“Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır. Bizim əməkdaşlığımız çoxşaxəlidir və bütün sahələri əhatə edir. O cümlədən, enerji sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi bir çox önəmli strateji layihələrin icrasına imkan verdi. Onların arasında Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini və TANAP layihəsini xüsusi qeyd etmək istərdim. Bu layihələr nəinki regionumuzun, dünyanın enerji xəritəsini yenidən tərtib etdi.” İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində dövlətimizin başçısı İlham Əliyev dövlətlər, xalqlar arasında körpü rolunu oynayan enerji layihələrinin uğurlu icrasında iki dost, qardaş ölkənin - Türkiyə və Azərbaycanın əhəmiyyətli rolundan bəhs edərək, bildirmişdir ki, bu birlik, həmrəylik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır.
Daim çıxışlarında “Bizim birliyimizdən çox şey asılıdır” söyləyən Prezident İlham Əliyev Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığını faktlar əsasında diqqətə çatdırır. Azərbaycan müstəqilliyini ilk tanıyan qardaş Türkiyə təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda ölkəmizi dəstəkləməklə haqq işimizin müdafiəsi üçün Azərbaycan qədər əzmkarlıq göstərir. Rəsmi dövlət nümayəndələrinin, eyni zamanda güclü diasporanın Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində göstərdiyi səy qardaş dəstəyi olmaqla türk dünyasının birliyi və həmrəyliyi yolunda atılan ciddi siyasi addımlar hesab olunur.
Hər iki dövləti təmsil edən yüksək səviyyəli nümayəndə heyətinin iştirakı ilə Bakıda və Ankarada keçirilən görüşlər xalqlarımız arasında dostluq və qardaşlığının əbədi, sarsılmaz simvolu kimi yüksək dəyərləndirilir. Son illərdə türk dünyasının birliyi naminə Bakıda keçirilən biri-birindən mühüm və tarixi əhəmiyyətli tədbirlərdə-Dünya azərbaycanlılarının qurultaylarında, türk dövlətləri başçılarının zirvə toplantısında, diaspora təşkilatları rəhbərlərinin forumunda Türkiyənin də ev sahibi kimi iştirak etməsi qardaşlıq rəmzi olmaqla bütün türk dünyasının güclənməsinə yönəldilmiş böyük dəstək kimi dəyərləndirilir.
“Həm siyasi, həm də iqtisadi, mədəni, hərbi- bütün sahələrdə bizim aramızda ən yüksək işbirliyi, anlaşma var. Gərək elə edək ki, maraqlarımız tam şəkildə təmin olunsun, bizi narahat edən problemlər aradan qaldırılsın, ədalət zəfər çalsın, xalqlarımız rahat yaşasın” söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, türk dünyası böyük qüvvədir. Bu böyüklük öz möhkəmliyini və yenilməzliyini xalqların birliyi ilə sübut edir. Türkiyə-Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan protokolun imzalanması və eyni zamanda ondan sonrakı mərhələdə baş verən hadisələr bütün dünya xalqlarına bəlli etdi ki, Azərbaycan-Türkiyə dostluğu, eyni kökdən qaynaqlanan xalqların əzmi yenilməzdir. “Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqları azad olunmayınca sərhədlərin açılması mümkün deyil” kimi qərarında israrlı olan rəsmi Ankaranın bu gün də eyni mövqe nümayiş etdirməsi bu qardaşlığın digər xalqlara xas olan əlaqələrindən fərqli olduğunu bir daha bəyan etdi.
Ən qüdrətli dövlətlərin iqtisadi inkişafının əsas amili kimi diqqət yetirilən enerji təhlükəsizliyinin təminatında böyük rolu olan Türkiyə və Azərbaycanın gələcəkdə daha böyük layihələrin təşəbbüsçüsü olacaqlarına, maraq doğuracaqlarına inamların tükənməzliyi bu gün də aktuallığını qoruyur. Əsrin möcüzəsi adlandırılan, hər iki dövlətin bilavasitə təşəbbüsü və dəstəyi ilə reallaşan BTC və BTQ neft-qaz kəmərlərindən sonra inşasına başlanılan Bakı-Tbilisi- Qars dəmiryolu siyasi, iqtisadi və regional əhəmiyyətinə görə enerji layihələrindən heç də geridə qalmır. Tarixi İpək yolunun bərpası kimi böyük önəm verilən, Çindən başlanan bu yol Xəzər regionunun əsas strateji əhəmiyyətli şəhərləri sayılan Bakı və Tbilisidən keçməklə İstanbula istiqamətlənəcək, Londonu, bütün Avropa ölkələrini birləşdirəcək. Geosiyasi inqilab adlandırılan bu xətlə Çindən gələn və Transsibir magistralı ilə ötürülən yüklər Bosfordan keçməklə Avropa ölkələrinə daşınacaq. Böyük əhəmiyyətli marşrut kimi miqyasına, coğrafiyasına və qitələrarası əməkdaşlığın gücləndirilməsi baxımından böyük imkanlara malik olan, diqqət çəkən, siyasi və iqtisadi əhəmiyyətinə görə fərqlənən BTQ dəmiryolu da hər iki xalqın qardaşlığının təcəssümü kimi dünya dövlətlərini birləşdirir.
“Bu onu göstərir ki, biz qarşıya qoyduğumuz bütün məsələləri birgə səylərlə, birgə iradə ilə, Türkiyə-Azərbaycan qardaşlığı əsasında həll edirik” kimi sözləri ilə bölgədə əməkdaşlığın genişlənməsi üçün yaranan böyük imkanlardan səmərəli istifadəni bütünlükdə dünya dövlətləri arasında əməkdaşlığın genişlənməsi üçün gərəkli hesab edən Prezident İlham Əliyev uğurlu sonluqla başa çatan layihənin növbəti layihə üçün stimul olduğunu bildirir. Türkiyə-Azərbaycan qardaşlığı əsasında reallaşan beynəlxalq layihələr region dövlətlərinin iqtisadiyyatının güclənməsinə, zənginləşməsinə, bölgədə əməkdaşlığın dərinləşməsinə böyük imkanlar yaradır.
22-ci Dünya Neft Konqresi hər bir ölkənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyev Azərbaycanın neft-qaz sənayesində qazandığı uğurlardan, reallığa çevrilən layihələrdən və icrasına başlanılan layihələrdən geniş bəhs etdi. Enerji təhlükəsizliyini hər bir ölkənin milli təhlükəsizliyi kimi dəyərləndirən dövlətimizin başçısı vurğulayır ki, bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz hamımız tərəfdaşlarımızla iştirak etməliyik. Ölkə Prezidenti “Cənub Qaz Dəhlizi”ni görülən işlərin zirvəsi kimi dəyərləndirir: “Əgər əvvəlki dövrlərdə dediyim məsələlər öz həllini tapmasaydı, bu gün “Cənub Qaz Dəhlizi”ndən söhbət belə gedə bilməzdi... Əlbəttə, biz gələcəkdə çalışmalıyıq ki, bütün bu işləri tərəfdaş ölkələrlə birgə edək, əlaqələndirmə yüksək səviyyədə olmalıdır.”
Son illərdə enerji layihələrinin coğrafiyasının genişləndirilməsi, şaxələndirmə siyasətinin iştirakçı dövlətlərin maraqları baxımından bir daha nəzərdən keçirilməsi, alternativ variantların gündəmə gətirilərək siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə çıxarılması bölgədə və dünya birliyində sabitlik və əmin-amanlığın möhkəmlənməsinə yönəlmiş qlobal məsələlərin danışıqlar vasitəsilə həllinə inamı artırır. Rəqabət qabiliyyəti baxımından MDB məkanında birinci olan Azərbaycanın iqtisadi uğurlarını təmin edən, regionda sülhün təminatı üçün səylərini artıran neft-qaz amilinin əhəmiyyəti bütün səviyyələrdə xüsusilə vurğulanır. Ölkə Prezidenti bildirir ki, biz öz enerji təhlükəsizliyimizi çoxdan təmin etmişik və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq. Bunu bizim tərəfdaşlar qiymətləndirirlər. Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə etməmişdir. Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir.
Dünya əhəmiyyətli enerji layihələrinin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında birinciliyini qoruyan Azərbaycanın inkişaf strategiyası qabaqcıl təcrübə kimi nümünə göstərilir. Enerji amilinin gündəlikdə prioritet məsələlərdən biri kimi dayandığını qeyd edən Prezident İlham Əliyev bildirir ki, enerji siyasəti dostluğa və əməkdaşlığa xidmət etməli, millətləri, xalqları bir-birinə birləşdirməlidir. Avropa İttifaqına daxil olan 27 dövlətin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır. Hər bir beynəlxalq tədbirdə Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində ölkəmizin rolunu xüsusi vurğulayan, gerçəkləşməsi çoxlarına əfsanə kimi görünən layihələrin reallaşması üçün təşəbbüskarlığını artıran Prezident İlham Əliyev bu mövqeyi açıqlayır ki, Azərbaycanın tərəfdaş, müəllif və təşəbbüsçü kimi iştirak etdiyi bütün layihələrdə xalqın milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulur.
Prezident İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin diqqətdə saxlanılacağını vurğulamaqla qeyd edir ki, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcək, eyni zamanda “Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyinə xidmət edəcək önəmli layihədir. “Azərbaycandan Avropaya ixrac edilən qazın həcmi sırf “Şahdəniz-2” layihəsi ilə məhdudlaşmayacaq. Çünki bizim 2 trilyon kubmetrdən artıq təsdiqlənmiş qaz ehtiyatımız vardır. “Avropa ölkələrinin bəzilərinin enerji balansında Azərbaycan neftinin payı 30-40 faizə çatır” söyləyən Prezident İlham Əliyev respublikamızın enerji təhlükəsizliyinin təminatındakı rolunun artmasını neft strategiyasının uğuru kimi dəyərləndirir.
Ölkəmizin iqtisadi və maliyyə imkanlarının artmasının, eyni zamanda Azərbaycana olan inamın nəticəsidir ki, indiyədək BTC, BTƏ kimi neft-qaz kəmərləri ilə Türkiyədən keçməklə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında iştirak edən Azərbaycan daha yeni-yeni layihələrdə iştirak etməklə iki və çoxtərəfli əməkdaşlıqda maraqlı olduğunu təsdiqləyir: “Azərbaycanın öz böyük qaz ehtiyatları üçün iri bazarlara ehtiyacı vardır. Avropanın da yeni qaz mənbələrinə və marşrutlarına ehtiyacı vardır. Bizim icra etməyə başladığımız “Şahdəniz”, TANAP və TAP layihələri həqiqətən də şaxələndirmə layihələridir. Çünki bu, sadəcə Avropaya qazın təchizi üzrə yeni marşrut deyil, ən önəmlisi bu, yeni qaz mənbəyidir. Bu, çoxhəcmli mənbədir.”
Qeyd olunanlar bir daha bu reallığın təsdiqidir ki, neft-qaz layihələrimiz, kəmərlərimiz Azərbaycanı dünya miqyasında çox önəmli enerji hasilatçısı kimi ciddi ölkəyə çevirib. Dövlətimizin başçısı İlham Əliyevin 22-ci Dünya Neft Konqresində çıxışında səsləndirdiyi bu fikirləri bir daha qeyd etmək istərdik: “Bu gün biz enerji təhlükəsizliyi deyəndə əlbəttə ki, icra etdiyimiz layihələr yada düşür... Türkiyə-Azərbaycan birliyi, dostluğu, qardaşlığı təkcə iki ölkənin mənfəətini, uğurlu gələcəyini müəyyən etmir. Bunun bölgəyə çox böyük təsiri var. Bu, bölgəyə sabitlik, rifah gətirir, yeni iş yerlərinin yaradılmasına xidmət göstərir, təhlükəsizlik tədbirlərini gücləndirir və geniş əməkdaşlığa qapılar açır.”
Yeganə Əliyeva, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır