14 iyul 2017 15:48
615

Ölkəmiz xaricə neft və qazla yanaşı, elektrik enerjisi də ixrac edir

Azərbaycanda neft amilindən istifadə daim səmərəli fəaliyyətə əsaslanıb və bu, gələcəkdə də belə olacaq. Məhz ulu öndər Heydər Əliyev dövlət müstəqilliyinin ilk illərində ağır siyasi böhranla yanaşı, iqtisadi çətinliklərlə qarşı-qarşıya qalmış Azərbaycanı müəllifi olduğu neft strategiyası sayəsində hərtərəfli inkişaf etmiş ölkəyə çevrilməsinə nail olmuşdur.

Lakin bu o demək deyil ki, bu gün bütün neft ölkələri bundan səmərəli istifadə edərək özünün inkişaf mərhələsinə çatıb. Demək olar ki, bütün dünyada qeyri-sabitliyin, müharibələrin tüğyan etdiyi bölgələr həm də neft-qaz yataqları ilə zəngin ərazilərdir. Bu isə bir daha onu deməyə imkan verir ki, “qara qızıl”a sahib olmaq heç də bütün problemlərin həlli deyil. Azərbaycan isə xalqla iqtidar arasında olan birliyə, eyni zamanda, iqtisadi müstəqilliyə arxalanaraq  bütün sahələrdə müstəqil siyasət aparır. Halbuki,  Azərbaycandan daha çox neft-qaz yataqlarına malik olan ölkələrin iqtisadiyyatı hələ də  çoxşaxəli deyil. Mütləq şəkildə  neft-qazdan asılıdır. 

Azərbaycanla bağlı vəziyyət isə bunun tam əksidir. Ölkəmizin hərtərəfli inkişafının ilk illərindən  neft-qaz  amili iqtisadi şaxələndirməni təmin edən vasitəyə çevrilib. Bu isə onu  göstərir ki, vaxtilə Azərbaycanda iqtisadiyyatın birtərəfli şəkildə inkişafı ilə bağlı verilən bəzi “mülahizələr” reallıqdan tamam kənar idi. Nəticədə illər əvvəl Azərbaycanı  “Holland sindromu” ilə təhdid edənlərin “proqnozları” özünü doğrultmadı.

Bu barədə Türkiyənin  ev sahibliyi etdiyi 22-ci Dünya Neft Konqresi çərçivəsində keçirilən prezidentlərin tədbirindəki nitqində bəhs edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  “Adətən neftlə zəngin olmayan ölkələr düşünürlər ki, kaş bizdə də neft olaydı, biz də bundan istifadə edə biləydik. Amma mən deyə bilərəm ki, neft həm fayda gətirə bilər, həm də problem, başağrısı yarada bilər. Baxır neftdən necə istifadə edirsən”  deyə vurğulayaraq ölkəmizin 26-cı ilinə qədəm qoyduğu müstəqillik tarixində neft amilinin rolunu diqqətə çatdırıb.

“Biz Azərbaycanda çalışırdıq və hesab edirəm buna nail olduq ki, “qara qızıl”ı insan kapitalına çevirək” deyə qeyd edən dövlətimizin başçısı  neftdən əldə edilən gəlirlərin ilk növbədə, çox şəffaf şəkildə qorunduğunu, bu baxımdan da  Azərbaycan Dövlət Neft Fondunun dünyada mövcud olan neft fondları arasında ən şəffaf fondlardan biri olduğunu, bu meyarın birinci şərt olduğunu bəyan edib.

Qeyd edək ki, ölkəmizin milli sərvətlərindən əldə olunan vəsaitlə bağlı məlumatların  mütəmadi qaydada ictimaiyyətə çatdırıldığı Dövlət Neft Fondu, həmçinin mükəmməl idarəetmə strukturu və mexanizmi sayəsində təsis edilmə məqsədinə uyğun olaraq gəlirlərin daha səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə xidmət edir. Bu baxımdan da Fondun qarşısında ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi, Azərbaycanın sosial-iqtisadi tərəqqisi naminə ümummilli layihələrin maliyyələşdirilməsi, neft və qazın bərpa olunmayan sərvətlər olduğunu nəzərə alaraq onlardan əldə edilən gəlirin nəsillər arasında bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması kimi mühüm vəzifələr durur. Təsadüfi deyil ki, dünyanı əhatə edən iqtisadi böhranın fonunda  Dövlət Neft Fondu üzərinə düşən vəzifələri yerinə yetirməklə bərabər valyuta ehtiyatlarını da qorumağa nail olub.   

Eyni zamanda, neftdən əldə edilən gəlirlərdən düzgün istifadə olunmasının vacibliyini bildirən Prezident İlham Əliyev bunun sayəsində   mühüm infrastruktur layihələrin həyata keçirildiyini, nəticədə Azərbaycanın həm də elektrik enerjisi ixracatçısına çevrildiyini qeyd edib: “Bu gün biz nəinki nefti, qazı, eyni zamanda, son illər ərzində tikdiyimiz onlarla elektrik stansiyasının istehsal etdiyi enerjini də ixrac edirik.”

Həqiqətən də Azərbaycan bir vaxtlar elektrik enerjisini idxal edən ölkədən, hazırda onun ixracatçısına çevrilib. Nəticədə  ölkəmiz bu gün Türkiyə və Gürcüstanın elektrik enerjisi ilə təminatında mühüm rola malikdir.

Həmçinin  sosial infrastruktur layihələrinə böyük miqdarda vəsait qoyulduğunu xatırladan ölkə başçısı yoxsulluqla da çox ciddi mübarizə aparıldığını qeyd edib: “Neft sektoru əslində çox iş yeri yaradan sektor deyil. Amma buna baxmayaraq, biz neftdən əldə olunan gəlirləri digər sektorlara yönəldərək yoxsulluğu, işsizliyi aşağı səviyyəyə sala bildik və bu gün bu, təxminən 5-6 faiz səviyyəsindədir. Yəni, düzgün siyasət və düzgün atılan addımlar nefti həm faydaya çevirə bilər, həm də bu sərvət ölkələr üçün problem yarada bilər.”

Nəticə etibarilə  Azərbaycanın təcrübəsi uğurludur.  Ölkəmiz  xarici sərmayə cəlb edən ölkə ilə yanaşı, həm də investordur.  Azərbaycan  sərmayələrinə görə,  birinci yerdə Türkiyədir ki, bu ölkənin enerji sektoruna bu günə qədər 10 milyard dollar sərmayə qoyulub. Qarşıdakı  illərdə isə  bu rəqəmin təxminən iki dəfə artacağı planlaşdırılır.

Ceyhun Piriyev, “İki sahil”