14 iyul 1969-cu ildən çox keçməmiş bütün SSRİ-də və dünyanın bir çox ölkələrində məlum oldu ki, Sovet İttifaqında fəal siyasətçi, mahir diplomat, yenilikçi, iradəli, təşəbbüskar, işgüzar, yorulmaz və fenomen yaddaşa malik bir dövlət xadimi var. Artıq imperiya hakimiyyətinin yuxarı eşalonunda - Mərkəzi Komitənin Siyasi Bürosunda dərk etmişdilər ki, Heydər Əliyev SSRİ-ni onların hər birindən yaxşı idarə edə bilər. Çünki dövlət idarəetməsi üçün vacib olan bütün bacarıq, keyfiyyət və qabiliyyətlər Heydər Əliyev şəxsiyyətində cəmləşmişdi. Kremldə bundan fərəhlənənlər az olsa da, həsəd və paxıllıq çəkənlər daha çox idi.
Şər qüvvələr başda SSRİ rəhbəri Mixail Qorbaçov olmaqla Heydər Əliyevə qarşı sivil müxalif deyil, qatı düşmən münasibəti saxlayırdılar. Bunların arasında Qorbaçovun arvadı Raisa Qorbaçova, köməkçisi David Şahnazaryan, MK Baş katibinin iqtisadi məsələlər üzrə məsləhətçisi akademik Abel Aqanbekyan, akademik Andrey Saxarovun dəstəsi, deputat Qalina Starovoytova, ümumiyyətlə , SSRİ-də və xarici ölkələrdə yüksək postlar tutan bütün ermənilər və onların himayəçiləri Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevə qarşı ləkələyici “məlumatlar” qondarmaqla sıradan çıxarmağa çalışırdılar. Lakin bizdə deyildiyi kimi, it hürür, karvan isə öz əzəmətli ləngəri ilə keçib gedirdi.
Ermənilər Azərbaycandan ərazi iddialarına Heydər Əliyev Moskvada tutduğu postlardan uzaqlaşandan sonra start verdilər.
Sumqayıt hadisələrindən az sonra Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Karen Dəmirçiyan İrəvandakı Teatr meydanındakı izdihamlı mitinqdə demişdi: “Mənim əziz millətim! Siz çox ağır və həlli çox müşkül bir işə qatılmısınız. Düzdür, ölkənin indiki rəhbəri Mixail Qorbaçov bizim adamdır. O, bizim arxamızdadır. Amma unudursunuz ki, türklərin Heydər Əliyev adlı bir böyük oğlu var. O, neçə ki həyatdadır, siz Azərbaycandan heç nə qopara bilməyəcəksiniz. Mən onu yaxşı tanıyıram. Biz uzun illər bütün dünya ermənilərinin nə qədər gücü varsa, onu məhv eləmək üçün səfərbər etdik. Amma o, çekist məharəti ilə hamısından sıyrılıb qurtara bildi, bizim qurduğumuz bütün planları alt-üst etdi.
Doğrudur, Mixail Sergeyeviçin əli ilə biz onu Kremldən, Siyasi Bürodan uzaqlaşdırdıq. Amma onu məhv eləyə bilmədik. Onu məhv eləmək sizə asan görünməsin. Baxarsınız, onu yenidən hakimiyyətə gətirəcəklər. O zaman bütün havadarlarımızın səyi ilə nə qazanmışıqsa, gec və ya tez hamısını itirəcək, axırda məğlub olacağıq. Heydər Əliyevlə mübarizə aparmaq çox çətindir, bu qeyri-mümkün bir işdir.”
Türklərə sonsuz nifrət bəsləyən Moskvadakı vəzifəli erməni millətçiləri böyük Heydər Əliyevi “Kremldə türk paşası” və ya “Heydər paşa” adlandırırdılar.
Qanımızı içməyə hazır olan ən böyük düşmənlərimizin rəhbərləri onu belə qiymətləndirirdilər. Çünki Heydər Əliyev SSRİ-nin ən geridə qalmış aqrar respublikası olan Azərbaycanı cəmi on dörd ildə nəhəng imperiyanın iqtisadi cəhətdən inkişaf etmiş respublikasına çevirməyi bacarmışdı. O, bir çox xalqların tanımadığı Azərbaycanı dünya miqyasında tanıtmışdı. Bacarıqlı azərbaycanlı kadrların Moskvada yüksək vəzifələrə irəli çəkilməsinə nail olmuşdu. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafı dostların da, düşmənlərin də gözləri qarşısında baş verirdi. Lakin təəssüf ki, Heydər Əliyevin dühasına qısqanclıq göstərən bəzi başabəla başbilənlərimiz ermənilərin havadarlarının məkrli hiylələrinə aldanaraq Heydər Əliyevin əleyhinə Moskvada təşkil edilmiş “Əliyevşina” adlandırılan iyrənc “hərəkata” qoşuldular.
Böyük ingilis mütəfəkkiri Conatan Sviftin dahilər haqqında belə bir hikmətli fikri var: “O zaman ki dünyada həqiqi dahi yaranır, onu belə bir əlamətə görə müəyyən etmək olar: bütün kütbeyinlər onun əleyhinə birləşir.” Həmin kütbeyinlər Heydər Əliyevi hətta tikib-qurduğu və abadlaşdırdığı Bakıya belə buraxmadılar. Əksinə, əgər onlar özləri xalqla bərabər mahir idarəetmə ustası, zəngin dövlətçilik təcrübəsi olan Heydər Əliyevi hakimiyyətə dəvət etsəydilər, onda Azərbaycan bugünkü Qarabağ problemi ilə üzləşməzdi, otuz min şəhid verməzdik, altmış min müharibə əlilimiz olmazdı, torpaqlarımız işğala məruz qalmazdı, indi dinc əhalimiz evində gözlənilməz ölümlə dünyasını dəyişməzdi.
Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun xəyanətləri, Əbülfəz Elçibəy-İsa Qənbər hakimiyyətinin bacarıqsızlığı nəticəsində müsibətlər çəkən xalq ayağa qalxaraq Heydər Əliyevi qətiyyətlə tələb etdi. Hər zaman doğma xalqının hər bir çağırışını qəbul edən Ulu Öndər Naxçıvandan Bakıya gələrək Ali Sovetin Sədri, payızda isə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Əzəmətli Lider qısa zamanda böyük işlər gördü. İlk növbədə ölkəni iflic vəziyyətə salan müharibənin dayandırılmasına və atəşkəs əldə edilməsinə nail oldu. Azərbaycan dövlət müstəqilliyini möhkəmləndirdi, Avropaya və ümumiyyətlə, dünyaya inteqrasiya etdi, özünə çoxlu tərəfdaş qazandı. İqtisadiyyatımız ölü nöqtədən çıxarılıb inkişafa istiqamətləndirildi, cəmiyyətin bütün sahələrində köklü islahatlar aparıldı, ümumxalq səsverməsi ilə demokratik Konstitusiya qəbul edildi, hüquqi, dünyəvi dövlət bərqərar olundu. Bütün bunlar Azərbaycanın imicini bir dövlət kimi yüksəldirdi. ABŞ Prezidenti Klinton 1998-ci ildə 75 yaşının tamam olması münasibətilə Heydər Əliyevə göndərdiyi təbrik məktubunda uzaqgörənliklə yazırdı: “Sizin rəhbərliyinizlə Azərbaycan firavan gələcəyinin bünövrəsini qoymaqdadır.”
Zaman göstərdi ki, ABŞ Prezidenti öz fikirlərində tamamilə haqlı imiş.
Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Liderimizin qurduğu dövləti son dərəcə praqmatik və rasional siyasəti ilə hərtərəfli dinamik inkişaf yoluna çıxardı, ölkəmizin mövqelərini dünyada daha da möhkəmləndirdi. İndi ölkəmiz beynəlxalq arenada söz sahibidir, regionumuzda heç bir iri layihə onun iştirakı olmadan həyata keçirilmir. Azərbaycan cəmi 26 illik müstəqilliyə malik olmasına baxmayaraq sürətlə inkişaf edərək iqtisadiyyatı və hərbi qüdrəti ilə dünyanın güclü dövlətləri sırasına yüksəlib.
Bizim və bütün dünya azərbaycanlılarının Vətənimiz Azərbaycanla fəxr etməyə haqqı var.
Vəli İlyasov, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır