla bildirən, iki yaşlı Zəhranı və nənəsini öldürən Ermənistan silahlıları daha bir hərbi cinayətə imza atdılar. Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər xislətini bütün dünyaya göstərdi və cinayət cavabsız qalmadı. Düşmənə endirilən sarsıdıcı zərbələr nəticəsində bir çox işğalçı məhv edildi. Balaca Zəhranın, onun nənəsinin qanı yerdə qalmadı. Bu kimi dəhşətlər faşizmə sadiq Sarkisyanın günahsız azərbaycanlılara qarşı törədilən qanlı cinayətlərin müəllifi olduğunu göstərir. Xocalı soyqırımının iştirakçısından, uşaq, qadın qatilindən başqa bir şey gözləmək mümkün deyil. Alxanlı cinayətini pisləyən dövlətlərin dəstəyi Azərbaycanın mövqeyini möhkəmləndirməklə, dünyada böyük əks-səda doğurdu, Ermənistanın vəhşiliklərini dünya ictimaiyyətinə bəyan etdi. İşğalçı dövlətə, onun faşist xislətli siyasi rəhbərliyinə nifrət daha da artdı.
Xuraman İsmayılqızı, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır