Bir il bundan əvvəl qardaş Türkiyədə baş verən hadisələri, hərbi çevriliş cəhdini pisləyən, münasibətini Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlanan məktubunda bildirən dövlət başçımız İlham Əliyev hadisələri böyük narahatlıqla izlədiyini bəyan etməklə, qiyamın qarşısının alınmasında şəhid olanların ailələrinə başsağlığı vermişdir: “Həmişə Türk xalqının və dövlətinin yanında olan Azərbaycan xalqı və dövləti Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş bu cinayəti qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir. Əminəm ki, Türkiyə xalqı və hakimiyyətinin birliyini nümayiş etdirərək çevriliş cəhdinin qarşısının alınması istiqamətində həyata keçirdiyiniz qəti tədbirlər nəticəsində qardaş ölkədə vəziyyət qısa zamanda sabitləşəcək və əvvəlki qaydasına düşəcəkdir.”
Eyni münasibəti “Türkiyə bu gün dünya miqyasında böyük bir gücdür. Türkiyə dünya gündəliyinin bir çox məsələlərində həlledici sözə malikdir. Bütün bu uğurlar mənim qardaşım Prezident Ərdoğanın liderliyi ilə əldə edilibdir. Bu gün Türkiyə uğurla, sürətlə inkişaf edir. Türkiyə Prezident Ərdoğanın liderliyi ilə çox böyük və şərəfli yol keçmişdir...Türkiyə gücləndikcə biz də güclənirik, biz də sevinirik” sözləri ilə ifadə edən dövlət başçımız İlham Əliyev qətiyyətlə bildirir ki, Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır. Bizim əməkdaşlığımız çoxşaxəlidir və bütün sahələri əhatə edir. Enerji sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi bir çox önəmli strateji layihələrin icrasına imkanları artırır.
...Ötən ilin 15-16 iyulunda Türkiyədə baş verən dövlət çevrilişinə cəhdləri hərbi qiyam kimi lənətləyən türk xalqının yanında olan azərbaycanlılar dost ölkə ilə həmrəyliklərini, şəhid ailələrinin dərdinə şərik olduqlarını bildirdilər. 1994-1995-ci illərdə ölkəmizdə törədilən dövlətçilik əleyhinə cəhdlərin yaratdığı nəticələrin ağırlığını unutmayan Azərbaycan xalqı Türkiyə ilə birgə olduğunu həmin günlərdə həmrəyliyi ilə bildirdi.
Dəfələrlə qeyd olunduğu kimi Türkiyə-Azərbaycan birliyi, dostluğu, qardaşlığı təkcə iki ölkənin mənfəətini, uğurlu gələcəyini müəyyən etmir. Bölgədə sabitliyin qorunmasına, region dövlətlərinin iqtisadi qüdrətinin artmasına güclü təsir edən qlobal layihələrin əsas tərəfdarları olan hər iki dövlətin birgə əməkdaşlığı qibtə doğuracaq qədər sarsılmazdır. Bu birliyə qısqanclıq edənlərin çirkin niyyətlərinin təzahürü olan 15 iyul hadisələri vahid güc mərkəzi olduğunu sübut edən Türkiyə -Azərbaycan dostluğunu növbəti dəfə sınaqdan çıxardı. Əsrlərdən bəri bölgəyə sabitlik, rifah, əmin-amanlıq gətirən, yeni iş yerlərinin yaradılmasına xidmət göstərən bu qardaşlıq regional təhlükəsizliyi möhkəmləndirir, əməkdaşlıq istiqamətlərini genişləndirir.
İstanbulun Atatürk hava limanında baş verən və kütləvi insan qırğını ilə nəticələnən terrordan sonra baş verən hərbi qiyam bir daha göstərdi ki, regionda nüfuzu artan, siyasi sabitliyin qorunmasına çalışan bu dövlətin qüdrətindən təşvişə düşənlər ən çirkin vasitələrə əl atsalar belə xalqın gücü qarşısında məğlubiyyətləri ilə barışmalıdırlar.
İyul ayının 15-16-da Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının xalqın birlik və həmrəyliyi ilə alınması bu dövlətin yenilməzliyini təsdiqlədi. Vətənə sadiq qalacaqları ilə bağlı içdikləri hərbi anda xilaf çıxan müxtəlif rütbəli zabitlərin iştirakı və əmri ilə baş verən dövlət çevrilişlərinə cəhddə iştirak edən xəyanətkarların cinayət məsuliyyətinə alınması Türkiyənin qüdrətini təsdiqlədi. Ankarada Prezident sarayı kompleksinin, Türkiyə Böyük Millət Məclisinin, Nazirlər Kabinetinin, Milli İstixbarat Təşkilatı kimi digər inzibati binaların qiyamçılar tərəfindən atəşə tutulması nəticəsində dövlətə xeyli maddi ziyan dəydi, insanlar mənəvi sarsıntılarla üzləşdilər. Silahlı müdaxilə ilə davam edən qiyam zamanı bir neçə televiziya kanalları, dövlət orqanlarının yerləşdiyi inzibati binalar dağıdıldı.
Çevrilişin qarşısını alanlar, hərbi qiyamçılar daxil olmaqla xeyli insan tələfatı oldu. İstəklərinin baş tutmadığını görən bəzi qiyamçılar təslim oldu, hadisədə bilavasitə iştirak edən hərbçilər, güc strukturlarının, ədliyyə, inzibati hakim və prokurorluq orqanlarının əməkdaşları nəzarətə alındılar. “Türkiyə bu cür qiyamlarla ucuz satılacaq ölkə deyil” sözləri ilə xalqa müraciət edən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın milli iradə göstərərək qiyama qarşı birgə mübarizəyə çağırışı türk xalqının ən çətin məqamda belə birlik nümayiş etdirdiyini göstərdi. Türkiyənin ən böyük şəhərlərində keçirilən iqtidarla həmrəylik mitinqləri, qiyamçılara qarşı birgə mübarizə Türkiyənin demokratik və iqtisadi qüdrəti ilə seçilən ölkə olduğunu dünya ictimaiyyətinə çatdırdı. Türkiyənin regionda güclənən mövqeyindən ehtiyatlanan qüvvələrin ssenarisi əsasında təşkil olunan “Gezipark”da, Taksim meydanında törədilən qərəzli aksiyaları “ictimaiyyətin etirazı” kimi qələmə verməyə çalışanların daha məkrli planlarından xəbər verən 15 iyul hadisələri Cənubi Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının tərəfdarı olan Türkiyənin sülhyaratma missiyasına əngəl törətmək naminə planlaşdırdıqları xəyanət idi. Pensilvaniyada məskunlaşmaqla hadisələri idarə edən Fətulla Gülənin “camaatı” Türkiyənin qüdrətli dövlətlərlə, xüsusən də ABŞ-la münasibətlərinə, dünyanın enerji bazarında möhkəmlənən mövqeyinə və roluna qısqanclıqlarını hərbi çevrilişə cəhd əməlləri ilə bildirdilər. Eyni mərkəzdən idarə olunan daxili və xarici qüvvələr, Prezident Rəcəb Tayyib Ərdoğanın bölgədə güclənən nüfuzuna həsəd aparanlar türk xalqının gücü qarşısında məğlub oldular.
Hərbi qiyamın qarşısının alınmasında milyonlarla insanın eyni məqsəd naminə ayağa qalxması hakimiyyətə gəldiyi gündən xalqın maraqlarını əsas tutaraq fəaliyyətini dünya siyasətinə uyğun tənzimləyən iqtidarın xalq ilə birlik, həmrəylik nümunəsi kimi “gülənciləri”, onları dəstəkləyənləri məhvə sürüklədi.
Dünya və müsəlman dövlətləri arasında terrora ən çox məruz qaldığı üçün kütləvi qırğınlarla nəticələnən faciələrə qarşı kəskin və barışmaz mübarizə aparan Türkiyənin bölgədə güclənən mövqeyi qonşu Suriyada qırğınlar törədən xarici qüvvələri narahat edirdi. Bəşəriyyətə təhdid olan Əsəd rejiminin vəhşiliyini bütünlükdə insanlığa qarşı yönəlmiş soyqırım adlandıran, qocaların, körpələrin qətli ilə barışmadığını dəfələrlə bildirən Türkiyə 4 milyona yaxın suriyalıya ölkəsində sığınacaq verməklə, miqrantlara qarşı ədalətsiz münasibətlərlə barışmadığını bildirir, bölgədə sülh və sabitliyin pozulmasına yol verilməməsi üçün bütün diplomatik vasitələrdən istifadə edir.
Belə qüdrətli ölkənin daxili işlərinə müdaxiləyə təbii ki, yol verilə bilməz. Prezident R.T.Ərdoğanın bildirdiyi kimi, baş verənlər xaricdən idarə olunan xaos olmaqla, insanlarda xof, mövcud iqtidara qarşı mənfi imic formalaşdırmaq niyyətindən qaynaqlanır. Ölkədəki xəyanətkarlardan istifadə etməklə dövlət çevrilişlərinə təşəbbüs göstərənlərə dərs olan xəyanət ölkə vətəndaşlarının Türkiyə iqtidarına inamını əks etdirən ictimai rəyi üstələyə bilmədi.
Beynəlxalq ictimaiyyət də xalqın iradəsi ilə seçilmiş iqtidarı dəstəkləyərək hərbi yolla dövlət çevrilişlərini pislədi. Dünya liderləri birmənalı olaraq Türkiyənin hazırkı iqtidarını dəstəklədiklərini rəsmi bəyan etdilər.
İqtidara dəstək mitinq və aksiyalarında iştirak edən milyonlarla insanın mövqeyini ifadə edən Türkiyənin Baş naziri Binəli Yıldırımın “ Bizi iqtidara millət gətirmişdir, buradan aparacaq olan da millətdir, bu axmaq və çılğın bir cəhddir. Bu soysuzlar ən ağır cəza alacaqlar” sözləri “fetoçulara” xəbərdarlıq olmaqla türk xalqının yenilməz və qürurlu olduğundan xəbər verir. Bu qürur milli mənəvi dəyərləri eyni olan dost, qardaş Azərbaycan xalqını da sevindirir.
Türkiyədə baş verən hadisələr milli xəyanət olmaqla məqsədi demokratiyanı devirmək, ölkədə qarışıqlıq salmağa yönəlmiş qiyamın məqsədi vətəndaşları iqtidara qarşı qaldırmaq idi. Bu xəyanətkar planların “müəllifləri” unudurdular ki, Türkiyə kimi sivil cəmiyyətdə dövləti hərbi yolla devirmək, türk əsgərinin ölkədə müqəddəs sayılan nüfuzuna xələl gətirmək, ordu ilə xalqın birliyini sarsıtmaq heç kimə nəsib olmayıb. “Biz nə qədər güclü olsaq, bizim həqiqətlərimiz də bir o qədər üstün olacaqdır. O qədər də bizim sözümüzü eşidəcəklər” söyləyən Prezident İlham Əliyev dost ölkəyə mənəvi dəstək olmaqla bu gücün yenilməzliyini bəyan etdi, bu dostluğun sarsılmazlığını dünya birliyinə çatdırdı.
15 iyul hadisələri göstərdi ki, xaricdən qaynaqlanan ssenarilər üzrə hazırlanmış dövlət çevrilişinə cəhd Türkiyə xalqının demokratiyasına xələl gətirə, xalqın iqtidara güvənini qıra bilməz.
Müdriklərin bir deyimini xatırlatmaq yerinə düşər: Dar məqamda “həmişə sənin arxandayam” deyənlər namərdliklərini arxadan vurduqları zərbələrlə bildirirlər. Amma belə bədniyyətlilər unutmamalıdırlar ki, türk milləti düşmənə arxa çevirən deyil, yağıya yenilməzliyini sinəsini irəli verməklə bildirir. Həmişə olduğu kimi 15 iyulda da qalib türk millətinin əlindəki bayraq, qəlbindəki qala kimi alınmaz Vətən sevgisi, M.K.Atatürkün “Millətin zəkasından qaynaqlanan gücü heç bir qüvvət dayandıra bilməz” kimi hikmətlərdən qaynaqlanan qüdrət oldu.
Xuraman İsmayılqızı, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır