17 iyul 2017 15:08
851

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınır

Xarici siyasətin daxili siyasətin davamı olduğunu nəzərə alsaq, ölkədə mövcud olan sabitliyin, iqtisadi inkişafın rolu daha aydın görünər. Beynəlxalq aləmdə iqtisadi möcüzələr ölkəsi kimi tanınan Azərbaycan təkmil islahatları,  inkişaf modeli ilə dünyanın diqqətindədir.

Bu uğurlarımız xarici siyasətin prioritet istiqamətlərindən olan ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulmasını, coğrafiyasının genişləndirilməsini, eyni zamanda beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunmasını şərtləndirir. Təkcə cari ilin ötən dövründə bu sahədə əldə olunan uğurlu nəticələrə diqqət yetirmək kifayətdir. Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu nəticələr əsaslı şəkildə diqqətə çatdırıldı. “Bu ilin altı ayında bizim beynəlxalq əlaqələrimiz daha da fəallaşıb” söyləyən cənab İlham Əliyev bildirmişdir: “Bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Dostlarımızın sayı artır və beynəlxalq təşkilatlarda da bizim fəaliyyətimiz çox müsbətdir. Mən ilin altı ayında 10 xarici səfər etmişəm - beş Avropa ölkəsinə, beş müsəlman ölkəsinə. Davos və Münxendə keçirilən dünyanın aparıcı iqtisadi, siyasi və təhlükəsizlik konfranslarında Azərbaycan ləyaqətlə təmsil olunmuşdur. Eyni zamanda, mənim Avropa Komissiyasına çox uğurlu səfərim olubdur, Fransaya və Polşaya rəsmi səfərlər etmişəm. Müsəlman ölkələrinə gəldikdə isə, İrana, Qətərə, Pakistana, Səudiyyə Ərəbistanına, Türkiyəyə səfərlər etmişəm. Azərbaycan səfər etdiyim bütün bu ölkələrlə əlaqələrini daha da genişləndirir, möhkəmləndirir. Bu səfərlərimin coğrafiyası əslində bizim xarici siyasətimizin nə qədər düzgün və milli maraqlara xidmət edən siyasət olduğunu bir daha təsdiqləyir. Bununla bərabər, bu ilin birinci yarısında doqquz xarici dövlət və hökumət başçısı Azərbaycana səfər edibdir. Bu da çox gözəl göstəricidir.” Ölkə Prezidentinin də qeyd etdiyi kimi, qarşılıqlı səfərlər ölkələr arasında əlaqələrin inkişafında, həmçinin hər bir ölkənin malik olduğu imkanların təqdimatında mühüm rol oynayır. Bu səfərlər əlaqələrdə yeni istiqamətlərin müəyyənləşdirilməsinə geniş yol açır.

Təbii ki, imkanların təqdimatında beynəlxalq tədbirlərin də rolu inkaredilməzdir. Ən əsası Azərbaycanın bu tədbirlər üçün əsas məkan seçilməsi  bir çox məqamların təhlilini zərurətə  çevirir. Azərbaycanın yerləşdiyi coğrafi məkan  ölkələr, xalqlar arasında körpü roluna davamlı töhfələr verməsinə böyük imkanlar açıb. Cari ilin ötən dövründə ölkəmizdə keçirilən beynəlxalq səviyyəli tədbirlərin say tərkibinə diqqət yetirsək, Azərbaycanın artan nüfuzunun, çəkisinin aydın mənzərəsini yaradır. “Əlbəttə ki, mötəbər beynəlxalq tədbirlərin keçirilməsi hər bir ölkə üçün önəmlidir” söyləyən cənab İlham Əliyev bildirir: “Bu tədbirlər əslində ölkəyə olan münasibəti, hörməti əks etdirir. Azərbaycanda keçirilən mötəbər tədbirlər ən yüksək səviyyəli tədbirlərdir... Bu il Bakıda V Qlobal Forum keçirilibdir. Bu, artıq dünya miqyasında çox dəyərli, səviyyəli bir tədbirdir. Əgər Davosda daha çox iqtisadi, Münxendə təhlükəsizlik məsələləri müzakirə olunursa, Qlobal Bakı Forumunda daha çox siyasi və eyni zamanda, bütün digər məsələlər müzakirə edilir. Forumda bir neçə ölkənin dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, ictimai xadimlər iştirak etmişlər. Qlobal Bakı Forumu artıq dünya xəritəsində özünəlayiq yerini tuta bilmişdir.”

Bu tədbirlər sırasında  IV Mədəniyyətlərarası Dialoq Forumunu da xüsusi qeyd etməliyik. Müxtəlif mədəniyyətlərin, dinlərin qovuşuğunda yerləşən Azərbaycan beynəlxalq aləmdə multikulturalizmin mərkəzi kimi tanınır. Ölkəmizin multikultural cəmiyyətlərin formalaşmasına davamlı töhfələr vermək istəyinin əsas göstəricilərindən biri məhz ötən ilin ölkəmizdə “Multikulturalizm ili” elan  edilməsini qeyd etməliyik. 

Qeyd olunan  Forumda Azərbaycanın bu sahədə təcrübəsi təqdir edildi, öyrənilməsinin vacibliyi bildirildi. Cənab İlham Əliyev daim çıxışlarında bu  məqsədi açıqlayır ki, Azərbaycan bütün sahələrdə nümunə olmalıdır.

Cari ilin mühüm tədbirlərindən biri  IV İslam Həmrəyliyi Oyunları oldu. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildiyi bir zamanda belə bir tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın islam dəyərlərinin qorunmasında və inkişafında önəmini, bu birliyə, həmrəyliyə dəstəyini nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, IV İslam Həmrəyliyi Oyunları idman tədbiri olmaqla yanaşı, birlik, həmrəylik, əməkdaşlıq tədbiridir. Azərbaycandan dünyaya ünvanlanan mesaj təbii ki, birliyin, həmrəyliyin qorunması, bu fonda qarşıda dayanan vəzifələrin uğurlu icrasına nail olmaqdır. Azərbaycan tolerant ölkə kimi yeri və rolunu möhkəmləndirməkdə, dünyada da bu mühitin qorunmasının vacibliyini bəyan etməkdədir. Cənab İlham Əliyevin bildirdiyi kimi,  bizim təşəbbüslərimiz mədəniyyətlər və sivilizasiyalar arasında körpü kimi ölkəmizin mövqelərinin gücləndirilməsi məqsədini daşıyır. O ölkə ki, qarşılıqlı anlaşmaya daha çox töhfə vermək iqtidarındadır, bunu etməlidir. Qısa zamanda, 25 ildə Azərbaycan  özünü etibarlı beynəlxalq tərəfdaş, müstəqil xarici siyasətə malik, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən ölkə kimi təqdim etməyə müvəffəq olub.  Müstəqillik illəri Azərbaycanın  siyasi sisteminin transformasiyası, demokratik təsisatların yaradılması illəri olmuşdur.  Azərbaycanda bütün azadlıqlar təmin edilir. Ölkə əhalisinin 70 faizdən çoxu internet istifadəçisidir. Toplaşma və din azadlığı, yəni, bütün azadlıqlar təmin edilir. Bu isə öz növbəsində sürətli iqtisadi inkişaf üçün yaxşı zəmin yaradır. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar siyasi islahatlarla paralel şəkildə aparılmışdır.

Bu günümüzün reallığı budur ki,  Azərbaycan beynəlxalq aləmin  nüfuzlu üzvünə çevrilib.  BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və bir sıra digər beynəlxalq qurumların üzvüdür.  Bu mühüm hadisəni  qeyd etmək kifayətdir ki, 2011-ci ildə 155 dövlətin dəstəyi ilə Azərbaycan  BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməklə özünə olan inamı, etimadı bir daha təsdiqlədi. Məhz bu uğurlarımız öz növbəsində  yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə inamı daha da artırır.  Son dövrlərin hadisələrinə, ermənilərin təxribatlarına dünyanın reaksiyasına diqqət yetirsək, artıq həqiqət öz sözünü demək imkanındadır. Ermənistan rəhbərliyi artıq sərsəm düşüncələrini gerçəklik kimi dünyaya çatdırmaqda acizdir. Nazirlər Kabinetinin iclasında cənab İlham Əliyev diqqəti son olaya, Füzuli rayonunun Alxanlı kəndində  ermənilərin törətdiyi terror hadisəsinə yönəltdi: “Alxanlı kəndində törədilmiş hərbi cinayətin dünyada böyük əks-sədası var. Yəni, Ermənistan gördü ki, Azərbaycan böyük beynəlxalq dəstəyə malikdir. Bizim bütün qurumlarımız çox fəal, operativ işlədilər, bu məlumatı dünya ictimaiyyətinə çatdırdılar. Həm dövlət qurumları, səfirliklər, diaspor təşkilatları, ictimai təşkilatlar, bizim xaricdəki dostlarımız öz səslərini ucaltdılar və Ermənistana, onun faşist xislətli siyasi rəhbərliyinə dünyada nifrət daha da artdı.” O ki qaldı, münaqişənin həlli istiqamətində danışıqların perspektivlərinə, dövlətimizin başçısı bildirdi ki,  danışıqlar bərpa edilir, bu, müsbət haldır: “İndi əsas vəzifə tezliklə məsələni həll etməkdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Əminəm ki, belə də olacaq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq.”

Qısa təhlil Azərbaycanın beynəlxalq münasibətlər sistemində  mövqeyinin günbəgün möhkəmlənməsinin inkaredilməz olduğunu təsdiqləyir. Yeni dostlar, tərəfdaşlar qazanan ölkəmiz əməkdaşlığın  coğrafiyasını genişləndirməklə, əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə,  səylərin birləşdirilməsinin  zəruri olduğunu da dünyaya bir mesaj kimi ünvanlayır.

Yeganə Əliyeva, “İki sahil”