18 iyul 2017 15:32
1069

Alxanlı hadisəsi: ermənilərin insanlığa qarşı cinayəti

Ermənilərin Füzuli rayonunun Alxanlı kəndində dinc əhaliyə qarşı törətdikləri vəhşilik bir daha sübut etdi ki, uşaq qatili olan Ermənistan rəhbərliyi, Xocalı soyqırımında iştirakını fəxrlə etiraf edən S.Sarkisyan hakimiyyəti faşizm ideologiyasına bu gün də sadiqdir. Çaya axıtdıqları oyuncağa yerləşdirilmiş partladıcı ilə həyatına son qoyulan kiçik Aygünün, snayper gülləsinə tuş gəlmiş balaca Farizin ölümünü də “zarafat kimi başa düşən” erməni qaniçənlərinin növbəti qurbanı kəndin sakini Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyeva oldu.

İllərdən bəri Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın dinc sakinlərə qarşı ağır, iri çaplı silahlardan, artilleriyadan istifadə etməklə yüzlərlə soydaşımızı qətlə yetirmələri təsdiqini tapmış həqiqət olsa da beynəlxalq ictimaiyyət bu vəhşiliyi ört-basdır etməklə cinayətkara haqq qazandırmağa çalışırdılar. Amma aprel hadisələri və iyulun 4-də baş verən Alxanlı cinayəti artıq sözün bitdiyi yerin sərhədini beynəlxalq ictimaiyyətə çatdırdı.

Həmişə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən Avropa Parlamenti, Avronest, ABŞ Dövlət Departamenti belə həqiqətin işığına kölgə sala bilmədilər. Adıçəkilən beynəlxalq təşkilatlar hərbi hissənin yerləşmədiyi Alxanlı kəndində törədilən cinayətdə əsl günahkarın Ermənistan olduğunu qəbul etdikləri qətnamələrdə təsdiqləyərək mülki əhalinin qətli ilə nəticələnən təxribatları pislədilər. Başqa sözlə deyilsə illərdən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı tərəf olduğu bəyanatlarda əksini tapdı. Fransa parlamentarilərinin bu ölkənin Prezidenti Emmanuel Makrona müraciətlərində BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal, qeyd-şərtsiz çıxarılması ilə bağlı qətnamələr, Xocalı soyqırımı xatırladılaraq etnik təmizləmə siyasəti nəticəsində doğma evlərindən didərgin düşmüş azərbaycanlıların üzləşdikləri çətinliklərin aradan qaldırılmasında Minsk qrupunun həmsədr ölkəsi kimi Fransanın ədalətli mövqe tutacağına əminlikləri bildirilir: “Rusiya və Amerika Birləşmiş Ştatları kimi, Fransa da 1997-ci ildən Minsk qrupunun həmsədridir.

Onun tərəfdaşlarının strateji və taktiki səbəblərdən münaqişənin həllinə nail olmaq üçün səfərbər olmağa əminlikləri görünmür. Vasitəçilərin süründürməçiliyinə son qoymaq üçün və münaqişənin yenidən başlanmasının ağlasığmaz olduğunu nəzərə alaraq cənab respublika Prezidenti, Minsk qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi səlahiyyətlərinizə uyğun olaraq dərhal reaksiya verməyinizi xahiş edirik.”

Ermənistanın işğalçılıq siyasətini və qəddarlığını göstərən eyni mövqe Alxanlı hadisəsini insanlığa qarşı törədilən vəhşilik adlandıran digər qətnamələrdə də hiss olunur. Ermənistanın dövlət siyasətinin əsasını təşkil edən terrora dəstək hallarının pislənilməsi ölkəmizin xarici siyasətinin, beynəlxalq hüquq normalarına sadiqliyi əks etdirən diplomatiyada qazanılan növbəti uğurlarındandır.

Ermənistanın faşizm ideologiyasına sadiqliyini əks etdirən və irsi xəstəlik kimi nəsildən nəslə keçən qaniçənlik daşnak tör-töküntülərinin milli xarakterindən qaynaqlanır. Yerevanın mərkəzində faşist Almaniyasının SS birləşmələrinin generalları Nijde Qaraginin, Drasmat Kanayanın (“Dro”) heykəllərinin qoyulması da faşizmə sədaqət rəmzidir. 1918-1920-ci illərdə Azərbaycanın tarixi torpaqları olan Zəngəzurda mülki əhaliyə qarşı qırğınlar törətmiş, İkinci Dünya müharibəsində isə almanların işğal etdikləri torpaqlarda milliyyətindən asılı olmayaraq əsirlərə qarşı amansız qəddarlıqları ilə fərqlənən, Reyxə xidmətləri ilə fəxr etdiklərini bildirən həmin generallara abidə ucaltmaqla anti-semitizm ideologiyasını davam etdirən Ermənistan hakimiyyəti bu gün də “Nijdeizm” adlı irqçi ideologiyanı davam etdirir. Bu ideologiya Ermənistanda orta və ali məktəb proqramlarına belə daxil edilib. Həmin günlərdə də Azərbaycan ictimaiyyəti qatillərə abidə qoyulmasına qarşı etirazını bildirdi. Qeyd olundu ki, faşizmə bu cür dəstək “Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı BMT Baş Assambleyasının 17 dekabr 2015-ci il tarixli qətnaməsinə və faşizmə qarşı mübarizədə həlak olanların xatirəsinə hörmətsizlikdir və Ermənistanın bu hərəkətinə beynəlxalq ictimaiyyət tərəfindən qiymət verilməlidir. Rəsmi Moskva Yerevanın “nasizmin əbədiləşdirilməsi təşəbbüsünü” rəsmən pisləsə də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə istinad edən “RİA Novosti”nin məlumatı təəccüb doğurdu. “Göstərilən heykəlin nə üçün qoyulması bizə aydın deyil. Axı biz hamımız erməni xalqının qəhrəmanlığını bilirik. Erməni xalqı Böyük Vətən müharibəsi, İkinci Dünya müharibəsi dövründə unudulmaz igidliklər göstərib” söyləyən, nasistə heykəl qoyanları qəhrəman xalq adlandıran M. Zaxarovaya bəlkə də hələ dil açmayan azyaşlı şəhidimiz Zəhranın erməni gülləsindən yarımçıq qalan taleyini xatırlatmaq istərdik. Əgər erməni xalqı qəhrəman adlandırılırsa və ermənilər Nijdeni özləri üçün nümunə hesab edirlərsə, onda nasist hərəkatının öncüllərindən olan Hitlerin əlaltısına abidə ucaldılması, şərəfinə sikkələr zərb edilməsi təklifi “qəhrəman xalqın milli qəhrəmanına” hörməti, Fürerə ehtiram kimi qəbul edilməlidir. Halbuki faşizm ideyalarına “sədaqətini” Azərbaycan xalqına, türklərə qarşı kütləvi qırğınlar törətməklə bildirən erməni terror şəbəkələrinin imza atdıqları qanlı faciələrin izləri dünyanın demək olar ki, bütün qitələrində görünür. ABŞ, Kanada, Fransa, Avstriya, Lüksemburq, İspaniya, İtaliya, Türkiyə, Rusiya... ən başlıcası isə Azərbaycan erməni terrorundan zərər çəkən ölkələr sırasındadır. Ermənilərin 31 mart 1918-ci ildə törətdikləri soyqırımı günlərində minlərlə soydaşımız qətlə yetirildi. Bu gün içərisində yəhudilərin də olduğu Quba məzarlığındakı dəhşətləri göz yaşları ilə seyr edən xarici qonaqlar belə erməni vəhşiliyinin qurbanlarının taleyinə soyuqqanlı qala bilmirlər. Əsas istinadgahları Beyrut və Livanda yerləşən “Ermənistanın azadlığı uğrunda erməni gizli təşkilatı”nın (ASALA) üzvləri üçün insan amili heç nə ifadə etmir. ASALA üzvlərinin Türkiyənin diplomatlarına qarşı törətdikləri 200-dən artıq terror aktı nəticəsində onlarla səfir, diplomatik korpusun nümayəndəsi, günahsız insanlar öldürülmüşdür. 1988-ci il hadisələrində zorla Qərbi Azərbaycandan köçürülən 250 mindən artıq azərbaycanlı fiziki-mənəvi təzyiqlərə, işgəncələrə məruz qalmış, 217 azərbaycanlı qətlə yetirilmişdir. Paytaxtın “Gənclik” və “20 Yanvar” metro stansiyalarında ermənilərin törətdikləri terrorlar nəticəsində 28 nəfər ölmüş, onlarla insan yaralanmışdır. Erməni terrorunun ən faciəli nümunəsi Xocalı soyqırımıdır. Yəni rəhbərliyi qana həris olan Ermənistan hakimiyyəti üçün terrorçu milli qəhrəman, fədaidir. “Xidmət zamanı göstərdiyi mərdlik və fədakarlığa görə” ölümündən sonra” “İgidliyə görə” medalı ilə təltif edilən terrorçu Qurgen Markaryan, Qarabağ müharibəsində azərbaycanlılara qarşı ən dəhşətli cinayətlər törətdiyi üçün “milli qəhrəman” adına layiq görülən “ASALA”nın Fransa bölməsinin başçısı Varujan Karapetyan, ASALA-nın “inqilabi hərəkat” adlı qruplaşmasının “Avo” ləqəbli rəhbəri, türklərə qarşı amansız, qəddar münasibəti ilə “erməni xalqının fədaisi” adlandırılan və şəninə abidə ucaldılan Monte Melkumyan kimi. Belə bir sual yaranır: əgər satqın, xəyanətkar ermənilər Zaxarovanın dediyi kimi, fədakardırlarsa onda II Dünya müharibəsinin qələbəsində ən çox payı olan, canlı qüvvəsi, nefti, silahı, maddi dəstəyi ilə ümumi qələbə naminə fədakarlıq göstərən , bu gün ermənilər tərəfindən soyqırımına məruz qalan, ikili standartlardan əziyyət çəkən azərbaycanlılar qəhrəmanlığın hansı kateqoriyasına aiddirlər? Azərbaycanda törətdikləri soyqırımının qurbanı olan yəhudilərə qarşı vəhşilikləri ilə də seçilən ermənilər alman reyxinin İkinci Dünya müharibəsində öldürdüyü, krematoriyalarda yandırdığı 6 milyon yəhudinin qətliamında da iştirak etmişlər. Fəaliyyəti dövründə yəhudilərin kökünün kəsilməsi ilə bağlı planını həyata keçirən Hitler ilk növbədə Polşadakı gettolora topladığı yəhudiləri acından, susuzluqdan, soyuqdan qırdı. Buhenvald, Ovsensim, Dachau kimi ölüm düşərgələrində davam etdirilən qətliamlarda milyonlarla insan həyatına son qoyan, “Müharibənin sonuna qədər tək bir yəhudi belə həyatda qalmayacaq” əmrini verən Hitlerin ətrafında quyruq bulayan “nijdelərin xələfləri” ancaq sarkisyanlar olar. Belə ki almanların erməni sevgisinin tarixi uzaq keçmişlərə bağlanır. Heç bir hüquqi əsası olmayan və Bundestaqda qəbul olunan saxta “erməni soyqırımı” ilə bağlı sənəd bu sevginin müasir görüntüsüdür.

Alxanlıda törədilən cinayətin Cocuq-Mərcanlıya köçün başlandığı günə təsadüf etməsi də erməni məkrindən xəbər verir. Ötən il Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyat nəticəsində işğaldan azad olunan Lələtəpədə dalğalanan bayrağımızdan xoflanan ermənilərin Talış kəndinə yerləşdirilməsinə nail ola bilməyən Sarkisyan soydaşlarına hələ də “xoşbəxt, təhlükəsiz həyat” vəd edir. Vətənə məhəbbət, torpağa sədaqəti ilə fərqlənən soydaşlarımız üç ayda bərpa olunan Cocuq- Mərcanlıda yeni həyata başladılar. Qısa müddətdə 50 mənzilin, 100 şagird yerlik məktəbin, Şuşadakı Gövhər ağa məscidinin oxşarının inşa olunduğu, rahat yol çəkilən, su, təbii qaz elektrik enerjisi ilə təmin olunan kənddə yaşayışın təmin olunması azərbaycanlıların torpağa bağlılığını göstərir. İşğal olunmuş ərazilərə Böyük Qayıdışı əngəlləmək üçün mülki şəxslərə atəş açan ermənilərə ən layiqli cavab isə Cocuq Mərcanlıdan Kəlbəcərə, Şuşaya, Laçına, Xankəndinə uzanan yol olacaq.

Xuraman İsmayılqızı, “İki sahil”